Xəbər

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Sağlamlığ
Mədəniyyət
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#122(346)
"907-nin" vaxtı çatıb
Sabah ABŞ Konqresində 9 ildən bəri Azərbaycana qarşı tətbiq olunan ədalətsiz qadağanın ləğvi ilə bağlı səsvermə keçriləcəyi gözlənilir

Oktyabrın 3-də ABŞ Konqresində "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəlişin ləğvi ilə bağlı müzakirələr aparılmalıdır. Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Hafiz Paşayev jurnalistlərlə söhbətində belə deyib.
Səfir bildirib ki, ABŞ parlamentarlarında təkcə Azərbaycana deyil, digər dövlətlərə qarşı da tətbiq olunmuş sanksiyaların aradan qaldırılması vacibliyi barədə rəy formalaşmaqdadır. Bununla belə, Hafiz Paşayev hesab edir ki, 907-ci düzəlişin ləğvi ən tezi 1-2 aydan sonra mümkün ola bilər. Onun sözlərinə görə, konqresmenlərin məsələ ilə bağlı yekdil qənaətə gəlməsi gəlməsi üçün müəyyən zamana ehtiyac var. ABŞ-ın yeni administrasiyasının 907-ci düzəlişə münasibəti ilə bağlı suala cavab verən Hafiz Paşayev bunları bildirib: "ABŞ administrasiyası 100 faiz bu düzəlişin ləğvinə tərəfdardır. Bununla belə, ABŞ-da müəyyən reallıqlar var. Hətta prezident də hər hansı qərarı qəbul edərkən mütləq Konqresin mövqeyi ilə hesablaşmalıdır". Səfirin fikrincə, Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-a yardımçı olmaq arzusunu bəyan etməsi də məsələyə müsbət təsirini göstərəcək.

Terrorizmə qarşı konvensiyaya qoşulduq

Dünən Milli Məclisdə aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Konvensiyaya qoşuldu.
Milli Məclisin təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, vitse-spiker Ziyafət Əsgərov bildirdi ki, Milli Məclisə prezident Heydər Əliyevin "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Konvensiyaya qoşulmaq üçün qanunvericilik təşəbbüsü daxil olub. Xatırladaq ki, həmin konvensiya 1999-cu il dekabr ayının 9-da BMT-nin 4-cü sessiyasında qəbul edilib. Ziyafət Əsgərovun sözlərinə görə, Konvensiyanın 26-cı maddəsinə əsasən 22 ratifikasiyaya qoşulma, bəyənmə və qəbul edilmə sənədi BMT-nin baş katibinə təqdim edildikdən sonra bu sənəd qüvvəyə minir: "Ümumiyyətlə, Azərbaycan terrorizmlə mübarizə sahəsində 7 beynəlxalq müqavilənin iştirakçısıdır. Biz "Hava gəmilərinin qanunsuz ələ keçirilməsi ilə mübarizə haqında", "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında", "Partlayıcı maddələrin aşkar edilməsi məqsədi ilə onların nişanlanması haqında", "Girov götürülməsinə qarşı mübarizə haqqında", "Mülki aviasiyanın töhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında" Konvensiyalara qoşulmuşuq".
Vitse-spiker bildirdi ki, 2001-ci ilin fevral ayının 1-dən Azərbaycan "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentliklərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya qoşulub: "Bundan başqa, ən sonda "bomba terrorizmi ilə mübarizə haqqında" Konvensiyaya da imza atmışıq. "Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı Konvensiya 28 maddədən ibarətdir.

Müdafiə naziri Ankaradadır

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Cümhuriyyətinin hərbi naziri Səbahəddin Çaxmakoğlunun dəvətilə dünən Türkiyəyə rəsmi səfərə gedib. Səfər oktyabrın 3-dək davam edəcək. Azərbaycanın müdafiə nazirinin ilk görüşü türkiyəli həmkarı ilə olub. Günün ikinci yarısında Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələrinin komandanları ilə ayrılıqda danışıqlar aparıb. Müdafiə naziri Türkiyə ordusunun quru, dəniz və hərbi hava qüvvələri komandanları ilə geniş danışıqları olub. Türkiyə KİV-nin məlumatına görə, danışıqlar iki ölkənin hərbi əməkdaşlığının geniş perspektivini əhatə edib. Azərbaycan müdafiə naziri Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılış mərasimində də iştirak edib. Bu gün isə Səfər Əbiyevin Türkiyə prezidenti Əhməd Necdət Sezər, TBMM-in sədri Ömər İzgi və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Kıvrıkoğlu ilə görüşləri gözlənilir. Azərbaycanın müdafiə naziri qardaş ölkəyə səfəri avqustun sonunda Türkiyə Baş Qərargah rəisinin Bakıda apardığı danışıqların davamı kimi dəyərləndirilir. Məlumatlara görə, danışıqların yekunu kimi iki ölkə arasında hərbi-texniki əməkdaşlığa keyfiyyətcə yeni saziş imzalana bilər.

Ramil Usubovun fikri təhrif edilib

"Bəzi KİV-də daxili işlər naziri Ramil Usubovun ANS telekanalına müsahibəsində guya Dağlıq Qarabağda antiterror əməliyyatının başlana biləcəyinə dair bəyanat verməsilə bağlı yayılan məlumatların əsası yoxdur. Daxili işlər nazirinin fikirlərinin kontekstdən çıxararaq hər hansı şəkildə təhrif olunması yolverilməzdir, "KİV haqqında" qanuna ziddir". Bu sözlərlə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəzi KİV-də daxili işlər nazirinin ANS televiziyasına verdiyi müsahibəyə istinadən yayılan xəbərləri təkzib edib. Mətbuat xidməti bildirir ki, R.Usubov televiziya müxbirinin "Bu gün dünyada beynəlxalq terrorizmə qarşı əməliyyat hazırlanır. Bu fonda Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün hərbi yoldan istifadə edə bilərmi" sualına belə cavab verib: "Fikrimcə, DQ münaqişəsi, möhtərəm prezidentimizin dediyi kimi, sülh yolu ilə həll olunmalıdır. Əgər sülh danışıqları heç bir nəticə verməzsə, biz güc yolu ilə olsa da, torpaqlarımızı azad edəcəyik".

İran ABŞ-ın mübarizəsinə qoşulmur
Livan və Misir rəhbərləri rəsmi Tehranın mövqeyini dəstəkləyib

Hüsnü Mübarək ilə görüşündə İranın xarici işlər naziri Kamal Xərrazi ABŞ-ın başçılığı altında terrorizmə qarşı aparılan mübarizəyə qoşulmayacağını, İsrail terroruna qarşı mübarizədə "Hizbullah", "Həməs" və Fələstin Azadlıq Cihadı kimi silahlı təşkilatları dəstəkləyəcəyini bildirib. Bu xəbər "Turan"a Bütöv Azərbaycan Birliyinin (BAB) mətbuat xidmətinə istinadən yayıb. Mənbə qeyd edir ki, sentyabrın 11-də ABŞ-da törədilən terrorla bağlı bu dövlətin Əfqanıstanda terror bazalarına hərbi zərbə vurmaq planı məlum olandan İran xarici siyasət idarəsinin başçısı K.Xərrazi Yaxın Şərqin bir sıra ölkə rəhbərlərilə görüşlər keçirib. İsraillə əlaqələr qurduğu üçün İranın 22 il öncə Misirlə diplomatik əlaqələri kəsdiyini deyən mənbə son illər Qahirə ilə Tehran arasında münasibətlərin yaxşılaşdığını qeyd edir. Bildirilir ki, K.Xərrazi Suriya və Livan rəhbərlərilə danışıqlar aparması haqda da H.Mübarəkə məlumat verib. O, dünya ölkələrini terrora qarşı ancaq BMT-nin səfərbər etmək hüququ olduğunu bir daha vurğulayıb. Livan və Misir rəhbərləri İranın mövqeyini dəstəklədiyini bildirib. Mənbə bildirib ki, ABŞ-ın xahişilə BMT Təhlükəsizlik Şurası öz növbəsində üzvlərinin terrorçu qurumlara yardımdan çəkinməsi və terrorçu şəbəkədə fəaliyyətdən imtina etməsi barədə bəyannamə qəbul edib. Sənəddə bildirilir ki, hər hansı bir ölkə bu bəyannamənin tələblərinə əməl etməsə, həmin ölkə barədə təhqiqatlara başlanacaq.

Gömrükçülər Britaniyada görüşüblər

Sentyabrın 25-26-da Böyük Britaniyanın Stratford-apon-Evon şəhərində Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasına Avropa regionundan üzv olan dövlətlərin gömrük xidmətləri rəhbərlərinin seminarı keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd növbəti illər ərzində regionda diqqət yetirilməli olan bir sıra məsələləri müzakirə edərək, Siyasi Komissiyanın dekabr ayında keçiriləcək iclasına hazırlıqdan ibarət olub. Ceminarda Azərbaycanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Komitənin mətbuat xidmətinin verdiyi məlumata görə, seminarda ABŞ-da baş verən terror hadisəsi və kommersiya saxtakarlığı məsələləri əsas müzakirə obyekti olub. Tədbirdə çıxış edən DGK sədri K.Heydərov beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın ABŞ-ı dəstəklədiyini xüsusi vurğulayıb. Azərbaycanın terrorizmdən çox əziyyət çəkdiyini deyən komitə sədri Ermənistan tərəfindən ölkəmizdə həyata keçirilən terror aktları barədə konkret faktlar söyləyib. K.Heydərov nəzarətsiz qalan Dağlıq Qarabağ ərazisindən ermənilərin narkotik vasitələrin istehsalı və daşınması üçün istifadə etmələrindən narahat olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Sonda müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib. Seminar müddətində K.Heydərov İngiltərə, Rusiya, Çexiyanın gömrük xidmətləri rəhbərləri ilə ikitərəfli görüşlər keçirərək, Azərbaycanın bu ölkələrlə gömrük sahəsində əməkdaşlığının perspektivlərini müzakirə edib.

Xartiya müəllifləri diplomatlarla görüşürlər

Dünən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ümummilli xartiyanın müəllifləri Türkiyə səfiri Qədri Ecevit Tezcanla görüşüblər. Görüş zamanı Ermənistan-Azərbaycanı münaqişəsinin nizamlanması ilə bağlı ümummilli platformanın yaranmasının vacibliyi qeyd olunub. Görüş iştirakçılarının fikrincə, bu məsələdə vahid mövqenin formalaşması Türkiyənin fikrilə üst-üstə düşür. Çünki Türkiyə XİN başçısı İsmayıl Cemin bəyan etdiyi kimi rəsmi Ankara Azərbaycan xalqının istənilən qərarını tanıyır və dəstəkləyir. Sənəd müəllifləri sonrakı günlərdə ABŞ, Rusiya, Fransa, ATƏT diplomatik missiyalarının rəhbərlərilə görüşəcək.

Məhkəmə istintaqı yekunlaşır

Bir sıra ağır cinayətlər törətməkdə təqsirləndirilən Əliyusif Tahirov və başqalarının Bayıl təcridxanasında keçirilən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Dünən dövlət ittihamçısı Elsevər Abdullayev məhkəmə istintaqının kifayət qədər araşdırma apardığını bildirərək, ittiham nitqi üçün məhkəmədən vaxt istəyib. Qeydə edək ki, prokurorun özünün təklifi ilə adları əlavə şahidlər siyahısına salınmış bir neçə nəfər məhkəmədə ifadə verməyib. E.Abdullayev həmin şahidlərin dindirilməsi üçün ehtiyac olmadığını söyləyib. Vəkillər buna etiraz ediblər. Məhkəmə kollegiyası yerində müşavirə edərək əlavə məhkəmə istintaqının yekunlaşmadığını bildirib. Müttəhim Canmirzə Mirzəyev vəsatətələ çıxış edərək, prokurorun ibtidai istintaqdakı qanunsuzluqlara göz yumduğunu bəyan edib. Onun vəsatətinə görə, E.Hüseynovun qətlinin əsil motivi istintaq orqanı tərəfindən araşdırılmayıb. Xatırladaq ki, sözügedən cinayət işiylə bağlı məhkəmədə 50 nəfərdən çox şahid dindirilib. Məhkəmə istintaqı isə 2 aydan çoxdur ki, davam edir.

N.Əliyev: "Gürcüstanın bütün maraqları təmin olunub"

"Şahdəniz" yatağından Azərbaycan qazının Gürcüstan ərazisi ilə nəqlinə dair tranzit tariflərin razılaşdırılması üzrə danışıqlarda rəsmi Tbilisinin bütün maraqları təmin olunub. Bu barədə ARDNŞ prezidenti Natiq Əliyev məlumat verib. Onun sözlərinə görə, razılaşmaya əsasən, Gürcüstan tarifləri pulla deyil, qazla alacaq. Beləliklə, Gürcüstan qaz kəməri vasitəsilə hasil edilmiş "mavi yanacağ"ın ümumi həcmindən 5 faiz əldə etmək hüququna malik olacaq. Bundan əlavə, Tbilisi ildə 500 milyon kubmetr qaz alacaq. N.Əliyevin fikrincə, Gürcüstan tranzit ölkə kimi kəmərə qoşulmaq imkanı əldə etməklə, həmin qaz payını Bakı-Tbilisi-Ərzurum marşrutu vasitəsilə "mavi yanacağ"ı ixrac da edə bilər. ARDNŞ prezidenti kəmərin təhlükəsizliyi məsələsinə də toxunub. O hesab edir ki, kəmərin kənar təsirlərdən qorunmasını "Şahdəniz" layihəsi üzrə sazişə imza atan ölkələrin hökumətləri təşkil etməlidir: "Heç bir ölkə terrorizmdən sığortalanmayıb. Prinsip etibarilə əvvəlki neft layihələri belə bir tale yaşayıb. Əgər biz 7 il ərzində bütün çətinlikləri dəf edə bilmişiksə, deməli, bundan sonra da onları dəf edə biləcəyik".

Terrordan azərbaycanlılar zərər çəkməyib
Onları ölümdən işə gecikmələri xilas edib

Sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktlarından zərərçəkənlər arasında azərbaycanlılar yoxdur. Bunu Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Hafiz Paşayev deyir. Səfir bildirib ki, hadisə nəticəsində azərbaycanlıların həlak olması və ya itkin düşməsi barədə yayılan məlumatlar təsdiqini tapmayıb. Hafiz Paşayev bildirib ki, Ümumdünya Ticarət Mərkəzində Azərbaycana aid heç bir şirkətin ofisi olmayıb. Onun sözlərinə görə, terror nəticəsində dağılmış binalarda, əsasən, məşhur beynəlxalq şirkətlər yerləşib. Bununla belə, səfir həmin binalarda işləyən bir neçə azərbaycanlının xoşbəxt təsadüf üzündən sağ qaldığını söyləyib. Belə ki, sağ qalanlar həmin gün işə gecikənlər olub.

İtkinlər axtarılır

Amerika Qızıl Xaç Cəmiyyəti (QXC) sentyabrın 11-də Nyu-York, Vaşinqton və Pensilvaniya ştatlarında baş vermiş terror aktları nəticəsində həlak olan, yaralanan, yaxud itkən düşən şəxslərinin tapılması üçün onların ailələrinə bir sıra xidmətlər göstərir. Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (QAC) məlumat yayıb. Qeyd edək ki, cəmiyyət yalnız yaxın qohumların axtarışını həyata keçirir. Bunda əsas məqsəd itkin düşənlərin ailələrə təskinlik vermək, onlara mənəvi dayaq olmaqdır. Bunun üçün Amerika QXC-i itkin düşən azərbaycanlıların yaxın adamlarının bu ölkəyə səfərini və orada qalmaları üçün bütün xərcləri öz üzərinə götürür. Cəmiyyət qohumların axtarılıb tapılması, meyitlərin aşkar olunması və tanınması, vətənə göndərilməsində vətəndaşlara hərtərəfli yardım edəcək. Azərbaycan QAC-nin Axtarış Xidmətinin rəhbəri Afət Mirzəzadədən aldığımız məlumata görə, artıq vətəndaşlar yaxın qohumlarının axtarılması üçün onlara müraciət etməyə başlayıb. Bu işdə onlara yardım edilməsi üçün müəyyən şərtlər qoyulub.

Dolların kursu dəyişməyəcək
Elman Rüstəmovun sözlərinə görə, gələn il ölkəyə yeni əskinaslar gətiriləcək

Azərbaycan manatının ABŞ dollarına məzənnəsində ciddi dəyişikliklər gözlənilmir. Bu barədə Milli Bankın rəhbəri Elman Rüstəmov jurnalistlərlə söhbətində deyib. Bununla belə, Rüstəmov bildirib ki, ilin sonudadək manatın dollara nisbəti barədə dəqiq proqnoz vermək mümkün deyil, - belə ki, bu məsələ bilavasitə bazardan asılıdır. Milli Bankın rəhbəri əlavə edib ki, ABŞ dollarının qalxıb-enmə tempi son 9 ayda müşahidə olunan tendensiya üzrə davam edəcək. Milli Bankın rəhbəri qeyd edib ki, gələn ilin birinci kvartalında ölkəyə yeni çap olunmuş 1.000, 10.000 və 50.000 manatlıq əskinaslar gətiriləcək. Belə ki, əskinasların gətirilməsi yanvar, fevral və mart aylarını əhatə edəcək. E.Rüstəmov bildirib ki, əvvəlcə əskinasların ölkəyə ilin sonunda gətirilməsi planlaşdırılsa da, bu mümkün olmayıb: "Hazırda Avropada Avronun çapı ilə bağlı gərgin işlər getdiyinə görə, məsələ gələn ilədək ləngidi".

Narkomaniya ilə bağlı seminar

Narkomaniya ilə mübarizəni gücləndirmək məqsədilə oktyabrın 20dən respublikanın 8 rayonunda seminar-müşavirələr keçiriləcək. Ağsu, Masallı, Əli Bayramlı, Sumqayıt, Gəncə, Göyçay, Şamaxı və Zaqatala rayonlarında təşkil ediləcək seminarların təşəbbüsçüsü Gənclər, İdman və Turizm Nazirliyidir. Noyabrın 20-ə qədər davam edəcək tədbirlərdə "Narkomaniya" Beynəlxalq Elmi Tədqiqat və SPİD mərkəzlərinin mütəxəssiləri ilə yanaşı Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edəcək.

Terrorizmə qarşı konvensiyaya qoşulduq
Ziyafət Əsgərov: "Azərbaycan terrorizmlə mübarizə sahəsində 7 beynəlxalq müqavilənin iştirakçısıdır"

Dünən Milli Məclisdə aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Konvensiyaya qoşuldu. Milli Məclisin təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, vitse-spiker Ziyafət Əsgərov bildirdi ki, Milli Məclisə prezident Heydər Əliyevin "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Konvensiyaya qoşulmaq üçün qanunvericilik təşəbbüsü daxil olub. Xatırladaq ki, həmin konvensiya 1999-cu il dekabr ayının 9-da BMT-nin 4-cü sessiyasında qəbul edilib. Ziyafət Əsgərovun sözlərinə görə, Konvensiyanın 26-cı maddəsinə əsasən 22 ratifikasiyaya qoşulma, bəyənmə və qəbul edilmə sənədi BMT-nin baş katibinə təqdim edildikdən sonra bu sənəd qüvvəyə minir: "Ümumiyyətlə, Azərbaycan terrorizmlə mübarizə sahəsində 7 beynəlxalq müqavilənin iştirakçısıdır. Biz "Hava gəmilərinin qanunsuz ələ keçirilməsi ilə mübarizə haqında", "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəlmiş qanunsuz aktlarla mübarizə haqqında", "Partlayıcı maddələrin aşkar edilməsi məqsədi ilə onların nişanlanması haqında", "Girov götürülməsinə qarşı mübarizə haqqında", "Mülki aviasiyanın töhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında" Konvensiyalara qoşulmuşuq".
Vitse-spiker bildirdi ki, 2001-ci ilin fevral ayının 1-dən Azərbaycan "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentliklərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya qoşulub: "Bundan başqa, ən sonda "bomba terrorizmi ilə mübarizə haqqında" Konvensiyaya da imza atmışıq. "Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı Konvensiya 28 maddədən ibarətdir. Burada terrorçuların maliyyələşdirilməsi cinayətinə münasibətdə müvafiq dövlətin yuristiksiyasının müəyyənləşdirilməsi məsələsi əksini tapıb. Maraqlı məqam ondadır ki, Konvensiyanın 7-ci maddəsinin 2-ci hissəsinə əsasən dövlətin terrorçuları təqib etmə yuristiksiyası cinayətin təşkil olunan ərazisində törədildiyi hallarda deyil, dövlətin kənarda yaşayan vətəndaşlarına və onun xaricdəki diplomatik və konsul nümayəndələrinə qarşı törəndikdə də tətbiq edilir".
Ziyafət Əsgərovun sözlərinə görə, terrorçuluğun maliyyələşdirilməsi cinayətinin törədilməsi məqsədi üçün istifadə olunan maliyyə vəsaitlərinin həbsi və müsadirəsi üçün dixili qanunvericilikdə tədbirlər nəzrədə tutulur: "Bundan başqa, Konvensiyada terror hadisəsini törədən şəxslərin ekstradisiyası (təhvil verilməsi - V.A) bu sənədin ən mühüm müddəalarından biridir. Bundan başqa, tərəflər arasında təhvil verilmə ilə bağlı müvafiq müqavilə olmadıqda "cinayətkarların verilməsi konvensiyası" əsasında həyata keçirilə bilər. Konvensiya həmçinin iri miqyaslı hüquqi yardımın göstərilməsini də nəzərdə tutur. Azərbaycan Respublikası həmin Konvensiyaya qoşulmaqla bu sahədə beynəlxalq birlik tərəfindən qəbul edilmiş bir mühüm sənədin iştirakçısı oldu. Bu Konvensiya nəinki Azərbaycanın, o cümlədən bütün sivil ölkələrin mənafeyinə tam uyğundur".
Milli Məclisin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər daimi komissiyasının sədri Səməd Seyidov Azərbaycanın həmin Konvensiyaya qoşulmasını tarixi hadisə kimi dəyərləndirir. Millət vəkilinin sözlərinə görə, bu, Azərbaycan parlamentinin nüfuzunu dünyada yüksəldəcək: "Bu gün bütün dünya parlamentarları terrorizmlə, terrorizmə qarşı mübarizə ilə əlaqədar öz iclaslarını keçirib mühüm qərarlar qəbul edirlər. Bu terror hadisəsi baş verməmişdən əvvəl Azərbaycanın AŞPA-dakı daimi nümayəndəliyi öz gündəliyini təsdiq etmişdi. ABŞ-da terror aktı baş verəndən sonra gündəlik tam dəyişdi və AŞPA iki gün öz işini terrorzimlə mübarizəyə həsr etdi. Bu mübarizədə Avropa Şurasının üzvü olmayan ABŞ, Yaponiya, Kanada Meksika kimi dövlətlərin iştirakı da təmin edilmişdi. Çünki Avropanın bu məsələyə münasbəti, mövqeyi bütün dünya üçün vacib məsələ idi. Bu müzakirələr ona görə aparılırdı ki, həmin terror təkcə ABŞ-a yox, bütün dünyaya meydan oxudu".
Səməd Seyidov hesab edir ki, bu Konvensiyaya qoşulmazdan əvvəl Azərbaycan Avropa Şurasında terrorizmə münasibətini ortya qoyub. Millət vəkilinin sözlərinə görə, terror hadisəsi baş verəndən dərhal sonra prezident Heydər Əliyevin Corc Buşa başsağlığı verməsi Azərbaycanın bu bəla ilə mübarizəyə hazır olduğunu bir daha sübut edib: "Strasburqda səfərdə olan nümayəndə heyətinin rəhbəri İlham Əliyev çox kəskin və açıq şəkildə Avropa Şurasının tribunasından Azərbaycanın terrorizm nəticəsində məruz qaldığı problemlərdən söhbət açıb. Ərazilərimizi itirməyimiz, bir milyondan artıq qaçqın qazanmağımız terrorizmin nəticəsidir. Ermənistanın Azərbaycana qarşı möqsədyönlü terror aktları təşkil etməsi faktlarla AŞ deputatlarına çatdırıldı".
Komissiya sədrinin fikrincə, terrorizmin nə dini, nə dövləti nə də ki, sərhədi olmadığına görə, onunla mübarizə aparmaq üçün dövlətlər birləşməlidir. Səməd Seyidovun sözlərinə görə, İslam sülh dinidir: "İslamla terrorizmi bağlamaq düzgün deyil. Bu yalnız İslam dövlətlərində deyil, həm də Avropa Şurasına üzv olan ölkələrin ümumi rəyində əksini tapıb. Düzdür, Avropada gedən proseslər göstərir ki, İngiltərədə İslama qarşı hansısa planlar cızılır. Amma Avropa Şurasının əksər deputatları İslamın terrorzimlə bağlılığının olmadığını bildirdilər".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd