|
|
|
|
#121(345)
|
 |
|
Günün axarı
|
"Azərbaycanda siyasi məhbus yoxdur" - bu sözləri bir neçə gün əvvəl Bakıya gəlmiş köhnə qitənin, yəni Avropanın ən sanballı siyasi xadimlərindən biri, britaniyalı zadəgan Rassel Conston dedi və getdi...
Dünyagörmüş lordun soyuqqanllılıqla dilə gətirdiyi sözlər həyat və fəaliyyətini bütünlüklə məmləkətin "siyasi əzabkeşləri"nin müdafiəsinə həsr etmiş və ömürlərinin qalan hissəsini də elə belə keçirəcək soydaşlarımızın heç xoşuna gəlmədi. Hətta onlardan biri bu sözlərdən o qədər pəjmürdə-hal olmuşdu ki, bir ara lorddan harasa şikayət yazmaq eşqinə də düşmüşdü. Yazdı-yazmadı, bilmədim... Amma "siyasi məhbus" məsələsində avropalılarla bizim arşınlarımızın eyni olmadığı aşkardır. Avropalılar bir yana, hətta "hüquq müdafiəçilərimiz"in özləri də siyahılarını üzləşdirib ortaq məxrəcə gələ bilmirlər. Yadınızdadırsa, bir müddət əvvəl bu "siyahılar"la Avropa Şurasını da çaş-baş salmışdılar...
Əslində, məqsədim heç də "insan hüquqları"nı özlərinin maddi maraq mənbəyinə çevirmiş, boyunlarına götürdükləri işin xətrinə hətta "erməniyə də dayı deyən" həmvətənlərimə siyahı tutmağın qaydalarını öyrətmək deyil. Mən, sadəcə, "siyasi mühacir" və ya "siyasi məhbus" olmağın texnologiyası barədə qeyri-peşəkar mülahizələrimi bildirmək istəyirəm.
...Bu günlərdə Xətai rayon polisi AXCP-nin "klassik" qanadının Nəzarət Təftiş Komissiyasının üzvü Nizami Ələkbərov həbs edib. Gecənin bir aləmində küçədə özünü şübhəli aparan "klassik təftişçi"nin əlindəki çantadan düz 20 ədəd qumbara tapılıb. Bəy hazırda istintaq altındadır. Mən inanmıram ki, polis qardaşlarımız, məşhur bir lətifədə odduğu kimi, Vaşinqtondakı və Nyu-Yorkdakı partlayışları da bu məzlum insanın boynuna qoymaq niyyətinə düşsünlər. Hər halda kürreyi-ərzi "terror kabusu" dolaşan bir vaxtda Nizami bəyin bu hərəkətini tərəqqipərvər bəşəriyyətə meydan oxumaq kimi qiymətləndirmək də olardı. Ancaq onu dünyanın "bir nömrəli terrorçusu"ndan fərqləndirən bir mühüm cəhət var: siyasi partiya üzvüdür. Elə bu da bəs edir ki, adı terrorçuların deyil, "siyasi məhbuslar"ın siyahısına düşsün. Son günlər bu hadisə barədə qəzetlərdə gedən xəbərləri oxuduqca yüzdə-yüz əmin oldum ki, Nizami bəy təcridxananın soyuq divarları arasında özünü əsl "əqidə əzabkeşi" saya bilər. Vəkili artıq onun üçün əməlli başlı "əfsanə" də hazırlayıb: sən demə, "klassik cəbhəçi"yə siyasi rəqibləri tələ qurublarmış. Hələ mən demirəm ki, bu qəzet xəbərlərini kəsib saxlamaq və ilk fürsətdəcə məmləkəti tərk edib Avropanın göbəyində "siyasi sığıncaq" almaq üçün tədarük də görmək mümkündür.
Çox yaxın keçmişdə bir rəfiqimin bu cür "qəzet kəsiyi" əldə etmək üçün nə hallara düşdüyünün şahidiyəm. Rəfiqim bir müddət "cəbhəçi" olmuşdu... Bu faktı əlində dəstavuz edib, xeyli çətinliklə iqtidar qəzetlərinin birində özü haqqında "kompromat" yazdıra bildi. Qəzeti alar-almaz dabanına tüpürüb üz tutdu qürbətə. İndi deyilənə görə, Hollandiyada "siyasi mühacirdir"...
Bütün bunları bilib də, qoca lordu necə qınayasan?!
Elşən Əlioğlu
|
Suallı künc
|
Bir daha
"ikili standart"
haqqında
|
Azərbaycan indiyədək bu problemdən çox əziyyət çəkib. Torpaqlarımızın işğalına, üzləşdiyimiz təcavüzə beynəlxalq miqyasda göstərilən laqeydlik davam etməkdədir. Hər dəfə də bu məsələyə toxunanda "ikili standart" yeridənlər özlərindən çıxırlar. Hamıya və hər şeyə bir gözlə, bir ədalət pəncərəsindən baxdıqlarını sübutlamağa çalışırlar.
Amerikalılar dünyada terrorun kökünü kəsmək üçün nə edəcəklərini hələ dəqiqləşdirməyiblər. Kimi, nə vaxt və necə bombalayacaqlarını yəqin özlərində bilirlər. Lakin bu əməliyyatlar nəticə etibarilə beynəlxalq müstəvidə terrorun bir bəla kimi axırına çıxa biləcəkmi? Sual açıq qalmaqdadır.
Hələlik aydın olan budur ki, Amerika yenə öz bildiyi kimi hərəkət etmək niyyətindədir. Beynəlxalq həmrəylik, müvafiq huquqi müstəvi və s. onun üçün zəruri fon rolunu oynayır. Amerika bu barədə yalnız işi çətinə düşəndə fikirləşir. Özünün qlobal geosiyasi manevrlərində BMT-dən lazım bildikdə istifadə edir. Vurmaq istədiyi hədəfin parametrlərindən asılı olaraq bu qurumun sanksiyasını alıb-almamaq barədə düşünür.
Amerika son illər BMT-yə xüsusilə yuxarıdan baxır. Əvvəl kimisə cəzalandırır, sonra bunu BMT tərəfindən rəsmiləşdirir. 11 sentyabrdan sonra da isti-isti belə hərəkət etmək istədi. Hətta Əfqanıstanı vurmaq üçün konkret vaxt da ayırmışdı. Amma vəziyyəti dərindən analiz etdikdən sonra tələsməməyə qərar verdi.
İndi ABŞ-a gerçəkdən ciddi beynəlxalq dəstək lazımdır. Odur ki, təcili şəkildə təşkilata olan borcunun yarısını (təxminən yarım milyard dollar) ödəyib BMT Təhlükəsizlik Şurasında özü üçün mühüm qətnamənin qəbuluna nail oldu. Dünən qəbul edilən sənəd Amerikanın antiterror kampaniyasına geniş meydan açır.
Vəziyyəti bəsitləşdirib analogiya göstərməli olsaq, Amerika istədiyi vaxt özünə lazım olan "spravka"nı almağı bacaran fərasətli davakara oxşayır. Hər nə etsə, axırda "prav" çıxır. İllərdən bəri haqq etdiyimizi dünyaya sübutlaya bilməyən bizim isə kimə oxşadığımız yəqin təsəvvür olunur.
BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul olunmuş dörd qətnamə nəticə etibarilə bir qara qəpiyə dəymir. Çünki bu sənədlərdə nə Ermənistanın işğalçılığı, nə də Azərrbaycanın təcavüzə məruz qaldığı təsbitlənir. Səkkiz ildir, ABŞ-ın da daimi üzv olduğu BMT Təhlükəsizlik Şurası gileylərimizi eşidir və başını bulayır...
Amerika üzləşdiyi faciəni, demək olar ki, bütün dünyanın faciəsinə çevirib. Prinsipcə normaldır. Fəlakət həqiqətən də ümumbəşəri miqyaslıdır. Məntiqə görə, Amerika da öz növbəsində dünyadakı analoji faciələri özününkü qədər yaxın və ağrılı hesab etməlidir. Bəs niyə etmir? Çünki onun məntiq və baxış bucağının "standartı" bizimkindən fərqlidir. Beynəlxalq normaların "ikiləşməsi" də beləcə baş verir.
Lakin Amerika bunu etiraf etmək istəmir. ABŞ səfirinin sözlərinə görə, 11 sentyabrdakı faciə misli görünməmiş faktdır. Çünki bir gündə 7 min insan qətlə yetirilib. Bununla razıyıq. Amma doqquz il öncə Xocalıda da erməni faşizmi tərəfindən bəşəriyyət əleyhinə dəhşətli cinayət törədilmişdi.
Cənab səfir bu faciələri müqayisə etmək istəmir. İstəməsin. Amerika erməni terrorizminə qarşı adekvat mübarizə aparmaq hüququmuzu da tanımaq istəmir. Özünə gərəkən qətnaməni "iki daşın arasında" əldə edir, bizi isə BMT-nin arxivinə göndərir və "Oradakı dörd qətnamə ilə birtəhər problemimizi sülh yolu ilə həll edin" deyə məsləhət görür. İzahatı da bu olur ki, Qarabağda indi atəşkəsdir. Ermənilər də daha hücum etmirlər. Müharibəyə nə ehtiyac var? Doğrudan da müharibəyə nə ehtiyac var? Amma bu sual artıq amerikalılara aiddir. Manhettendə, Pentaqonda nə olub-olub. Unudun getsin...
V.Orxan
|
Suallı künc
|
Azərbaycan cəmiyyəti bu gün iki qism adamlara bölünüb: romantiklər və praqmatiklər; amma gələcək nə bu, nə də onlarındı; o, hələ çox-çox cüzi sabah adamlarınındı.
İlk baxışda belə görünür ki, romantizm hardadır; bu çılpaq realiyalar içrə barmaq tuşlayıb: o romantikdir, - göstərsən, canlı keçmiş görür tək, hamı güləsidir; cəmiyyətimizdə bu gün hamı, hamı, hamı - haqq verib metroda sülənən dilənçisindən tutmuş, hakəza yuxarı mərtəbə məmurunacan, - hamı özünü praqmatik bilir. Amma məhz "ilk baxışda"; baxıb-gördüyümüz haçan bizi aldatmayıb ki...
Mən - romantikəm. Hər iki mənada. İstərsən cavanlıq sevdası hələ də başından getməmiş, xəyallarından gerçəklər yapan bir kəs bil; istərsən ötüb-getmiş "-izm" - romantizm əyyamının gerçək nəfərini. Hara ötüb-gedir ki, milli varlıqda işini başa vurmamış...
Mənim dostum deyir, mən əbədən kapitalistəm, xeyrimi qəpik-qəpiyinə marağım üstə kökləmişəm, bu mənim canımdadır - nə yaxşı; bu gün bizdə əksərən xofdan dönüb xasiyyət dəyişir - praqmatik olurlar. Açıq cəmiyyət, bazar münasibətləri, yeni iqtisadi sistem - qarşıdan sırf maraqların hərəkətə gətirdiyi cəmiyyətin nəfəsi vurur; odur ki, hər kəs maraqlarından don biçir. Bu və ya digər zəmində müəyyən praqmatika-xeyirgüdərlik hər bir cəmiyyətdə var; amma fərdi, ya qrup təzahürləri hələ "-izm" vermir ki...
Hara ötüb-keçir ki... Millət, xalq, Vətən sevdası... - məgər biz zaman-zaman kimə bu adı vermişik: "romantik"; yəni sevib də sevdiyinin konkret-real mücəssəmindən ayrı-uzaq düşmüş kəs. Hər şey sevgidən nəşə(t)lənmirmi ya: nə qədər ki, milli maraqlar özgə (daha qayım) özül tapmayıb, mücərrəd ideyalara tapınasıdır da...
Hara qaçırıq ki; cahanda nədirsə, yurdda da olasıdır; tez-tələsik astarı üzə geyməklə deyil-ha; o ya sənin canındadır, ya mərdanə ol; gələsidir də, yerini alasıdır da, milli maraqlar mexanizminə çevriləsidir də - fərdin marağı cəmiyyətin marağıdır; cəmiyyətin marağı fərdin marağı üzərində, - hələ bəlkə o zamanlar asudə-rahat nəfəs dərə bildik: bu da sənin praqmatik (vətəndaş) cəmiyyətin.
Hələ ki, biz klassik cəmiyyətdə yaşayırıq; hələ də biz romantizmi yaşayırıq; fəlsəfi kökünə getsən, bu elə həmin - əsrin əvvəllərinin romantizmidir. Millət, azadlıq, istiqlaliyyət... - hər yerdə olduğu kimi, bizdə də milli cəmiyyətin klassik formulu bu zaman verilmiş: türklüyümüz üstəgəl İslami dəyərlər və modernləşməli! Milli maraqlar... - maraqlar hər hansı zəmində konkretdir və hər yerdə olduğu kimi, çox keçmir bizdə də romantizm realistləri, o da öz növbəsində inqilabı və təzə cəmiyyəti gətirir...
Daha o tarix bəsbəlli ki, biz bir əldən milli maraqlarımızı qurur da, o əldən xəyallarımıza yazırdıq, yəni ki: qaşlardan qaşlara uç romantikam!; sovet dövründə yaşayan bütün nəsillər, - nəsillər ardınca gələn nəsillər, - bizdən idisə, tarixən romantik olmağa məhkum idilər; hardasa, nə qədərsə, - o zaman romantizm keçmişin qalığı bilinirdi, - "qalıq" olaraq (yalanmı-ya!). Biz onu tükətməmişdik, milli maraqlarda lazımınca ələyib-üyütməmişdik; biz onu tükətməliyik, biz onu tükədəsiyik...
Bəli, biz hələ də, hələ də keçmişimizdən sıyrılıb çıxırıq; bəli, biz romantiklər fəxr duya bilərik; biz çox azıq, - necə ki, gerçək praqmatizm azdır, kapitalistlərimiz azdır; əksərin başı dəyiş-düyüşə qarışıq, - amma milli cəmiyyətimiz hələ ki, bizim üzərimizdə durur; biz təbii bir növ olaraq ölümə məhkumuq, amma elə bu tarixi məhkumluğa qane sədaqətimizlə romantik deyilmiyik?!
Biz tarixi bir epoxanı qapadanlar, dünəndə qalanlarıq; O - sabah adamı, - amma ki, qürurluyuq, - həm də bizdəndi; hardasa, nə qədərsə...
T.Əlişanoğlu
|
 |
|
| |
|