Xəbər

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#123(347)
İslama qarşı terror
Şeyxülislam Hacı Allahşükür Paşazadə milyardlarla müsəlmanını mənəvi terrora məruz qalmasından narahatlığını bildirib

"ABŞ-da törədilən terroru pisləyir, bunu cinayət sayırıq, amma televiziya ekranlarından bu terroru "islam, müsəlman terroru" adlandıran Qərb dövlətlərinin nəzərinə çatdırırıq ki, bu sözlərlə hər dəfə milyardlarla müsəlmanları mənəvi terrora məruz qoyurlar". Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə "İrşad" İslam Dini Araşdırmalar Mərkəzində "Səmavi dinlər və terror" mövzusunda keçirilən dünənki müşavirədə söyləyib.
Baş verən terrora ABŞ-ın sərt reaksiyasını anladığını deyən A.Paşazadə xatırladıb ki, ermənilər Qarabağ münaqişəsini dini qarşıdurma kimi təqdim etmək istəyəndə, Xocalı soyqırımını törədəndə, milyonlarla insanı didərgin salanda dünyaya müraciət etsə də, bunu eşidən olmayıb. Qafqazın dini lideri hər cür terror əməlini pislədiyini deyərək eyni zamanda bu terrora dini rəng vermək istəyənlərin dini qarşıdurma yaratmaqda maraqlı olduqlarını vurğulayıb. Yarım əsrə yaxın Fələstin xalqının yaşamaq haqqının əlindən alındığını deyən A.Paşazadə dünya dövlətlərini buna biganə yanaşmaqda suçlayıb. O, əfqan xalqının otuz ildən yuxarı sivil dövlətlər tərəfindən qanlı münaqişəyə cəlb olunduğunu qeyd edərək bu qarşıdurmanın səbəblərinin araşdırılmasını istəyib. İslam dininin, müsəlman ölkələrinin və müsəlmanların terrorda ittiham olunması ilə heç vaxt barışmayacağını deyən A.Paşazadə bütün bu hallara birdəfəlik cavab vermək üçün bu ilin sonuna kimi Bakıda bütün dünya dinləri başçılarının iştirakı ilə beynəlxalq konfrans keçirməyin artıq qaçılmaz zərurət olduğunu vurğulayıb.

Azərbaycanın fond bazarı inkişafdadır

"Mən Azərbaycanın fond bazarının inkişaf dinamikasından razıyam. Yığcamlıq və sabitlik Azərbaycanın qiymətli kağızlar bazarının başlıca səciyyəvi xüsusiyyətdir. Bu bazarın inkişafı ölkənin iqtisadi həyatındakı proseslərlə həmahəngdir. Qiymətli kağızlar bazarının inkişaf dinamikası təkcə tənzimləyici orqandandan deyil, bütövlükdə ölkədəki iqtisadi situasiyadan asılıdır".
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Heydər BABAYEV Azərbaycanda fond bazarının inkişaf dinamikasını belə dəyərləndirib. Onun fikrincə, fond bazarının ən inkişaf etmiş seqmenti, əsasən, Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) üstünlük təşkil etdiyi qiymətli kağızlar bazarıdır. Bu seqment bazarda həcminə və iştirakçılarının sayına görə üstünlüyə malikdir. Hərracların dəqiq və şəffaf mexanizmi vardır. Bunu təmin etmək tənzimləyici orqan kimi QKDK-nın başlıca vəzifəsidir. Beynəlxalq Valyuta Fondunun ekspertləri də Bakı Fond Birjası ilə tanışlıq zamanı buna əmin olublar. Korporativ qiymətli kağızlar bazarının vəziyyətini qiymətləndirərkən isə DQKQ-nın sədri deyib: "Mən hələlik bu bu bazarın mütəşəkkil olduğunu söyləyə bilmərəm. Yalnız normal listinq və birja qiymətləndirmələri təşkil edildikdən sonra bu barədə danışmaq olar". H.Babayevin sözlərinə görə, hazırda Azərbaycanda 200-ə yaxın səhmdar cəmiyyətinin (SC) səhmlərinin satışı təşkil edilir ki, bu SC-lərdən 70-nin səhmləri Bakı Fond Birjasında (BFB) qiymətləndirilir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, Milli Depozit Mərkəzində (MDM), bəzilərinin yanlış təsəvvür etdiyi kimi, qiymətli kağızların hərracı deyil, onların alqı-satqısı üzrə bağlaşmaların qeydiyyatı aparılır. Bu işin həcmi o qədər də böyük deyil. Belə ki, BFB-də bağlanmış sövdələrin həcmi 4 milyard manatdan artıqdır, MDM-də qeydiyyata alınmış bağlaşmaların nominal üzrə həcmi isə 27 milyon dollardır. Qeyd etmək lazımdır ki, şirkətlər və aksioner cəmiyyətləri bu bazarın ən vacib alətlərindən olan korporativ veksellərin əhəmiyyətini başa düşməkdədirlər.
BFB-nin Azərbaycanın fond bazarının inkişafındakı rolunu dəyərləndirən QKDK rəhbəri deyib: "Milli qiymətli kağızlar bazarının formalaşmasında Bakı Fond Birjasının rolunu şişirtmək olmaz. Təbii ki, bu işdə onun rolu böyükdür. Çünki ölkədə yeganə mütəşəkkil fond meydançasıdır. Bu tipli başqa bir qurum - qiymətli kağızların hərraclarını təşkil etmək üçün lisenziya almış Azərbaycan Fonda Birjası (AFB) heç nə edə bilmədi. Hərçənd ki, belə olacağını biz əvvəlcədən güman edirdik, çünki birjanın yaradılmasının məqsədi aydın deyildi. AFB-də hərraclar başlanmadı, birjanın rəhbərliyi özü işi dayandıraraq, öz təşəbbüsü ilə lisenziyadan imtina elədi". QKDK-nın sədri bildirib ki, "tənzimləyici orqanın rəhbəri kimi mən, təbii ki, BFB-nin işindən tam razı deyiləm. Çünki onun potensialı daha böyük uğurlar qazanmağa imkan verir". Həqiqətən də, bu gün Azərbaycanın qiymətli kağızlar bazarında mühasibat uçotunun aparılmasından tutmuş emitentlərin problemlərinədək bir sıra bir sıra çatışmazlıqlar özünü göstərməkdədir. "Qanunvericilik bazası formalaşmışdır və o, qiymətli kağızlar bazarının inkişafına imkan verir. Hüquqi baxımdan hər hansı maneə yoxdur, çox şey xalqın mentalitetindən, şirkətlərin siyasətindən və başqa məsələlərdən asılıdır. Ancaq korporativ qiymətli kağızlar bazarının inkişafı üçün mövcud hüquqi-normativ baza yetərli deyil," - deyə H.Babayev qeyd edib.
QKDK-nın hazırladığı "Səhmdarlar cəmiyyətləri haqqında" və "Qiymətli kağızlar haqqında" yeni qanun layihələri qiymətli kağızlar bazarında işləmək üçün şəraitin yaradılmasına istiqamətlənib. Birinci sənəddə xırda səhmdarların mənafeyinin müdafiəsi üzrə QKDK-nın işi ilə bağlı bir çox məsələlər nəzərə alınıb. Bu, çox vaxt aparan və bir qədər də az nəzərə çarpan işdir. Belə ki, hər gün QKDK-ya səhmdarların hüquqlarının pozulması haqqında 10-15 şikayət daxil olur. Komitənin gördüyü işin nəticəsində indi səhmdar cəmiyyətlərinin əksəriyyəti bilir ki, xırda səhmdarların hüquqlarını qoruyan bir orqan var. İkinci qanun layihəsi tənzimləyici orqan kimi QKDK-nın funksiyalarını daha dəqiq müəyyənləşdirir. QKDK Azərbaycanın fond bazarının 2001-2010-cu illərdə inkişaf strategiyasını da hazırlayıb. Həmin strategiyaya əsasən, bazarda yeni maliyyə alətləri tətbiq edilməli, qiymətli kağızlarla işə əhali daha geniş cəlb olunmalı, bazar iştirakçılarının (brokerlərin və dilerlərin) peşə səviyyəsi artırılmalıdır.
"Bununla belə, biz əhalinin qiymətli kağızlar bazarında gəlir əldə edəcəyinə təminat verə bilmərik," - deyə QKDK-nın sədri vurğulayıb. O həmçinin bildiib ki, Azərbaycanın qiymətli kağızlarının xarici kapital bazarında yerləşdirilməsinə ehtiyac var. Heç bir ölkənin yalnız öz daxili resursları hesabına yüksək inkişafa nail olması mümkün deyil. Buna görə də xaricdən ə resurslar cəlb etmək lazımdır. QKDK sədrinin sözlərinə görə, bu cür vəsaitlər, bir qayda olaraq, ölkə daxilində infrastruktur səciyyəli investisiya layihələrinin həyata keçirilməsi üçün lazımdır. Hökumətin beynəlxalq maliyə qurumlarından aldığı kredit vəsaitləri tamamilə başqa səciyyə daşıyır və siyasi motivlərlə müşayiət edilir. "Kapital cəlb etmək üçün yeganə yer maliyyə bazarlarıdır və hökumət də bundan fayda götürmək üçün qymətli kağızlar buraxmalıdır. Bu cür kağızlara bondlar - istiqrazların müxtəlif növləri daxildir. Bondların buraxılması öz-özlüyündə məqsəd deyil. Hökumət hər şeydən əvvəl investisiya qoyulacaq sahələri müəyyənləşdirməlidir. Bu yolu seçən dövlət öz kredit reytinqi ilə bazara gedir. Bunun üçün investisiya bankı seçilir. Bütün əməliyyatları da bank həyata keçirir. Hökumət isə bazar şərtləri əsasında vəsait əldə edir. Bununla da hökumət maliyyə bazarında investorların ona nə dərəcədə etibar etdiyini yoxlayır," - deyə H.Babayev fikrini yekunlaşdırıb.

Müstəqillik bayramına hazırlıq gedir

Dünən prezident Heydər Əliyevin yanında Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü münasibəti ilə keçiriləcək tədbirlərə həsr olunmuş müşavirə keçirilib.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev yubileyin qeyd olunması münasibətilə bu il martın 20-də imzalanmış prezident fərmanın icrası ilə əlaqədar hesabatla çıxış edib. R.Mehdiyev yubiley münasibəti ilə elmi-praktik konfransların keçiriləcəyini, Azərbaycanın müstəqillik xronikasını, qarşılaşdığı problemləri və əldə etdiyi uğurları əks etdirən çoxsaylı materialların beynəlxalq ictimaiyyətə təqdim olunmaq üçün İnternet səhifələrində yerləşdirildiyini bildirib. Müstəqilliyin ildönümü ilə bağlı xüsusi ensiklopediya, 10 illik tarixi hadisələri özündə toplayan kitablar hazırlanıb. Təhsil naziri Misir Mərdanov, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, Yazıçılar Birliyinin sədri Anar Rzayev təntənəli tədbirlərlə bağlı görülmüş hazırlıq işləri barədə məlumat veriblər.
Müşavirədə çıxış edən prezident Heydər Əliyev dövlət müstəqilliyinin 10-cu ildönümü münasibətilə aparılmış işləri təqdirəlayiq hesab edib. Dövlət başçısı bildirib ki, görülmüş tədirlərlə kifayətlənmək olmaz və Azərbaycanın müstəqilliyinin 10 illik tarixi xalqımızın taleyüklü ömür yolu kimi dərindən öyrənilib təhlil edilməlidir. Prezident xüsusi olaraq qeyd edib ki, müstəqillik tarixində hər bir vətəndaşın rolu var. Dövlət başçısının sözlərinə görə, bu yubileyin qeyd olunması Azərbaycanda milli birliyin təntənəsinə çevrilməlidir. Prezident yubileyi yüksək səviyyədə keçirmək üçün nazirlik, komitə və digər qurumların rəhbərlərinə konkret göstərişlər verib.

Norveç səfirinin missiyası başa çatıb

Dünən XİN başçısı Vilayət Quliyev Norveçin Azərbaycandakı səfiri Olav Berstadı diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib. Görüş zamanı Azərbaycan və Norveç arasında ələqələrin inkişafı daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Məlumatı XİN mətbuat mərkəzi yayıb.

"Etibar Məmmədovun da siyasi kursu ilə razı deyiləm"
Firudin Cəlilov: "AMİP-AXCP sazişi baş tutsa da, effekt verməyəcək"

Firudin Cəlilov AMİP-dən gedəcəyini çoxdan söyləmişdi, daha doğrusu, siyasətçilər demiş, bunu istisna etməmişdi. Amma əslində Firudin Cəlilov AMİP-in siyasi həyatından hələ Mərkəzi Şura sədrliyindən gedəndən sonra uzaqlaşmışdı. Lakin onun AMİP-ə formal da olsa bağlılığı vardı... O, bir çox siyasilər kimi partiyadan getməsiniÿşişirtmək, bundan reklam olunmaq istəmir. Amma AMİP-i tərk etməsini mətbuatdan gizli saxlamaq istəsə də, alınmadı. Müsahibənin razılığını almağımız isə o qədər də asan olmadı...

-...Bu günlərdə Aydınlar Birliyinin konfransı olub. İndiyə kimi Aydınlar Birliyinin İdarə Heyətinin üzvü idim. Bu dəfə həm İdarə Heyətinə, sonra da məlum oldu ki, eyni zamanda sədrə müavin seçiblər. Birliyin nizamnaməsində göstərilir ki, sədr və ya müavin hər hansı bir siyasi partiyanın üzvü ola bilməz. Orda dedim ki, əgər bu quruma sədr müavini seçilmişəmsə, onun nizamnaməsinə də əməl etməliyəm. Həmin konfransda partiya liderləri və jurnalisitlər var idi. Görünür AMİP-dən getməyimlə bağlı məlumatlar onlardan sızıb. Qəzetlərdən zəng edəndə deyirəm ki, bundan ajiotaj yaratmaq lazım deyil. Kiminsə partiyadan başqa birisinə keçməsi və ya istefa verib getməsi siyasi həyatımıza norma kimi oturmalıdır. Onu da deyim ki, bu günlərdə QAT-ın Ağsaqqallar Şurasına da dəvət edilmişəm.

Etibar Məmmədov qurultaydan sonra bir-iki nəfər istisna olmaqla hamını faktiki olaraq "partiyanın arxivi"nə atdı. Bəlkə elə AMİP-dən gedib Aydınlar Birliyinə üstünlük verməyiniz də bununla bağlıdır?

- Xeyir. Partiyanın sıravi üzvü olduğum dövrdən Mərkəzi Şuraya sədr seçilənə qədər AMİP-in mətbəxini gözəl bilmişəm. Siyasət belədir ki, partiyaların reytinqi gah qalxır, gah enir. AMİP-də də bu var. Orda olanda AMİP-çilərin mənə münasibəti çox yaxşı olub. Hətta Mərkəzi Şuraya seçkilərdə ən çox səs toplayan iki nəfərdən biri mən oldum. 10 illik partiyanın artıq sütunu formalaşıb və ordan 10 və ya 50 nəfərin getməsi heç nəyi dəyişmir.

Bizdə olan məlumata görə, AMİP-dən getməyə qərar verəndən sonra Etibar Məmmədovla təkbətək görüşünüz olub.

-Etibar Məmmədovla belə bir görüşümüz olub. O dedi ki, qəzetlərdən zəng edib məlumatın nə dərəcədə doğru olub-olmadığını soruşurlar.

Görüşdə Etibar Məmmədov AMİP-lə bağlı mətbuatda kəskin açıqlamalar verməməyi xahiş etmədi ki? Axı, Şadman Hüseynin də partiyadan getməyə hazırlaşması AMİP-ə ciddi zərbə ola bilər.

- Görüşümüzdə belə bir söhbət ola bilməzdi. O, bilir ki, mən heç kimin arxasınca danışamışam. Həm də ki, AMİP-dəkilərin əksəriyyəti mənim dostlarımdır. Məni istəməyənlər 1-2 faiz təşkil edirsə, bu da normal haldır.

Ümumiyyətlə AMİP-dən getməyi konkret hansı hadisədən sonra qətiləşdirdiniz?

- Mən hər hansı partiyada deyil, partiyaların fövqündə dayanan qurumda təmsil olunacam. Bu da mənim fəaliyyətimi çərçivəyə salmayacaq.

AMİP-lə bərabər siyasətdən də gedirsiniz?

- Yox, bu o demək deyil ki, mən siyasətdən uzaqlaşıram. Mən siyasətin içindəyəm. Hansısa partiyada, onun rəhbərliyində ola-ola bir məsələyə münasibət bildirəndə müəyyən çərçivəni, sərhəddi gözləməlisən. Sərbəstliyi sevirəm və məsələlərə öz baxışım var. Mahiyyətim partiya funksioneri olmağa imkan vermir.ÿSiyasi xarakterim daha çox hərəkatçı xarakteridir. Ona görə də AMİP-dən getməyim nə Azərbaycan xalqının, nə də ki, partiyanın problemi deyil. Bu, adi bir texniki məsələdir.

Yadınızdadırsa, bir neçə ay əvvəl "AMİP nizamnaməsi bəzən sərbəst fəaliyyət göstərməyimə mane olur" demişdiniz. Bəlkə bundan sonra başqa partiyalarla yanaşı AMİP sədrinin səhv addımına da kəskin münasibətinizi bildirəcəksiniz...

- Tək Etibar Məmmədovla deyil, bir çox partiya sədri ilə təkbətək görüşmək imkanım olub. Mətbuatda deyə biləcəyim iradları həmişə onların özlərinə bildirmişəm. Siz deyən məqam gələrsə, yenə də təklikdə onlara münasibətimi bildirəcəm. Etibar Məmmədovla son görüşümdə belə bir söhbət də oldu ki, AMİP-dəki fəaliyyətimi dondurum.

Gəlin məsələni bir az da konkretləşdirək, hal-hazırda AMİP-in sıravi üzvüsünüz?

- Bunlar texniki məsələlərdir.ÿİndi Aydınlar Birliyinin sədri Vaqif bəy də burada yoxdur. Mənim AMİP sıralarında qalmağım ancaq Aydınlar Birliyinin nizamnaməsini pozmaqla mümkün olar. Ya mən nizamnaməyə, ya da nizamnamə mənə uyğunlaşmalıdır. Bundan sonrakı siyasətimi AMİP-də yox, Aydınlar Birliyində davam etdirəcəm.

Sizə elə gəlmir ki, rəhbərlikdə sıxışdırılmağınız 1997-98-ci illərdə Mərkəzi Şuranın sədri kimi Etibar Məmmədovu bir qədər kölgədə qoymağınız olub?

- Sizinlə razı deyiləm.ÿDüzdür, mən Elçibəy hökumətində təmsil olunmuşam və AMİP-ə sonradan gəlmişəm. MŞ-yə sədr seçiləndən sonra AMİP-lə müxalifət partiyaları arasındakı sərinliyi aradan qaldırmağa çalışdım. Sonra AXCP ilə saziş imzalamağa nail olduq.ÿGörünür mətbuatın siz qeyd etdiyiniz diqqəti də mənim bu fəaliyyətimlə bağlı olub və bütün bunlar da Etibar Məmmədovun xeyirinə idi.

Bəs Etibar Məmmədovun siyasəti Sizi qane edirdi?


- Azərbaycanda elə anormal siyasi mühit var ki, tək Etibar Məmmədovun yox, digər partiyaların da siyasi kursu ilə razı deyiləm. Onların işində yaxşı və pis cəhətlər var. Ən böyük arzum o olub ki, Azərbaycanın həm iqtidarı, həm də müxalifəti güclü olsun. Ona görə də sizin bu sualınıza mənfi cavab verirəm.

Aydınlar Birliyindən sonra hansısa partiyada fəaliyyətə balayacağınız gözlənilirmi? Çünki bir müddət əvvəl Müsavat Partiyasına keçəcəyinizlə bağlı məlumat yayılmışdı.

- 6-7 il üzvü olduğum AMİP-dən gedirəmsə, başqa partiyaya keçməyə məntiqsizlik kimi baxıram. Təvazökarılqdan uzaq olsa da, mənim kimi ziyalının hərəsi bir partiyadır. Ona görə də özümüzü partiya çərçivəsinə salanda əl-qolumuzu bağlayırıq. Dünənə qədər bir fikir söyləyəndə o dəqiqə fikirləşirdim ki, bu, AMİP-çilərin xoşuna gəlməyə bilər. Ona görə də həmin sözü saxlayırdım, demirdim. Amma bundan sonra fikrimi sərbəst deyə biləcəm. İndi mənim sözümə görə AMİP də məsuliyyət daşımayacaq.

Belə demək olarmı ki, Firidun Cəlilov AMİP-dən hələ il yarım əvvəl - Mərkəzi Şura sədrliyindən gedəndən uzaqlaşıb?

- Faktiki olaraq həmin vəzifədən istefa verəndən sonra özümü AMİP-in siyasi həyatından kənar hiss edirdim. Əgər partiyanın aktiv siyasi həyatından uzaqlaşırsansa, demək tamam ayrı bir yol tutmusan.

AXCP ("islahatçılar") - AMİP sazişinə partiyada narazılar olub. Sazişə Sizin münasibətiniz necədirn?

- İnteqrasiyanın tərəfdarı olsam da, bu cür sazişlərin tərəfdarı olmamışam. Etibar bəyin özünə də dedim ki, yalnız sağ partiyaları bir araya gətirə biləcək sazişlərin tərəfdarıyam. Bu saziş baş tutsa da, onun effekt verməyəcəyinə əminəm.

Niyə?

- Bu cür partiyalar bir yerdə olmalıdır. Əgər partiyaların dublikatları yaranırsa, bu cür sazişlərin əhəmiyyəti heç vaxt olmayacaq.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd