Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#121(345)
Biletlər sabahdan satılacaq
Alim Qasımovun konsertinə az qalıb

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da "Respublika" sarayında böyük sənətkarımız Alim Qasımovun konserti olacaq. Vaxt daraldıqca məşqlərini intensivləşdirən Alim Qasımov indi media mənsublarından uzaq gəzir.
Onun ötən ilki konserti yəqin ki, xatirinizdədir. Son dərəcə anşlaqla keçən konsertin təəssüratı xeyli unudulmadı. Yeri gəlmişkən, növbəti konserti səbirsizliklə gözləyənlərin nəzərinə, həftənin birinci günündən etibarən konsertin biletləri satılacaq.
Sözügedən konsertdən sonra A.Qasımovun İtaliyaya səfəri gözlənilir. "MUSICADEI POPOLI" - ənənəvi populyar musiqi mərkəzinin dəvəti ilə oktyabrın 14-dən 18-ə kimi İtaliyada olacaq Alim Qasımov Romada konsert verəcək. Növbədə daha bir səfər var. İranın Mədəniyyət Nazirliyi tərəfindən dəvət alan xanəndəmiz 5-10 noyabr arası Tehranda 5 konsert verəcək.
Xatırladaq ki, Alim Qasımovun gələn il gerçəkləşəcək səfərlərinin siyahısı da artıq hazırdır. Yeni ilin ilk ayının 14-dən 22-ə kimi İtaliyanın Bolonya şəhərinin opera teatrında onun 4 çıxışı gözlənilir.
Alim Qasımovun gələn ilki konsertləri arasında "İpək yolu" proqramı çərçivəsində çıxışları xüsusi yer tutur. Bu proqrama əsasən bəstəkar Firəngiz Əlizadənin "Dərviş" musiqi kompozisiyasında müğənni partiyasını Nyu-York simfonik orkestri və məşhur Çin əsilli violençelçalan Yo-Yo-Manın müşaiyətilə ifa edəcək. Eyni heyətlə yanvarın 22-dən 27-ə kimi Hollandiya şəhərlərinin birində, yanvarın 28-dən 29-na kimi Belçikanın Brüssel şəhərində, yanvarın 30-dan fevralın 2-ə kimi Almaniyanın Köln şəhərində, fevralın 3-də isə Amsterdamda çıxışı gözlənilir. Bu siyahıda ən sonda isə Fransa gəlir. Xanəndəmizin aprelin 4-dən 12-dək Lion şəhərində, aprelin 9-dan 12-dək Paris şəhərində konserti olacaq.

Günün "qəhrəmanı" və qəhrəmanlıq anlayışı...

Həftənin klipi Aygün Kazımovanın "Tez gəl" mahnısının ekran variantı oldu. Ölkənin bir dövlət, dörd özəl televiziya kanalında gün ərzində fırladılan sevilən klipləri bircə özəl kanalda yayımlanan "Tez gəl" tamaşaçı sayının üstünlüyü ilə kölgədə qoydu. Elə həftənin ən maraqlı şou-fiquru da "Tez gəl"in ifaçısı Aygün Kazımova oldu. Təzə klipinə görə yox, yeni görkəmi və ovqatına görə. Kilo-kilo arıqlayan müğənnilərimizin aylarla özlərinə verdikləri fiziki əziyyəti Aygün 8 saatın içində həll elədi. Getdi və "tez gəl"di də. Amma həmişəkindən bir ayrı ovqatla, əvvəlki şaqraq Aygünə bənzəməyən kədərli, sakit, hüznlü bir əhvalla. Səbəbsiz deyil. Həyatını risqə qoyan adam qələbəyə çatsa belə, bunun nələrin bahasına başa gəldiyini, əks halda nə ilə nəticələnə biləcəyini sonra daha dərindən anlayır. Soyuq başla, su çilənmiş emosiya və istəyinin gerçəkləşməsindən doğan təmkinlə az əvvəl verdiyi qərarın mümkün pis tərəfləri barədə hər şeyi bir daha götür-qoy edir.
"Tez gəl"lə öncə təqdimat mərasimində olmuş həmkarlarımın yazılarından tanış oldum. Bir həmkarımın klipin ilk görüntülərindən son kadrlarına qədər gördüyü hər şeyi yerli-yataqlı ardıcıllaması və üstəgəl, öz fantaziyasının imkan verdiyi qədər də predmetin necəliyindən asılı olmayaraq, uğurlu təsviri... məni, sözün əsl mənasında, ürpəndirdi. Yazı müəllifi öz təəssüratını, klipin onda doğurduğu hissləri, duyğuları kifayət qədər uğurla, orijinalına son dərəcə oxşar, uyğun şəkildə tirajlaya, oxucularına çatdıra, öz ürpəntisini eyni həcmdə, bir misqal da azaltmadan bütöv halda ötürə bilmişdi.
Klipə dünən baxdım. Həmin tanış ürpəntinin üstünə boğaza dirənən bir ikrah da gəldi. Klipi detalbadetal hər məqamı üzərində dayanıb şərh etmək fikrində deyiləm. Ekranda yayımlanır, baxan da baxır. Sadəcə, bir-iki mühüm məsələ barəsində qənaətlərimi bölüşmək istəyirəm ki, bu da, ən azı, tamaşaçı kimi haqqımdır.
Klip mahnı işinin ən son mərhələsidir. Əvvəl mahnının ya sözləri, ya da musiqisi yaranır, sonra ifaçısı bəlli olur, ifaçının mahnı üzərində işləməsindən sonra ruhuna uyğun klip ideyası ortaya çıxır və s. Bununla da artıq yeni bir yaradıcı qrup - rejissorlar, operatorlar, montajçılar məşğul olurlar. Klip böyük bir heyətin birgə məhsuludur və onun uğuru bu böyük kollektivin bir-birini nə dərəcədə tamamlamasında, bir-birini nə dərəcədə başa düşməsində və ən əsası, lap əvvəldən xüsusi çalışqanlıqları olmadan bir-birilərinə nə dərəcədə uyğun gəlib-gəlməməsindən asılıdır. "Tez gəl"in yaradıcı heyətinin professionallığına söz yox. Aygün Kazımovanın də, Ülviyyə Könülün də, elə mahnı yazarlarının da işinin keyfiyyətinə şübhə ola bilməz. Amma...
Əvvəla, mahnıya sözlərindən, ruhundan, musiqisindən asılı olmayaraq, belə kadrlar vurmaq, onu məhz belə görüntülərə oturdub klipləşdirmək tamaşaçını aldatmaq, eyni zamanda onun hisslərilə oynamaqdır. "Aldatmaq" deyəndə az əziyyət çəkib, görüntü yaratmaq nəzərdə tutulumur. Bu fikir Aygünə qarşı bağışlanılmaz insafsızlıq olardı. Burada tamaşaçının, ümumiyyətlə, mahnıdan, klipdən gözlədiyinin müqabilində ona son dərəcə gözəl qablaşdırılmış və ən əsası, etibarlı imicli birisi tərəfindən gözlənilməyən bir məhsulun sırınmasından gedir. Mahnı birbaşa insanın ruhuna yol tapan, kənardan fəvqəlada şəxsiyyət rəyli əlçatmaz adamı da tək bir səslənişi ilə gözlərimiz önündə muma döndərib adilərin səviyyəsinə endirən, onu bizləşdirən ən təsirli vasitədir. Aygünün bundan əvvəlki klipləşmiş mahnılarını, bu mənada, yerli məkanda indinin bir nömrəli işi adlandırmaq olar. Amma təəssüf ki, bu sözləri "Tez gəl"in klip variantı haqqında demək mümkün deyil. Qan, üzərində gur projektorları yanan əməliyyat stolu, soyuq alətlər, doğranan insan bədəni, damara yeridilən iynə tamaşaçıya nə verir? Bu kadrlar mahnıya mənəvi dəyər kimi yanaşanlara hansı mənəvi dəyəri, zövq kimi yanaşanlara hansı zövqü, əyləncə kimi yanaşanlara hansı əyləncəni, estetika kimi yanaşanlara hansı estetikanı verə bilər(?), ancaq "kəsib-doğramaq"la məşğul olanlara adi görünən bədən çapıqlarının, piy qatlarının, ekranda bir az da vahiməli çalar alan insan qanının bizlərə aşıladığı ürpəntidən, vəhşətdən başqa? Kiminki olursa olsun, qan rəngində olan bu görüntüləri ölkənin baxılan televiziya kanallarından birində musiqinin müşaiyətilə gündə bir neçə dəfə tamaşaçıya göstərmək istəyinin kökündə hansı hisslər, duyğular və ya da məqsədlər dayana bilər? Duyğu, hiss, qida mədəniyyəti yerində və qədərində olan adamlara bu tip görüntülər yalnız ürəkbulanması gətirər. Belə görüntülər, yumşaq formada desək, qida mədəniyyəti sistemli şəkildə pozulmuş və ya heç qurulmamış adamlar üçün həzz obyekti ola bilər ki, onları da, müğənninin öz tamaşaçısı, pərəstişkarı sırasında görməsi ağlagəlməzdir. Bu kadrlar Aygün xanımın haqqında çəkilmiş hansısa sənədli, lap elə bədii filmin ən uğurlu hissələri ola bilər, amma, Allah xatirinə, klipin yox. Risqli qərarlarını maddiləşdirib pərəstişkarına göstərməyi rəva bilən Aygün xanım bununla nə demək istəyir? Məqamından asılı olaraq, sənətini bəzən övladından da üstün tutan Aygün xanım onu özlərinin kumiri sayan, barəsindəki hər hansı bircümləlik informasiyanı da acgözlüklə oxuyan, bircə dəfə görmək istəyilə əzilməsinə, vurulmasına baxmayıb onun mühafizəçiləri ilə üz-üzə dayanan pərəstişkarına, hərəkəti, danışığı, makiyajı, saç düzümü, geyim tərzi ilə ona oxşamağa çalışan yeniyetmə qızlara hansı nümunəni göstərmək istəyir? Onun bu risqlərə çox sevdiyi sənəti, tamaşaçı məhəbbəti naminə getməsi barədə dediklərinin səmimiyyətinə şübhəm yoxdur. Aygünü yaşadan, risqə sürükləyən onun sənətidir, buna inanmamaq ikinci böyük insafsızlıq olardı. Amma bir düşünmək də gərəkdir: bu, tamaşaçıya lazımdırmı? Və bu addım Aygün haqqında yaranmış imicə hansısa bir maraqlı çalar, üstün cəhət, onun daha bir keyfiyyəti barədə yeni məlumat əlavə edirmi? Aygünü bundan əvvəl də hamı gözlənilməz, tamaşaçısını professionalcasına şoka salmağı bacaran, işgüzar, əksər həmkarlarından fərqli olaraq, daim hərəkətdə olan, səmimiyyəti ilə seçilən gözəl səsli, istedadlı müğənni kimi tanıyır və sevir. Onun indiyə qədər özü haqqında yaratdığı rəy, obraz o qədər güclü və dayanıqlıdır ki, bundan belə Aygün 100 yox, 200 kilo olsa da, saçlarını hörüyə vursa, çarşablı gəzsə də, heç bir yeni imici onun köhnə imicini üstələyə bilməz. Əgər o, şairini, bəstəkarını, rejissorunu, bir sözlə, mahnı-klipi ancaq bu addımının nümayişinə, özünün, bu mənada, birinciliyinin reklamına yönəltmək istəyirsə, axı buna da ehtiyac yoxdur. Aygün reklamsız-filansız da elə Aygündür.
Aygünün bu məsələdə şəxsən özünə, övladına, dinimizdə hər şeydən yüksəkdə götürülən analıq hisslərinə aid olan məqamlara toxunmaq istəmirəm. Bütün bunlar onun şəxsi yanaşmasında həll oluna bilər. Amma onunku olanda nə olar, Allahın nemət kimi verdiyi həyatla belə davaranmaq özü özlüyündə böyük günah deyilmi? Aygünün risqi, tamaşaçısının xatirinə elədiyi fədakarlığı ona həyatı bahasına oturursa, məncə, normal düşüncəli, özünə hörmət edən pərəstişkar belə fədakarlığı heç qəbul da eləmir... Qəbul olunmayan fədakarlıqsa kimə lazımdır?
Daha bir sual. Ölkənin baş psixiatrının Amerikanın qanla, ölümlə dolu savaş filmlərinə baxmağı qadağan etdiyi bir halda bu elementlərin kiçilmiş formada mahnı, klip mədəniyyətinə gətirilməsinin hansı müsbət tərəfi ola bilər?
Sonda həmkarlarıma da bir iradım var. Görünür, bizdə qəhrəman obrazı o qədər cılızlaşıb, o qədər kiçilib və kasıblaşıb ki, nəyin naminə edilməsindən asılı olmayaraq, kiminsə kənara addımında qəhrəmanlıq axtarırıq. Təbii, torpaqlarının 20 faizi düşmənində olan, milləti qaçqın-köçkün düşən, çadırda lal ölümə məruz qalan, qız-gəlininin namusu əsirlikdə tapdalanan və ən əsası, həlledici addımlar atmaq iqtidarında olmayan bizlər üçün qəhrəman obrazına böyük ehtiyac var. Bu qəhrəmanlarımızı cəbhədə, savaş meydanında tapmayanda isə məcburuq başqa sahələrdə axtaraq. Vətənin bu günündə yaşadığımız hər günü özümüzə təhqir bilməli olduğumuz bir halda biz təxəyyülümüzü gerçəklik dalğasının vurub ortaya saldığı fiqurlara yönəldir və bu fiqurları qəhrəman təyinatlı təqdimatlarımızla təlabatımızdan doğan hansısa addımlara məhz özümüz itələyirik. Onlarsa bu "qəhrəman" kürsüsünü bir başqasına verməmək üçün əsl qəhrəmanın ata biləcəyi oxşar addamlara düşünmədən gedirlər. Əziz həmkarlarım, gəlin, uydurma qəhrəman mifinə son qoyaq. Bütün mənfilikləri və müsbəti ilə biz bizik, özümüzük. Özümüz olaraq da qalaq.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd