Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#121(345)
BVF-yə 300 milyon dollar borcumuz var

Hazırda Azərbaycanın Beynəlxalq Valyuta Fonduna (BVF) borcu 0,3 milyard dollar təşkil edir. MDB məkanında bu quruma ən çox borc olan dövlətlər Rusiya və Ukraynadır (müvafiq olaraq 10,8 milyard dollar və 1,7 milyard). Yeri gəlmişkən, Rusiya BVF-nin borclular siyahısındakı birinci mövqeyini Türkiyəyə verib. Avqustun 1-ə olan məlumata görə, Türkiyənin borcu 12,5 milyard dollar təşkil edir. Türkiyə yalnız bu ilin may, iyul və avqust aylarında BVF-dən 7 milyard dollara yaxın kredit alıb. Fondun ən böyük borcluları arasında İndoneziya (9,5 milyard dollar), Argentina (8,4 milyard dollar), Braziliya (3,8 milyard dollar) və Tailand (2,2 milyard dollar) yer alır.

Azərbaycanlıların əmək hüququ qorunacaq

Azərbaycan əmək miqrasiyası sahəsində Ukrayna və Moldova ilə saziş imzalamağı planlaşdırır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin miqrasiya şöbəsinin müdiri Rauf Tağıyev bildirib ki, artıq müvafiq razılaşmalar mövcuddur və yaxın zamanlarda rəsmiləşdirilə bilər. Rauf Tağıyevin sözlərinə görə, belə bir sazişin imzalanması ilə Azərbaycan bu ölkələrdə əmək fəaliyyət göstərən vətəndaşlarının hüquq və maraqlarını müdafiə etmək hüququ qazanacaq. O, qeyd edib ki, artıq analoji sənəd Rusiya, Türkiyə və Qazaxıstanla da imzalanıb.

AŞPA-dakı deputatlarımız qayıtdılar

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti dünən axşam Strasburqdan vətənə dönüb. Millət vəkili İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Assambleyanın sentyabrın 24-dən 29-dək davam edən payız sessiyası gedişində uğurla fəaliyyət göstərib. Deputatlarımız sessiyada Azərbaycanın haqq işini Avropanın diqqətinə çatdıran və Ermənistanın təcavüzkar siyasətini ifşa edən daha üç sənədin qəbuluna və yayılmasına nail olublar. AŞ Nazirlər Komitəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar qəbul edib, Dağlıq Qarabağ münaqişəsinin Şurada müzakirəsini nəzərdə tutan təkliflər layihəsi və Azərbaycan köçkünlərinin təhsil hüquqlarına dair bəyanat təsdiqlənib.

CNN: "Terror planı Avropada hazırlanıb"

CNN xəbər verir ki, ABŞ məxfi idarələri 11 sentyabr faciəsini törətmiş qrupun "nüvəsi"ni müəyyənləşdirməyə çalışır. İyirmi yeddi yaşlı Əlcəzair vətəndaşı Lütfi Rəisinin təyyarəni partladan 19 nəfərlə əlaqəsi olmadığı aydınlaşdırılmasından sonra şübhəlilərin halqası bir az da daralıb. Mühüm bir fakt: Vaşinqton xəfiyyələri hesab edir ki, terror planı Böyük Britaniya, Almaniya və Birləşmiş Ərəb Əmirlikləri ərazisində hazırlanıb. Planın maliyyə mənbələri də burada tapılıb.

Köçəryan hakimiyyətinin sonu çatıb?

Ermənistanda prezident Robert Köçəryan hakimiyyətinə qarşı çıxışlar lokal etirazlar səviyyəsindən çıxmaqdadır. Ermənistan Respublika Partiyasının ("Anrapetutyun") təşəbbüsü ilə keçirilən mitinqdə on minlərlə nümayişçi prezidentin siyasətini ifşa edən şüarlar söyləyib. "Anrapetutyun" liderlərindən Suren Surenyans deyib ki, prezidentin vəzifədən uzaqlaşdırılması tələbi ilə keçirilən ilk mitinq ölkədə hakimiyyət dəyişikliyi yolunda uzun mübarizənin başlanğıcını simvolizə edir.

Banklarda 528 milyard dollarlıq əmanət var

Cari ilin 1 avqustuna olan məlumata görə, əhalinin Azərbaycan banklarına qoyduğu vəsaitin ümumi miqdarı 527 milyard 989 milyon manat təşkil edir. Banklardakı məbləğdən 57 milyard 460 milyon manatlıq vəsait Azərbaycanın milli pul vahidi ilə, 470 milyard 529 milyon manatlıq vəsait isə xarici valyuta ilə qoyulub. Əhali əmanətlərinin yarısından çoxunu - 295 milyard 998 milyon manatını kommersiya banklarında saxlamağa üstünlük verir. Birləşmiş Universal Səhmdar Bankında 231 milyard 909 milyon, Azərbaycan Beynəlxalq Bankında isə 47 milyard 350 milyon manatlıq əmanət var.

Türklər ermənilərlə barışır?

Sentyabrın 22-26-da erməni-türk barışıq komissiyasının növbəti iclası keçirilib. Komissiya üzvləri ilə birgə iclasda erməni-türk problemini araşdıran tarixçi alimlər, publisist, jurnalist və politoloqlar iştirak edib. İclasda aparılan müzakirələr barədə heç bir məlumat verilmir. "Azadlıq" radiosunun yaydığı məlumata görə, komissiyanın növbəti iclası əvvəlcədən planlaşdırıldığı kimi, Yerevanda keçirilməyəcək. Belə ki, iclasın noyabrın 18-21-də Nyu-Yorkda keçiriləcəyi bildirilir.

Sezərlə Putin terrora qarşı

Türkiyə prezidenti Əhməd Necdət Sezərlə Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışıqları olub. Söhbət zamanı hər iki ölkənin lideri belə bir fikri təsdiqləyiblər ki, Rusiya və Türkiyə arasında qarşılıqlı etimadın olması beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində öz töhfəsini verə bilər.ÿÿ Türkiyə terrordan ehtiyatlanır

Türkiyə terrordan ehtiyatlanır

Türkiyənin Hərbi Dəniz Qüvvələri Amerikanın terror əməliyyatı ilə əlaqədar ölkənin strateji əhəmiyyətli dəniz kommunikasiyalarında görünməmiş təhlükəsizlik tədbirlərinə əl atıb. Qara və Aralıq dənizlərini birləşdirən Bosfor və Dardanell boğazlarında Avropa ilə Asiya arasında hərəkət edən səyahət qayıqlarına, habelə balıqçı gəmilərinə nəzarət gücləndirilib. Dəniz polisi hesab edir ki, həmin qayıqlar terrorçuların çirkin niyyətlərinin həyata keçirilməsi üçün istifadə oluna bilər.

İslamçılar ittiham olundu

Özbəkistan Prokurorluğu məhkəməyə müraciət edərək ölkənin 9 vətəndaşının "Hizb-üt-Təhrir" partiyasına mənsub olduğu üçün onların 16 il azadlıqdan məhrum edilməsini tələb edib. Qeyd edək ki, bu, "Hizb-üt-Təhrir" tərəfdarları üzərində qurulan ilk məhkəmə prosesi deyil. Prokuror şənbə günü keçirilən prosesdə yekun ittihamnaməsini oxuyarkən qeyd edib ki, dünyanın əksər ölkələrində fəaliyyəti yasaq edilən partiyanın üzvləri Üsəma ben Ladenin "Əl-Qayda" təşkilatı ilə əməkdaşlıq edir. Yeri gəlmişkən, analoji proses partiyanın Qırğızıstandakı üzvləri üzərində də keçirilib.

ABŞ komandoları əsir düşüb?

Qətərin "Əl-Cəzirə" telekanalı məlumat verib ki, Əfqanıstanda üçü ABŞ hərbçisi olmaqla 5 nəfərlik xüsusi təyinatlı qrup yaxalanıb. Bu haqda məlumatlar digər ərəb qəzetlərində də dərc olunub. Pentaqon sözçüsü Brayan Keybell ABŞ hərbçilərinin yaxalanması barədə ərəb KİV-ində dərc edilən materialların həqiqətə uyğun olmadığını bildirib. Öz növbəsində Taliban hökuməti də ABŞ xüsusi təyinatlılarının tutulması haqda xəbərləri təkzib edib. Hökumət nümayəndəsi Molla Abdulla Axund deyib ki, hazırda Əfqanıstan ərazisinin taliblərin nəzarəti altında olan hissələrində ABŞ komandoları yoxdur. Bu arada Üsəma ben Ladenin başçılıq etdiyi "Əl-Qayda" təşkilatı ABŞ xüsusi təyinatlılarının Əfqanıstanda tutulması faktını yenidən təsdiqləyib. "Əl-Qayda" tutulanların fotoşəklini göstərəcəyinə söz verib.

"Prince Sultan" ABŞ-a verilməyəcək

Səudiyyə Ərəbistanı ABŞ Hərbi Hava Qüvvələrinə bu ölkə ərazilərində yerləşən bazalardan istifadə etmək icazəsi vermədiyini bildirib. Hökumət rəsmən bəyan edib ki, Əl-Xərc yaxınlığındakı "Prince Sultan" bazası Əfqanıstanı bombalayacaq təyyarələrin uçuşuna bağlıdır.

Koalisiya monarxla birləşir

Antitaliban koalisiyasının nümayəndələrindən ibarət bir heyət Əfqanıstanın keçmiş şahı Zakir şahla görüşmək üçün İtaliya paytaxtına gəlib. Əsas məqsəd monarxın başçılıq edəcəyi Ali Şuranın və Ali Hərbi Şuranın yaradılmasıdır.

Putin Dustumun dostudur

Səhra komandiri general Əbdürrəşid Dustum Rusiya və Orta Asiya dövlətlərini Şimal Alyansına yardımı tezləşdirməyə çağırıb. Dustum Rusiya prezidentinin Əfqanıstana yardım etmək niyyətini alqışladığını bildirərək deyib: "Mən Rusiya prezidentini yaxşı tanıyıram, o mənim dostumdur". Dustum Tahir Yoldaşov və Cümə Xociyevin (Nəmənqani) Taliban düşərgəsində döyüşdüyünü, onların dəstəsində özbək, tacik, uyğur və qazaxların olduğunu deyib.

Katolik jurnalist öldürüldü

Belfast yaxınlığındakı Lurqan yaşayış məntəqəsində katolik "Sundy wolrd" nəşrinin jurnalisti Martin O’Haqan öldürülüb. Yerli polisin açıqlamalarına görə, jurnalist həyat yoldaşı ilə küçədə gedərkən, onlara bir avtomobil yaxınlaşıb. Maşının kabinəsindən açılan atəş nəticəsində O’Haqan ölümcül yaralanıb. Jurnalistin qətli haqda ilk fərziyyələrə görə, onu hərbiləşdirilmiş protestantlar arasındakı bədxahları öldürüb.

Pentaqon Pakistanı silahlandırır?

ABŞ Pakistana iqtisadi yardım kimi 50 milyon dollarlıq vəsait ayırıb. Ağ Evin rəsmi nümayəndəsi Şon Makkormik deyib ki, bu vəsait 1961-ci ildə qəbul edilmiş xarici dövlətlərə yardım haqqında qanun əsasında ayrılıb və onun məqsədi Pakistan dövlətinin büdcə təminatını gücləndirməkdir. Prezident Corc Buş dövlət katibi Kolin Pauellə göndərdiyi məktubunda yazıb ki, bu addım "ABŞ-ın təhlükəsizliyi üçün vacibdir". Bu arada "News" qəzeti Pakistana 75 milyon dollar həcmində hərbi yardım veriləcəyi haqda məlumatlar yayıb. Qəzetin yazmasına görə, ABŞ tərəfi Pakistana 2500 kilometrlik əfqan sərhədinə nəzarəti həyata keçirmək üçün hərbi vertolyotlar verəcək. Xatırladaq ki, Pakistan 1998-ci ildə nüvə sınaqları keçirdiyinə görə, ABŞ bu ölkəyə silah və hərbi sursat verilməsinə veto qoymuşdu.

Qafqazda ən nümunəvi gömrük xidməti
Bu, Azərbaycanda olacaq

Oktyabrın 4-də Azərbaycanın gömrük orqanlarının işini modernləşdirmək və fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə tender keçiriləcək. Qeyd edək ki, hökumətin hazırladığı "Yoxsulluğun ixtisarı və iqtisadi artımın təmin edilməsi" proqramını maliyyələşdirmək üçün Beynəlxalq Valyuta Fondunun irəli sürdüyü şərtlərdən biri gömrük orqanlarında şəffaflığın təmin edilməsi üçün tədbirlər həyata keçirməkdir. Beynəlxalq Valyuta Fondu 100 milyon dollar krediti həmin şərtlərin yerinə yetirilməsi müqabilində verəcək. Gömrük orqanlarına aid tədbirlər planına əsasən, tender qalibi olan auditor şirkəti Azərbaycanın gömrük sistemini öyrənəndən sonra təkmilləşdirmə işinin aparılması üçün tövsiyələr verəcək. Tender iştirakçıları "Artur Andersen", "Kroun Eycensi", "Veqa" və "Prije Watersouse Soopers" şirkətləri olacaq. Dövlət Gömrük Komitəsi sədrinin müavini Səlim Müslümovun sözlərinə əsasən, tender qalibinin tövsiyələri də nəzərə alınmaqla Azərbaycanda, bütün Qafqaz bölgəsi üçün nümunəvi gömrük xidməti modeli bərqərar olacaq. Çünki maddi-texniki təhcizat baxımından Azərbaycanın gömrük xidməti region ölkələrindən xeyli irəlidədir.

Türkiyə ilə hansı problemlərimiz var?
Rəsmi Bakı borcların qaytarılması müddətinin 3 il artırılmasını istəyir

Baş nazirin müavini Abid Şərifovun verdiyi məlumata görə, nəqliyyat və fövqəladə hallar nazirliklərinin struktur layihələri hazırdır, bunlar müvafiq idarələrlə razılaşdırılıb və baxılmaq üçün Prezident Aparatına təqdim edilib. Digər məsələyə toxunan nazir müavini deyib ki, rəsmi Bakı, Türkiyə ilə iqtisadi sahədə yaranmış bəzi problemləri də artıq həll edib. A.Şərifov bildirib ki, Türkiyənin qaldırdığı 25 məsələnin təxminən yarısı həll edilib. Lakin bir çox problemlərin həlli hələlik açıq qalıb. Onun sözlərindən məlum olur ki, Azərbaycan borcların müddətinin uzadılması üçün danışıqlar aparır. Rəsmi Bakı borcların qaytarılması müddətinin 3 il artırılmasını istəyir. Xatırladaq ki, bu məsələlər müxtəlif vaxtlarda bir neçə dəfə, o cümlədən Türkiyənin dövlət naziri Abdulxaliq Çayın Bakıya səfəri zamanı qaldırılmışdı. Azərbaycan uzunmüddətli fasilədən sonra məsələ ilə bağlı təkliflərini hazırlayıb. Rəsmi Ankaranı narazı salan məsələlərdən biri də İrandan fərqli olaraq, Türkiyədən gələn yük avtomobillərindən yüksək məbləğdə rüsum tutulmasıdır. Abid Şərifovun sözlərinə görə, Azərbaycan eyni rüsumları İrandan gələn yük maşınlarına da tətbiq edəcək. Yəni heç bir güzəştdən söhbət belə gedə bilməz. Çünki indiyədək İran Azərbaycandan bu ölkəyə keçən yük avtomobillərindən lazımi məbləğdə rüsum alıb. Baş nazirin müavini bildirib ki, artıq İrana bununla bağlı təklif göndərilib.

Qospitalın rəis müavini istintaqa cəlb edilib

Redaksiyamıza daxil olan məlumata görə, Müdafiə Nazirliyinin Bayılda yerləşən hərbi qospitalının rəis müavini Həsən Mikayıl oğlu Əliyev cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb. Məlumatı dəqiqləşdirmək məqsədilə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovla əlaqə saxladıq. O, məlumatı təsdiqləyərək, H.Əliyevin istintaqa cəlb edilməsinin düzgün olduğunu bəyanladı. R.Məlikov bildirdi ki, istintaq yekunlaşdıqdan sonra hər şey məlum olacaq. Mötəbər mənbələrdən aldığımız məlumata görə, H.Əliyev kimlərəsə tez-tez hədə-qorxu gəldiyi üçün həbs edilib.

"Avropa rusistikası və müasirlik"

Polşanın Poznan şəhərində "Avropa rusistikası və müasirlik" mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib. Konfransda dünyanın 18 ölkəsindən alim və mütəxəssislər iştirak edib, 150-dən artıq məruzə dinlənilib. Azərbaycanı konfransda BDU-nun XX əsr rus ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının müdiri professor Seyfulla Əsədullayev təmsil edib. Alim "Müasir ədəbiyyatşünaslığın metodoloji problemləri" mövzusunda məruzə söyləyib. Konfransı Adam Miskeviç adına universitetin nəzdindəki Rus Filologiyası İnstitutu təşkil edib.

Müqayisəedilməz kəmiyyətlər

Bəlkə də yazılarımı izləyən kimsə, məni mühafizəkarlıqda, köhnəlikdə günahlandırar. Amma gündəlik həyatda elə eybəcərliklərlə rastlaşıram ki, haray salmaq, həyəcan təbili çalmaq istəyirəm.
Hər metro stansiyasının giriş və çıxışında, iri avtobus dayanacaqlarında audiokasetlərin, maqnit lentlərinin şıdırğı satışı təşkil olunub. Burada yerləşdirilmiş nəhəng reproduktorlardan bütün müğənnilərimizin səsini eşitmək olur. Olur deyəndə ki, son dərəcə yüksək səslə musiqi və ifaçıların qıy-qışqırıqları ətrafdakıları bu gurultunu dinləsinlər. Əlbəttə əvvəlki vaxtlar deyil ki, hər bəstəkar qoltuğunda bir dolu qovluq aylarla, illərlə "Bədii şuraların" qapısını döyə. O, bəsdələdiyi musiqinin və yaxud mahnının nə vaxtsa səhnəyə, efirə çıxmasına çətinliklə olurdu, özü də heç şübhəsiz ki, "əsər" müvafiq senzuradan keçəndən sonra. İndi "şükürlər olsun" başqa zamanədir. Senzura ləğv edilib, mahnı yazıldığı andan ictimaiyyətin mühakiməsinə verilir. Ona görə də, "Yaşın nə fərqi var ki," kimi uğurlu əsərlər yarananda bundan hamı bəhrələnir. Yaradıcı şəxsin böyük kütlələrlə birbaşa ünsiyyətdə olmaq imkanı, onun yaşadığı cəmiyyət qarşısında da cavabdehliyini artırmalıdır. Əslində belə halda əxlaq, bəstəkar və şairin daxili senzoruna çevrilməlidir ki, araya çıxarılan mahnı və yaxud meyxana müəyyən etik tələblərə cavab verə bilsin, milli ruha, ədəbə, uyğun olsun. Bu günlərdə "20 Yanvar" metro stansiyasının yanından keçərkən olduqca bəsit melodiya ilə müşayiət edilən sözləri dinləmək məcburiyyətində qaldım. Naməlum cavan səs deyirdi (sözbəsöz eyni olmasa da mənası eynidir): - "Ana oğlun çəkib nəşəni, düşəcək kalona (!) sən də ona peredaça gətirəcəksən". Əvvəlcə, düzü, qulaqlarıma inanmadım, fəqət özümdən asılı olmadan bir neçə dəfə bu cəfəngiyyatı dinlədikdən sonra başa düşdüm ki, eşitdiyim jarqondur, oğru dili və əslində bu mətni dinləyən gənclərin kövrək mənəviyyatı anlamlarına ağır zərbədir. Əvvəla onu deyim ki, "nəşələnib kalona düşmək" arzusu ilə yaşayan cavan müvafiq leksikonla desək narkoman və deməli sağlam cəmiyyətdə yad ünsürdür.
Bu cılız insanabənzərin əcaib arzularının tirajlanması, "anasının ona peredaça gətirməyi" həsrətində olması isə tərbiyəsizliyin deyərdim ki, müdhiş nöqtələrindən biridir. Bir araya yığılmış cavanlarımız çırtma çala-çala mahnını dinləyirdilər. Oğru və quldur həyatının yalançı, iyrənc romantikasının tərənnümünə yönəlmiş səylər "münbit" zəminə düşürdü. Çünki ürək bəyəndiyini, şüuraltı idarə sisitemi dərhal yaddasa həkk edir. Vaxt gələcək, biz bunun da peşmançılığını çəkəcəyik.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd