|
#122(346)
|
 |
|
MDB təhlükəsizlik
"şefləri" məsləhətləşir
|
Dünən Düşənbədə MDB ölkələri təhlükəsizlik orqanları rəhbərlərinin ikigünlük müşavirəsi açılıb. Azərbaycanı milli təhlükəsizlik nazirinin müavini Baxış Zeynalov təmsil edir.
Görüşün başlıca mövzusu beynəlxalq terrorizmlə mübarizədə MDB-yə daxil olmayan ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyət koordinasiyasıdır.
Əsas diqqət əks-kəşfiyyat fəaliyyətinin koordinasiyası, hərbi-texniki əməkdaşlıq sahəsində informasiya mübadiləsinin təkmilləşdirilməsi və MDB ölkələrinin iqtisadi təhlükəsizliyinin təminatı məsələlərinə yönələcək.
|
"Üsəmanın
qardaşı" tutuldu
|
Türkiyə polisi Üsəma bin Ladenin "qardaşı" Abdulla bin Ladeni tutub. Səudiyyə Ərəbistanından Kiprə getməkdə olan Abdulla İstanbul hava limanında təyyarəsini dəyişərkən tutulub.
Abdulla bin Laden Şimali Kipr Türk Respublikasının universitetlərindən birində təhsil alır. Amma bir neçə saat davam edən araşdırmadan sonra bəlli olub ki, tutulan şəxs Üsəmanın qardaşı Abdulla deyilmiş, sadəcə onun adaşı imiş. Xatırladaq ki, Üsəma bin Ladenin 50-dən artıq bacı-qardaşı var və onların əksəriyyəti "bir nömrəli terrorçu" ilə əlaqə saxlamır.
|
Dövlət qulluğunu
idarəetmə Şurası yaradıldı
|
Dünən prezident Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət qulluğunu idarəetmə Şurasının tərkibinə dair fərman imzalayıb. Bu qurum "Dövlət qulluğu haqqında" Qanunun 5-ci maddəsinin tələbinə əsasən yaradılıb. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Prezident Aparatı ümumi şöbənin müdiri Süleyman İsmayılov, PA ərazi idarəetmə orqanları ilə iş üzrə şöbənin müdiri Yusif Hümmətov, Nazirlər Kabinetinin işlər müdiri Ağabala Hacıyev, gənclər, idman və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov Şuranın üzvləri təyin edilib. Fərman imzalandığı gündən qüvvəyə minib.
|
Katexə basqın edənlər
hələ tapılmayıb
|
Balakən rayonunun Katex kəndində yol polisinin stasionar postuna silahlı basqınla bağlı iş üzrə hələlik heç bir yenilik yoxdur. Lakin əməliyyat-axtarış tədbirləri davam edir. Bu barədə xəbəri "Turan" hüquq-mühafizə orqanlarından alıb.
Ehtimal olunur ki, bu cinayətləri törədənlər son vaxtlar regionda baş verən bir sıra cinayətlərlə əlaqəlidir.
Xatırladaq ki, sentyabrın 28-dən 29-na keçən gecə naməlum şəxslər sözügedən posta silahlı basqın edib. Basqın zamanı qumbara və avtomatlardan istifadə olunub. Nəticədə Katex kəndinin bir sakini həlak olub, postun əməkdaşı yaralanıb.
|
Erməni katalikosu
Şeyxdən gileylidir
|
Erməni Apostol kilsəsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə öz rolu ola bilər. Bunu erməni katalikosu II Qaregin bəyan edib.
"Biz xalqlar arasında qarşılıqlı etimad yaratmaq, regionda sülh və əminamanlığın bərqərar olunmasını sürətləndirmək məqsədilə Azərbaycanın dini lideri ilə görüşlər keçirməliyik," - deyə, erməni katalikosu vurğulayıb. II Qareqin Ermənistanda xristianlığın qəbul olunmasının 1700-cü ildönümü münasibəti ilə təşkil olunan tədbirlərdə Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirak etməməsindən təəssüfləndiyini bildirib.
|
Şəmxaninin səfəri baş tutdu
|
Dünən İranın müdafiə naziri admiral Əli Şəmxaninin Rusiya paytaxtına rəsmi səfəri başlayıb. Admiralın sentyabrın əvvəlinə planlaşdırılmış səfərin İsrail baş naziri Ariyel Şaronun Moskvaya gəlişi ilə üst-üstə düşməsi səbəbindən İran tərəfinin xahişi ilə təxirə salınmışdı.
İki gün sürəcək səfər zamanı Əli Şəmxani rusiyalı həmkarı Sergey İvanovla Raket Hücumundan Müdafiə Sisteminin yaradılması məqsədi ilə S-300 PMU1, S-300VM raket-zenit sistemlərinin və "Qamma-DE", "Kasta-2E2" radiolokasiya stansiyalarının alınması şərtlərininə dair danışıqlar aparacaq. Sövdələşmənin ümumi dəyəri 2 milyard dollar səviyyəsində qiymətləndirilir.
Bu gündən Azərbaycan ərazisində yağışlar tədricən dayanacaq. Bəzi rayonlarda səhər duman olacaq.
Oktyabrın 3-4-də havanın temperaturu 5-6 dərəcə enəcək, yağıntı olmayacaq. Bu barədə Təbii Sərvətlər və Ekologiya Nazirliyi hidrometeoroloji xidmətindən məlumat veriblər.
|
Bazeyan: "Ermənistanda
hüquqi dövlət olmayacaq"
|
Ermənistanın müxalifətçi qüvvələri ölkə prezidenti Robert Köçəryanın istefası tələbi ilə geniş kampaniyaya başlayıblar. Bu barədə məlumatı Ermənistan Respublika Partiyasının ("Anrapetutyun") siyasi şurasının sədri Albert Bazeyan, rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə keçirilən mitinqdə verib. On beş min nəfərlik mitinqdə "Anrapetutyun"dan başqa Ermənistan Xalq Partiyasının və Milli Birlik Partiyasının tərəfdarları da iştirak ediblər. Albert Bazeyan dövlət başçısının ikinci müddətə prezident seçilməyə çalışacağı ilə bağlı verdiyi bəyanatı kəskin tənqid edib. "Anrapetutyun" lideri deyib ki, prezidentin bu məqsədinin qarşısı alınmasa, erməni xalqı vətənini itirəcək. Albert Bazeyanın sözlərinə görə, "nə qədər ki, Robert Köçəryan hakimiyyətdədir, Ermənistanda hüquqi dövlət olmayacaq".
|
Kəşmir parlamentində partlayış
|
Hindistanın Cammu-Kəşmir əyalətinin mərkəzi şəhəri Şrinaqarda, parlament binası yaxınlığında baş verən bomba partlayışı nəticəsində 25 nəfər ölüb, 60 nəfər yaralanıb. İçinə partlayıcı yerləşdirilmiş maşın parlament binasının qarşısında saxlanılıbmış. Onun işə düşməsi nəticəsində binada güclü dağıntı olub. Şahidlərin deməsinə görə, maşındakı bombanın partlamasından sonra binanın içərisindən də güclü partlayış səsləri eşidilib. Parlament binası polis və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Binanın içinə soxulmuş iki hərbi geyimli şəxs bir neçə saat ərzində polislə atışıb. Ehtimal edilir ki, binanın içindəki partlayışları həmin adamlar törədib. Xüsusi əməliyyat tədbiri nəticəsində terrorçular öldürülüb.
Partlayışa görə məsuliyyəti "Ceyşi-Məhəmməd" (Məhəmməd Partiyası) təşkilatı öz üzərinə götürüb.
|
Butırkadan daha bir dustaq qaçışı
|
Moskvadakı Butırka istintaq təcridxanasından daha bir nəfər qaçıb. İvan Vinoqradov adlı məhbus görüş otağından birbaşa azadlığa çıxıb. O, qapıdan çıxmaq üçün gözətçiyə Məhkəmə Qərarlarının İcrası İdarəsinin əməkdaşının vəsiqəsini göstərib. Moskvada "Sirena" adlı axtarış-əməliyyat tədbirləri başlayıb. Xatırladaq ki, bir qədər əvvəl həmin məhbəsdən 3 nəfər qaçmışdı.
|
"Monika" Klintondan əl çəkmir
|
ABŞ Ali Məhkəməsi keçmiş prezident Bill Klintonun hüquqşünas fəaliyyəti ilə məşğul olmasına qadağa qoyub. Buna səbəb onun məlum "Monika qalmaqalı" zamanı məhkəməyə yalan ifadə verməsi olub. Ali Məhkəmənin yekun sənədində göstərilir ki, eks-prezident 40 gün ərzində məhkəmə qərarından şikayət edə bilər.
|
Pentaqon rəhbərliyə "əl gəzdirdi"
|
ABŞ Hərbi Hava Qüvvələrinin (SQ) generalı Riçard Mayers Birləşmiş Baş Qərargahlar Komitəsinin (BBQK) sərdi vəzifəsinə təsdiqlənib. Mayers bu vəzifədə Henri Şeltonu əvəzləyib. BBQK sədrinin müavini isə dəniz piyadaları birləşmələrinin generalı Piter Peys olacaq. Adı çəkilən şəxs ABŞ SQ-nin Cənub bölgəsi üzrə baş komandanı vəzifəsini tuturdu.
Vyetnam müharibəsinin iştirakçısı olan Mayersin 600 saatlıq uçuş təcrübəsi var. Bu şəxs əvvəllər ABŞ Silahlı Qüvvələrinin Yaponiyadakı hissələrinin Sakit Okean hövzəsi üzrə baş komandanı olub. Bu şəxs 1998-ci ildən 2000-ci ilədək Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına rəhbərlik edib. Mayers Milli Raketdən Müdafiə Planı ideyasının fəal tərəfdarı kimi ad çıxarıb.
|
Baskların növbəti terroru
|
Dünən yerli vaxtla səhər saat 4-də İspaniyanın Bask vilayətinin Vitoriya-Qasteys şəhərində partlayıcı qurğu işə düşüb. Məhkəmə qarşısında törədilən terror aktı nəticəsində 1 nəfər yaralanıb. Polis partlayışın təşkilində bask separatçılarının hərbiləşdirilmiş ETA təşkilatını suçlu sayır.
|
Tehran parlament böhranı ilə üzləşib
|
İranda növbəti parlament böhranı baş verib. Kürdüstan ostanından seçilmiş altı millət vəkili qanunverici orqanda işləməkdən imtina edərək istefa ərizəsinə imza atıb. Onlar ölkənin əsas idarəedici orqanlarına məktub yazaraq istefa qərarının səbələrinə aydınlıq gətiriblər. Məlum olub ki, deputatlar bu addımı Daxili İşlər Nazirliyi (vəzarət-e keşvər) ilə aralarında olan məsələləri çözə bilmədiklərinə görə atıblar. Daxili İşlər Nazirliyi Kürdüstan ostanına rəhbər təyin edərkən millət vəkillərinin rəyini əsas götürməli olduğu halda, başqa namizədləri qeydiyyatdan keçirmək qərarına gəlib.
|
"NASA"nın 43 yaşı tamam oldu
|
Dünən ABŞ-da Aeronavtika və Kosmik Məkanın Araşdırılması üzrə Milli Agentliyin (NASA) yaradılmasının 43 illiyi münasibətilə ölkənin müxtəlif elmi-tədqiqat mərkəzlərində tədbirlər keçirilib.
Məlum səbəblərə görə, agentliyin yaradılması günü dövlət səviyyəsində təntənəli qeyd olunmayıb. Xatırladaq ki, sözügedən qurum ABŞ Konqresinin 1958-ci ilin yayında "Aeronavtika və Kosmik Məkanın Araşdırılması" haqqında qəbul etdiyi qanuna əsasən yaradılıb.
|
İsrail Ərəfatın
ölümünü hazırlayır
|
İsrailin xarici işlər naziri Şimon Peres yerli qəzetlərin birinə müsahibəsində bəyan edib ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin müavini Moşe Xaylon Fələstin lideri Yasir Ərəfatı fiziki cəhətdən məhv etmək məqsədilə xüsusi plan hazırlayıb.
Diplomat ordu generalını onun sülh səylərinə kölgə salmaqda ittiham edib. "Hərbçilər mənim hökumətdəki mövqelərimi zəiflətmək istəyirlər. Əgər Ərəfatı öldürsələr, onun yerini "Həmas", "İslam cihadı" və "Hizbullah" kimi radikal islamçı təşkilatlar tutacaq". İsrail generaliteti Ş.Peresin ittihamına heç bir reaksiya verməyib.
|
Yuqoslaviya:
Kosovo gedir?
|
Sabah Kosovonun Yuqoslaviyadan ayrılması ilə nəticələnə biləcək parlament (Skupşina) seçkilərinin startı veriləcək.
Hər 100 mandatdan 10-u serblər üçün "bronlaşdırılsa" da, albanların əksəriyyət təşkil edəcəyi parlamentin hansı xətti tutacağını təsəvvür etmək çətin deyil. Yeni qanunverici orqan Kosovonun müstəqilliyini gerçəkləşdirə bilər. Oktyabrın 5-də isə Makedoniya Skupşinası konstitusiya dəyişikliklərinə başlayacaq. İcmalçılar başlanan prosesi Yuqoslaviya Federasiyasının sonu kimi dəyərləndirirlər.
|
"Kitty Nawk"
yenidən reyddə
|
Son məlumatlara görə, Birləşmiş Ştatların Hərbi Dəniz Donanmasına məxsus "Kitty Nawk" təyyarədaşıyan gəmisi Yaponiyadakı ABŞ hərbi bazasından Hind okeanına doğru istiqamət götürüb.
Xatırladaq ki, "Kitty Nawk" on gün öncə Hind okeanına getmiş, amma ötən həftə "hövzədə analoji texnikanın kifayət qədər olması" səbəbindən ötən həftə daimi yerləşmə məntəqəsinə qayıtmışdı. Bu dəfə həmin gəmini raket esmini, freqat və tanker müşayiət edir.
Milli Parkda ölən olub
Ürək tutmasından vəfat edən
qocanın kimliyi hələ bilinmir
|
Sentyabrın 30-da Milli Parkda ölüm hadisəsi baş verib. 60-70 yaşlarında kişi ətrafdakıların gözləri önündə qəflətən keçinib. Hadisənin şahidi olanların söylədiyinə görə, mərhum bir qədər əvvəl parkda bir neçə nəfərlə şahmat oynayırmış.
Birdən əlini ürəyinin üstünə qoyub və elə o andaca yerə yıxılıb. Yanında əyləşənlər ona yaxınlaşanda artıq nəfəsi gəlmirmiş. Hadisə qəfildən baş verdiyindən heç kim yardım göstərə bilməyib. Hadisə yerinə gələn həkimlər mərhumun ürək çatışmazlığından vəfat etdiyini bildiriblər.
Faktla bağlı daha ətraflı məlumat almaq üçün Səbael rayonundakı 39-cu Polis Bölməsi ilə əlaqə saxladıq. Bölmə rəisi Dədəhəsən Rzayev mərhumun şəxsiyyətinin hələ dəqiqləşdirilmədiyini, hazırda araşdırmalar aparıldığını dedi. Bölmə rəisinin sözlərinə görə, hadisə vaxtı Milli Parkda olanlardan yalnız bir nəfəri mərhumu Çingiz adı ilə tanıdığını bildirib. Həmin şəxs Çingizin hər gün eyni vaxtda parka gəlib şahmat oynadığını, amma tez-tez ürəyindən şikayət etdiyini xatırlayıb.
Bölmə rəisi sentyabrın 27-də də buna oxşar daha bir hadisə qeydə alındığı barədə məlumat verdi. Belə ki, həmin gün dənizdən 25-30 yaşlarında gəncin meyiti tapılıb. Onun da şəxsiyyətinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Silahlı aşiq
O, elçilərinə rədd
cavabı verən qız anasını qətlə yetirib
|
Dünən Quba Rayon Polis Şöbəsinin əməkdaşları Quba şəhər sakini, 1976-cı il təvəllüdlü Seyfəddin Rəsulov həbs ediblər.
O, qəsdən adam öldürməkdə təqsirləndirilir. Aldığımız məlumata görə, qanunsuz saxladığı "Makarov" markalı tapança ilə silahlanaraq, sentyabrın 29-da gecə həmyerlisi Aydın Mirzəyevin evinə gələn S.Rəsulov ev sahibinə və onun həyat yoldaşı Valentinaya odlu silahdan atəş açıb. Qadın aldığı güllədən hadisə yerindəcə həlak olub. A.Mirzəyev isə yaralı vəziyyətdə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb.
S.Rəsulovun bu hadisəni şəxsi münaqişə zəminində törətdiyi bildirilir. Belə ki, o, Mirzəyevlərin qızı Leylanı sevirmiş. Qıza elçi göndərsə də, valideynləri razılıq verməyiblər. Bundan sonra S.Rəsulov silaha əl atıb.
Faktla bağlı araşdırma aparılır.
|