Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Sağlamlığ
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#122(346)
Tarif kompromisi
Yaxın iki ildə qaz ixracatçısı kimi fəaliyyətə başlayacaq Azərbaycan regionda Rusiyanın qaz monopoliyasına son qoya bilər

"Şahdəniz" qazının ixracına dair Azərbaycanla Gürcüstan arasında tranzit müqaviləsinin imzalanması bölgənin ikinci meqalayihəsi üçün "yaşıl işıq" yandırıldı. Lakin Gürcüstanla tranzit tarifi kompromisinin necə əldə olunduğu hələlik kifayət qədər müəmmalıdır. Tərəflər razılaşmanın qarşılıqlı mənafeyə uyğun olduğunu bildirsələr də, detallar açıqlanmadı.
"Turan"ın məlumatına görə, Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə qaz tranzitinə dair tarif 5,30-5,70 dollar həcmində razılaşdırılıb.
Məsələ ilə bağlı yekun qərar noyabrın axırında Gürcüstanla investorlar arasında müvafiq saziş imzalandıqdan sonra qəbul ediləcək. Bu barədə Gürcüstan XİN başçısı İrakli Menaqarişvili dünənki mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Gürcüstan "Şahdəniz" yatağından nəql ediləcək təbii qazın 5 faizini tarif hesabına alacaq. İnvestorlarla əldə olunan razılaşmaya görə, Gürcüstan ilk 5 ildə xüsusi tarif üzrə hər il 200 mln kubmetr qaz almaq hüququ qazanacaq. Sonra bu həcm 500 mln. kubmetrə çatdırılacaq. Xüsusi tarif 1000 kubmetr qaza görə 55 dollar təşkil edəcək, sonra qiymət hər il 1,5 faiz artacaq. Nazir müqayisə üçün bildirib ki, Türkiyə 1 min kubmetr Azərbaycan qazına görə 100 dollar ödəyəcək. Həmin həcmdə Rusiya qazına görə isə Gürcüstan 60 dollar ödəyir. Beləliklə, 40 il ərzində Gürcüstan tranzitdən 4,2-4,5 mlrd. dollar gəlir götürəcək. "Media-Press" agentliyinin yaydığı xəbərdə isə bildirilir ki, Azərbaycanın Gürcüstana ödəyəcəyi tranzit haqqı ilk 5 ildə hər min kub metrə 2,5 dollar təşkil edəcək və 20 il ərzində tədricən 5 dollaradək yüksələcək. Prezident Şevardnadzeni Bakıda müşahidə etmiş Gürcüstan nümayəndəsinin agentliyə bildirdiyinə görə, tarif haqqının valyuta ilə deyil, məhz təbii qazla ödənilməsinə dair qərar taktiki niyyət daşıyır. Çünki Rusiya öz qazını Gürcüstandan ərazisindən (Ermənistana və Türkiyəyə) hər 1000 kubmetrə 7 dollar tranzit haqqı ödəməklə ixrac edir. Azərbaycan üçün tranzit tarifinin valyuta ilə ödənəcəyi təqdirdə Moskva da özünün tranzit tarifinin 5 dollaradək endirilməsində israr edə bilərdi. Eyni zamanda Gürcüstan artıq gələn ildən etibarən Azərbaycan qazını ala biləcək. Qaz mövcud, lakin hələlik işləməyən kəmərlə nəql ediləcək. Menaqarişvilinin sözlərinə görə, kəmərin reabilitasiyası üçün Azərbaycan 8 mln. dollar ayıracaq. Öz növbəsində prezident Eduard Şevardnadze dünənki radio müsahibəsində Gürcüstanın tranzit ölkə statusu ilə yanaşı, istehlakçı-ölkə statusu da əldə etməsini ciddi uğur kimi dəyərələndirib. Bu, ölkəyə hər il aşağı tariflərlə böyük həcmdə təbii qaz əldə etmək hüququ verir. Şevardnadzenin sözlərinə görə, regional neft-qaz layihələrinin reallaşması Cənub Şərqi Avropada "yeni geo-iqtisadi və geo-siyasi sistem" yaradacaq. "Şahdəniz" müqaviləsi eyni zamanda Azərbaycanın regionda iddialı qaz ixracatçısı kimi təsdiqləməlidir. Təsadüfi deyil ki, müqavilə üzrə danışıqların uğurla yekunlaşması ilk növbədə Rusiya tərəfindən neqativ qarşılanıb. Moskva Azərbaycanın qaz layihələrinin işə düşməsini özünün regiondakı monopolizminə ciddi alternativ olaraq qəbul edir. Söhbət təkcə Rusiyanın Türkiyəyə qaz satmasına Azərbaycan tərəfindən ediləcək rəqabətdən getmir. Xatırladaq ki, Rusiya qazının Türkiyəyə ixracına dair "Mavi axın" layihəsi son iki il ərzində faktiki olaraq dondurulub və Azərbaycanın tezliklə "Şahdəniz" kəmərinin işə salınması bu baxımdan strateji uduş ola bilər. Eyni zamanda Azərbaycan Gürcüstan bazarında da Rusiya ilə nisbi rəqabət aparmaq imkanı əldə edəcək.

Müharibə "yetişib"
ABŞ və Böyük Britaniyanın birləşmiş qüvvələri ən yaxın saatlarda "Əyilməz Azadlıq" əməliyyatına başlaya bilərlər.

Beynəlxalq terrorizmə qarşı genişmiqyaslı müharibəyə Əfqanıstandan başlamaq qərarında qəti olan Amerika ilk zərbələri Britaniya ilə birlikdə endirəcək. Britaniya baş naziri Toni Bler bildirib ki, Üsəma bin Ladenin terror aktları ilə əlaqəli olmasını təsdiqləyən məlumatlara malikdir. İlkin dəyərləndirmələrə görə, əməliyyatlar raket zərbələri ilə başlayacaq. Hava zərbələri isə ABŞ və Böyük Britaniyanın Ərəb dənizindəki hərbi bazalarında yerləşən aviasiya vasitəsilə həyata keçiriləcək.
O da məlumdur ki, hələlik Vaşinqton Əfqanıstan ərazilərinin kor-koranə bombalanmasına tələsməyəcək və xüsusi təyinatlıların xidmətlərindən yararlanmağa üstünlük verəcək. Pentaqon anlayır ki, həyati əhəmiyyətli obyektlərin son dərəcə seyrək düzüldüyü Əfqanıstanı İraqla müqayisə etmək olmaz.
Dünən isə Omanda Britaniya hərbçilərinin iri miqyaslı hərbi təlimləri başlayıb. Hazırda həmin bölgədə Böyük Britaniyanın 20 mindən artıq hərbçisi var. Ola bilər ki, bu təlimlərin başa çatmasından sonra başlasın. Başqa bir fərziyyəyə görə, təlimlər tədricən real hərbi əməliyyatlara keçəcək. Hər halda ABŞ təyyarələrinin də hind okeanı üzərində, habelə Əfqanıstan səmasında yarıtəlim-yarıkəşfiyyat uçuşları keçirdiyi artıq faktdır. Çox güman ki, əməliyyatlarda Britaniya xüsusi təyinatlıları SAS (Srecial Air Force) yaxından iştirak edəcək. Əfqanıstanda fəaliyyət göstərən taliban xüsusi təyinatlılarının bir hissəsi məhz SAS instruktorları tərəfindən öyrədilib. Sovet müdaxiləsi zamanı vertolyotların ABŞ "stinger"ləri ilə vurulmasının incəliklərini əfqanlara məhz britaniyalılar başa salıblar. Bu arada Əfqanıstan İslam Dövlətinin xarici işlər naziri doktor Abdulla deyib ki, Qərbin əməliyyatlara haçan başlayacağı haqda heç bir məlumatı yoxdur. ABŞ Şimal Alyansı ilə hərbi sahədə birgə əməkdaşlığı nəzərdə tutan heç bir danışıq aparmayıb, koordinasiya məsələləri əvvəlkitək açıq qalıb. Bəyanat belə düşünməyə əsas verir ki, ABŞ və Böyük Britaniya əməliyyatlara əfqan müxalifətinin köməyi olmadan başlamaq niyyətindədir.

Qərb müharibə istəmir

Böyük Britaniyanın Brayton şəhərində 4 minə yaxın nümayişçi antiterror əməliyyatlarına qarşı mitinq keçirib. Aksiyanın təşəbbüskarları Yaşıllar Partiyası və Qloballaşma Əleyhinə Hərəkatdır. Yerli hökumət orqanlarının deməsinə görə, tədbir zamanı bir neçə nəfər həbs edilib. Bazar günü antiterror əməliyyatlarına qarşı çıxışlar Amsterdamda da keçirilib. Aksiya iştirakçıları hökuməti Vaşinqtonun planlarına imza atmamağa çağırıblar. Nümayişçilər yad dinlərə və dünyagörüşlərinə qarşı böyük dözümü ilə seçilmiş Hollandiya cəmiyyətində sivilizasiyalarası münaqişə yarana biləcəyindən ehtiyatlandıqlarını bildiriblər.
Müharibə əleyhdarları Vaşinqtonda da etiraz mitinqi keçiriblər. Burada 2,5 min nəfər Ağ Evi tələsik addımlar atmamağa, dünyanı yeni münaqişə ilə üz-üzə qoymamağa çağırıb.

Üsəma Çindən silah alıb?

İspaniyanın "El Mundo" qəzetinin yazdığına görə, ötən il "bir nömrəli terrorçu" bir neçə dəfə Pekinə gedərək başçılıq etdiyi "Əl-Qayda" təşkilatı üçün müdafiə xarakterli texnologiyalar alıb. Qəzet bildirir ki, talibanla Çin arasında silah satışı haqqında son müqavilə isə 2001-ci ilin 11 sentyabrında, ABŞ-da baş vermiş məlum terror aktlarından dərhal sonra imzalanıb. Qəzet Çin tərəfdən silah sövdələşməsini aparmış şirkətlərin adlarını da açıqlayır - "Nuswei Technologies" və "ZTE". Çin Müdafiə Nazirliyi və Çin Xalq Azadlıq Ordusunun əsas silah təminatını bu şirkətlər həyata keçirir.

ÇXR 52 yaşını qeyd etdi
Çin böyükelçiliyinin Bakıda düzənlədiyi rəsmi qəbulda prezident Heydər Əliyev də iştirak edib

Pekinin Tyananmen meydanında Çin Xalq Respublikasının yaradılmasının 52-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. ÇXR Dövlət Şurasının başçısı Tszyan Tszemin ölkə vətəndaşlarına televiziya vasitəsi ilə müraciət edərək respublikanın iqtisadi quruculuq və islahatların həyata keçirilməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Xatırladaq ki, 1949-cu il oktyabrın 1-də müasir Çin dövlətinin banisi Mao Tszedun Pekinin Tyananmen meydanında 300 minlik kütlə qarşısında çıxış edərək ÇXR-in müstəqilliyini elan etmişdir.
ÇXR-in müstəqillik günü təkcə ölkə hüdudlarında yox, xaricdə də geniş qeyd olunur. ÇXR-in Azərbaycandakı diplomatik missiyası bu münasibətlə "Gülüstan" sarayında rəsmi qəbul təşkil edib. Çin böyükelçiliyinin Bakıda düzənlədiyi rəsmi qəbulda prezident Heydər Əliyev də iştirak edib. Bayram təkcə ziyafətlə kifayətlənmir. Çin səfirliyinin təşəbbüsü ilə sentyabrın 23-dən etibarən dünya şöhrətli Pekin sirki bakılıların qonağıdır.
ÇXR Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Çinin Azərbaycandakı böyükelçiliyi 1992-ci ildən etibarən fəaliyyət göstərir. Azərbaycan prezidenti Heydər Əliyevin 1994-cü ildə Çinə ilk rəsmi dövlət səfəri zamanı bir sıra mühüm dövlətlərarası sazişlər imzalanmışdır. Vaxtaşırı hökumət səviyyəsində qarşılıqlı səfərlər təşkil olunur. Azərbaycan Respublikasının Çindəki səfirliyi isə 1993-cü ildə açılıb. Prezident Heydər Əliyev ötən il ölkəmizdə rəsmi səfərdə olan Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Peni qəbul edərkən bildirmişdir ki, dövlət büdcəsinin məhdud olmasına baxmayaraq, Azərbaycan Uzaq Şərq ölkələri arasında ilk səfirliyini məhz Pekində təsis etdi.
Qeyd etmək lazımdır ki, rəsmi Pekin Azərbaycanın ərazi bütövlüyünü ardıcıl dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin təşkilatın iclaslarında da bu mövqeni dəfələrlə təsdiqləyib.

Mühacir düşərgəsində parçalanma

Romada Əfqanıstanın Şimal Alyansı liderləri ilə keçmiş monarx Zahir Şah arasında danışıqlar başa çatıb. İtaliya paytaxtında keçirilən görüşdə tərəflərin ali dini və hərbi şura yaratmaq məsələsində razılığa gəlməsi mühüm uğur sayılır.
Keçmiş monarx Əfqanıstana qayıdaraq əski zamanlarda yaratdığı Cirqənin (dini və mülki liderlərin şurası) fəaliyyətini bərpa etmək niyyətindədir. Şahın planlarına görə, dövlət başçısı seçmək və yeni hökumətin tərkibini təsdiqləmək məhz bu or qanın səlahiyyətində olmalıdır.
Amma Zahir Şahın hakimiyyətə gətirilməsi ideyasını Əfqanıstan mühacirətinin heç də bütün siyasi qüvvələri dəstəkləmir. Maraqlıdır ki, beynəlxalq ictimaiyyət tərəfindən Əfqanıstan prezidenti kimi tanınan Bürhanəddin Rəbbani Zahir Şahın Əfqanıstana dövlət başçısı kimi gəlməsini istəmədiyi halda, mühacir prezidentin komandasına daxil olan Doktor Abdulla (Rəbbaninin BMT-dəki nümayəndəsi) Zahir Şahla danışıqlarda Əfqanıstan İslam Dövlətinin xarici işlər naziri kimi çıxış edib.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd