Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#123(347)
"Azəri"də iş təxirə salınıb

Gələn ayın ortalarında "Casrian Shiryard Comrany" birgə müəssisəsi "Dədə Qorqud" üzən qazma qurğusunun modernləşdirilməsinə başlayacaq. Bu barədə ARDNŞ-dən verilən məlumata görə, qurğunun moderləşdirilməsi ilə əlaqədar "Azəri" yatağındakı birinci kəşfiyyat quyusunda qazma işləri növbəti ilə kimi təxirə salınır. Qeyd edək ki, "Dədə Qorqu"dun müasirləşdirilməsi, ən tez halda, ilin sonuna kimi başa çatdırıla bilər.

"Yanan tava"da ilk quyu

Gələn həftə "Əli Əmirov" geotexniki gəmisi "Yanan tava" strukturunda pilot quyuların qazılmasına başlayacaq. Yaponiya şirkətləri kosorsiumunun (YAOC) sifarişi ilə ilə aparılacaq işlər zamanı strukturun bəzi sahələrində qruntun öyrənilməsi məqsədilə 4 quyu qazılacaq. Qeyd edək ki, ötən həftə anoloji işlər "Atəşgah" strukturunda aparılıb.

Neftin qiyməti qalxacaq

Əgər neftin qiymətləri OPEK-in müəyyən etdiyi səviyyədən - 1 barelə görə 22 dollardan da aşağı düşərsə, bu təşkilatın üzvü olan dövlətlərin nazirlərinin mövqəladə görüşü 14 noyabrda keçirilməsi nəzərdə tutlan növbədənkənar Vena konfransından əvvəl baş tuta bilər. Bu barədə məlumat verən Küveytin neft naziri Abdel Xalid əl-Sabah bildirib ki, yaxın vaxtlarda dünya bazarında neftin qiyməti sabitləşəcək. Nazirin sözlərinə görə, neftin 1 barelinin qiyməti 25 dollaradək yüksələcək.

Rusiya ixracı azaldır

Rusiya neftin qiymətinin sabitləşməsi ilə əlaqədar OPEK siyasəti ilə hərəkət etmək barədə bu təşkilata verdiyi vədlərə əməl etməyə çalışır. Bu barədə məlumat verən Rusya baş nazirinin müavini Viktor Xristenko bildirib ki, 3-cü kvartpalla müqayisdə 4-cü kvartalda neft ixracı 1 milyon ton azaldılacaq. Xristenkonun sözlərinə görə, neft ixracının azaldılması dünya bazarındakı ümumi vəziyyətlə, həmçinin texniki imkanlarla əlaqədardır.

Şuranın tərkibi tam formalaşdı

Dünən Milli Məclis tərəfindən Dövlət Qulluğunu İdarəetmə Şurasına təyin edilən üzvlər də müəyyənləşib. MM-in sədri Murtuz Ələsgərovun imzaladığı qərara əsasən, 1-ci vitse-spiker Arif Rəhimzadə, MM-in "İnsan hüquqları" daimi komissiyası sədrinin müavini Rəbiyyət Aslanova, millət vəkili Əli Əhmədov, maliyyə naziri Əvəz Ələkbərov, MM-in "Elm, təhsil" daimi komissiyasının sədri Şahlar Əsgərov, Naxçıvan MR Ali Məclis sədrinin müavini Zahid Əzizov Şuranın üzvləri təyin edilib. Qeyd edək ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Dövlət Qulluğunu İdarəetmə Şurasının 12 nəfərlik tərkbinin 6-sı prezident, 6-sı isə Milli Məclis tərəfindən təyin edilir.

Çeçenlərlə danışıq başlanıb

Rusiya prezidentinin köməkçisi Sergey Yastrjembski dünənki mətbuat konfransında federal strukturlarla Məshədov hökmətinin nümayəndələri arasında dialoqun başlandığını bildirib. "Hazırda prezidentin Cənub dairəsində səlahiyyətli nümayəndəsi Viktor Kazantsevlə cənab Məshədovun nümayəndələri danışıqlar aparır," - deyə Yastrjembski bildirib. O qeyd edib ki, hələlik dialoq telefon danışıqları səviyyəsində aparılır. Qeyd edək ki, indiyədək rəsmi Moskva Çeçenistan prezidentinin nümayəndələrilə danışıqların mümkünlüyünü qəti şəkildə rədd edir və ultimativ şəkildə təslim olmasını tələb edirdi.

Vaşinqton "Şahdəniz" sazişini alqışlayır

ABŞ "Şahdəniz" yatağından Azərbaycan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə nəqlinə dair sazişin imzalanmasını alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Riçard Bauçer bəyanat verib. Bauçerin sözlərinə görə, Bakı-Tbilisi-Ərzurum sazişinin imzalanması prezidentlər Heydər Əliyev və Eduard Şevardnadzenin uzaqgörənliyi sayəsində mümkün olub. Öz növbəsində Gürcüstanın xarici işlər naziri bəyan edib ki, "Azərbaycan qazının istismarı sahəsində Tbilisinin Bakı ilə müqavilə imzalaması onun Rusiya ilə əməkdaşlıqdan imtina etməsi demək deyil".

Müharibə üçün hər şey hazırdır

ABŞ prezidenti Corc Buş xalqa müraciət edərək müharibə üçün hər şeyin hazır olduğunu deyib. Prezident müraciətində cavab tədbirlərinin özəlliklərinə toxunarkən altı dəfə "tədricən, amma düzgün" ifadəsini işlədib. Buş deyib ki, əməliyyatlara hazırlıq bir qədər çox vaxt aparsa da, Birləşmiş Ştatlar "tamamilə başqa cür müharibə"yə tam hazırdır. Prezident xalqı əmin edib ki, "Yeri gəlsə, ABŞ ordusu partizan müharibəsi də aparacaq". Artıq 30 min ABŞ əsgəri Əfqanıstanla sərhəddə mövqe tutub. Əməliyyatlarda ABŞ hərbçilərindən başqa Britaniya xüsusi təyinatlıları (SAS) da iştirak edəcək. Makedoniyada silahların yığılmasını həyata keçirmiş Britaniya hərbi hissələrinin bir hissəsi bölgədən çıxarılır. Qalan qüvvələr Omanda hərbi təlimləri başa çatdırıb və döyüşə hazır vəziyyətdədir.

Naxçıvana təzə prokuror təyin olunub

Naxçıvan DİN pasport xidmətinin əməkdaşı 29 yaşlı Səbuhi Şahverdiyev muxtar respublikaya prokuror müavini təyin edilib. "Turan"ın bölgə müxbirin məlumatına görə, S.Şahverdiyev 1989-cu ildən Naxçıvan DİN sistemində çalışıb.

ABŞ təhqiqatın nəticələrini NATO-ya təqdim edib

Oktyabrın 2-də ABŞ sentyabrın 11-də baş vermiş terror aktlarının təhqiqatının nəticələri və onun tördilməsində məsuliyyət daşıyanlar barədə NATO-ya məlumat verib. Bu barədə NATO baş katibi Corc Robertsonun dünənki bəyanatında bildirilir. Onun sözlərinə görə, terror aktlarının təşkilatçıları və iştirakçıları haqda məlumatın mənbəyi Dövlət Departamenti rəhbərliyidir. Əldə edilmiş məlumatlardan bəlli olur ki, terror aktlarını Üsəma ben Ladenin başçılıq etdiyi "Əl-Kaeda" təşkilatı törədib. "Faktlar aydın və hərtərəflidir," - deyə bəyanatda vurğulanır. C.Robertson bildirir ki, baş verənlərə NATO üzvlərindən birinə qarşı təcavüz kimi baxılmalıdır, eyni zamanda Şimali Atlantika müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq alyansın bütün üzvlərinə hücum kimi qiymətləndirilir.

Ehtiyatda olan zabitlər qurultay keçiriblər

Ötən bazar günü Azərbaycan Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyasının 1-ci qurultayı keçirilib. Tədbirdə Konfederasiyanın 3 illik fəaliyyəti haqqında məruzə və Nəzarət Təftiş Komissiyasının hesabatı dinlənilib. Konfederasiyanın yeni İdarə Heyəti formalaşdırılıb. Ehtiyatda olan general-mayor Dadaş Rzayev quruma sədr seçilib. Qurultay iştirakçıları prezident H.Əliyevə müraciət edərək, ordu quruculuğunda yaxından iştirak etməyi, xüsusilə də hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun artırılması üçün öz köməklərini təklif ediblər.

Kıvrıkoğlu: "Quru əməliyyatları itkilər vəd edir"

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sədri Hüseyn Kıvrıkoğlu Türkiyə və Rusiyanın Orta Asiya bölgəsində terrorçuluqla mübarizə sahəsində əməkdaşlıq etməsinin zəruriliyini vurğulayıb. Əfqanıstanı "terrorizm yuvası" adlandıran Kıvrıkoğlu qeyd edib ki, həmin ölkədə hərtərəfli quru əməliyyatlarının aparılması ideyası çox böyük səhvdir və iri miqyaslı canlı itkilərlə nəticələnə bilər. Türkiyə Baş qərargah rəisinin fikrincə, terrorçuların əsas dayaqları yalnız aviasiya və dəniz qüvvələri tərəfindən həyata keçiriləcək raket-bomba zərbələrilə məhv edilməli, quru əməliyyatlarının yalnız bir növündən - xüsusi təyinatlıların bölgəyə yeridilməsindən istifadə edilməlidir.

Taliban Pakistanı bombaladı

Əfqanıstanın Taliban hökumətinin artilleriyası Pakistan ərazisinə iki raket atıb. Mərmilər Bəlucistan əyalətinin Çəmən şəhərindəki nəzarət-buraxılış məntəqəsinin yaxınlığına düşüb. Bundan bir qədər sonra Əfqanıstan hökuməti İslamabaddan üzr istəyib və raket zərbələrinin Pakistan ərazisinə "təsadüfən" düşdüyünü bildirib. İslamabad bu üzrxahlığı qəbul edib. Bütövlükdə Əfqanıstan - Pakistan sərhədində gərginlik xeyli artıb. Sərhədin hər iki tərəfində qoşunlar yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib. Taliban cənub sərhədi boyunca güclü ağır artilleriya, hava hücumundan müdafiə vasitələri, raket kompleksləri yerləşdirib.

Vaşinqton fələstinlilərin dövlətçilik hüququnu tanıyır

"New Üork Times" qəzeti yaxır ki, 2001-ci ilin sentyabrında ABŞ administrasiyası hazırda İsrailə məxsus olan torpaqlarda Fələstin dövlətinin yaradılması zərurətini tanıyan sensasiyalı bəyanatla çıxış etməyə hazırlaşırmış, amma 11 sentyabr hadisələri Vaşinqtonun bu istəyini təxirə salıb. Xəbər verilir ki, ABŞ dövlət katibi Kolin Pauell BMT-nin 56-cı sessiyasının əsas hissəsinin açılış mərasimində Fələstin dövlətinin yaradılması tezisini ortaya qoymalı imiş. Sonradan Baş Assambleyanın sessiyası çərçivəsində keçirilməli olan "liderlər görüşü" qeyri-müəyyən vaxtadək təxirə salındı.

Moskva yaddan çıxdı

Vaşinqton hərbi ekspertlərinin ölkənin hərbi-strateji icmalı ilə bağlı rüblük hesabatında deyilir ki, NATO və Rusiya arasında əməkdaşlıq üçün əlverişli şərait yaranıb. Sənədin müəllifləri diqqəti belə bir məqama yönəldirlər ki, Balkanlar istisna olmaqla bütün Avropa sülh şəraitində yaşayır. Mərkəzi Avropa dövlətləri Qərbə inteqrasiya prosesini möhkəmləndirirlər. Rusiyaya gəlincə, Hesabatda bildirilir ki, "Moskva NATO üçün ciddi təhlükə törətmir". Hesabat müəlliflərinin fikrincə, hazırda Rusiya bir çox sahələrdə, o cümlədən beynəlxalq terrorizmlə mübarizədə ABŞ-la oxşar mövqedən çıxış edir.

"Şimal alyansı" ABŞ-la birlikdə döyüşmək istəyir

Əfqanıstanın "Şimal alyans"ı ABŞ-la birgə hərbi əməliyyatlarda iştirak etmək istədiyini bəyan edib. Alyansda onu bildiriblər ki, amerikalıların dinc əfqan xalqına qarşı hücum əməliyyatları keçirməsinə razı olmayacaq. "Şimal alyansı" əfqan xalqının özünün də terrorçuluğun qurbanı olduğunu xatırladıblar. Bununla belə, Şimal Alyansı Vaşinqtonun ABŞ-da baş verən məlum terror aktlarına görə cavab əməliyyatı keçirmək haqqını tanıdığını bildirib.

Tanakanın hülqumu yoxdur

Yaponiya xarici işlər naziri xanım Makiko Tanaka etiraf edib ki, Nyu-York və Vaşinqtonda törədilən partlayışlardan dərhal sonra ABŞ Dövlət Departamenti işçilərinin Vaşinqtondan Virciniya ştatındakı Arlinqton dairəsinə köçürülməsi haqda məlumatları mətbuata ötürdüyünü etiraf edib. Nazir böyük diplomatik səhvə yoldiyini boynuna alıb. O dəqiqələrdə ABŞ hökuməti neçə təyyarənin qaçırıldığını müəyyənləşdirməmişdi. Və xanım Tanakanın açıqlamaları terrorçular üçün əsil kəşfiyyat materialı ola bilərdi.

Xəbərçilik əvəzində vətəndaşlıq

ABŞ prezidenti Corc Buş terrorçular, terror təşkilatları və mütəşəkkil cinayətkarlıqla bağlı olan struktur və şəxslər haqda vacib informasiya verən adamlara Birləşmiş Ştatlarda yaşamaq haqqı verəcək qanuna imza atıb. ABŞ-ın İmmiqrasiya İdarəsi bu sahədə Vaşinqtonla əməkdaşlıq edən adamlara xüsusi vizalar verəcək. Vizaların sayına məhdudiyyət qoyulub - ildə yalnız 250 nəfər öz xidmətləri müqabilində ABŞ sakini olmağa ümid edə bilər.

Rüstəmyan AŞPA-da dediklərini danır

AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü Armen Rüstəmyan Parlament Assambleyasının iclasında Gürcüstanın Cavahetiya bölgəsi əhalisinin öz müqəddəratını təyin etməsi hüququna dair məsələni qaldırdığını danır. Erməni deputatının sözlərinə görə, o yalnız milli azlıqların öz müqəddəratını təyin etməsi haqqının olması məsələsini qabardıb, bu isə AŞ-nin prinsiplərindən irəli gəlir. Rüstəmyan AŞPA-dakı çıxışından sonra Gürcüstan nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə daha da yaxınlaşması faktını etiraf edib. Erməni deputatı Azərbaycan-Gürcüstan münasibətlərindəki yaxınlaşmanı daha çox həmin ölkələrin geopolitik maraqlarının üst-üstə düşməsi ilə əlaqələndirib.

Səudiyyə Əfqanıstana yardım göstərir

Səudiyyə Ərəbistanı Əfqanıstana 10 milyon dollar dəyərində təcili humanitar yardım göstərəcək. Bu barədə ölkənin kralı Fəhd göstəriş verib. BMT baş katibi Kofi Annan ötən həftə Əfqanıstandakı humanitar vəziyyətin acınacaqlı olduğunu bildirib, dünya dövlətlərini və humanitar təşkilatları bölgəyə 584 milyon dollarlıq yardım göstərməyə çağırmışdı. Yeri gəlmişkən, dünən ABŞ əfqanlara 100 milyon dollarlıq yardım göstərəcəyini bəyan edib.

Şevardnadze ABŞ-dadır

Gürcüstan prezidenti Eduard Şevardnadze dünən işgüzar səfərlə ABŞ-a gedib. Şevardnadzenin ABŞ prezidenti Corc Buşla görüşü oktyabrın 5-nə planlaşdırılıb. O, Vaşinqtonda ABŞ vitse-prezidenti Riçard Çeyni, dövlət katibi Kolin Pauell və müdafiə naziri Donald Ramsfeld ilə danışıqlar aparacaq. Prezident Nümayəndələr Palatası və Senatın rəhbərliyi, habelə işgüzar dairələrin nümayəndələri ilə görüşəcək. Səfər çərçivəsində E.Şevardnadzenin başçılıq etdiyi nümayəndə heyətinin BMT rəhbərliyi ilə danışıqlar aparacağı da gözlənilir. Bundan əlavə, Gürcüstanın dövlət başçısı Harvard Universitetinin auditoriyası qarşısında məruzə ilə çıxış edəcəkdir. Məlumat üçün deyək ki, Şevardnadze bu universitetin "Fəxri doktoru"dur.

Kvaşnin Ermənistana gəlib

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Anatoli Kvaşnin dünən işgüzar səfərlə Yerevana gəlib. Ordu generalı "Zvartnots" hava limanında jurnalistlərə bildirib ki, səfər əvvəlcədən planlaşdırılmış protokola uyğundur. Danışıqların əsas mövzusu Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığın perspektivi məsələsidir. Səfər çərçivəsində general Gümrüdəki 102-ci Rusiya hərbi bazasını ziyarət edəcək.

İKT nazirləri görüşəcək

Oktyabrın 10-da Qatarda İran və Sudanın təşəbbüsü ilə İslam Konfransı Təşkilatına (İKT) daxil olan 57 ölkənin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Yaxın Şərq ölkələri ABŞ-dakı terror aktlarını pisləsələr də, əksəriyyət Vaşinqtonun antiterror əməliyyatına ehtiyatla yanaşır. Taliban hökuməti İKT rəhbərliyinə müraciət edərək Amerikadakı hadisələrin günahkarlarının tapılıb mühakimə edilməsində köməklik göstərilməsini xahiş edib.

Tender qalmaqalı
YBIC rəhbərliyi qalmaqallı vəziyyətlə yerində tanış olmaq üçün öz nümayəndələrini Bakıya göndərmək məcburiyyətində qalıb

Qaradağ-"Şimal" DRES qaz kəmərinin çəkilişi ətrafında yaranmış qalmaqallı vəziyyətlə əlaqədar Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının (YBIC) nümayəndələri Bakıya gəlib. Bu barədə daxil olan məlumata görə, YBIC iki dəfə "Azəriqaz" Qapalı Tipli Səhmdar Cəmiyyətinə məktub göndərərək qaz kəmərinin çəkilişi üzrə keçirilmiş tenderin qalibini tanımadığını bəyan edib. Lakin tender komissiyası Nirron Steel-Sumitomo Corroration yapon şirkətləri alyansının xeyrinə yeni-yeni arqumentlər tapıb. YBIC rəhbərliyi qalmaqallı vəziyyətlə yerində tanış olmaq üçün öz nümayəndələrini Bakıya göndərmək məcburiyyətində qalıb. Cəmi iki gün Azərbaycanda olacaq nümayəndələr baş nazirin müavini Abid Şərifov və "Azəriqaz" QSC-nin prezidenti Əlixan Məlikovla görüşmək niyyətindədir.
Abid Şərifov jurnalistlərlə söhbət zamanı tenderin qalibinin seçilməsində guya, ədalətsizliyə yol verilməsi ilə bağlı yayılan məlumatlara münasibətini açıqlayıb. Bildirək ki, yayılan məlumatlara görə, Nirron Steel-Sumitomo Corroration qaz kəmərinin çəkilişi ilə əlaqədar tenderə ən yüksək məbləğ təklif edib. Lakin Abid Şərifov bu məlumatları təkzib edərək bəyan edib ki, tenderin qalibinin seçiləcəyi barədə danışmaq hələ tezdir. Çünki "Tender haqqında" qanuna əsasən tenderin qalibi 90 gün ərzində müəyyənləşməlidir.
Tender komissiyasının sədri Nazim Səmədzadə məlumat vermişdi ki, tenderin nəticələri yekunlaşdırılaraq YBIC-ə göndərilib. O da məlumdur ki, YBIC tenderdə niyə məhz sözügedən alyansa üstünlük verildiyini daha ətraflı öyrənmək məqsədilə "Azəriqaz"a sorğu göndərib.

Moskvada Azərbaycan bankı açılacaq

Yaxın ayyarım ərzində Azərbaycan Beynəlxalq Bankı (ABB) Moskvada özünün törəmə bankını açmağı planlaşdırır. Bu barədə məlumat verən ABB idarə heyətinin sədri Cahangir Hacıyev bildirib ki, onlar lisenziya almaq məqsədilə artıq Rusiya Mərkəzi Bankına müraciət ediblər. Rusiya Mərkəzi Bankının tələblərinə əsasən yeni açılan bankın nizamnamə kapitalı minimum 10 milyon avro təşkil etməlidir. C.Hacıyev qeyd edib ki, yeni bankın nizamnamə kapitalı, həmçinin digər xərclər yalnız ABB-nin vəsaitləri hesabına yaradılacaq. Hacıyevin sözlərinə görə, hesablamalar göstərib ki, bank qısa zaman ərzində özünü doğruldacaq. PriceWaterhouse (Moskva) konsaltinq şirkəti törəmə bankın biznes-planının hazırlanmasını başa çatdırıb.
C.Hacıyevin bildirdiyinə görə, Rusiyanın bank fəaliyyəti ilə bağlı qanunvericiliyi liberallaşdırılır, ona görə də törəmə bankın açılmasında problem yaranmayacaq. Digər tərəfdən Rusiya Mərkəzi Bankının yeni qərarına əsasən bu ölkənin vətəndaşlarına xarici banklarda hesab açmasına icazə verilib. Moskvada ABB-nin törəmə bankının açılmasına səbəb Rusiyadan Azərbaycana iri köçürmələri leqallaşdırmaqdır. Həmçinin bank Rusiyada sayı təqribən 2 milyon nəfərə çatan azərbaycanlılara xidmət göstərmək niyyətindədir. C.Hacıyevin sözlərinə görə, hazırdan Moskvadan Azərbaycana pul köçürmələrini ABŞ-ın Money Gramm və Wester Union şirkətləri vasitəsilə həyata keçirmək olar. Lakin onların xidmətləri çox baha - ümumi məbləğin 5 faizinə başa gəlir.

Yeni pul əskinasları gətiriləcək

Oktyabr ayından başlayaraq Azərbaycan Milli Bankı 0,5 trilyon manat həcmində köhnəlmiş pul əskinaslarını məhf edəcək. Bu barədə məlumat verən ölkənin baş bankiri Elman Rüstəmov bildirib ki, yalnız dövriyyədən çıxarılmış yararsız əskinaslar aradan götürüləcək. E.Rüstəmovun bildirdiyinə görə, Milli Bankı periodik olaraq köhnə əskinasları təzələrilə əvəz edir. Belə ki, gələn ilin I kvartalında ölkəyə 1000, 10000 və 50 000 manatlıq banknotların gətrilməsi planlaşdırılır. Yeni pullar partiyalarla-yanvar, fevral və martda ölkəyə daxil olacaq. Qeyd edək ki, 2001-ci ilin yanvar-avqust ayları ərzində respublikada dövriyyəyə 5,35 trilyon manat buraxılıb.

34 saylı məktəb həyata qaytarıldı

Bu gün Bakının 34 saylı məktəbində ötən il noyabrın 25-də baş vermiş zəlzələ ilə əlaqədar bərpa işlərinin başa çatmasına həsr olunmuş təntənəli mərasim keçiriləcək. Zəlzələ nəticəsində məktəbin binasına ciddi zərər dəydiyindən, təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. 185 və194 saylı məktəblərdə olduğu kimi burada da bərpa işlərini İrlandiyanın Robero Ltd şirkəti aparıb. Qeyd edək ki, 250 min dollarlıq bərpa işlərini ABŞ hökuməti maliyyələşdirib. Hər üç məktəbdə aparılan işlər zamanı, su, istilik sistemi dəyişdirilmiş, siniflər və idman zalları təmir olumuşdur. 34 saylı məktəbdə keçiriləcək mərasimdə ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonun da iştirak edəcəyi gözlənlir.

Ekspertizanın rəsmi rəyi yoxdur

Sumqayıt şəhərində Katej adlanan bağ massivində bədəninin bir tərəfi yanmış kişi meyiti tapılıb. Mərhumun bədinində güllə yarası olduğu söylənsə də, hələlik bu barədə ekspertizanın rəsmi rəyi yoxdur. Meyitin şəxsiyyəti artıq müəyyənləşdirilib. Bu, 45 yaşlı Tahir Sultanovdur. Polislərin ölüm faktı ilə bağlı ilkin versiyası isə belədir: o, huşunu itirərək neft lampasının üstünə yıxılıb.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd