Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#123(347)
XXI
m.nur@azeurotel.com

Sərhəd böcəyim

Çöhrəqani qeybət torunun içindədir...
Və kimin nə deməyindən asılı olmayaraq cənublu-şimallı qardaşlarımız söz-bez "köçürmələr"indən usanmayacaq. Bu qəbildən olan qeybət otaylı-butaylı bacılarımıza qətiyyən aid edilə bilməz. Cənubdan Şimala axan xəbərlər sərhəd böcəyi qədər azaddır. Bu, inək deyil, xurma deyil, İnsan deyil. Qeybətləri ötürməyə, yetirib ovuclara qoymağa pul və əziyyət gərəkmir. Bu, da illərcə qalıb-yaşamış xəbərləmə və xəbərdaşıma mədəniyyətimizdir...
Cənub xəbərlərimiz sərhəd böcəyi qədər marşrutsuzdur. Cənubla bağlı yayılan informasiyalarımız janrın çərçivələrini istədiyi vaxt, çox rahatca sındıra bilir. Biz həm Tehrandan, həm də Bakının içindən hay-küylü, xaotik xəbərlər alır, yalnız təsəvvür yaradacaq qədər özümüzü doyuzdura bilirik. Məsələn, Çöhrəqaninin hüquqları pozulur, bu kişinin az qala asacaqlar: birdən-birə hifz olunur. Sonra istədiyi sözləri danışa bilir. Birisi deyir İranın agentidir: deyir, axı onda kəskin dəyişən situatsiyalar barədə "təsəvvürlər koridoru" yoxdur. Bakıda bu sahəni işıqlandırmalı olan siyasətçilər onsuz da tanıdığımız İranı söyüb beynimizi və qulağımızı qabar etməkdənsə, o ölkə və o ölkədə baş verən konkret hadisələrin ətrafı barədə konkret təsəvvürlər yaratmaq istəmirlərmi? Tutaq ki, burada təhsil alan iranlı tələbələrə dəfələrlə öz məktəb xatirələri barədə reprotaj yazmağı, əslində hüquqların necə və nəcür pozulduğu haqda canlı (məhz canlı!) mətnlər, bəzən fotogörüntülər təqdim etmələrini xahiş etmişəm. Qorxurlar. Nədən? Hara bağlıdırlar? Kimə bağlıdırlar? Niyə bizi məhdud informasiya blokadasında saxlayıb yalandan günlərinə ağlamağa məcbur edirlər? Axı mən İranı tanımaq istəyirəm. Məni bu haqdan məhrum etməyə haqqınız varmı?
Çöhrəqanlı siyasi səhnədə birdən "dirilir". Bu "dirilmə"lərə qədər olanları illüziya formasında eşitdiyimz halda, ətrafında gəzən pul söz-söhbətləri barədə xəbərlər dəqiq, cavablı-izahatlı yayılır. İctimai rəyi bu məhəlli atmacalar bezdircək axı... Tehranda hər gün bizim istəyəcəyimiz qədər azərilər dünyaya gəlir. Mən o körpələrin bələyi ətrafında baş verənlərə daha çox inanıram, nəinki Çöhrəqaniyə. İnandıra bilənlər hanı? Duyursunuzsa, Çöhrəqaniyə də qeybət torunun içində qalmaq bir az sərfəlidir...

Məqsəd Nur

Suallı künc

Amerikanın bizə işi düşüb

Vaşinqton xeyli ölçüb-biçdikdən sonra savaşa qərar verdi. Bu müharibənin ağır və üzücü olacağını praqmatik Amerika yaxşı anlayır. Fövqəldövlət kimi gücünə arxayın olsa da, əlavə "təhlükəsizlik kəməri"nə ehtiyacı var. Odur ki, indiki kritik məqamda "işi keçəcək" hər kəslə şirin dillə danışır. Başladığı əməliyyatın təkcə taktiki deyil, strateji yöndən də maksimum uduşlu olmasını hədəfləyən Amerika mümkün qədər geniş koalisiyaya can atır. Özünün etirafına görə, 100-dən artıq ölkə kəşfiyyat informasiyası ilə, 30-a yaxın ölkə bilavasitə əməliyyatlara yardım etməklə bu koalisiyada çıxış edəcək. Möhtəşəm göstəricidir. Dünyanın yarısı Amerikaya kömək göstərəcək.
Biz də onların arasındayıq. Özü də "30-luğa" daxilik. Azərbaycanın Amerikaya zəruri infrastruktur və kommunikasiya yardımı edəcəyini bildirməsi okeanın o tayında xoşhallıq doğurub. Amma belə məsələlərin sadəcə diplomatik dilxoşluqla tənzimlənmədiyi amerikalılara da, bizə də aydındır. Böyük siyasətdə qarşılıqlı anlaşma bəlağətli bəyanatlara, hörmət izharına deyil, konkret əmələ söykənməlidir.
Biz praktik məramımızı ortaya qoymuşuq. Növbə Amerikanındır və o bizim nə gözlədiyimizi yaxşı bilir. 1992-ci ilin noyabrından Azərbaycana tətbiq olunan "907-ci qadağa" iki ölkənin münasibətlərində xeyli "su aparıb". Qadağanın müəllifi ABŞ Konqresi, onu qüvvəyə mindirən isə oğul Buşun dədəsi olub. O vaxtdan bəri Azərbaycanın bütün iradlarına Ağ Ev administrasiyası "Biz bu düzəlişin diskriminasiya olduğunu anlayırıq, ancaq nə edək ki, Konqresi yola gətirə bilmirik" cavabı ilə kifayətlənib.
Amma bu o vaxtlar idi ki, Amerikanın bizə işi düşməmişdi. İndiyədək neft-qazımızda, strateji layihələrdə istədiyi qədər pay alsa da, "Ermənistan-Azərbaycan münaqişəsində bitərəf vasitəçiyik" desə də, Vaşinqtonun yeritdiyi siyasət nəticə etibarilə Ermənistanı matah yerinə qoyur. Amerikanın təcavüzə məruz qalan Azərbaycanı dövlət yardımından məhrum etməsi, təcavüzkara isə ildə onun büdcəsinin dörddə biri qədər təmənnasız vəsait ayırmasına özgə nə ad vermək olar.
İndi ABŞ prioritetlərini başqa bucaq altında düzür. Burada lobbiçilik, elektoral zərurət, daxili siyasi maraqlar, ümumiyyətlə, korporativ nə varsa, hər şey bir kənara qoyulur. Amerikanın strateji və təcili təmin olunası mənafeyi var. Onun naminə ABŞ xarici siyasətində ciddi korrektələ etmək zorurdadır.
...Dünyanın təxminən üçdə biri Amerikanın müxtəlif növ sanksiyalarının təsiri altındadır. Qadağalar dərəcəsinə və motivinə görə fərqlənir. Məsələn, Amerika Pakistanda hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş indiki rejimin legitimliyini iki il idi ki, tanımaq istəmirdi. Lakin məlum əməliyyatın gerçəkləşməsində bu ölkənin əvəzsiz önəmini dərk edən ABŞ nəinki Müşərrəf rejimini tanıdı, ona qarşı tətbiq etdiyi sanksiyaları da götürməyə başlayıb.
907-nin "gözlənilmədən" gündəmə gəlməsi də bu sıradandır. Doqquz ildə ilk dəfə ABŞ dövlət katibi qadağanın ləğv edilməsi təşəbbüsü ilə Konqresə müraciət etməyə hazırlaşır. Halbuki indiyədək bunun qeyri-real olduğunu təkrarlayırdılar. Vəziyyətin ciddi olduğunu erməni lobbisi də anlamaqdadır və bütün rıçaqlarını işə salıb. Ermənipərəst konqresmenlərdən 29-u Kolin Pauellə müraciət edərək bu təşəbbüsdən vaz keçməyə çağırıblar. "907"nin tezliklə ləğv ediləyəcəyini gözləmək sadəlövhlük olardı.
Ən azı ona görə ki, prosedur qaydasında bu məsələ 2-3 ay çəkəcək. O vaxtadək ABŞ-ın antiterror əməliyyatı da "pik"ini keçə bilər. Amma məsələ onda deyil. Önəmlisi görünən tendensiyadır və ondan maksimum bəhrələnmək gərəkdir. Böyük Amerikanın kiçik Azərbacana gümanı gəlir. Faktın üfüqi görünür və onun ötəri olmaması üçün üzərinə yerimək lazımdır. Məqsəd "907"ni ləğv etdirib bir neçə (on) milyon yardım qazanmaq deyil, geniş mənada siyasi uduş olmalıdır...

V.Orxan

Sərbəst
tehran@azeurotel.com

Estetiklər

Mən Vətənin başı keçmişə bağlı qərib yavrusuyam. Anam-oyy. Son illər ərzində həmin bu ağrının nəmənə etirafına səylər bulmuşamsa da, anlaşılmamışam. Söhbət bütöv bir "estetiklər" nəsli, estetik nəsildən gedir; içi, dünyagörüşü, başarısı, qabiliyyəti, mündəricəsi-məzmunu bura köklənmiş; sənət-peşə-sahə söhbəti deyil, həyat-tale-yazı gətirməsidir - bölüşmək istəyirsən; hərçənd sənət-yazı-ədəbiyyatın birbaşa, günahsız müqəssirliyi - sənətin kult məqamı var mənim nəslimin taleyində.
Başı, düşüncəsi, həyat ölçüləri dünənə bağlı belə bir nəsil var - estetiklər nəsli; bu gün sən onu hər yerdə - küçədə, bazarda, toplumda, hər peşədə, ictimai postda, cəmiyyət nərdivanının hər pilləsində - beləcə qəzet küncündən boylanan tək, boylanıb israrla gələcəyə baxan görərsən, amma... Kimi kino, kimi teatr yapıları, kimi roman, kimi ədəbiyyat - şer, poeziya, hekayədən... - bir, iki, üç, dörd onil ərzində həyata bu mənzildən yol almış həmin nəsil amma ha boylanarsa...
Söhbət tək-təklərdən getmir, əlbəttə, hətta keçmişdən sıyrılmağın bütöv bir mexanizmi də ayrı söhbətdir; söhbət ötən əsrin ikinci yarısında bir neçə nəsil boyu milli varlıqda yuva qurmuş (Orteqa-i-Qassetin təbiri ilə söyləsək) orta-ortaq insandan gedir; ki, bu - estetik insandır;
...ha boylanarsa sabaha, eləcə boylana qalar... Məsələn, bu iki - o və bu epoxanı yanaşı qoyanda, estetik göstəricinin yerini bu gün bazar münasibətləri alır; bazar insanıdır bu günün orta-ortaq insanı; müqayisə zəminində, - yəqin ki, hər yerdə: küçədə-bazarda-toplumda bu nisgili-qırışığı qulağınız çalıb, - o dövrün insanı səviyyəcə çox-çox irəlidə görünür; amma, guya öyündün nə çıxdı ki; potensial etibarilə bazar insanı nələr vəd edir - bunu hələ biz bilmirik... Bir qədər amansız olaq, estetik insan böyük ustalıqla yaranmışsa da, yapma təzahürdür; bu, İdeala nisbət amma gerçək materialdan yapılmış bəzək-düzək insanıdır; məgər bu sirmidir - milli varlıqda Ədəbiyyatın, Sənətin, məhz Onun gördüyü iş əsərini bu gün də göstərmədə: bir az dil, bir az mənəviyyat, vərdişlər, psixoloji, adətlər, gələnəklər məcmuyu, bir az da vacibən üst qat ideolojisi... - gücümüz bu. Biz büsbütün estetik sıradan yapılmışlarıq...
Kim əgər deyirsə, bax bu azad, müstəqil günümüzü biz, bizim (estetik) cəhdlərimiz gətirib, sadəcə təsəllidir; özümüzü aldadırıq. Bizim gücümüz, - necə ki, bu səyaq qəzet guşələri, hələ də boylanırıq, - eləcə təsəvvürlərimizdən qurduğumuz kürsülərə çatdı, dırmandıqca bunun da ayağımız altından qaçdığını görüb, əksərimiz daha gerçəyinə dırmaşmağı özünə man bildi.
Yox, bu tamam özgə əsərdi; mənim Prezidentim gəlib də: - Müstəqilliyimiz tarixin töhfəsidir, - söylədi, bunun tamam özgə bir əsər olduğunu bəyan etdi. Yadınızdamı o tarixi günlər... Hansı bir şair, yazıçımız durub barmaq tuşlaya bilərmi: - bax o mənim yetirdiyimdir; tarixin zərbəsinə sinə gərmiş, qol çırmayıb bu gün də dövlət-cəmiyyət-demokrasi, xalq-millət-Vətən, mədəniyyət-mənəviyyat-sənət qurmağa qadir. O zərif nəslin bütöv bir naziyi müharibədən, bir naziyi mücadilədən, bir naziyi də müqabilədən çıxammadı... Yadınızdamı o tarixi günlər; hər kəs durub bu əsərin qəhrəmanlığına iddia edirkən, çox tez də məlum olurdu ki, müəllifi özgədir; son halda bir o qalmadımı, durub da müəllif soyuq bir müdrikliklə tarixin ironiyasına imzasını qoydu; O estetikdir - bu əsərin mahiyyətini də hamıdan gözəl bilir... Dünyanı mənəvi tarazlığa gətirmək - istər harmoniya axtarışları ola, istər təzadlardan keçib-gəlmə - müşkül estetik qayə. Bizdə hər vəch - poeziyadan gerçəklər yapmaq istəyənlər nə çox; həyatın prozasına vardıqca oradaca eybəcərləşir. Bir allah bilir, nə qədər əlacsızlıq var bu Sizif işində...
Hər açılan tarixi sabahla birgə hamıdan erkən oyandığıma əminliklə mən tez də baxıb-görürəm: yox, estetik insan heç vəch təzə cəmiyyət quruculuğuna yaramır, hər dəfə qurduğu mizan-ölçülərdən gerçək nəticələr əvəzinə həmişə də özgəliklər alınır... Eləcə də bir gün qərar verib, bu gün kürsüyə sığınmış bir ədibin qapısını döydüm; tanırmısan, - söylədim, - mən sənin tarixən incə-sənətdən yapmış olduğun həmin o insanam; necə ki, yapmısan eləcəyəm, hələ də düşünə-daşına-əlacsızam: əbədən beləcə boylana qalasıyammı - dünənə-sabaha, dünənə-sabaha... Təbii, məni o tanımadı. Anam-oyy.

T.Əlişanoğlu

Əlavə vaxt

Elə bircə gün?..

FİFA ildə bir dəfə hansısa günü "Ədalətli oyun günü" elan edir. Ötən şənbə və bazar günü dünyanın hər yerində futbol matçları növbəti dəfə bu deviz altında keçirildi. Yaxın 5-6 ilin söhbətidir. İlk dəfə idi, eşitdim ki, beynəlxalq futbol təşkilatı onun bayrağı altında çıxış edənləri ədalətə səsləyir və bu münasibətlə hətta "ədalətlilik günü" də təsis edib. Məsələnin mahiyyəti ilə yaxından tanışlıqdan sonra məlum oldu ki, həmin gün futbolçular bir-birinə qarşı həmişəkindən daha artıq səmimiyyət göstərməli, tamaşaçılarla, oyunçu yoldaşlarıyla mehriban davranmalıdırlar. Bütün bunlar çox yaxşı, amma niyə cəmisi 1 gün? Bizim futbolçular da, Allah insaf vermişlər, belə şeylərə əhəmiyyət-zad verən deyillər - həmişə necə oynayır, necə davranırlarsa, "Ədalətli oyun günü"ndə də eləcə hərəkət edirlər.
FİFA-nın bu tədbiri keçirdiyi ilk illərdə "AFFA NEWS" qəzetində çalışırdım. Qəzetin növbəti nömrəsinin planlaşdırmasında qərara almışdıq ki, turun icmalında bu məsələni qabardaq, görək bizimkilər məcburi ədalətlilik zamanı özlərini necə hiss edirlər. O vaxt nəticə çox pis olmuşdu. Sonrakı illərdə də həmçinin. Amma futbolçularımız bu il lap ağ elədilər. Hakimlər ayrı-ayrı turlarda orta hesabla 18-19 sarı və cəmi 1 qırmızı vərəqə göstərdiyi halda, builki "ədalətli oyun günü"ndə sarı vərəqədən ötrü 31, qırmızı vərəqədən ötrü isə 5 dəfə əllərini ciblərinə aparmalı oldular. Hələ bunlar azmış kimi, məşqçilərimizdən də birinə qırmızı rəngli vərəqə göstərilib.
Səbrim çatmadı ki, başqa ölkələrdə, heç olmasa, "böyük beşlik"də futbolçuların həmin gün necə davrandıqlarını araşdırım. Bir də ki bunun nə faydası? Onsuz da o tərəflərin yaxşı heç nəyi bu tərəfə gəlib çıxmır.
Təkcə futbolda deyil, bütün fəaliyyət sahəsində, elə həyatda da ədalətliliyin əvəzi yoxdur. Ədalətli olmaq insanlığa çox yaraşır. Amma onun birgünlük olmağındansa, heç olmamağı yaxşıdır...

R.Binnətli

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd