Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Sağlamlığ
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#122(346)
Günün axarı

Özümüz yıxılmayaq...

Bizi tuta-tuta, döyə-döyə jurnalist eləyəcəklər... Razıyam, çox qaba səslənir. Bilirəm, demokratiyaya, insan haqlarına zidd fikirdir. Amma jurnalistikamızın bu gününə müncər ediləsi başqa söz tapa bilmədim... Köşəni peşəyə çevirəndən bəri bir dəfə də bu barədə yazmışam. "Millətin səsi" qəzetinin yiyəsi Şahbaz Xuduoğlunun (allah qapısını açsın) həbsindən sonraydı... Mən təəccüb eləmişdim ki, "Qanun" nəşriyyatına sahiblik, eyniadlı jurnala baş redaktorluq edən, "Redaktorlar Birliyi" adlanan toplantıya müntəzəm gedib-gələn bir adam niyə belə asanlıqla ilişdi. Hətta onun ixtisasca hüquqşünas olduğunu da xüsusi vurğulamışdım. Yalnış yapmışam, məni məzur tutun. Lap bu yaxınlarda bilmişəm ki, Şahbaz bəy ixtisasca aktyormuş. Bizim indiki Mədəniyyət və İncsənət Universitetini bitiribmiş... Bunu mənə onun müəllimi olmuş, çox hörmət etdiyim bir şəxs dedi. Bu səbəbdən inanmamağa haqqım yox. İkincisi də həmin şəxs, gümanımın tamamilə yanlış olduğuna işarə kimi, "axı heç sonralar özündən eşitmədim ki, üstündən hüquqşünas təhsili alıb" sözlərini də dediklərinə əlavə etdi.
Düşünmürəm ki, kimsə məni namərdlikdə günahlandıra... And olsun Allaha, nəinki indi "içəri"də olan həmkarlarımın, cəmi məmləkət əhlinin QANUNİ hüquqlarının hər vəchlə müdafiəsinə tərəfdaram və bu işə qoşulanları da qəlbən dəstəkləyirəm. Amma... Söhbət jurnalist peşəkarlığından gedir. Söhbət elə məsələdən gedir ki, hörmətli Şahbaz bəyin qardaşı, vətən jurnalistikasının çox görkəmli nümayəndəsi Sabir Rüstəmxanlı özü bizim qəzetdəcə kifayət qədər kəskin şəkildə ona münasibətini bildirib. Sözbəsöz iqtibas ediram: "Jurnalistikanın nə demək olduğunu bilməyən çoxlu sayda insan qəzetlərə doluşub... Qəzetçi bilməlidir ki, peşə etikası nədir, jurnalistikanın janrları, redaktə nədir. Bunlar barədə təsəvvürü olmayanların qəzetçilik fəaliyyətinə yol verilməməlidir". Sabir bəy belə jurnalistlərin məhz NAŞILIQdan xəta etdiklərini və son nəticədə məhkəməyə düşdüklərini deyib. Mətbuatda, ümumən, kütləvi informasiya vasitələrində naşılığın, qeyri-peşəkarlığın baş alıb getdiyini bu gün "jurnalist hüquqları"nın ən qızğın müdafiəçiləri də bərkdən və ya pəsdən etiraf etmək zorunda qalıblar. "Qeyri-peşəkar jurnalistlər tez bir zamanda mətbuatdan uzaqlaşdırılmasa, bundan sonrda da həbslər davam edəcək" - dünən media əhlinin yığıncağında "Azad söz"ün sədri Qənimət Zahidov günün həqiqətini belə dilə gətirib.
Mən bu zəmanədə və bu məmləkətdə ən qəddar səlahiyyət sahibinin də jurnalisti dama basdırmaq gücündə olmadığı qənaətindəyəm. Bir şərtlə ki, jurnalist öz işində əsl PEŞƏKAR ola, hüquq müstəvisində arxasını yerə verməyə ... Məmləkətə və onun da içindən dünyaya baxaq: peşəkar jurnalistinin həyatına qəsd etmək mümkündür, azadlığına heç vəchlə...
Heç başqa ixtisasdan jurnalistikaya, qəzetçiliyə gələnlərə də xor baxmıram. Bu peşədə naşılıq edənlərin arasında "diplomlu jurnalistlər" də yetərincədir. Həmkarlarımın diplomlusunun da, diplomsuzunun da "ilişməsi"nə heyfsilənirəm. Jurnalistikanı gərək belə öyrənməyəydik: döyülə-döyülə, tutula-tutula... Özü yıxılan ağlamaz.

Elşən Əlioğlu

Suallı künc

"Likbez" lazımdır

Dünya sisteminə inteqrasiya bütün sahələrində özünü göstərir. Çağdaş texnologiyadan yüksək demokratik normalaradək hər şeyi əxz edirik. Proseslə həm cəmiyyət, həm də fərdi olaraq ayaqlaşmağımız zəruridir. O cümlədən intellektual yetkinlik, hüquqi savad sahəsində. Yəqin razılaşarsınız ki, bu keyfiyyət ilk növbədə siyasət adamlarına aiddir. Siyasətçi üçün xarizma nə qədər arzuolanandırsa, yüksək intellekt də bir o qədər vacibdir. Digər yandan, siyasətçi elektoral auditoriya ilə işləyir və onun mülahizələri, hadisələri incələmək qabiliyyəti bilavasitə şəxsi reytinqinə təsir edir. Azərbaycan siyasətçilərinin polemika bacarığına söz ola bilməz. Bir-birinin kürəyini yerə vurmaq naminə saatlarla mübahisə və bəlağət nümayişi üçün "sinov" gedirlər. Amma bu diskussiyalarda nə qədər "xaltura" edildiyini görəndə təəccüb və təəssüfdən qurtarmaq olmur.
Ölkə müxalifətinin "qaymağı" sayılanların Avropa Şurası, Avropa İttifaqı, ATƏT və s. qurumları qarışıq salmasına nə ad vermək olar? Gecə-gündüz radio deyir, televiziya göstərir, qəzetlər də yazır. Düşünmək olardı ki, "likbez" artıq baş verib. Amma elə deyilmiş... ADP-nin baş katibi "Əhatə dairəsi" tok-şousunda Avropa Şurasına elə tərif verdi ki, yəqin lord Rassel-Conston eşitsəydi, təəccübdən ağzı əyilərdi. Demokratların nümayəndəsinin qənaətinə görə, Avropa Şurası Avropa İttifaqının parlamentidir və bütün parlamentlər kimi onun da qərarı praktik əhəmiyyət daşımır. Odur ki, Arvopa Şurasında Azərbaycanın ərazi bütövlüyünün tanınması boş şeydir. Söhbət ötən həftə Avropa Şurası Nazirlər Komitəsində qəbul olunmuş qərardan gedir. Müxaliflər həmin sənədi eninə-uzununa tənqid edir. Tənqid müxalifətin peşəsidir, amma onu da peşəkarcasına etmək lazımdır. Daha ağlına gələni üyüdüb tökmək lazım deyil. "Likbez" üçün deyək ki, Avropa Şurası ilə Avropa İttifaqı (Birliyi) tamam fərqli şeylərdir. AŞ-nin əsası 1949-cu ildə qoyulub, siyasi təşkilatdır, 43 üzvü var, məqsədi üzvlərinin sosial tərəqqisinə, insan haqları, hüquqi, inzibati və s. məsələlərdə əməkdaşlığına nail olmaqdır. Avropa Birliyi isə iqtisadi təşkilatdır. Təməli 1957-ci ildə qoyulsa da, indiki şəkildə 1990-cı illərin əvvəlində formalaşıb, 15 üzvü var. O ki qaldı parlament məsələsinə, bəli, Avropa Birliyinin Avropa Parlamenti adlanan məşvərətçi orqanı var. Avropa Şurasının müvafiq orqanı isə Parlament Assambleyası adlanır. Yəqin demokratlar üçün mənzərə bir az aydınlaşdı... Sosdemlərin "problemi" isə ATƏT-lədir. Araz Əlizadə elə həmin tok-şouda arxayıncasına bildirir ki, Azərbaycan ATƏT-ə daxil olanda öhdəlik götürüb ki, Qarabağ problemini heç vaxt hərb yolla həll etməyəcək. Əvvəla, sözügedən öhdəlik ATƏT-in deyil, Avropa Şurasının qarşısında götürülüb. Öhdəlik isə imperativ yox, tövsiyə səciyyəlidir. Yəni sülh danışıqlarının limiti bitəndən sonra Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, ərazi bütövlüyünü hərbi vasitələrlə bərpa etmək haqqına malikdir. Müxalif radikalizminin önündə gedən müsavatçılar isə AŞ-nin mahiyyətini izah etmək üçün tər tökdülər. Qənaətləri bu oldu ki, AŞ insan haqları ilə məşğul olur və Qarabağı bu təşkilatdan "gözləməyə" dəyməz. Bəli, Avropa Şurası milli müdafiə məsələləri ilə məşğul olmur (AŞ Nizamnaməsi, maddə 1, "d" bəndi). Amma AŞ-nin qəbul etdiyi qərarların beynəlxalq müstəvidə rezonans doğurduğunu müsavatçılar gözəl bilirlər.
... Misalların sırasını uzatmaq olardı. Amma xırdalığa getmirik, çünki məqsədimiz başqadır. Sadəcə ambisiyalı siyasilərimizdən xahiş edirik ki, imkan daxilində fərdi "likbez"ə də vaxt ayırsınlar. Hakimiyyəti tənqid etməyə həmişə vaxtları var. Siyasətçinin hüquqşünas olması əsas şərt deyil. "Doxtur"luğu oxuyub axırda siyasətçi olmaq da mümkündür. Amma hər zaman nəyi "üyüdüb-tökdüyünün" fərqində olmaq lazımdır. Yaxşı deyil, camaat baxır...

V.Orxan

Bu gün

Müasir oğrular... və ya bir "Oğrunun şücaəti"

Dünən oğlumu məktəbdən gətirəndə "ağzınacan" sərnişinlə dolu avtobusda qəribə və məzəli hadisənin şahidi oldum. Əvvəla, avtobusda adam əlindən tərpənmək mümkün olmasa da, heç cür "gözü doymayan" sürücü hər dayanacaqda (xüsusilə, metronun qarşısındakı dayanacaqda) dəqiqələrlə dayanıb, sərnişin "yığırdı". Bizim səbirli və görünür, olduqca hövsələli sərnişinlər isə yorğunluqlarına, üstəlik, əli zənbilli, uşaqlı olmalarına baxmayaraq, danışmırdılar, sanki, "ağızlarına su alıb" susmuşdular. Hələ aralarında bir-iki nəfər sürücüyə "can yandıran" da tapıldı. Çünki sürücü insafa gəlib sərnişin çoxluğundan "partlayan" avtobusu "xoda" salmaq istəyəndə, "canıyananlar" bir ağızdan qışqırırdılar ki, "dayan, a qardaş, dayan, deyəsən, yenə gələn var". Beləcə "böyük tənəffüslərlə", "böyük hövsələ" ilə evimizə tələsirdik. Lakin növbəti dayanacaqların birində elə mərəkə qopdu ki, hamı bir-birinə qarışdı. Ayaq üstə duran yoğun və dazbaş kişi çox arıq və uzun kişini "boğazlayıb" bir əli ilə (!) yuxarı qaldırıb qışqırırdı: "Ay qoduq, əlüvü cibimdən çıxart!". Arıq və uzun kişi cavab vermək istəyirdi, amma verə bilmirdi, çünki şişman kişinin yoğun barmaqları onun armud saplağı kimi nazik boğazını boğurdu. Söz əvəzinə onun boğazından xırıltı çıxırdı. Bu dəhşətli mənzərəyə dözə bilməyən sarıbaş bir xanım özünü saxlaya bilmədi. Yoğun kişiyə: "Siz faşistsiniz, - dedi, - Siz onu boğursunuz!". Yoğun bərk təəccübləndi: "Xanım, o oğrudur!". "Nə olsun ki, - deyib qadın saçını düzəltdi, - oğru da insandır. İndi hamı oğurluq edir, dolanmaq olmur da, neyləsin yazıq?" Şişman kişi boğazladığı oğrunu bir qədər də yuxarı qaldırıb qışqırdı: "Nə deyirsiz, bəlkə mən oğrudan hələ bir üzr də istəməliyəm?!".
Bu an oğru avtobusun tavanına sıxılan başının ağrısına tab gətirməyib çığırdı: "Adə, bu lap... Şvartsnegerdir ki!..". Şişman az qala bağırırdı: "Sən sus!!!". Oğru zarıdı: "Cibində pulun olsaydı, belə qışqırmağuva dəyərdi". Şişman qıpqırmızı olub daha da qəzəbləndi: - "Ay tüllab, bəlkə səninçün arxa cibimə bir cib telefonu da qoyeydim, hə?!". "Yox, yox, lazım deyil, çox sağ ol, - deyə oğru yavaş-yavaş cürətləndi, - burax məni çıxıb gedim evə, bu gün səhərdən mənimki gətirmir. Ciblərin boşdur, özün də mərəkə qoparırsan. Mən heç həyatımda sənin kimi həyasız "kliyent" görməmişəm. Gör indi bir-iki "məmmədin" olsaydı neylərdin". Sərnişin avtobusuna tam sakitlik çökdü. Hamı maraqla şişmana və oğruya baxırdı. Birdən şişman oğrunu ehmalca yerə endirib köynəyinin ön cibindən nəsə çıxartdı: "Ala, - dedi, - heç mən də ömrümdə sənin kimi oğru görməmişdim. Burda deyiblər ki, "oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı. Sən ömrümdə gördüyüm yeganə oğrusan ki, "çestnısan". "İş başında" yaxalansan da, boynuva alırsan ki, cibimə girmisən, malades! Sənin "qardaşlarun" heç vaxt boyunlarına almırlar. Amma sən nəinki boynuva aldun, üstəlik, məni borclu da çıxartdın. Götür bu pulu, xərclə və məni unutma!". "Nə danışırsan, səni heç unutmaq olar? Sən ilk "kliyentsən" ki, mənə "dobrovolnı" pur verirsən", - deyə oğru "bir şirvanı" cibinə qoyaraq, gülə-gülə avtobusdan düşdü və birdən geriyə dönüb heyrətlə ona baxan sərnişinlərə göz vurdu: "- Hələlik, bratva, gələn görüşlərədək".
Sərnişinlər baş vermiş bu ani və qeyri-adi hadisəni təəccüb və həyacanla müzakirə edəndə, nəhayət ki, oğlum dilə gəldi: "Ma, mən heç ömrümdə canlı oğru görməmişdim". "Elə mən də", - deyib fikrə getdim və yenə bizim müdrik Molla Nəsrəddin yadıma düşdü: Bir gün gecə vaxtı oğru mollanın eşşəyini oğurlayır. Ertəsi gün bu xəbəri eşidən bütün qonşular dilxor olmuş mollanın başına yığışırlar. Biri deyir: "Ay Molla, bəs bilmirdün ki, gecələr tövlənin ağzını bağlamaq lazımdır? Səhlənkarlığıvun axırı belə olar". İkinci qonşu deyir: "Kim həyətində belə nazik divar tikdirir? Əlbəttə ki, belə divardan oğru da keçər, qurd-quş da, əcəb oldu sənə". Üçüncü qonşu deyir: "Niyə həyətdə it saxlamırsan? İtsiz də həyət olar? Özün günahkarsan!". Dördüncü qonşu deyir: "A kişi, sən necə yatmısan ki, bu yekəlikdə eşşəyi oğurlayıblar, səninsə xəbərün olmayıb. Özün günahkarsan! Yatanda adam kimi yat!". Molla bütün bu söhbətlərə qulaq asandan sonra deyir: "Yaxşı, düz deyirsiniz. Məndə günah çoxdur. Amma insafınız olsun. Bəs oğrunun günahı heç yoxdur?!".
P.S. Bu "günahsız oğru" lətifəsi mənə bizim bayaqkı avtobus hadisəsi ilə səsləşən bir lətifəni də xatırlatdı. Bir gün günorta çağı bir oğru Mollanı yaxalayıb bıçağı onun boğazına dirəyir: "İkisindən birini seç, ya ölüm, ya da pul kisəsi!". Molla uşaq kimi hönkür-hönkür ağlayır: "Qurban olum sənə, ay oğru, səni Allah yetirib mənimçün. Xirtdəyəcən borc içindəyəm, arvadım 5-ci uşağa qalıb, özüm sağalmaz xəstəliyə tutulmuşam, xəstəxanaya da pulum yoxdur. 4 uşağımla arvadım acından ölürlər. Sahibkar da evindən bizi qovur ki, kirayə haqqını bir ildir vermirsən. Evdən qaçmışam. İki gündür ki, özümü öldürmək istəyirəm, bacarmıram. Səni Allah göndərdi. Vur, vur öldür məni, bu zülmdən canım birdəfəlik qurtarsın!". Oğru dözə bilməyib ağlayır, cibindən bir ovuc pul çıxarıb Mollaya verir: "Götür, molla əmi, arvad-uşağuva çörək al, özün də xəstəxanaya get, "əlim gətirsə" yenə də sənə pul verəcəyəm", - deyib heyrətdən "gözləri kəlləsinə çıxmış" molladan uzaqlaşır. Ümidinizi üzməyin. Bəzən belə həyatdan oğrular da usanıb insafa gəlirlər. Kaş ki, sürücülər də insafa gələydilər!

T.Ömərova

Bu da bizik

Bayramın mübarək, müəlliməm!

Biz dördüncü sinfə keçəndə Həlimə müəlliməni bizə sinif rəhbəri təyin etdilər. Ondan xoşum gəlmirdi. Niyəsini özüm də bilmirdim. Bizimlə qonşuluqda yaşadığından çox vaxt onu ev paltarında, həyətdə, mağazada gördüyümdənmi, ya nədənsə, o, mənim müəllim anlamıma qətiyyən uyğun gəlmirdi. Bəlkə də səbəb onun görünüşcə ibtidai sinif müəlliməmin tam əksi olmasında idi, kim bilir. İlk müəlliməm - Zemfira müəllimə çox incə, zərif qadın idi, məlahətli, qulağayatımlı da səsi vardı. Məktəbə bir il tez getdiyimdənmi, ya də boy-buxunca hamıdan balaca olduğuma görə idimi, Zemfira müəllimə hər gün dərsdən sonra məni məktəbin qapısınacan ötürərdi. Qışda isə səməni rəngində olan paltomun yaxasını özü düymələyər, şərflə boynumu-boğazımı bərk-bərk sarıyardı. Bu zaman uşaqlar mənə qəribə qibtə hissi ilə baxardılar. Mənsə biruzə verməsəm də, əslində, özlüyümdə gizli bir fəxr, qürur hissi duyardım. Hər dəfə o, paltomu düymələyəndə üzünü diqqətlə seyr edərdim. Görünür, bundandır ki, onun qayğıkeş baxışları yaddaşıma ömürlük həkk olunub. Mənim müəllimə haqqında ilk təsəvvürüm Zemfira müəllimənin timsalında yarandı.
İndi onun yerinə tam əksini: iri gövdəli, ucaboy, dolu bədənli, yoğun, xırıltılı səsli Həlimə müəlliməni görmək mənim üçün çox dözülməz idi. Amma mən valideynlərimin təkidi ilə dözməli oldum, onların dediyinə görə, Həlimə müəllimə məktəbin ən təcrübəli müəllimlərindən idi. Həlimə müəllimə riyaziyyat fənnindən dərs deyirdi. Əvvəl uşaq tərsliyi ilə onun dərslərinə məhəl qoymayacağımı fikirləşirdim. Onsuz da riyyaziyyatdan bir elə xoşum gəlmirdi. İlk dərsi heç vaxt unutmaram. Elə bil "knopka" üstündə oturmuşdum (bunun nə demək olduğunu yuxarı siniflərdə oxuyanda, uşaqlarımızın "əzazil" müəllimimizin stuluna düzdükləri dəftərxana düymələrinin - "knopka"nın üstünə o, əyləşəndən sonra başa düşdüm). Həlimə müəllimə siyahıda adımı oxuyanda da, nə yazdığımla maraqlanıb yaxınlaşanda da, hər dəfə eyni xoşagəlməz bir hiss oyanırdı məndə. Amma bir neçə ay dözmək lazım olacaqdı. Çünki bircə günə mən vadideynlərimin Həlimə müəllimə haqqında fikirlərini alt-üst eləmək üçün arqument tapa bilməyəcəkdim. Bunun üçün bir neçə ay gözləmək lazım idi. Gözlədim də...
Bir neçə ay keçdi, il də başa çatdı. O biri il də gəldi. Artıq səkkizinci sinifdə oxuyurduq. Dərs ilinin yarısında bizə elan elədilər ki, daha sizin sinif rəhbəriniz Həlimə müəllimə olmayacaq. Onun əvəzinə bir başqa müəllimi bizə təqdim etdilər. Sinfə sanki ölüm sükutu çökdü. Hamı sual, kədər, təəssüf dolu nəzərlərlə bir-birinə baxırdı. Bu dörd ildə Həlimə müəlliməyə elə öyrəşmişdik, elə bağlanmışdıq ki, elə o da bizə, onun qəfildən bizi bu şəkildə, özü gəlmədən, başqa bir müəllimə təhvil verəcəyini ağılımıza belə gətirməzdik. Bəs niyə özü bizə heç nə deməyib? Direktor bizə Həlimə müəllimənin ailə qayğıları ilə bağlı birdəfəlik işdən çıxdığını dedi və təzə sinif rəhbərimizin adını elan edib sinifdən çıxdı. Həlimə müəllimənin ilk dərs gününü xatırladım. O kobud, dalğın saçlı, zövqsüz geyimli, yoğun, xırıltılı səsli Həlimə müəllimə dörd il bundan əvvəlin bir sentyabrında qalmışdı. Mənim nəzərimdə indi ondan zərifi, gözəli, mehribanı, qayğıkeşi yox idi. Zəng çalındı. Tənəffüsdən sonra biz təzə sinif rəhbərimizin dərsinə getməli idik. Sözləşibmişik kimi, heç kim dərsə girmədi. Bu dəfə "xəbərçiliyinə" görə sevmədiyimiz sinif nümayəndəmiz də bizimlə idi. Bu, dərsdən qaçmaq həmişəkinə bənzəmirdi. Hamımız lal-dinməz məktəbimizin yaxınlığındakı Nərimanov parkına üz tutmuşduq. Boş skamya tapıb oturduq. Eşitdiyimiz sarsıdıcı xəbəri bir xeyli öz yozumumuzda müzakirə edəndən sonra pəjmürdə-pəjmürdə hərə öz evinə dağıldı. Axşam valideynlərimdən çox xahiş etdim ki, onun haqqında bir şey öyrənsinlər. Məlum oldu ki, qapıları bağlıdır, qonum-qonşu da heç nə bilmir.
Məktəbin son sinfində oxuyurduq. Dərsdən çıxıb dayanacağa tərəf gəlirdim. Qabaqda xeyli adam yığışmışdı. Yaxınlaşdım. Çal saçları səliqəsiz şəkildə çiyinlərinə dağılmış, yayın istisində bərk-bərk yun şala bürünmüş orta yaşlı qadın yerə çöməlmişdi. Arxası mənə tərəf oturduğundan üzü görünmürdü. Qabağına xeyli şəkil töküb bir-bir başına toplaşanlara göstərirdi. Şəkillərə tərəf əyildim. Həmin an hiss etdiklərim, illər keçsə də, indi də yadımdadır. Beşinci sinifidə çəkdirdiyimiz kollektiv şəklimiz idi. Həlimə müəllimə də qırmızı güllü paltarında bizim aramızda dayanmışdı. Qadının qarşısına keçib, üzünə baxdım... Həlimə müəllimə idi... Onların bir il bağlı qalan qapısı, bir həftə imiş ki, açılıbmış. Bu müddət ərzində onlar rayonda imişlər. Həlimə müəlliməyə görə. Sən demə, Həlimə müəllimənin uğursuz təsadüfdən başından aldığı zədə onun sinir sistemini dağıdıb. Danışığına, hərəkətinə nəzarəti itirən, özünü idarə etmək iqtidarında olmayan Həlimə müəlliməni doğmalarının yanına, rayona aparıb psixi xəstəxanaya qoyublarmış. Bu müddət ərzində orada müalicə alırmış. Müalicə heç bir nəticə verməyib və onlar yenidən Bakıya qaydıblar. Qızının nəzarətində olan Həlimə müəllimə, necə olubsa, onun diqqətindən yayınıb və məktəbin həyətinə gəlib.
Onunla bir-iki dəfə də çörək dükanının qabağında rastlaşdım. Amma bir müddətdən sonra yenə yoxa çıxdı. Bir gün eşitdim ki, Həlimə müəlliməni indi də buradakı xəstəxanaya qoyublar. Danışdılar ki, getmək istəmirmiş, qollarından tutub zorla maşına mindiriblər...
Hər il oktyabrın ilk həftəsini müəllimlər günü kimi qeyd edirik. Nəriman Nərimanov rayonundakı 39 saylı məktəbin 1990-cı il buraxılışı adından təbrik edirəm sizi, Həlimə müəllimə...

N.Hüseynli

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd