|
|
|
|
#121(345)
|
 |
Atılmışlar, tərk edilmişlər...
Uşaq evində onlar üçün nə qədər yaxşı şərait yaradılsa da,
heç nə və heç kəs valideyn himayəsinin əvəzini vermir
|
Dünya klassiklərindən sayılan Viktor Hüqonun məşhur bir deyimi var: "Dünyada körpə qığıltısından təntənəli himn yoxdur". Lakin uşaq evlərindən, internat məktəblərindən söz düşəndə xeyli "valideynin" bu hikmətdən xəbərsiz olduğu aşkar görünür. İqtisadi çətinlik, yaxud ailədə yaranan problemlər üzündən uşaqlarından imtina edən analar az hallarda bunun peşmançılığını çəkir. Yenicə dünyaya gələn körpəsini küçəyə atmaqla məsuliyyətdən yayınmağa çalışanlarla rastlaşmasaq da, sahibsiz uşaqlara tez-tez təsadüf edirik. Təəssüflə qeyd edək ki, statistika atılan uşaqların sayının ilbəil artdığını göstərir.
Körpə uşaq evi atılmış, imtina olunmuş uşaqların yeganə sığınacaq yeridir. Əksəriyyəti küçədən tapılan körpələrdən ibarət olan uşaq evinə 2000-2001-ci illər ərzində 200-ə yaxın körpə qəbul edib. Hazırda burada valideyn himayəsindən məhrum olmuş 98 uşaq tərbiyə alır. Onlar yaşlarına görə 7 qrupa bölünüblər. Ən aşağı yaş qrupunda 25 körpə var.
Körpə uşaq evinin baş həkimi Gülşən Ağayeva həmin uşaqların 10 günlüyündən 6 yaşına qədər burada böyüyüb tərbiyə aldıqlarını deyir. Bundan sonra isə onlar digər uşaq evlərinə köçürülür.
Bəs həmin uşaqlar hansı yolla bu müəssisəyə gəlir? Baş həkim uşaq evinin sakinlərini iki qrupa ayırır: imtina edilənlər və atılanlar. Onları fərqləndirən cəhət odur ki, birinci halda valideyn özü uşaq evinə müraciət edərək övladından imtina etməsinin səbəbini açıqlayır və onu müəyyən müddətə himayəyə verir: "Öz övladından imtina edən analarla söhbət zamanı biz hər vasitə ilə onları bu yoldan çəkindirməyə çalışırıq. Ona deyirəm ki, sən hələ cavansan, sonra bu uşağı axtaracaqsan. Onda gec olacaq. Amma nə qədər səy göstərsək də, heç bir valideyni fikrindən döndərməyə nail ola bilməmişik".
İkinciləri isə "anaları" gözdənuzaq küçələrə, zibillik və yol kənarlarına, evlərin qapılarına atırlar. Yenicə dünyaya göz açan körpəsini küçəyə atan anadan fərqli olaraq, imtina edən valideyn bilir ki, uşağı harada yaşayır. Amma uşağın küçəyə, yaxud zibilliyə atılması daha böyük risqdir: "Çünki həmin körpə birbaşa ölümün caynağına verilir. Gizli yerə, zibilliyə atılan uşağı oradakı siçovul, it, pişik parçalaya bilər. Bu addımı atan qadına nəinki ana, heç qadın da demək olmaz". G.Əliyeva həmin valideynləri aşkar etməyin çətin olduğunu qeyd etdi. Onun sözlərinə görə, küçəyə atılan uşaqlar şəhər sakinləri və hüquq-mühafizə orqanı əməkdaşlarının səyi nəticəsində tapılıb körpələr evinə gətirilir.
Baş həkim bəzi anaların sonradan gəlib övladını axtarıb tapmasını istisna etmir: "Bir valideyn iki uşağını kiminsə yanında qoyub və gedərkən deyib ki, qayıdacam. Həmin şəxs də uşaqları bir müddət saxladıqdan sonra çətinlik çəkdiyindən onları körpələr evinə təhvil verib. Xeyli vaxtdan sonra həmin ana öz övladlarının arxasınca gəldi."
Baş həkim körpə uşağından imtina edərək onu uşaq evinə verən anaların bu addımı atmalarına səbəb deyil, bəhanələr gətirdiklərini bildirdi. "Deyirlər ki, xəstə olmuşam, xaricə getmişdim, fikirləşirdim ki, bir həftəyə qayıdaram, ancaq mümkün olmayıb, orada xəstələndim və digər bu kimi fikirlər söyləyirlər. Ancaq onların yalan söylədikləri bəllidir".
Qeyd edək ki, küçəyə atılan uşaqların çoxu arzuolunmaz hamiləlik nəticəsində dünyaya gələnlərdir. Ona görə də onların sağlam mühitdə böyümələri vacib şərtdir. Uşaqların sağlamlığını təmin etməyə diqqət yetirildiyini deyən G.Ağayeva arzu olunmadıqları üçün həmin körpələrin zəif mühitdə inkişaf etdiyi və bu səbəbdən də onların zəif doğulduqlarını bildirdi. Onun sözlərinə görə, profilaktika baxımından uşaqlara vaxtında peyvəndlər, mövsümi vitaminlər vurulur, vitaminli qida ilə təmin edilir.
1997-ci ildən "Azəravtonəqliyyat" Dövlət Konserninin körpə uşaq evini himayəyə götürdüyünü deyən baş həkim uşaqların geyim, qida və digər problemlərinin həllinə yardım etdiyini qeyd etdi.
G.Əliyeva bu il uşaq evinin sakinlərindən 33 nəfərin övladlığa götürüldüyünü bildirdi. Ötən il isə bu rəqəm 65 olub. Onun dediyinə görə, uşağın övladlığa götürülməsi üçün öncə rayon təhsil şöbəsinə müraciət edilməli, sonra isə sənədlərini Bakı Baş Səhiyyə İdarəsində qeydiyyata alınmalıdır. Növbəsi çatdıqda isə həmin vətəndaş uşaq evinə gələrək övladlığa götürmək istədiyi uşağı seçir. Yalnız Nəsimi Rayon Məhkəməsinin qərarından sonra o, uşağı qanuni yolla övladlığa götürə bilər. Həmin uşağın valideyninin sonradan onu axtaracağına gəlincə, baş həkim bu halda sənədlərlə uşağı övladlığa götürən valideynlərə üstünlük verildiyini bildirdi.
Son olaraq onu da deyək ki, uşaq evindəki altı uşaq təhsillərini də orada alırlar. 7-8 yaşlı həmin oğlanlar artıq ikinci sinifdə oxuyurlar. Onlarla söhbət edəndə gözlərinin dərinliyinə diqqət yetirdim. Orada dərin bir kədər, qüssənin izləri aydın sezilirdi. Uşaq evində onlar üçün nə qədər yaxşı şərait yaradılsa da, heç nə və heç kəs valideyn himayəsinin əvəzini verə bilməz.
|