|
|
|
|
#123(347)
|
 |
Azərin dueti özümüzünkülərlə oxuyacaq
Amadey Motsartın əsəri
üzərində işləməsinə baxmayaraq...
|
Azərin öz repertuarına əsaslı yenilik etmək fikrindədir. Bu dəfə əcnəbilərə - fransız və ispan musiqisinə müraciət edən müğənni bildirib ki, bundan belə daimi olaraq, repertuarında əsas yeri klassik musiqilərə verəcək. Hal-hazırda müğənni dünya şöhrətli bəstəkar Amadey Motsartın əsərlərindən biri üzərində işləmək niyyətindədir.
Daha bir yenilik. Müğənnilərimiz arasında dəbə düşən duetlər Azərindən də yan ötməyib. O da duet oxumaq "xəstəliyinə" tutulub. Azərin təcrübəsində ilk dəfə olaraq, duet oxuyacaq. Amma kiminlə və hansı mahnını? Azərin bu barədə hələ heç nə demək istəmir. Bircə onu bilir ki, ifa edəcəkləri qeyri-adi mahnı artıq hazırdır. Azərinin əcnəbi musiqisinə marağına uyğun olaraq, onun tərəf müqabilinin də xarici müğənni olub-olmayacağını soruşduq. Müğənni bu barədə özümüzünkülərə üstünlük verdiyini dedi və tərəf müqabilinin Azərbaycan sənətçilərindən biri olacağını bildirdi.
Cavan Zeynallı
İrana gedəcək
Konsertin lent yazısı
həm bizdə, həm də İranda
yayımlanacaq
|
Həmişəcavan cazmenimiz Cavan Zeynallı İran İslam Respublikasına qastrol səfərinə hazırlaşır. O, bu ölkədə bir neçə konsert proqramı ilə çıxış etmək niyyətindədir.
Müğənni deyir ki, avqust ayında o, İranın paytaxtı Tehranda yaşayan dostlarının yanına istirahət etmək üçün getmişdi. Bu ölkədə konsert vermək ideyası da elə onda ağlına gəlib. Cavan Zeynallıdan olsaydı, bu ideyasını çoxdan gerçəkləşdirərdi. Təəssüf ki, bir "əmma" çıxıb. Özündən eşidək: "İranda çox az adam cürət edib konsert verir. İş o yerə çatıb ki, iranlılar öz mahnılarını, xüsusilə də məhəbbət haqqında olan mahnılarını də ifa etmirlər".
Xoşbəxtlikdən, deyəsən, cazmen üçün məsələ həll olunacaq. Çünki Cavan müəllim səfərə hazırlaşır. Amma bu səfərin nə vaxt baş tutacağını hələ dəqiq bilməyən müğənni, bildirir ki, bu məsələ ilə bağlı indi xariclə danışıqlar gedir. "İranda yaşayan dostlarımla tez-tez əlaqə saxlayıram. Çox güman ki, konsert proqramı yeni il qabağı baş tutacaq. Bu konsertin lent yazısı həm bizdə, həm də orada yayımlanacaq. Bu, sonranın işidir. Hazırda bütün diqqət konsertin təşkilinə yönəlib.", - deyə Cavan Zeynallı bildirir.
Yadınızdadırsa, ötən saylarımızın birində Cavan müəllimlə Mətanət İskəndərlinin duet oxuyacaqları barədə məlumat vermişdik. O vaxt Cavan Zeynallı duetin alınmayacağını deyirdisə də, deyəsən, indi alınır. Cazmenin özünün yazdığı mahnınını onlar birgə oxuyacaqlar.
"Bakının işıqları" və "Xarkovskie mentı"
Oktyabrın 30-da hansının üstün olduğu müəyyənləşəcək
|
Sentyabrın 19-da "Bakının işıqları" Şən və Hazırcavablar Klubunun (ŞHK) komandası bu il keçirilən festivalın 4/1 final yarışlarında iştirak etmək üçün Kiyevə yola düşmüşdülər.
Xatırladaq ki, "Bakılı oğlanlar" komandası səhnəni tərk etdikdən sonra Azərbaycanı ŞHK oyunlarında yeni yaranmış "Bakının işıqları" komandası təmsil edəcək. Komandanın kapitanı isə eks-"bakılı oğlan" Murad Dadaşovdur. Onlar "Açıq Ukrayna Liqasının" ilk oyununda uğurlu çıxış etdikləri üçün 4/1 final oyununa vəsiqə qazanmışdılar. "Bakının işıqları"nın ssenari yazarlarından biri Məmmədağa Məmmədovun dediyinə görə, onlar sentyabrın 26-da keçirilmiş oyunda qalib gələrək, yarım finala da vəsiqə qazanıblar. Qarşıda isə onları oktyabrın 30-da "Xarkovskie mentı" komandası ilə oyun gözləyir. Əgər onlar bu oyunda da qalib gəlsələr, finala vəsiqə qazanacaqlar. Xatırladaq ki, bu yarışmada ermənilərin komandası da bizim komandamızla bərabər irəliləyir. Və ola bilər ki, "Bakının işıqları" finalda "Armÿnskié proekt" komandası ilə qarşılaşsın.
Finalda qalib gələn komanda Moskvada keçirilən "Ali Liqaya" vəsiqə qazanacaq.
|