|
|
|
|
#124(348)
|
 |
Antiterror əməliyyatının keçirilməsi ilə bağlı fikir ayrılığı yaranıb. Dövlət katibi Kolin Pauell və müdafiə nazirinin müavini Pol Volfovits arasındakı mübahisə artıq mətbuata da sızıb. "The Washington Post" qəzeti yazır ki, müharibə Orta Asiyadan əvvəl prezident administrasiyasında başlayıb.
Mübahisə terror əleyhinə mübarizə metodlarının seçilməsi ilə bağlıdır. Pauell beynəlxalq terrorizmlə mübarizədə siyasi və iqtisadi təzyiq vasitələrini əsas saydığı halda, Volfovits, habelə milli təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Rays Asiyada ABŞ-ın hərbi nüfuzunun artırılmasına, İraq və Taliban rejimlərinin devrilməsi üçün fəal hərbi əməliyatlara çağırır. Amma Ağ Ev nümayəndələri arasında qarşıdurmanın tarixi 11 il əvvələ gedib çıxır. 1990-cı ildə Pauell ata Corc Buşu ABŞ qoşunlarını Küveytə yeritmək ideyasından daşındırmağa çalışmışdı. Lakin Dik Çeyni, Pol Volfovits və Brent Skoukroftun birgə fəaliyyəti nəticəsində prezident "Səhrada fırtına" əməliyyatlarına başlamaq qərarına gəldi.
Hadisələrin bu yöndə cərəyan edəcəyini təsəvvür etmək çətin deyil - ABŞ-da terrorizmlə mübarizə məsələsində daha liberal xətt tərəfdarları olsa da, cəmiyyətin böyük hissəsi sərt cavab tədbirlərini dəstəkləməkdə davam edir. Gec-tez bu əhval-ruhiyyənin Ağ Ev və Pentaqonda hakim olacağını gözləmək olar. Hələliksə, prezident administrasiyasında daxili fikir ayrılıqları müharibəni ləngidir.
Bu arada ABŞ müdafiə naziri Donald Ramsfeld Yaxın Şərq və Orta Asiya ölkələrinə dörd günlük səfərə başlayıb. Onun əsas məqsədi Üsəma bin Ladenin terror şəbəkəsinə qarşı müharibə əməliyyatlarında müsəlman dövlətlərinin dəstəyini qazanmaqdır. Dünən Ramsfeld Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib. Yaxın Şərq və Orta Asiya turnesinə Oman, Misir və Özbəkistan səfərləri də daxildir.
Ramsfeld 11 sentyabr hadisələrində Üsəma bin Ladenin və "Əl-Qayda" təşkilatının suçlu olmasını təsdiqləyən sənədləri də bu ölkələrin rəhbərlərinə təqdim edəcək. Ramsfeld bu sənədlərlə ABŞ-ı dəstəkləməkdə tərəddüd edən bölgə dövlətlərinin şübhələrinə də son qoymağa çalışır. Vaşinqton ümid edir ki, bu yolla Talibanı tam təcrid edə bilər. Amma ABŞ-ın NATO-dakı müttəfiqlərindən fərqli olaraq bu sübutların bölgə dövlətlərini tam qane edəcəyinə inanmaq çətindir.
ABŞ müdafiə nazirinin səfəri hərbi əməliyyatların başlanmasını ən azı dörd gün təxirə sala bilər, hərçənd onun əməliyyatlara elə bölgədən rəhbərlik etməsi də istisna deyil. Ramsfeldin Özbəkistan səfəri, ABŞ batalyonlarının Tacikistan və Özbəkistan ərazilərində yerləşdirilməsi, göstərir ki, Pentaqon Əfqanıstanı şimaldan da öz qüvvələri ilə vurmaq niyyətindədir.
Antiterror kampaniyasını necə aparmalıyıq?
Erməni terrorizminin qlobal terrorun hədəfləri içərisində Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tblisi-Ərzurum qaz kəmərlərinin yer ala biləcəyini
əçaslandırmalıyıq. Məsələnin bu cür qoyuluşu Qərbin bizi daha düzgün anlamasına və erməni terrorizmindən
qaynaqlanan təhlükənin miqyasları barədə dolğun təsəvvür əldə etməsinə yardımçı ola bilər.
|
Məlum hadisələrdən sonra ABŞ tərəfindən qlobal miqyasda başladılan və əksər ölkələr tərəfindən dəstəklənən antiterror kampaniyası çərçivəsində Azərbaycanın da erməni terrorizminə qarşı ciddi addımlar ata biləcəyi haqqında fikirləri tez-tez səslənir.
Yaranmış şərait ölkəmizdə belə bir aksiyanın uğurla yekunlanacağına inamı artırdığı halda, Ermənistanda müəyyən panikanın yaşandığı hiss edilməkdədir. Avropa Şurası Parlament Assambleyasında ortaya çıxan sənədlər, ABŞ Dövlət Departamentin açıqlamasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinin olunması, eyni etirafın AŞ PA-nın prezidenti cənab Rassel Constonun da ağzından səslənməsi, beynəlxalq təşkilatların Qarabağdakı "seçkilərin" qeyri-legitimliyi barədə mövqeyi Ermənistan əhalisinə cidddi psixoloji təsiri göstərib.
Ermənilər işğal edilmiş əraziləri Ermənistana birləşdirməyin mümkün olmayacağını, vəziyyət belə qaldıqca bu ölkənin işğalçı dövlət imicindəq yaxa qurtara bilməyəcəyini, üstəlik haqqında terrorçu dövlət imicinin formalaşa biləcəyini tədricən dərk etməkdədirlər. Erməni terrorizmi haqqında dünya ictimaiyyətində obyektiv təsəvvür yaratmaqla məsələyə sırf regional bəla, başqa sözlə, yalnız türklərin üzləşdiyi problem kimi yanaşmamalıyıq. Biz erməni terrorizminin təkcə Azərbaycan və Türkiyə üçün deyil, eləcə də bütün dünya üçün təhlükə törətdiyini sübut etməliyik. Çünki bu halda başlayacağımız hərbi-humanitar və antiterror əməliyyatların bütün mədəni dünyanın məsələsi olduğunu ortaya qoyar və geniş dəstək qazanarıq.
Erməni terrorizminin qlobal terrorun hədəfləri içərisində Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tblisi-Ərzurum qaz kəmərlərinin yer ala biləcəyini əçaslandırmalıyıq. Məsələnin bu cür qoyuluşu Qərbin bizi daha düzgün anlamasına və erməni terrorizmindən qaynaqlanan təhlükənin miqyasları barədə dolğun təsəvvür əldə etməsinə yardımçı ola bilər. Qeyd etmək lazımdır ki, məsələnin bu şəkildə qoyuluşu
Xəzərdən Qərbə doğru uzanacaq kəmərlərin Qərb üçün geosiyasi və iqtisadi səmərəsinin geniş izahatı ilə paralel aparılsa, daha effektli olar. Hərçənd ki, avropalı və amerikalıların sözügedən layihələrin əhəmiyyətini və mühtəməl perspektivlərini çoz gözəl ağlayırlar. Ancaq biz bu məqam üzərində xüsusilə dayanmalıyıq. Məlum olduğu kimi, gələcəkdə Qazaxıstan və Türkmənistan karbohidratlarının Xəzər dənizi ıə Azərbaycan üzərindəki Qərbə daşınması da gündəmə gələcək. Şübhəsiz ki, istər Qazaxıstanın, istərsə də Türkmənistanın Cənubi Qafqazdan keçən transregional layihələrə qoşulması bu layihələrin dəyərini daha da artıracaqdır. Belə olduğu halda erməni terrorizminin törədə biləcəyi təhlükə daha çox əndişə yaradacaq. Fikrimizcə, yaranmış situasiyanı düzgün dəyərləndirə və doğru siyasət yeridə bilsək, çox böyük dividendlər əldə etməyimiz və həmin dividendləri xərcləyərək problemlərimizi həll etməyimiz mümkündür.
|
Şaron: "Ərəfat zorakılığın
qarşısını ala bilər"
|
İsrailin xarici işlər naziri Şimon Peres və Fələstin lideri Yasir Ərəfat arasında ötən həftənin ortalarında keçirilən görüş Yaxın Şərq sülh prosesinə müsbət təsir göstərsə də, müharibə partiyasının tərəfdarları heç bir sazişə əməl etmək fikrində deyillər.
Münaqişə iştirakçıları beynəlxalq vasitəçilərin səylərinə məhəl qoymayaraq zorakılıq aktlarından əl çəkmək istəmirlər. Bununla belə, hərbi əməliyyatların başlanmasından ehtiyat edən siyasi qüvvələr sülhə sadiq olduqlarını nümayiş etdirmək üçün sözdən əmələ keçiblər. Belə ki, Y.Ərəfatın göstərişi ilə terror aktlarının törədilməsində suçlu bilinən Atef Əbayat həbs olunub. Fələstinlilər bunun müqabilində İsraildən yaşayış məntəqələrinə blokadanın götürülməsini tələb ediblər. Eyni zamanda İsrail müdafiə nazirinin əmri ilə Fələstin ərazilərindən tankların geri çəkilməsinə başlanıb. Amma kövrək atəşkəsin ömrü uzun çəkməyib. Srağagün yəhudilərin "Sukkot bayramı" günündə "Həmas" qruplaşmasının iki yaraqlısı Qəzzə bölməsində yerləşən Eley-Sinay qəsəbəsində yaşayış evinə girərək dinc sakinlərə avtomatik silahdan atəş açıblar. Nəticədə 2 nəfər ölüb, 14-ü isə yaralanıb. Hadisə yerinə gələn xüsusi təyinatlı dəstə hücumçuları yerindəcə məhv edib. Dünən Bed-Laxiya yaşayış məntəqəsində Fələstin muxtariyyətinə məxsus blok-post İsrail hərbçiləri tərəfindən atəşə tutulub, nəticədə 5 polis həlak olub.
İsrail vətəndaşlarının öldürülməsi rəsmi Təl-Əviv tərəfindən qisas aksiyasının başlanğıcı kimi qəbul edilib. İsrail hökumətinin məhdud dairədə keçən iclasında baş nazir Ariyel Şaron Eley-Sinay faciəsinin məsuliyyətini Y.Ərəfatın üzərinə qoyub. Şaronun fikrincə, Ərəfat zorakılığın qarşısını ala bilər, lakin əlini ağdan qaraya vurmur. Kabinetin iclasında adekvat addımların atılması barədə müvafiq qərar qəbul olunub. Ağır texnika yenidən işə düşüb, hərbi vetrolyotlar səmaya qaldırılıb.
|
Qəbələ RLS-in mühafizəsi gücləndirilib
|
Rusiyanın Hərbi Kosmik Qüvvələrinin komandanı, general-polkovnik Anatoli Perminov dünən Moskvada keçirdiyi mətbuat konfransında deyib ki, Əfqanıstan və ətraf ölkələrdə vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin qərarı ilə "Qəbələ" (Azərbaycan) radiolokasiya stansiyasının və "Nürək" (Tacikistan) optik-elektron qovşağının mühafizə sisteminin gücləndirilməsi məqsədi ilə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Generalın sözlərinə görə, Rusiyanın Tacikistanda yerləşdirilmiş 201-ci motoatıcı diviziyanın ayrı-ayrı bölmələri "Nürək"in mühafizəsinə cəlb olunub. Perminovun sözlərinə görə, hazırda "Qəbələ" RLS-nin statusu məsələsi üzrə hökumət komissiyasının üzvləri Bakıda danışıqlar aparır. General hesab edir ki, Rusiya RLS-nin Azərbaycan ərazisində fəaliyyəti haqqında saziş yaxın iki ayda hazır ola bilər. Onun sözlərinə görə, sazişi Rusiya tərəfindən baş nazirin müavini İlya Klebanov imzalayacaq.
|