Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Sağlamlığ
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#122(346)
"Məhəbbət yaşayır hələ..."
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 122-ci mövsümünü açdı

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 122-ci mövsümünü açdı. Kollektiv teatrsevərləri Hidayətin "Məhəbbət yaşayır hələ" əsəri ilə Milli Dram Teatrının səhnəsindən salamladı.
Qeyd edək ki, hər il mövsümü Hidayətin bu əsəri ilə açmaq İrəvan Teatrının ənənəsidir. Bir tərəfdə nərd vuran qocalar, digər tərəfdə görüşə çıxan sevgililər, körpəsi ilə birgə gəzişən gənc ər-arvad və müxtəlif istiqamətlərə tələsən insanlar... Eyni vaxtda səhnədə görünən bu fraqmentlər tamaşaçıya bəri başdan hadisələrin zaman və məkan anlamından kənarda inkişaf edəcəyindən xəbər verir. Müəllifin cəmiyyəti tərs-avanda çevirib iç üzünü göstərmək üçün bir-birini sevən iki gənci seçməsi təsadüfi deyil. Təbbi, problem nə qədər düşündürücü, nə qədər ağrılı olsa da, şirin məhəbbət nağılının fonunda həllini tapan hadisələr qətiyyən reallıqdan kənar, süni görünmür. Bir-birini sevən iki gənc. İlk baxışdan onların məhəbbəti qarşısında mane olacaq heç nə yoxdur. Amma ad günündə sevgilisini atasına təqdim edən Xatirə bu maneəni tamaşaçılara göstərir. Fərq və yolda duran daş göz qabağında - atası Böyük Vətən Müharibəsində itkin düşən, Bakıda heç bir arxası, dayağı olmayan, yalnız savadına və qabiliyyətinə güvənən kasıb bir universitet məzunu və cah-cəlal içərisində yaşayan, atası bu-gün sabah nazir kürsüsünə təyinatını gözləyən ərköyün bir qız. Amma bu qədər arakəsmələrin müqabilində onları birləşdirən bir tel də var, Xatirənin atasının görə və qəbul edə bilmədiyi bir tel - onların bir-birinə təmiz məhəbbəti. Və bu telin gücü bütün sadalanan maneələri dəf etmək iqtidarındadır.
Bu cür sonluğa inanan müəllif tamaşanın rejissorunu da, aktyorları da buna inandıra bilib. Tamaşanın belə canlı və inandırıcı alınması da, görünür, bütövlükdə yaradıcı kollektivin də bu sonluğa daxili inamından irəli gəlirdi.
Bir sözlə, hər şey yaxşı qurtardı, lap tamaşaçıların arzu etdiyi şəkildə. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsümün açılışındaca bizləri hələ də məhəbbətin yaşadığına inandıra bildi. Teatrın uğuru da elə buradan başlayır - inadıra bilmək bacarığından.
Əməkdar artist Vaqif Əsədovun quruluş verdiyi tamaşada baş rolları Ədhəm Əliyev və Dilarə Murtuzəliyeva, digər rolları isə əməkdar artistlər - Vidadi Əliyev, Süleyman Nəcəfov, Elmira İsmayılova, Əli Quliyev, Rəşad Səfərov, Kəbirə Əmiraslanova oynayırdılar.

Naxçıvanda mixi yazı aşkar ediblər
Tədqiqatçılarımız oradan qayıdıblar

Son vaxtlar durğunluq dövrü keçirən arxeoloji işlərdə canlanma müşahidə olunur. Yeni qazıntılarla yanaşı, arxeoloqlarımız abidələrdə təkrar elmi axtarışlar da aparırlar. MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşının Naxçıvana səfəri dediklərimizə əyani sübutdur. Naxçıvan Arxeoloji Ekspedisiyasının çöl tədqiqat işlərində hansı nəticələrin əldə olunduğunu öyrənmək üçün ekspedisiyanın rəisi tarix elmləri namizədi Nəcəf Müseyibovla əlaqə saxladıq.
Nəcəf müəllim bildirdi ki, avqust ayından başlayaraq, bir ay ərzində Naxçıvan ərazisində olan bütün abidələrə baxış keçirib, tədqiqat işləri aparıblar. Bu işdə hətta dövlət televiziyası da iştirak edib. Abidələri lent yaddaşına köçürən televiziya əməkdaşları sənədli film hazırlayacaqlar. "İnstitutun işçilərini bu regionun müxtəlif bölgəsində iş aparmaq üçün ayrı-ayrı qruplara ayırmışdıq. Professor Vəli Əliyevlə mən (qeyd edək ki, Naxçıvanın bir çox abidələri əvvəllər də V.Əliyev tərəfindən tədqiq edilib - M.N.) tədqiqata məşhur Gəmiqaya abidəsindən başladıq. Gəmiqayada yeni rəsmlərin axtarışını davam etdirdik. Burdan insan, maral, keçi, ilan rəsmləri tapıldı ki, bu da mövzu, üslub və dövr etibarilə, olduqca böyük əhəmiyyətə malikdir. Bu rəsmlər Azərbaycan incəsənətinin ən parlaq nümunəsidir. Eyni zamanda aşkar etdik ki, Gəmiqayada rəsmlərin yayılma ərazisi əvvəllər məlum olduğundan daha genişdir. Burdakı Qaranquş yaylağında apardığımız qazıntılar nəticəsində orta əsrlərə aid müsəlman qəbirləri də tapıldı.".
Ekspedisiya öz işini Sədərəkdə də davam etdirib.
Kültəpədə tapılan yerüstü materiallar bu abidədə eniolit dövründən orta əsrlərə qədər ardıcıl həyat nişanələrindən xəbər verir. Tədqiqatçı onu da vurğuladı ki, abidə zaman-zaman dağıntıya məruz qalıb. "Elə götürək sovet dövrünü. Bu yayla əkin sahəsinə çevrilbmiş. Çoxsaylı müraciətlərdən sonra hökumət bu yeri qoruq elan edib."
Babək rayonunda isə Əkbər Bədəlovla Solmaz Qaşqay arxeoloji qazıntılar aparıblar. Meydantəpə və Xarobo-Gilandan da xeyli material əldə edilib. "Amma İlanlıdağda mixi yazı axtarışı heç bir nəticə vermədi. Alimləri təəcübləndirənsə, Şərurun Axamət kəndi ərazisindən tapdıqları üstündə mixi yazı olan saxsı qab oldu". Araşdırmalar nəticəsində bu qənaətə gəliblər ki, eramızdan əvvəl birinci əsrə aid olan bu qab əraziyə gətirilmədir. Ekspedisiyanın rəisi son olaraq deyir ki, əldə elədikləri uğurlarla kifayətlənməyəcəklər. Tez-tez respublikanın müxtəlif rayonlarına bu cür səfərlər təşkil ediləcək. Bu da abidələrimizin daha dərindən öyrənilməsi deməkdir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd