|
|
|
|
#123(347)
|
 |
ASDP-də "siyasi oyunlar" gedir
Araz Əlizadə: ""Qiyamçılar" xarici səfirliklərlə də əlaqələr yaratmağa çalışırlar"
|
ASDP həmsədri Araz Əlizadənin dünən keçirdiyi mətbuat konfransı son vaxtlar partiyada yaranmış gərgin vəziyyətlə bağlı idi.
Qurultay ərəfəsində ASDP-nin üzləşdiyi problemi partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının iki keçmiş üzvü - Malik Hacıyev və Əlikram Şahsuvarovun nizamnaməyə zidd əməlləri ilə izah edən Əlizadə onların qanun qarşısında cavab verməli olacaqlarını bildirdi: "Malik Hacıyev və Əlikram Şahsuvarov ASDP-nin legitim strukturlarının fəaliyyətinin dayandırılması barədə mətbuata yalan məlumat veriblər. Və özlərini qeyri-qanuni şəkildə partiyanın rəhbərləri elan ediblər. Eyni zamanda, bu iki şəxs iddia edir ki, guya partiyanın möhürü oğurlanıb. Onlar deyiblər ki, Ədliyyə Nazirliyinə müraciət edərək yeni möhürün eskizinin təsdiqlədiblər".
Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Qeydiyyatı İdarəsinin rəisi Fazil Məmmədovla əlaqə saxladığını deyən Araz Əlizadə əlavə etdi ki, "qiyamçılar"ın yeni möhürlə təmin olunması barədə yayılmış informasiyalar təsdiqini tapmayıb. Partiya həmsədri onu da bildirdi ki, özlərini ASDP rəhbərləri elan edən "qiyamçılar" xarici səfirliklərlə də əlaqələr yaratmağa çalışırlar: "Onlar səfirliklərə müraciət ediblər ki, guya ASDP-nin həmsədrləri partiyadan xaric ediliblər. Guya ki, ASDP-ni bundan sonra onlar təmsil edəcəklər".
"Bizim ƏSR"in müxbirinin "Qarşı tərəfin də ASDP adından çıxış etməsi Sizin üçün problem yaratmayacaq ki?" - sualına cavab olaraq Araz Əlizadə bildirdi ki, bu, mümkün olmayacaq. Partiya sədri fikrini belə əsaslandırdı ki, Malik Hacıyev və Əlikram Şahsuvarovun siyasi sifariş yerinə yetirdiyi çoxlarına məlumdur: "Bir ay əvvələ qədər onları tanıyan da yox idi. Bütün bunlar siyasi oyunlardır. Partiya daxilində parçalanma baş verməyib".
Oktyabrın 14-də keçiriləcək qurultay barədə məlumat verən Araz Əlizadə indiyə qədər keçirilən partiya konfranslarında 150-yə yaxın qurultay nümayəndəsinin seçildiyini xəbər verdi. Zərdüşt Əlizadənin təkid edəcəyi təqdirdə həmsədrlik institutunun ləğv olunacağını istisna etməyən Araz Əlizadə bunları əlavə etdi: "Zərdüşt bəy ASDP-ni yaradan şəxslərdən biri olub. O, həmsədrlikdən getsə də, bəyliyini saxlayacaq".
ASDP həmsədri əlavə etdi ki, həmişəkindən fərqli olaraq qurultay media nümayəndələrinin və xarici səfirliklərin də üzünə açıq olacaq. Qurultayın harada keçiriləcəyinə gəlincə, partiya həmsədri bildirdi ki, məsələ bu günlərdə öz həllini tapmalıdır.
"Bizə Yurd deməyin!"
Osman Qunduzov: "AXCP-ni "Yurd" adlandıran milli internet saytlarının sahibləri məhkəməyə verilə bilər"
|
AXCP (islahatçılar) bir çox milli internet saytlarının sahiblərini məhkəməyə verə bilər. Buna səbəb "bakilalar.az" və digər saytlarda yerləşdirilmiş rəy sorğularında partiyanın adının "Yurd" kimi göstərilməsidir.
Partiyanın Ali Məclisinin üzvü, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Qunduzov "Bizim ƏSR"ə açıqlamasında bunu internet sahiblərinin AXCP-yə qarşı qərəzli mövqeyi ilə izah edib. Qunduzov hesab edir ki, AXCP-yə qarşı qəzetlərdə başlanan bu kampaniyanın milli internet saytlarına da sirayət etməsi yolverilməzdir. "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri vəziyyətin belə davam edəcəyi təqdirdə AXCP rəhbərliyinin qanun çərçivəsində ciddi tədbirlər görməsini də mümkün sayır. Milli internet saytlarında ayrı-ayrı partiya və siyasi liderlərə qarşı yönəlmiş "mənəvi terror"a gəlincə, Qunduzov problemin məhkəmə vasitəsilə tam həllini mümkünsüz sayır. Onun sözlərinə görə, internetə tam nəzarət etmək mümkün deyil. "Mətbuat və İnternet bütün dünyada özünütənzimləmə prinsipi ilə fəaliyyət göstərir. Dövlətin bu sahələrə nəzarət etməsi mümkün deyil. İnternetlə nəyisə qadağan etmək anlayışı ümumiyyətlə nisbidir. Yəni burada 99 faiz heç nəyə nəzarət etmək mümkün deyil".
Osman Qunduzov deyir ki, hansısa internet saytının bağlanmasına ancaq qeyri-demokratik ölkələrdə rast gəlinir. Onun sözlərinə görə, Avropa Şurasına üzv olduqdan sonra Azərbaycan öz üzərinə internetlə bağlı müəyyən öhdəliklər götürüb: "İnternet saytlarının bağlanmasına yalnız İran, İraq kimi ölkələrdə rast gəlinir. Eyni zamanda, Belorusiyadakı seçkilər zamanı 3 gün müstəqil qurumların heç birinin interneti işləmədi, dövlət onları dayandırdı. Buna bütün dünyada olduqca mənfi reaksiya verdi. Belə şeylər söz mətbuat azadlığının boğulması kimi qiymətləndirilir. Eyni zamanda, Avropa Şurasının da internetlə bağlı müəyyən tələbləri var. Azərbaycan bu quruma üzv olarkən bu sahə ilə bağlı üzərinə müəyyən öhdəliklər götürüb".
|
Məclis terrorizmlə bağlı qərar qəbul edə bilmədi
|
Dünən Milli Məclis terrorizmə qarşı mübarizə ilə bağlı qərar qəbul edə bilmədi. Fasilədən sonra spiker Murtuz Ələsgərov müzakirələri kəsdi və "mühüm bir tədbirlə əlaqədar iclas başa çatdı", deyərək Məclisin iş gününə xitam verdi. Sözügedən məsələnin növbəti iclasa - cümə gününə qaldığı bildirilir.
Elman Məmmədov:
"Mən terrordan
sarsılmadım..."
Millət vəkili İsmayıl Ömərov əvvəlcə ABŞ-da baş verən terror hadisəsini pislədi və ermənilərin Azərbaycanda törətdiyi terror aktlarının siyahısını oxudu. Onun sözlərinə görə, Azərbaycan terrorizmlə mübarizədə ABŞ-la həmrəydirsə, onda ermənilərin tərətdiklərini də ortaya qoymaq vacibdir. Başqa bir deputat Elman Məmmədovun çıxış isə orijinal oldu: "Hamı ABŞ-da baş verən hadisədən sarsıldı, amma mən sarsılmadım. Çünki mən terrordan hələ 1992-ci ildə - Xocalı faciəsində sarsılmışdım".
Kərim Kərimli:
"Hansısa başıpozuq
uşağının adını
bin Laden qoyub".
Deputat Kərim Kərimlinin çıxışı da Elman Məmmədovun fikirlərindəki orijinallıqdan geri qalmırdı. K.Kərimli hesab edir ki, kim terrorçularla mübarizə aparmırsa, demək o, terrorçuların yanındadır: "Biz terrorçularla, terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə dünya dövlətləri, ABŞ-la həmrəy olmalıyıq. Amma çox təəssüflər olsun ki, bütün dünya terror hadisəsindən sonra ABŞ-ın qəminə şərik olanda hansısa başıpozuq müsavatçı, yoxsa AXCP-çi dünyaya gələn uşağının adını bin Laden qoyub".
Siyavuş Novruzov:
"Deputatlar ABŞ-ı
müdafiə etməlidir"
YAP-çı millət vəkili Siyavuş Novruzovun təklifinə görə, Milli Məclisin qəbul edəcəyi qərarda Azərbaycanın ABŞ-dakı terror aktını pislədiyi aydın şəkildə göstərilməlidir: "Biz qərarda göstərməliyik ki, bu məsələdə ABŞ-la bir yerdə olduğumuzu bəyan edirik. Bəzi deputatlar bu hadisə ilə bağlı müxtlif və düzgün olmayan fikirlər söyləyirlər. ABŞ Azərbaycanın strateji müttəfiqidir və buna görə də Milli Məclis və duputatlar ABŞ-ı müdafiə etməlidir".
Siyavuş Novruzov dedi ki, İran Azərbaycanın hava sərhədlərini pozanda buna ilk kəskin bəyanat verən elə ABŞ olub. Millət vəkilinin sözlərinə görə, ABŞ Azərbaycanın strateji müttəfiqi olduğunu elə burada sübut edib: "ABŞ bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünə, təhlükəsizliyinə hər hansı bir dövlət müdaxilə etsə, onun qarşısını alacaq. Sizcə, bundan böyük nə cür müttəfiq ola bilər? Ona görə də hesab edirəm ki, terrorizmlə mübarizədə ABŞ-la əlbir olub onlara dəstək verməliyik".
|
Hərbi əməkdaşlıq
gücləndirilir
|
Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin dünənki danışıqları da əhəmiyyətli olub. Dünənki səfər proqramı "Markoni Kommunikeyşn" şirkətinin Ankara yaxınlığındakı müəssisəsinin ziyarəti ilə başlanıb.
Bu şirkət Türkiyə hərbi sənayesinin önəmli qurumlarındandır. Azərbaycan nümayəndə heyətinə şirkətin fəaliyyəti və istehsal sahələri barədə ətraflı məlumat verilib. Sonra Azərbaycan müdafiə nazirinin başçılıq etdiyi heyəti Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Hüseyn Kıvrıkoğlu qəbul edib. Görüş zamanı 1991-ci ildən bu yana Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Milli Ordusu arasında yaranmış əlaqələrin inkişafı nəzərdən keçirilib. Qeyd olunub ki, bu müddət ərzində iki ölkənin silahlı qüvvələri tədris, müdafiə sənayesi və digər istiqamətlərdə sıx əlaqələr qurub. Tərəflər bu əlaqələrin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasının zəruriliyini vurğulayıblar. Türkiyə baş qərargah rəisi Azərbaycan Milli Ordusunun təşəkkülündə prezident Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb. Görüşdə 11 sentyabrdan sonra beynəlxalq müstəvidə terrora qarşı başlanan mübarizə və bu prosesdə Türkiyə və Azərbaycanın iştirakı məsələsi də müzakirə olunub. Tərəflər beynəlxalq miqyasda terrorizmə münasibətin artıq başqa bucaq altında formalaşdığını da qeyd ediblər. Azərbaycanın müdafiə naziri erməni terrorçularının tədricən ifşa olunduğunu bildirərək terrora baxışda "ikili standart"ların yol verilməz olduğunu vurğulayıb.
Dünən günün ikinci yarısında Azərbaycan nümayəndə heyətini Türkiyə prezidenti Əhməd Necdət Sezər qəbul edib. Çankaya Köşkündəki görüşdə iki ölkə arasında hərbi-texniki əlaqələrin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Daha sonra Azərbaycan müdafiə nazirini TBMM-nin sədri Ömər İzgi qəbul edib.
Dünən axşam Ankaradakı görüşlərini başa vuran Azərbaycan nümayəndə heyəti İstanbula gedib. Bu gün müdafiə nazirinin başçılıq etdiyi heyət Türkiyə Silahlı Qüvvələrinin hərbi bazalarına baş çəkəcək, Azərbaycan Ordusunun texniki təchizatı və kadrların hazırlanması sahəsində əməkdaşlıq imkanları nəzərdən keçiriləcək. Azərbaycan müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri bu gün başa çatacaq. Səfər zamanı konkret sənədlər imzalanmasa da, nəticələr uğurlu dəyərləndirilir.
|