Xəbər

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#120(344)
"Şahdəniz"in yolu açıldı
Bakı-Tbilisi-Ərzrum qaz kəmərinin tikintisinə dair saziş imzalandı

Dünən Bakıda Azərbaycan və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ərzrum qaz kəmərinin tikintisinə dair dövlətlərarası sazişə imza atdılar. "Azərbaycan təbii qazının Cənubi Qafqaz boru kəməri sistemilə nəqlinə və satışına dair" hökumətlərarası sazişi isə Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiya ilə Azərbaycanın yanacaq və energetika naziri Məcid Kərimov imzalayıblar.
Gələn ildən etibarən inşası başlanacaq 980 kilometrlik Bakı - Tbilisi - Ərzurum qaz kəməri Azərbaycanı dünyanın qaz ixracatçıları sırasına daxil edəcək. Layihəyə əsasən,2004-2018-ci illər ərzində bu kəmərlə 90 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulsa da, mütəxəssislər həmin rəqəmin xeyli artıq olacağı qənaətindədirlər.
İmzalanma mərasimindən sonra çıxış edən prezident Heydər Əliyev deyib ki, neft strategiyası uğurla reallaşır və ixrac boru kəmərlərinin vaxtında çəkiləcəyinə heç bir şübhə olmamalıdır. Prezident həmçinin layihənin siyasi önəmini də qeyd edib. Onun fikrincə, boru kəmərləri region ölkələrinin təhlükəsizliyinə təminatdır. Prezident Eduard Şevardnadze regionda enerji layihələrinin hazırlanmasında və reallaşmasında H.Əliyevin xidmətlərini qeyd edib. O, dünya ölkələrinin, xüsusilə ABŞ, Rusiya və Ukraynanın layihənin reallaşmasını dəstəkləməsini vacib hesab etdiyini bildirib. Onun fikrincə, bu sənədlərdə Amerika prezidentinin imzasının olması çox şey deməkdir. Şevardnadze vurğulayıb ki, bu ideyanın reallaşması müstəqillik əldə etmiş region ölkələrinin təhlükəsizliyi üçün başlıca təminat olacaq.

Katexə növbəti basqın
Bir nəfər həlak olub, bir nəfər yaralanıb

Sentyabrın 28-dən 29-na keçən gecə saat 2-3 radələrində isə Zaqatala ilə Balakən rayonları arasındakı Katex postunda növbəti dəfə silahlı basqın olub.
Qeyd edək ki, respublika Dövlət Yol Polis İdarəsinin 718 saylı Katex postu Zaqatala-Balakən şosesinin 9-cu kilometrliyində yerləşir Post stasionar tiplidir və hadisədən əvvəl polislər yeni bir cinayətin baş verəcəyindən şübhələniblərmiş. Bununla belə, insan tələfatının qarşısını almaq mümkün olmayıb. Katex kənd sakini, 1972-ci il təvəllüdlü Elşən Osmanov aldığı odlu güllə yarasından hadisə yerində qətlə yetirilib, postun operatoru Seyran Hüseynov isə ağır yaralanıb. Olayla bağlı DİN mətbuat xidmətinin yaydığı məlumata görə, bir qrup silahlı cinayətkar (onların dəqiq sayı hələlik məlum deyil) postu qumbara və digər silahlarla atəşə tutub. Qumbaranın postun içərisinə düşüb partlaması nəticəsində operator, Zaqatala rayon sakini Seyran Hüseynov ağır dərəcəli bədən xəsarəti alıb. Dövlət Yol Polis Alayına məxsus 3 xidməti və 3 mülki avtomaşın sıradan çıxıb. Hadisə zamanı Balakən rayonunun Katex kəndində olan post-patrul xidmətinin əməkdaşları özlərini hadisə yerinə çatdırıblar. Cinayətkarlar onları da atəşə tutublar. Lakin postdan açılan cavab atəşi nəticəsində quldurlar qaçıblar.
Güllə səslərini eşidib polisə köməyə gəlmiş Katex kənd sakini E.Osmanovun hadisə yerindən meyiti tapılıb. Həmçinin cinayətkarlara məxsus bir ədəd avtomat, bir ədəd iri çaplı odlu silah aşkar edilib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılaraq, bölgəyə ezam olunub. Cinayətkarların şəxsiyyətlərinin müəyyən edilərək tutulması üçün kompleks tədbirlər keçirilir. Milli təhlükəsizlik naziri Namiq Abbasov bildirib ki, Katex postundakı növbəti hadisəni avar separatçılığı kimi qiymətləndirmək mümkün deyil. Hadisə barədə istintaqın nəticələrindən asılı olaraq, fikir söyləmək mümkündür.
"Lider"in bölgə müxbiri Əli Səmədovdan aldığımız məlumata görə, atışma 12 dəqiqə davam edib. 40 dəqiqədən sonra ətraf rayonlardan bölgəyə əlavə hərbi qüvvələr gətirilib. Post və qarşısındakı maşınlar gülləbaran olunub. Hadisəylə bağlı Milli Təhlükəsizlik Nazirliyi bölgədə nəzarəti daha da gücləndirib. Cinayətkarların posta hücumu zamanı həlak olan E.Osmanov subaydır, 3 il Qarabağ müharibəsində iştirak edib. Mərhum əsasən çiyin və döş qəfəsindən güllə yaraları alıb. E.Osmanov dünən doğulduğu kənddə torpağa tapşırılıb.
Hadisə zamanı ağır yaralanmış S.Hüseynov isə vertolyotla Bakıya qospitala gətirilib. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Katex kəndi sərhəd bölgəsində olsa da, Rusiya ilə Azərbaycan sərhədində heç bir problem yaranmayıb. Bölgə müxbiri onu da bildirdi ki, cinayətkarlardan beşinin artıq həbs olunduğu söylənilir.
Qeyd edək ki, Katex postundakı ilk qanlı olaydan ötən 4 ay müddətində bölgədə vəziyyətin tam stabilləşdiyini demək olmaz. Silsiləli şəkildə törədilən hadisələr zamanı Zaqatala Polis Şöbəsinə, N saylı hərbi hissəyə və ayrı-ayrı kənd sakinlərinə qarşı quldurluq hadisələri qeydə alınıb. Nəticədə bir neçə polis işçisi və rayon sakini qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da öz bacarıqlarını sübut edərək, cinayətkarlardan 21 nəfərini həbs ediblər. Onlardan biri - Zaqatalanın Kebeloba kənd sakini Emin Mollayevin həbsindən sonra dünən yenidən sonu insan ölümüylə nəticələnən daha bir hadisə baş verdi. Sözügedən hadisəni həmin şəxsin tutulmasıyla bağlayanlar da var. Bu cinayətdə iştirak edənlərin tutulmasına gəlincə, onların kəndlərdə gizləndikləri, hətta artıq Dağıstana keçdikləri də bildirilir. Quldurların çətinliklə tutulmasının isə bir neçə səbəbi var. Aldığımız məlumata əsasən, Katexin 7-8 min əhalisi var. Əhali etnik mənsubiyyətinə görə yekcins deyil. Kəndin təbii şəraiti quldurların yaxalanmasını çətinləşdirən mühüm amillərdəndir. Katex kəndinin və postun ətrafı meşə zolaqları və dağ massividir. Dağ massivi arasında dəhlizlər mövcuddur. Həmin dəhlizlərlə Dağıstana atla və piyada getmək mümkündür. Ə.Səmədovun dediyinə görə, həmin yolların əksəriyyəti sərhəd və daxili qoşunların nəzarətindədir. Digər bir nüans isə gecələr rayonda elektrik enerjisinin kəsilməsidir. Bu da cinayətkarların tanınmasına və yerinin isti izlərlə müəyyənləşdirilməsinə mane olur.

Konstitusiya Məhkəməsinə şikayət asanlaşacaq

"Konstitusiya Məhkəməsi haqqında" qanuna ediləcək dəyişikliklər ölkə vətəndaşlarına müstəsna hallarda bu instansiyaya şikayət etmək hüququ verəcək. Yerli məhkəmələrin çıxardığı qərarlar ölkə Konstitusiyaya uyğun olmadığı halda, vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət hüququ qazanacaqlar.
Bununla belə, qeyd olunur ki, məhkəmənin çıxardığı qərarlara baxış Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid deyil. Sözügedən qanuna dəyişiklərlə bağlı məsələ noyabr ayının ortalarında keçiriləcək beynəlxalq seminarda müzakirə olunacaq. Tədbir Azərbaycanın Konstitusiya Məhkəməsi və Avropa Şurası Venetsiya Komissiyasının birgə təşəbbüsü ilə gerçəkləşəcək. Seminarda Venetsiya Komissiyasının iki eksperti, eləcə də Milli Məclis və Prezident Aparatının nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycan Avropa Şurasının tamhüquqlü üzvü olduqdan sonra ölkə vətəndaşlarının Konstitusiya Məhkəməsinə birbaşa müraciətinə imkanı yaradacağı barədə öhdəliklər götürüb. Hazırda qüvvədə olan ölkə Konstitusiyasının 130-cu maddəsinə əsasən, bu ali məhkəmə instansiyasına ancaq ölkə prezidenti, Milli Məclis, Nazirlər Kabineti, Respublika Prokurorluğu, Ali Məhkəmə və Naxçıvan MR-in Ali Məclisi sorğu ilə müraciət edə bilər.

"Yalan xəbərdir..."
Şeyxülislam "Yeni Müsavat"ın yazdığını təkzib etdi

"Azərbaycanın dövlət başçısı Heydər Əliyevi İran kəşfiyyat orqanlarının hazırladığı dövlət çevirilişi planından xəbərdar etməyimlə bağlı mətbuatda yayılan xəbərlər yalandır".
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Hacı Allahşükür Paşazadə "Turan"ın müxbirilə söhbətində "Yeni Müsavat" qəzetinin dünənki sayında dərc edilən "Şeyx Əliyevi çevriliş planından xəbərdar edib" adlı yazıya münasibətini bildirərkən deyib. Belə bir çevrilişin planının olmadığını və bu fikrin haradan qaynaqlandığını bilmədiyini deyən A.Paşazadə belə yalanın qəzet səhifəsinə çıxmasına təəssüf edib. Qəzetin faktları məlumatlı mənbədən alması fikrini inkar edən A.Paşazadə belə mənbənin mövcud olmadığını söyləyib.
Azərbaycanın cənub rayonlarında baş verən həbslərin həmin çevriliş planı və dini liderin ölkə rəhbərliyini xəbərdar etməsilə bağlı olması fikrini də A.Paşazadə təkzib edib. "Etimad" qəzeti A.Paşazadəni təhqir etdikdə dövlət başçısının dini lideri bu plan haqda xəbərdarlıq etdiyi üçün onu müdafiə edib" fikrinə cavab olaraq dini lider H.Əliyevin onu yox, bütünlükdə dini və milli dəyərləri müdafiə etdiyini söyləyib.

Korrupsiyaya ilə sistemli mübarizə aparılmalıdır

"Transrarency Azerbaiyan" qeyri-hökumət təşkilatı (QHT) "Korrupsiya nədir, onun nəticələri və çıxış yolları-QHT perspektivləri" layihəsini reallaşdırmağa başlayıb.
Dünən "Nyatt Regency" otelində layihədə nəzərdə tutulan dörd seminardan biri keçirilib. Təşkilatın İdarə Heyətinin sədri Sabit Bağırov çıxışında korrupsiya haqda məlumat verib, onun növ və formalarını açıqlayıb. Seminar iştirakçıları yekdil fikrə gəliblər ki, korrupsiya ilə hərtərəfli və sistemli mübarizə aparmaq lazımdır. Korrupsiya bütün dünyada mövcuddur. Onun kökünü kəsmək mümkün olmasa da, minimuma endirmək olar. S.Bağırov "Transrarency Azerbaiyan" QHT-nin iki il öncə apardığı araşdırmaların nəticələrini təqdim edib. Araşdırmalara görə, 86 faiz respondentin üzləşdiyi korrupsiya forması rüşvətdir.
"Transrarency Azerbaiyan" icraçı direktoru Rəna Səfərəliyeva "Turan"a bildirib ki, növbəti üç seminar oktyabr, noyabr, dekabr aylarında keçiriləcək. Seminarların yekunlarına əsasən "Korrupsiya nədir və onunla necə mübarizə aparmalı" adlı kitabça nəşr ediləcək. Maliyyə yardımını "Derartment for International Develorment" xəttilə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi göstərib.

"Avropa: ümumi irs"
Fotosərginin qaliblər elan edildi

Dünən "Abşeron" rəsm qalereyasında "Avropa: ümumi irs" beynəlxalq foto sərginin açılış mərasimi oldu. Xatırladaq ki, sərginin birinci hissəsi bu il aprelin 26-29-u günlərində keçirilərək, 85 foto nümayiş etdirilmişdi.
Gənclərimizin Beynəlxalq irs fotoqrafiya təcrübəsi müsabiqəsində iştirakı ölkəmizin Avropa Şurasına qəbulundan sonra mümkün olmuşdur.
İlk müsabiqədə qalib gəlmiş 7 foto şəkil Barselonada keçirilən VI Beynəlxalq irs fotoqrafiya təcrübəsi fotosərgisinə göndərilmişdi. Sərginin ikinci hissəsində dünyanın 18 dövlətindən fotolar nümayiş etdirilirdi: Almaniya, Belçika, Kanada, Portuqaliya, Yunanıstan, Makedoniya, Türkiyə, İtaliya, Bolqarıstan və s.
Sərgidə İtaliyadan "Suda əks olunma", Türkiyədən "Əski türk evi", İspaniyadan "Kölgə", Portuqaliyadan "Zəncir" fotoları maraqlı əsərlərdən idi. Sərgilənən fotolarda, əsasən, qədim məhəllələr, binalar, qapılar, pəncərələr, tarixi abidələr əks olunmuşdu.
MDB ölkələrindən yalnız Azərbaycanın qoşulduğu müsabiqədə foto həvəskarlarmızın işləri Avropa münsifləri tərəfindən maraqla qarşılanıb. Seymur Sadıxovun "İbadət", İlkin Həsəninin "İpək yolu", Camal Atakişiyevin "Bahar", Sevinc Əlibabayevanın "Zəncirbənd", Sevil Hümbətovanın "Qız qalası", Sultan Hacıməmmədovun "Yallı rəqsi", Hakan Yağçının "Şirvanşahlar sarayı" kompazisiyaları beynəlxalq müsabiqədə qalib gəlmiş 128 fotoşəkillə bərabər İspaniyanın Barselona şəhərində hazırlanmış kataloqa daxil edilib.
Nəzərinizə VI Beynəlxalq irs fotoqrafiya təcrübəsi foto müsabiqəsinin qaliblərinin siyahısını təqdim edirik:
I yer - Atakişiyev Camal, "Bahar";
II yer - Hacıməhəmmədov Sultan, "Yallı rəqsi";
III yer - Həsəni İlkin, "İpək yolu".

"Müxalifətdə ödül davası gedir"

ALP İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan müxalifətin hazırki durumu ilə bağlı pessimist fikirdədir. "Hazırki siyasi durğunluq bir qədər də davam etsə, müxalifəti uçurum gözləyir.
Siyasi liderlərin nüfuzu xalq arasında aşağı düşə bilər" - deyən liberal funksioner müxalif düşərgədə qeyri-sağlam münasibətlərin hökm sürdüyünü bildirib. O, çıxış yolunu qarşılıqlı ittihamların aradan qaldırılmasında və birgə əməkdaşlıqda gördüyünü bildirib: "İlk növbədə, seçkilərdə ilkin əməkdaşlıq barədə razılığa nail olunmalıdır. Ancaq təəssüf ki, hazırda müxalifətdə ödül davası gedir. Mən konkret ad çəkmək istəmirəm. Bir partiya lideri elə də ciddi əhəmiyyəti olmayan ödül alan kimi digərləri onu hədəfə götürürlər. Qısqanclıq hisləri müxalifətin birgə fəaliyyətinə imkan vermir".

Şmits Üsəmanın bankını yardı

Məşhur terroçu Üsəma ben Ladenin yerini deyəcək adama 10 milyon dollar mükafat vəd edən alman biznesmeni Kim Şmits bəyan edib ki, onun rəhbərlik etdiyi hakerlər qrupu Sudanda yerləşən Əl-Şamal İslam Bankının mühafizə sistemini dağıdıb.
Haker hücumunun məqsədi ilkin sərmayə fondunda böyük payı olduğu güman edilən "bir nömrəli terrorçu"nun hesablarına yol tapmaqdır. Şmits iddia edir ki, hakerlər qrupu bu işin öhdəsindən gəlib və əldə edilən materiallar Federal Təhqiqat Bürosuna ötürülüb. O hücumun təfərrüatları haqda danışarkən deyib ki, bu məsələdə ona sudanlı bankir yardımçı olub. Həmin adam internet vasitəsilə Şmitsin elektron postuna məktub göndərərək onunla əməkdaşlığa hazır olduğunu bildirib. Maraqlıdır ki, Şmits özü haker hücumunda bilavasitə iştirak etməyib. Xatırladaq ki, 1996-cı ildə Şmits qanunsuz fəaliyyət növü sayılan hakerliyə görə dörd illik həbs cəzası alıb, amma sonradan cəzasının cərimə ilə əvəz lənməsinə nail olub.

BAB Çöhrəqanlını qarşılamağa hazırlaşır
Qurumun dünən keçirilən iclasında "pul müəmması"na da aydınlıq gətirildi

CAMAH lideri doktor Mahmudəli Çöhrəqanlının Bakıya səfəri yaxın aylarda gerçəkləşəcək. Bu barədə BAB mətbuat xidmətinin rəhbəri Cahandar Bayoğlu qurumun dünən "Azadlıq" qəzeti redaksiyasında keçirilən toplantısında məlumat verib. Çöhrəqanlı ilə srağagün telefon əlaqəsi saxladığını bildirən BAB funksioneri onun Bakıya gəlişi üçün heç bir probleminin olmadığını bildirib: "Çöhrəqanlı artıq xarici pasport alıb. Onun Bakıya səfəri yaxın aylarda gerçəkləşəcək. Yaxın günlərdə onunla əlaqə saxlayıb səfərin vaxtını dəqiqləşdirəcəyik".
Cahandar Bayoğlunu Çöhrəqanlının Bakıya yüksək səviyyədə qarşılanması üçün ciddi hazırlıq işlərinin aparılmasına ehtiyac olduğunu vurğulayıb. O, hesab edir ki, səfər BAB tərəfindən təşkil olunsa da, CAMAH liderinin qarşılanmasında ölkənin aparıcı siyasi partiyaları da iştirak etməlidir. Doktorun müalicəyə ciddi ehtiyac duyduğunu deyən Cahandar Bayoğlu onun Kanadaya Bakıdan yola düşəcəyini xəbər verib: "O, sadəcə bura Azərbaycanı görmək üçün səfər edəcək. Buradan isə müalicəyə yola salınacaq".
BAB funksioneri çıxışında həmçinin vaxtilə Çöhrəqanlının adına toplanmış vəsaitin taleyi ilə bağlı şübhələrin əsassız olduğunu qeyd edib. Onun sözlərinə görə, toplanmış vəsait çoxdan sahiblərinə qaytarılıb: "Doktor telefon söhbəti zamanı özü bu məsələyə aydınlıq gətirilməsini xahiş etdi. Bildirdi ki, onun yanına gələnlər BAB-ın topladığı pulların mənimsənildiyini iddia edirlər. Mən isə ona məlumat verdim ki, toplanmış pullar bir manatadək sahiblərinə qaytarılıb. O da bizim bu addımızı alqışladı".
O, iddia edib ki, sözügedən məsələ ilə bağlı yayılmış məlumatlar təxribat xarakterli olub BAB-la CAMAH lideri arasındakı münasibətlərin korlanmasına xidmət edir: "Bu məlumatlarla sadəcə istəyirlər ki, Çöhrəqanlının Bakıya səfəri reallaşmasın".

Arif Yunus Moldovaya gedib
O, "Ermənistan terroru" mövzusunda məruzə edəcək

Sülh və Demokratiya İnstitunun Konfliktologiya Departamentinin sədri Arif Yunus Kişinyov şəhərində "Beynəlxalq terrorizm" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün bu ölkəyə səfər edib.
ABŞ-ın nüfuzlu "Uilyam Nelson" institutunun təşəbbüsü ilə gerçəkləşəcək tədbirdə çıxış edən konfliktoloq Ermənistanın terroru dəstəkləməsi barədə geniş məruzə edəcək. Bu barədə Sülh və Demokratiya İnstitutundan "Bizim ƏSR"ə məlumat verilib. Məlumatda bildirilir ki, konfliktoloq səfərdən qabaq Ermənistanda ayrı-ayrı dünya ölkələrində və Azərbaycanda törətdiyi terror aktları barədə ciddi faktlar toplayıb. O, Dağlıq Qarabağın terrorçuların təlim-məşq zonasına çevrilməsi, işğal olunmuş ərazilərdən narkotik və qanunsuz silahların tranzit zonası kimi istifadə edilməsi barədə faktları ortaya qoyacaq. Bundan başqa, Arif Yunus Ermənistanın himayə etdiyi "ASALA" terror təşkilatının ABŞ-dakı terror aktları törədən terrorçularla sıx əlaqədə olduğu barədə faktlar açıqlayacaq.

Türk generalı Bişkekə səfər edəcək

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının müavini general-polkovnik Zəfər Özgən oktyabrın 3-dən 6-dək Qırğızıstana səfər edəcəkdir. Ordu Generalı səfər çərçivəsində Qırğızıstan Milli Hərbi Litseyini ziyarət edəcək. Hazırda İstanbuldakı Quru Qoşunları Akademiyasında Qırğızıstanın 27 kursantı və 2 zabiti təhsil alır. Səfərin yekununda iki ölkənin hərbi nazirlikləri arasında "Maddi-texniki yardımın icrası" haqqında protokol imzalanacaq.

Sahibkarlara - "məşvərətçi status"

Azərbaycan Milli Sahibkarlar Konfederasiyası (AMSK) BMT-nin nəzdində fəaliyyət göstərən Avropa İqtisadi Komissiyasında məşvərətçi status almaq niyyətindədir. Təşkilatın prezidenti Ələkbər Məmmədov bildirib ki, məşvərətçi status konfederasiyanın Avropa Şurası və BMT ilə əməkdaşlığına geniş imkanlar yaradacaq. Onun sözlərinə görə, bütün lazımi sənədlər artıq Avropa İqtisadi Komissiyasına təqdim olunub.
AMSK prezidenti rəhbərlik etdiyi qurumun Avropa İqtisadi Komissiyası ilə iki ildən çox müddətdə əməkdaşlıq etdiyini vurğulayıb. Hazırda konfederasiya gənc sahibkarlara dəstək məqsədi ilə yeni layihənin işlənməsi ilə məşğuldur. Eləcə də AMSK biznes sahəsi üzrə İnformasiya Mərkəzi yaratmaq istiqamətində işlər aparır.

Dəyirmi masa keçiriləcək

Oktyabrın 1-i Beynəlxalq Memarlıq Günüdür. Bu münasibətlə Azərbaycan Memarlar İttifaqı dəyirmi masa keçirəcək. Tədbirdə xarici ölkələrin Bakıdakı nümayəndəlikləri, ölkəmizin Mədəniyyət Nazirliyi, və qeyri-hökumət təşkilatları təmsil olunacaqlar. Tədbirin əsas mövzusu Azərbaycan memarlığının müasir durumu və mövcud problemləri olacaq.

Terror İçərişəhərdən də yan ötmədi

YUNESKO-nun xəttilə İçərişəhər haqqında çəkiləcək filmin layihəsi artıq hazır olsa da, Amerikada baş verən terrorla əlaqədar olaraq, çəkilişlər bir qədər ləngiyəcək. Sentyabrın 25-də Bakıya gələcəyi gözlənilən amerikalı rejissorun səfəri də bu səbəbdən təxirə düşüb.

Professorumuz "İlin elm adamı" elan edilib

Bakı Dövlət Universitetinin professoru Elşad Abdullayev Amerika Biblioqrafiya İnstitutu tərəfindən 2001-ci ilin elm adamı elan edilib. Professorun adı Amerika Biblioqrafiya İnstitutunun dünya üzrə aparıcı şəxsiyyətlərin həyat və fəaliyyətini əks etdirən 2001-ci il kataloquna da daxil edilib.

Rəssamımızın Ankarada sərgisi açılıb

Gənc rəssamımız Orxan Hüseynovun Ankarada fərdi sərgisi açılıb. Sərgidə rəssamın qrafika, rəngkarlıq üslubunda çəkilmiş rəsmləri nümayiş etdirilir. Ekspozisiyanın bir həftəyə yaxın davam edəcəyi nəzərdə tutulub. Azərbaycanlı rəssamın ekspozisiyası bu nümayişlə tamamlanmayacaq. O.Hüseynov bir ay müddətində Ankaranın müxtəlif salonlarında sərgi açmağı planlaşdırır. Türkiyə səfərindən sonra rəssam gənclərin Bakıda açılacaq sərgisində də iştirak edəcək.

Azərbaycanın çox zəngin turizm potensialı var
Natiq Məmmədov: təqribən iki ilə apardığımız işlərin bəhrəsini görəcəyik

Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Ümumdünya Turizm Təşkilatının baş assambleyasının Seulda keçirilən 49-cu sessiyasında Azərbaycan bu nüfuzlu təşkilata həqiqi üzv qəbul olunub. Həmin sessiyada ölkəmizi gənclər, idman və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Uzun müddətdən bəri Azərbaycanda turizm sektorunun bərbad vəziyyətdə olduğu heç kimə sirr deyil. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahənin dirçəldilməsinə olan ümidləri artırdı. Ölkəmizin ÜTT-yə üzv olmasının da turizmin inkişafına təkan verəcəyi gözlənilir.
Gənclər, İdman və Turizm Nazirliyinin turizm baş idarəsinin rəisi Natiq Məmmədov söhbətinin əvvəlində ölkəmizin ÜTT-yə gec daxil olduğunu təsdiqləyərək dedi:

- Bu il aprelin 18-də prezident Heydər Əliyevin 465 saylı fərmanına əsasən, Nazirlər Kabineti yanında Xarici Turizm Şurası ləğv edilib və Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. Bəli, Azərbaycan gecikibdir. Tacikistan və Belorus istisna olmaqla MDB dövlətləri hamısı 6-7 ildir ki, Ümumdünya Turizm Təşkilatının üzvüdür. Mən hesab edirəm ki, ÜTT Azərbaycanda turizmin inkişafına çox böyük təkan verəcək.
Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Ümumdünya Turizm Təşkilatının baş assambleyasının Seulda keçirilən 49-cu sessiyasında Azərbaycan bu nüfuzlu təşkilata həqiqi üzv qəbul olunub. Həmin sessiyada ölkəmizi gənclər, idman və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Uzun müddətdən bəri Azərbaycanda turizm sektorunun bərbad vəziyyətdə olduğu heç kimə sirr deyil. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahənin dirçəldilməsinə olan ümidləri artırdı. Ölkəmizin ÜTT-yə üzv olmasının da turizmin inkişafına təkan verəcəyi gözlənilir.
Gənclər, İdman və Turizm Nazirliyinin turizm baş idarəsinin rəisi Natiq Məmmədov söhbətinin əvvəlində ölkəmizin ÜTT-yə gec daxil olduğunu təsdiqləyərək dedi:
- Bu il aprelin 18-də prezident Heydər Əliyevin 465 saylı fərmanına əsasən, Nazirlər Kabineti yanında Xarici Turizm Şurası ləğv edilib və Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. Bəli, Azərbaycan gecikibdir. Tacikistan və Belorus istisna olmaqla MDB dövlətləri hamısı 6-7 ildir ki, Ümumdünya Turizm Təşkilatının üzvüdür. Mən hesab edirəm ki, ÜTT Azərbaycanda turizmin inkişafına çox böyük təkan verəcək.
MDB ölkələri ilə müqayisədə Azərbaycanda turizmin vəziyyəti nə yerdədir?
- MDB-də çox böyük, zəngin turizm potensialı olan ölkələrdən biri Azərbaycandır. Gözəl təbiətimiz, dünyadakı 11 iqlim qurşağının 9-nun ölkəmizin ərazisindən keçməsi, tarixi-mədəni abidələrimiz, son illər sürətlə inkişaf edən infrastruktur ölkəmizdə turizmin inkişafı üçün çox böyük imkanlar açır. Yəni bunu inkişaf etdirmək, Azərbaycanın turizm imkanlarını dünya səviyyəsində təbliğ etmək lazımdır. Mən hesab edirəm ki, ölkəmizin ÜTT-yə üzv qəbul edilməsi həm iqtisadiyyatımızın inkişafına və büdcə gəlirlərinin artmasına, həm də ölkəmizin xarici əlaqələrinin genişlənməsinə şərait yaradacaq.
Hazırda ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin sayı nə qədərdir?
- Hazırda ölkədə Ədliyyə Nazirliyində qeydiyyatdan keçiş təqribən 200-ə yaxın turizm şirkəti fəaliyyət göstərir. Nazirlər Kabinetinin 17 saylı saylı qərarına əsasən, həmin şirkətlər öz fəaliyyətləri üçün xüsusi razılıq - lisenziya almalıdırlar. Ancaq onlardan cəmi 33-ü lisenziya alıb, qalanlarının fəaliyyəti qeyri-qanunidir.
Bizdə olan məlumata görə, həmin şirkətlələrin bir çoxu turizmlə deyil, vətəndaşların xarici ölkələrə qeyri-qanuni miqrasiyasını təşkil etməklə məşğul olur. Ümumiyyətlə, xüsusi icazə almadan fəaliyyət göstərən şirkətlər haqqında hansı tədbirlər görülür?
- Biz lisenziyası olmayan şirkətlərin turist səfərləri təşkil etməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görməyə çalışırıq. Məsələn, Sərhəd Qoşunları İdarəsinə, Dövlət Gömrük Komitəsinə rəsmi şəkildə müraciət etmişik ki, lisenziyası olmayan şirkətlərin xarici ölkələrə turist göndərmələrinə imkan verməsinlər.
Azərbaycana nə qədər turistin təşrif gətirməsi ilə bağlı statistik məlumatlar toplanırmı?
- Statistik məlumatlar ağrılı yerlərimizdən biridir. Ölkədə son illər üçün turizm sektoruna aid statistik məlumatlar yoxdur. Biz, əsasən, təqribi rəqəmlərlə kifayətlənməli oluruq. Ancaq bu gün artıq bodinkart beynəlxalq standartlar sisteminə keçmişik.
Statistik məlumatların toplanması ilə əlaqədar müvafiq dövlət strukturlarına müraciət olunub. Bundan sonra ölkəyə nə qədər turistin gəlməsi və getməsi, turizm səfərlərindən əldə edilən gəlirlər barədə statistik məlumatlar əldə edə biləcəyik. Mənə elə gəlir ki, statistik məlumtlarla əlaqədar problem gələn ildən qaydaya düşəcək.
Azərbaycana daha çox hansı ölkələrdən turistlər gəlir?
- Əsasən, MDB dövlətlərindən, İran və Türkiyədən turistlər gəlir. Ancaq turizmin bir neçə növü var. İş adamları da gəlir, onların da adı turizmlə əlaqəlidir. Sosial turizm də, ovçuluq, balıqçılıq da var, idman turizmi də.
2002-ci ilin dövlət büdcəsi layihəsində turizmin inkişafına vəsait ayrılması nəzərdə tutulubmu?
- Ən əvvəl nəzərdə tutulmasa da, sonradan vəsaitin ayrılması ilə bağlı məsələ büdcə layihəsinə daxil edilib.
Yaxın illər üçün turizmin inkişafı istiqamətində hansı işlərin göürülməsi planlaşdırılır? İstirahət, turizm komplekslərinin tikintisi nəzərdə tutulubmu?
- Yaxın illər üçün görəcəyimiz işlərin nəticəsi yaxşı olacaq. Biz ÜTT kimi mühüm bir təşkilata daxil olmuşuq.
Hazırda ölkə prezidenti tərəfindən respublikada iş adamlarına, xarici investisiyaların cəlb edilməsinə münbit şərait yaradılıb. Ən əsası, respublikada sabitlik hökm sürür. Bütün bunlar imkan verir deyək ki, planlaşdırdığımız işlər müsbət nəticələr verəcək. İstirahət, turizm komplekslərinin tikintisi planlaşdırılır. Ümumiyyətlə, turizm xidməti göstərən obyektlərin təmiri, bərpası, yenidənqurulması və s. bizim tədbirlər planımıza daxildir.
Biz artıq respublikada 2005-ci ilə qədər turizmin inkişafına dair proqram hazırlayaraq, baxılmaq üçün müvafiq dövlət orqanlarına təqdim etmişik. Biz cəmi 3 aydır ki, işləyirik. Hesab edirəm ki, təqribən, iki ilə apardığımız işlərin bəhrəsini görəcəyik.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd