İc siyasət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Sağlamlığ
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#122(346)
"Bəzi partiyaların qeydiyyatı ləğv oluna bilər"
Səyyad Aran müxalifətin narahatlığını bununla əlaqələndirir

Parlamentin payız sessiyasında "Siyasi Partiyalar Haqqında" qanuna gözlənilən əlavə və dəyişikliklər müxalifət partiyalarının ciddi reaksiyası ilə qarşılanıb. Onların iddiasına görə, hakimiyyət bu dəyişikliklərlə müxalif partiyaların fəaliyyəti üçün problemlər yaratmaq məqsədi güdür.
Məsələyə münasibətini bildirən YAP-çı millət vəkili Səyyad Aran isə müxaliflərin narazılığını əsassız sayır. "Siyasi Partiyalar Haqqında" mövcud qanunda bir sıra boşluqların olduğunu deyən millət vəkili sözügedən dəyişiklikləri də bununla əlaqələndirib: "Bu qanun çoxdan qəbul edilib və mövcud reallıqlara cavab vermir. Həm də qanun AXC iqtidarının hakimiyyəti dövründə qəbul olunduğu üçün onun dəyişdirilməsini istəmirlər".
Səyyad Aranın fikrincə, qanunun dəyişdirilməsi müxalifətə qətiyyən sərf etmir. O, bildirir ki, bəzi partiyalar öz siyasi mövcudluqlarını itirəcəklərindən ehtiyatlanırlar:
"Sonuncu parlament seçkiləri də göstərdi ki, bəzi partiyalar qeydiyyatdan keçməsinə baxmayaraq xalq arasında heç bir nüfuzu yoxdur. 40-a yaxın siyasi təşkilat dövlət qeydiyyatından keçsə də, onlardan ən yaxşı halda 5-6-sı partiya adlandırıla bilər. Yerdə qalanları isə xalq tərəfindən tanınmır. Elə partiya sədrləri var ki, onun möhüründən savayı heç nəyi yoxdur. Təbii ki, onlar yenidən qeydiyyatdan keçməyəcəklərindən ehtiyatlanırlar".
Müxalifətin bu məsələdən növbəti "şou" yaratmaq niyyətində olduğunu iddia edən YAP funksioneri bunları bildirib: "Müxalifət bu məsələdən yenə də iqtidarın əleyhinə istifadə etmək istəyir. Ancaq onların bu cəhdi bir nəticə verməyəcək".

"Siyasi məhbus anlayışı yoxdur"
Murtuz Ələsgərov: "Belə çıxır ki, üstündə qumbara gəzdirən AXCP nümayədənsi də siyasi məhbusdur?"

"İndi də deyirlər ki, guya cənab lord Rassel Conston Azərbaycandan gedəndən sonra deyib ki, onun "bu ölkədə siyasi məhbus yoxdur" fikri düzgün tərcümə olunmayıb. Halbuki Azərbaycanda səfrədə olanda Rassel Constonu mən müşayiət edirdim. Mən bilmirəm cənab lord həmin vaxt nə deyib.
Mətbuatın vəziyyəti və siyasi məhbuslarla bağlı onunla söhbətləri oldu. Söhbətlərin birində ona sual verib dedim ki, cənab lord, əgər Fransada və ya Britaniyada hər hansı bir qəzet Sizin şəxsiyyətinizi, ləyaqətinizi, ailənizi təhqir etsə, neyləyərsiniz?ÿMənə açıqca dedi ki, bunun üçün məhkəmə var və belə bir hadisə olarsa, dərhal ora müraciət edər" - deyə, bu barədə Milli Məclisin sədri Murtuz Ələsgərov öz çıxışında bildirdi.
Parlamentin vitse-spikeri Ziyafət Əsgərovun sözlərinə görə isə Azərbaycanda jurnalistlərin məhkəməyə verilməsi halları baş verir. Ziyafət Əsgərov məhkəmələrin işinə qarışmaq fikrində olmadığını söylədi: "Deyirlər ki, Azərbaycanda müstəqil qələm sahibləri var. Bəli, Azərbaycanda söz azadlığı var, amma təəssüflər olsun ki, müstəqil qələm sahibləri hələ də yoxdur. Bu qələm sahibləri müxtəlif partiyalara, şəxslərə işləyirlər. Qəzet bilməlidir ki, bir nəfərin şərəf və ləyaqəti, ailəsi barədə yazmaq cinayətdir".
Ziyafət Əsgərovun sözlərinə görə, Rassel Conston müxalifət partiyalarının ona Azərbaycandakı siyasi məhbusların siyahısını təqdim etdiyini söyləyib: "Onların siyahılarından belə çıxır ki, Azərbaycanda 1000-2000 siyasi məhbus var. Rassel Constona sual verdim ki, ümumiyyətlə, beynəlxalq hüquqda siyasi məhbus anlayışı var? Mənə dedi ki, belə bir anlayış yoxdur. Demək, hərə bu məsələyə öz kriteriyasından yanaşır. Mənim kriteriyam Azərbaycan Respublikasının Konstitusiyasıdır, Cinayət Məcəlləsidir. Özlərini siyasi məhbus adlandıranların üzrində bir neçə cinayət işi var".
Spiker Murtuz Ələsgərov AŞ qarşısında siyasi məhbus problemini təkcə Azərbaycanın qaldırdığını dedi. Onun sözlərinə görə, Avropa Şurasına üzv olan dövlətlərin heç biri bir dəfə də olsun, bu məsələ barədə müzakirə aparmayıb: "Lap Ermənistanı götürək, parlamentdə terror aktı törəndi, amma bir qəzet də yazmadı ki, onlarda siyasi məhbus var. Avropa Şurasında bu məsələni qaldıran adamlar dərk etməlidir ki, bu, Azərbaycanın imicinə xələl gətirir, beynəlxalq aləmdə respublikamızı nüfuzdan salır. Həqiqətən də beynəlxalq aləmdə siyasi məhbus anlayışı yoxdur. Bu yaxınlarda Azərbaycana monitroinq qrupu gələcək, qoy gəlib yoxlasınlar görək siyasi məhbus kimə deyirlər. İndi üzərində cinayət işi olan adamları azadlığa buraxmaq istəyirsiniz? O gün AXCP-nin nümayəndəsinin üstündən qumbara tapılıb. Bu nədir, yoxsa o da siyasi məhbusdur? Başa düşə bilmirəm, bu adam üstündə qumbara niyə gəzdirir? Xahiş edirəm danışanda bir balaca da olsa, məsuliyyət hiss edin"-deyə Murtuz Ələsgərov deputatlara mürəciət etdi.

"Müxalifət qərəzli mövqe tutur"
Rəşad Məcid: "Onlar İlham Əliyevin nüfuzundan narahat olmağa başlayıblar"

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid müxalifətin Azərbaycan nümayəndə heyətinin Avropa Şurasındakı fəaliyyətinə obyektiv qiymət verməməsindən təəssüflənir.
"Bizim ƏSR"ə açıqlamasında müxalifətin bu məsələdə ənənəvi olaraq siyasi ambisiyalardan çıxış etdiyini deyən baş yazar Strasbuqrda bütövlükdə Azərbaycanın uğur əldə etdiyini bildirib: "Bir müşahidəçi kimi Azərbaycan nümayəndə heyətini çox işgüzar ovqatda gördüm. Səməd Seyidov, Gültəkin Hacıyevanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onlar digər deputatlarla intensiv iş aparırdılar. Nümayəndə Heyətinin başçısı İlham Əliyevin çıxışı AŞPA-da ciddi rezonans doğurdu. İlham Əliyev Azərbaycanı bin Ladenlə əməkdaşlıqda ittiham edən erməni deputatının cavabını layiqincə verdi. Və Ermənistanın terroru dəstəkləyən dövlət olduğunu konkret faktlarla ortaya qoydu. Görünür, onun müəyyən uğurları müxalifətdə olanları narahat edir. Müxalifətin bu uğurları danması, bir qədər qərəzli mövqedən çıxış etməsi daha çox siyasi ambisiyalarla bağlıdır".
Rəşad Məcid əlavə edib ki, iqtidardan olan deputatlar AŞPA sessiyasında daha fəal olublar: "Mən özüm də Avropa Şurasının payız sessiyasında müşahidəçi qismində iştirak etmiş bir şəxs kimi deyə bilərəm ki, nümayəndə heyətinin fəaliyyəti ilə bağlı hansısa mübaliğəyə yol verilməyib. Hər halda, bizim AŞPA-dakı fəaliyyətimiz ermənilərlə müqayisədə nəzərəçarpacaq dərəcədə üstün idi. Çıxışların ingiliscə edilməsindən tutmuş qaldırılan məsələlərədək sessiya iştirakçılarında müsbət fikir yaratmışdı. Söhbət ondan getmir ki, orada qəbul olunan qərarlarla Dağlıq Qarabağ problemi tezliklə öz həllini tapacaq. Münaqişənin həlli təbii ki, uzun prosesdir. Ancaq atalar deyib ki, "dama-dama göl olar". Yəni qazanılan hər belə uğur problemin həllində bizim mövqelərimizi daha da möhkəmləndirir".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd