Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#123(347)
"Şərq-Qərb" kinofestivalı bu il keçirilməyəcək
Ölkəmizin mövcud qanunları festivalı sponsorsuz qoyub

Bu il hər il keçirilən ənənəvi Beynəlxalq "Şərq-Qərb" Bakı Kinofestivalı keçirilməyəcək. Rüstəm İbrahimbəyovun təşşəbüssü ilə əsası qoyulan "Şərq-Qərb" kinofestivalının tarixində bu, ilk fasilə olacaq.
Xatırladaq ki, MDB və dünya kinematoqrafçılarının fəal iştirakı ilə nəzərə çarpan bu festival tək paytaxtımızın deyil, bütün ölkəmizin mədəni həyatının ən böyük hadisələri sırasındadır. Kinofestival qısa zaman ərzində kifayət qədər məşhurlaşıb; festival günlərində dünya kinosunun ən məşhur simalarını Bakıda görmək mümkündür.
İstər təşkilatı, istərsə də, sənət nöqteyi-nəzərdən, yüksək tələblərə cavab verən festival, təsadüfi deyil ki, ölkə başçısının da diqqətini cəlb etdi. Xatırladaq ki, ötən il prezidentin fərmanı ilə festivala ənənəvi status verildi.
Belə olan halda festivalın keçirilməsini əngəlləyən nədir? Sualımıza Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən cavaba görə, bu il kinofestivalın sponsoru yoxdur. Beynəlxalq "Şərq-Qərb" Bakı Kinofestivalını, bir qayda olaraq, hər il maliyyələşdirən "Filipp morris" şirkəti bu il təşkilat işlərilə məşğul olmayacaq. Çünki bu, bizim ölkəmizin mövcud qanunlarına ziddir. Belə ki, Milli Məclisdə tütün məmulatlarının reklamına xidmət edən bütün fəaliyyət növünə qadağan qoyan yeni qanun qəbul olunub. Və bu qanun, təbii şəkildə, "Filipp Morris" şirkətinin kinofestivala sponsorluğuna imkan vermir.
Azərbaycan Kinematoqrafçılar İttifaqından onu da bildirdilər ki, "Şərq-Qərb" kinofestivalı bu il keçirilməsə də, gələn ildən etibarən, tədbirin davamiyyətinə ciddi nəzarət ediləcək. Sualımıza cavab olaraq, indidən bu haqda ətraflı açıqlama verməsələr də, gələn ildən kinofestivala artıq hansı qurumların sponsorluq edəcəyi də məlumdur.

"Mən XXII əsrin də aktyoruyam"
Oktyabrın 5-də Yaşar Nurinin 50 yaşı tamam olur

Bu il görkəmli aktyorumuz, xalq artisti Yaşar Nurinin anadan olmasının 50 ili tamam olur. Bu münasibətlə Milli Dram Teatrında təntənəli gecə keçiriləcək. Ölkəmizin mədəniyyət nazirliyinin, icra aparatının, eləcə də, aktyorun çalışdığı Milli Dram Teatrının təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə Yaşar Nurinin sənət dostları, həmkarları, tərəf müqabilləri, yaxınları iştirak edəcəklər.
"Yaşar Nuri elə bir aktyordur ki, onu hamı təbrik etmək istəyir. Gecədə ölkəmizin sayılan bütün mədəniyyət nümayəndələri - isətr qonaq, istər iştirakçı, istərsə də ifaçı qismində olacaqlar. Təbii ki, çıxışçıların çoxunu biz indidən ixtisara salmağa məcburuq. Çünki əgər hamıya söz versək, tədbir gərək üç-dörd ay davam eləsin", - yubiley gecəsinin rejissoru Vaqif İbrahimoğlu belə deyir. V.İbrahimoğlu aktyoru dünya şöhrətli xanəndəmiz Alim Qasımovun, Ağaxan Abdullayevin, Flora Kərimovanın, eləcə də musiqi dünyamızın digər sevilən səs sahiblərinin - Brilliant Dadaşovanın, Elza Seyidcahanın, paytaxt teatrlarının təbrikə gələcəklərini deyir. Vaqif müəllim gecənin fasilə ilə üç saat nəzərdə tutulduğunu desə də, tədbirin çox çəkəcəyini bəri başdan bildirdi.
Tədbirə ölkəmizin əksər qurum və təşkilatları, mədəniyyət ocaqları da qoşulacaq. C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin də aktyorun yubileyinə öz töhfəsi olacaq. Muzeyin kollektivi 10 yaşından teatra qədəm qoyan Yaşar Nurinin sənət taleyininin bütün mərhələlərini - ilk rollarını, peşəkar addımlarını, sənətinin zirvəsi sayılan ən mühüm yaradıcılıq məqamlarını əks etdirəcək maraqlı fotosərgi təşkil edəcək.
Fotosərgidə yubilyarın yaradıcılığı ilə bərabər onun ailə albomundan da kadrlar - dostları, tamaşaçıları, yaxınları ilə birgə çəkdirdiyi fotolar da nümayiş etdiriləcək. Muzeyin direktoru Nuridə Nurullayevanın sözlərinə görə, fotosərgi seyrçi ilə Yaşar Nurinin bir şəxsiyyət kimi hərtərəfli tanışlığına imkan verəcək. Yubiley ərəfəsində aktyorun özünü də aradıq. Başı gərgin məşqlərə qarışsa da, Yaşar Nuri zarafatından qalmadı. "Bəlkə mən özüm heç orda olmadım", - deyən yubilyar onu kimlərin təbrikə gələcəyindən, doğrudan da, xəbərsiz olduğunu bildirdi.
Sualımıza cavab olaraq, "Mən nəinki XXI, hətta XXII əsrin də aktyoruyam", - bildirən sevimli aktyorumuzu biz də ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları və ən əsası, tamaşaçı məhəbbəti arzulayırıq.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd