|
|
|
|
#123(347)
|
 |
|
İranla Rusiya hərbi saziş imzaladı
|
Moskvada səfərdə olan İran müdafiə naziri Əli Şəmxani və onun rusiyalı həmkarı İqor İvanov dünən bağlı qapılar arxasında danışıqlardan sonra hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası sazişə imza atıblar. Sazişin mahiyyəti mətbuat üçün açıqlanmayıb.
Sergey İvanov görüşdən sonra deyib ki, imzalanan "sənəd məxfi deyil, beynəlxalq hüquq normalarına tam uyğundur, Rusiyanın başqa dövlətlərlə imzaladığı sazişlərlə oxşardır". İvanov deyib ki, bu sazişin imzalanması haqda ilkin razılıq hələ mart ayında - İran prezidenti Məhəmməd Xatəminin Moskvaya səfəri zamanı əldə edilib. Əli Şəmxani imzalanmış müqaviləni yüksək qiymətləndirərək deyib ki, "sənəd üçüncü dövlətlərə qarşı yönəlməyib, əksinə bölgədə sülhün, strateji sabitliyin möhkəmləndirilməsinə, digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə" şərait yaradır.
Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın əsas istiqamətini Tehrana silah satışı təşkil edir. Beş il idi ki, Rusiya ABŞ-ın təkidi ilə bu əməkdaşlığı dondurmuşdu.
Ötən ilin dekabrında prezident Putin İrana silah satışını əngəlləyən "Qor-Çernomırdin razılaşması"ndan çıxmaqla ölkələr arasındakı hərbi-texniki sahədə əməkdaşlığa yeni ruh vermişdi. Şəmxaninin Moskva səfərindən sonra dövlətlər arasında dörd irimiqyaslı (ümumi həcmi 5,1 milyard dollar) layihənin bərpa edilməsini gözləmək olar.
Amma əski zamanlardan fərqli olaraq yeni sövdələşmələrdə tank və digər zirehli texnika növlərinə göstərilən maraq öz yerini hava hücumundan müdafiə sistemlərinə, zenit-raket komplekslərinə (S-300PMU1, S-300VM), radiolokasiya stansiyalarına ("Qamma-DE", "Kasta-2E2") verir. Elə Şəmxaninin Rusiya səfərindən bir gün əvvəl "ABŞ təyyarələri İran səmasında görünsə, biz onları vuracağıq" xəbərdarlığındakı cəsarətin səbəblərini də bu amildə axtarmaq lazımdır.
Danışıqların mərkəzi mövzularından biri də beynəlxalq terrorizm və qanunsuz narkotik dövriyyəsi ilə mübarizə məsələsi də olub. İran naziri bu mübarizənin hansısa ölkənin təkbaşına rəhbərliyi ilə deyil, beynəlxalq birliyin ümumi səyi ilə aparılmasının vacibliyini vurğulayıb. "İRNA" agentliyi gündəmdə Xəzərin bölünməsi probleminin də olduğunu bildirir. Şəmxani bu barədə deyib ki, dənizin statusu yalnız Xəzərsahili ölkələr tərəfindən müəyyənləşdirilməlidir və burada üçüncü tərəfin iştirakına yol verilməməlidir.
"İranın iddiaları əsassızdır"
Viktor Kalyujnı Xəzər resurslarının "bərabər pay" prinsipi ilə bölünməsini yolverilməz sayır
|
Xəzəryanı dövlət başçılarının bu ilin payızına təyin edilmiş sammiti baş tutmaya bilər. Bu barədə Rusiya prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi, RF xarici işlər nazirinin müavini Viktor Kalyujnı "Nezavisimaya qəzeta"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, sammitin vaxtının dəyişdirilməsinə səbəb sahilyanı ölkələr arasında əsas məsələlərlə bağlı fikir ayrılığının qalmasıdır. Zəngin neft və qaz ehtiyatları araya nifaq salır. "Belə situasiyada hamının gözləri qamaşır və hər kəs maksimum paya malik olmaq istəyir," - deyə Kalyujnı vurğulayıb.
Prezidentin xüsusi nümayəndəsinin fikrincə, Xəzərin bölünməsinə dair İranın təklifi (kondominium prinsipi və ya dənizin dibinin sahilyanı ölkələr arasında bərabər bölünməsi) qeyri-realdır. 1998-2000-ci illərdə Rusiya və Qazaxıstan prezidentləri ikitərəfli sənəd imzalayıb. Sənəddə Xəzərin bölünməsinə dair başqa prinsiplər göstərilib. 2001-ci ilin yanvarında Rusiya və Azərbaycan prezidentləri arasında analoji sənəd imzalanıb. Beynəlxalq hüquqa görə bu sənədlər nəzərə alınmaya bilməz. Buna görə də Rusiya tərəfi dənizin bölünməsinin mərhələli şəkildə həyata keçirilməsini təklif edir. Birinci mərhələdə dənizin dibi, daha dəqiq dib resursları orta xətt üzrə bölünəcək. Sudan ümumi istifadə olunur və heç bir sərhəd qoyulmur. Qalan məsələlər isə ikinci mərhələdə həll edilir. Kalyujnının sözlərinə görə, 1998-ci ildən Rusiyanın mövqeyi belədir və dəyişməyib.
Kalyujnı qeyd edib ki, dəniz çoxəsrlilik tarix və mövcud iqtisadi praktika nəzərə alınmaqla bölünməlidir. Bundan başqa, Xəzərin sahil xətti bütün tərəflərin bərabər paya malik olmasına imkan vermir. Buna görə də "bərabər pay" prinsipini Xəzər resurslarının bölünməsinə tətbiq etmək yolverilməzdir. İranın iradları həm də ona görə əsassızdır ki, ölkənin indi ala biləcəyi pay SSRİ vaxtında olduğundan xeyli çoxdur.
İyulun 23-də İran və Azərbaycan arasında baş vermiş insidentə gəlincə, Kalyujnı bunu "çox təhlükəli" adlandırıb. Qeyd edək ki, həmin vaxt Azərbaycan neftçilərinin gəmisi İran hərbi gəmilərinin hədə-qorxusuna məruz qalmışdı. "Bu proses nə qədər çox davam etsə, regionun nəinki cənub, hətta şimal hissəsində gərginliyin artması ehtimalı böyükdür," - deyə o əlavə edib.
Kalyujnı hesab edir ki, Xəzərin demilitarizasiyası dənizdə sabitlik yaratmayacaq, eyni zamanda onun fikrincə, sahilyanı ölkələrin hərbi-dəniz qüvvələri yaratması narahatedici faktordur.
Dünən BMT Baş Məclisi ABŞ diplomatiyasının təşəbbüsü ilə beynəlxalq terrorizmin bütün təzahürlərinin aradan qaldırılması məqsədilə müzakirələrə başlayıb. BMT Baş katibi Kofi Annan dünya ölkələrini XXI əsrin taunu ilə mübarizə sahəsində uzunmüddətli strategiyanın işləyib hazırlanmasına çağırıb.
K.Annan deyib ki, terrorizm üzərində qalib gəlmək üçün BMT öz nüfuzundan yararlanaraq ən çətin məqamlarda belə, dövlətlərin siyasi, hüquqi və diplomatik dəstəyini səfərbər edə bilər. Baş katib BMT üzvlərinə müraciət edərək onları hazırkı sessiya zamanı terrorizmlə mübarizə sahəsində 12 əsas beynəlxalq konvesiyaya qoşulmağa çağırıb. Annanın ifadəsi ilə desək, "Konvensiyaya qoşulmaq əsas şərt deyil. Əsas odur ki, sənədə imza atan dövlətlər öhdələrinə düşən vəzifələrin yerinə yetirilməsini təmin etsinlər".
Baş Məclis Nyu-York şəhərinin əhalisi ilə həmrəyliyini nümayiş etdirmək məqsədilə mer Rudolf Culianiyə də çıxış etmək imkanı yaradıb. Culiani BMT üzvlərini diskussiyalara son qoymağa və konkret fəaliyyətə keçməyə çağırıb.
Xatırladaq ki, ötən həftə Təhlükəsizlik Şurası terrorçu təşkilatların maliyyə yardımından məhrum edilməsini nəzərdə tutan 1373 saylı qətnaməni yekdilliklə qəbul edib. BMT Nizamnaməsinin 7-ci maddəsi əsasında bəyənilən qətnaməyə görə, terrorçu təşkilatların maliyyələşdirilməsinə yasaq qoyulur, onların bank hesabları dondurulur, birbaşa və yaxud dolayısı ilə maliyyə yardımı göstərən dövlətləri Əfqanıstanın aqibəti gözləyir. Bu, Təhlükəsizlik Şurasına qətnamənin icra edilməsinə maneçilik yaradan ölkələrə qarşı hərbi qüvvənin tətbiq etməsinə mandat verir. BMT-yə üzv olan ölkələr qətnamənin yerinə yetirilməsi haqda ilk hesabatı təşkilatın xüsusi komitəsinə 3 aydan sonra təqdim edəcəklər.
|
"Berlin divarı"nın süqutundan 11 il keçir
|
Bu gün Almaniyanın birləşməsinin 11-ci ildönümüdür. İkinci Dünya Müharibəsindən sonra ikiyə bölünmüş alman xalqı 1990-cı il oktyabrın 3-də tarixi ədalətsizlik üzərində qalib gələrək yenidən birləşdi. Kommunist ideologiyasının iflasa uğraması almanların vahid dövlət çərçivəsində birləşməsi məsələsini aktuallaşdırdı.
Hər şey 1989-cu ilin payızında Almaniya Demokratik Respublikası vətəndaşlarının Honneker rejiminə etiraz olaraq Qərbi Almaniyaya qaçmağa cəhd göstərməsindən sonra başladı. Yüzlərlə şərqi alman Berlin divarını aşmağa cəhd göstərərkən Sovet qoşunlarının ciddi müqaviməti ilə rastlaşdı. Minlərlə nümayişçi küçələrə çıxaraq Almaniyanın vahid dövlət çərçivəsində birləşməsini tələb etdi. Uzun çəkən danışıqlardan və məsləhətləşmələrdən sonra Almaniya İkinci Dünya Müharibəsi ərəfəsində mövcud olan sərhədlərini bərpa etdi. Təbii ki, bu tarixi birləşmə ABŞ və SSRİ-nin orta məxrəcə gəlməsindən sonra mümkün oldu. Hətta SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Almaniyanın yenidən birləşməsində tutduğu liberal mövqeyinə görə Beynəlxalq Nobel sülh mükafatına layiq görüldü. Almaniya Federativ Respublikası Azərbaycandan coğrafi cəhətdən uzaq məsafədə yerləşsə də, ölkələrimizi birləşdirən tellər sıxdır. AFR Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Almaniya ATƏT-in Minsk Qrupu çərçivəsində diplomatik fəallıq göstərməsə də, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində rəsmi Bakının ədalətli mövqeyini dəstəkləyir. Almaniyanın prinsipial mövqeyi bu ölkənin keçmiş və hazırkı xarici işlər nazirlərinin (Klaus Kinkel və Yoşka Fişer) Azərbaycana rəsmi səfərləri zamanı ölkə rəhbərliyi ilə keçirdikləri görüşlərdə də təsdiqlənib.
|