İc siyasət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#124(348)
"Ermənilər ciddi uğursuzluğa düçar oldu"
AŞPA-da Azərbaycanı təmsil edən millət vəkilləri dünənki "Dəyirmi Masa"da belə dedilər

YAP-ın təşəbbüsü ilə dünən Xalq Mətbuat Klubunda təşkil olunmuş "Dəyirmi Masa" Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının payız sessiyasındakı fəaliyyətinin yekunlarına həsr olunmuşdu.
Nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva Azərbaycanın ərazi bütövlüyünün Avropa Şurası Nazirlər Komitəsində tanınmasını mühüm hadisə kimi dəyərləndirdi. Hacıyeva bildirdi ki, sənəddə ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, suverenliyi prinsipi də birmənalı olaraq öz əksini tapıb. "Digər tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına münasibət bildirilib. Sənəddə göstərilib ki, hər hansı tərəfin zor gücünə torpaq əldə etmək istəyi yolverilməzdir" - deyə, Gültəkin Hacıyeva vurğuladı. Onun sözlərinə görə, məcburi köçkünlərin və qaçqınların təhsil hüququ ilə bağlı sənəd ciddi faktlar əsasında hazırlanıb. Millət vəkili qeyd etdi ki, digər ölkələrin parlamentarları Azərbaycan nümayəndə heyətinin üzvlərinə etimad əlaməti kimi bu sənədə imza atıblar.
Gültəkin Hacıyeva həmçinin bildirdi ki, ermənilər Avropa Şurası Siyasi Komitəsinin aprel və iyun aylarında keçirilən iclaslarında Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılmasına ciddi-cəhdlə mane olmağa çalışıblar: "Ermənilər əvvəlcə iclasda Gürcüstan nümayəndələrinin iştirak etməməsini əsas gətirmişdilər. Sonra isə Vardan Oskanyanla məsləhətləşmə üçün bir saatlıq vaxt götürsələr də, nəticələr barədə məlumat vermədilər. Sonuncu iclasda isə Azərbaycan nümayəndə heyəti sənədi AŞPA səviyyəsində qəbul etdirməyə çalışdı və 50 deputatın dəstəyini qazandı".
Millət vəkilinin sözlərinə görə, erməni deputat Ovanesyanın Azərbaycanın AŞ-da əldə etdiyi uğurları Türkiyənin adı ilə bağlaması reallığa uyğun deyil: "Biz bir saat ərzində 27 deputatın imzasını əldə etdik. Türkiyə nümayəndə heyəti yalnız sonda sənədi imzalayıblar. Türkiyənin 12 nümayəndəsindən sənədi cəmi 4 nəfər imzalayıb. Erməni nümayəndə heyətinin üzvləri isə ciddi uğursuzluqlara məruz qalıblar. Onlar 10 dəfə çıxışa yazılsalar da, sonradan bunun altısından imtina ediblər. Bu, ermənilərin Azərbaycan nümayəndə heyətinin təkzibedilməz faktlarının qarşısında acizliyinin nümunəsidir".
Nümayəndə heyətinin digər üzvü, millət vəkili Əli Hüseynov AŞPA-da görülən işlərə bəzi mətbuat orqanlarının obyektiv münasibət bildirməməsindən gileyləndi. Millət vəkili qeyd etdi ki, Azərbaycanlı deputatlar Avropanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqe ortaya qoymasına nail olub: "Sənəddə ərazi bütövlüyü və suverenlik anlayışlarının birgə işlədilməsi ermənilərə hansı statusun verilməsi hüququnun Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bu sənədə görə Azərbaycan Dağlıq Qarabağa ancaq muxtariyyət statusu verə bilər. İkinci bir tərəfdən, anlaşılmazlığa son qoyuldu və bir daha təsdiqləndi ki, dövlətlərin ərazi bütövlüyü prinsipi millətlərin öz müqəddəratını təyinetmə prinsipindən daha üstündür".
YAP-çı millət vəkili Mübariz Qurbanlı çıxışında nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirdi. Onun sözlərinə görə, artıq Avropa dövlətləri də Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həllini vacib sayırlar: "Çünki bir çox dövlətlərin ərazisində hətta kiçik icmalar da status davası edir. Həmin xalqların hər birinə ayrıca status verilsə, Avropanın indiki xəritəsindən əsər-əlamət qalmaz".
Müxalifətin növbəti dəfə qərəzli mövqe tutduğunu deyən millət vəkili belə dedi: "Avropa Şurası ilə Avropa Birliyini qarışıq salan bəzi müxalifət liderləri indi durub Azərbaycan nümayəndə heyətinin uğurlarına gölgə salırlar. Mən onlara məsləhət bilərdim ki, heç olmasa, qatığa boz desinlər".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, Mübariz Əhmədoğlu isə nümayəndə heyətinin uğurlarını müxalifət və iqtidardan olan millət vəkillərinin ümummilli məsələlərdə birgə mövqedən çıxış etməsi ilə izah etdi. Politoloq nümayəndə heyətinin üzvlərinə tövsiyyə verməyi də unutmadı: "Hesab edirəm ki, AŞPA-nın gələn sessiyalarında da terrorizmlə mübarizə məsələsi aktual olacaq. Ona görə də Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanın terror yuvaları olan Suriya və İranla əməkdaşlığı məsələsinə xüsusi diqqət yetirməlidirlər. Yəni Suriya və Livanda erməni mənşəli terror qruplaşmaları mövcuddur. Ermənilər bu hərbi sazişlərdə həmin terrorçuların öz ərazilərinə gəlməsinə qanuni don geyindirmək istəyirlər".
Çıxış edən digər millət vəkilləri və politoloqlar da qazanılmış uğurlara görə, nümayəndə heyətinin üzvlərini təbrik etdilər.

"DQR" nümayəndələri AŞPA-dakı müzakirələrə qatılacaqmı?
Rafael Hüseynov: "Bu, ermənilərin növbəti dezinformasiyasıdır"

Xəbər verildiyi kimi, Azərbaycan nümayəndə heyətinin səyi nəticəsində AŞPA-nın 51 deputatı Dağlıq Qarabağ münaqişəsinin bu qurumda müzakirəyə çıxarılması barədə sənədə imza atıb. Yaxın vaxtlarda problemin AŞPA səviyyəsində müzakirəsi istisna olunmur.
Bu arada erməni deputat Armen Rustamyan parlamentdəki çıxışında bildirib ki, Dağlıq Qarabağla bağlı Avropa Şurasında keçiriləcək müzakirələrdə "DQR" nümayəndələri də iştirak edəcək. Erməni deputat iddia edib ki, AŞPA rəhbərliyi ilə aparılan danışıqlardan sonra buna rəsmi şəkildə "xeyir-dua" verilib. Rustamyan onu da deyib ki, təşkilatın DQ problemini müzakirəyə çıxarıb-çıxarmayacağı noyabrın 8-də məlum olacaq.
Azərbaycanı AŞPA-da təmsil edən bitərəf millət vəkili Rafael Hüseynov isə Rustamyanın dediklərini ermənilərin növbəti dezinformasiyası sayır. Onun fikrincə, erməni deputatlar bu cür yalan məlumatlarla AŞPA-nın payız sessiyasındakı uğursuzluqlarını kompensasiya etmək məqsədi güdürlər. R.Hüseynovun sözlərinə görə, Rustamyan qeyri-ciddi açıqlamaları ilə Ermənistanın Gürcüstanla münasibətlərində də ciddi problemlər yaradıb: "Rustamyan AŞPA-dakı çıxışında bildirdi ki, Gürcüstandakı ermənilərə bu dövlətin ərazisində özünüidarəetmə statusu verilməlidir. Gürcüstandan və digər ölkələrdən olan deputatlar Rustamyanın bu açıqlamalarına qeyri-ciddi yanaşdılar. Hamı gördü ki, başqasından ərazi ummaq ermənilər üçün bir şakər, xəstəlikdir".
Rəfael Hüseynov həmçinin bildirib ki, problemin müzakirəsi zamanı AŞPA-nın sessiyasında Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının müzakirəsi nəzərdə tutulmur: "Problem yalnız azərbaycanlı və erməni deputatların, eləcə də müvafiq komitələrin üzvlərinin iştirakı ilə müzakirə ediləcək. Ola bilər ki, Rustamyan AŞPA-nın iş qaydalarından xəbərsizdir".
Millət vəkilinin fikrincə, ermənilər AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallaşmasından narahatlıq keçirməyə başlayıblar. Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi yaxın zamanlarda təşkilatın müzakirəsinə çıxarıla bilər.

Bizdə jurnalist reketlik edə bilər...
Rizvan Cəbiyev: "Redaktorların həbsinə təəssüflənirəm"

Avropa Şurasının "KİV Haqqında" və "Teleradio verilişləri haqqında" qanun layihələrinə münasibəti bəlli deyil. Qanun layihələrinin hazırlanması üzrə işçi qrupunun üzvü, YAP-çı millət vəkili Rizvan Cəbiyev "Bizim ƏSR"in müxbiri ilə söhbətində belə deyib. Bununla belə, millət vəkili layihələrə Avropa Şurası tərəfindən müsbət rəy veriləcəyinə əmindir.
YAP-çı millət vəkili mövqeyini belə əsaslandırdı ki, jurnalistləri indiyə qədər narahat edən bir sıra müddəalar yeni layihədə öz əksini tapmayıb. Rizvan Cəbiyev həmçinin qanun layihəsinə jurnalist məsuliyyətini artıran sərt müddəaların salınması barədə deyilənlərin də əsassız olduğunu bildirdi: "Əvvəlki qanun televiziya və radionun da fəaliyyətini tənzimləyirdi. Yəni "Teleradio yayımı haqqında" ayrıca qanun qəbul edilməlidir. Ümumiyyətlə, yeni qanun əvvəlkindən daha da demokratik olacaq. Xatırladım ki, əvvəlki qanunda jurnalistləri narahat edən 19, 27 və 50-ci maddələr idi. 19-cu maddəyə görə, il ərzində 3 dəfə məhkəmədə uduzan mətbu orqanın bağlanması nəzərdə tutulurdu. 27-ci maddəyə görə, icra hakimiyyəti orqanları məhkəmənin hökmü olmadan təhlükəli yazılar dərc etmiş qəzetləri köşklərdən yığışdıra bilərdilər. 50-ci maddəyə görə isə müvafiq dövlət strukturları haqqında qərəzli yazılar yazan jurnalistlərin akreditasiyası məhkəmənin hökmü olmadan ləğv edə bilərdi".
Baş redaktorların həbs olunması faktına müsbət yanaşmadığını deyən YAP-çı millət vəkili hesab edir ki, jurnalistlərin sözə görə azadlıqdan məhrum olunması düzgün deyil: "Jurnalistlərin sözə görə azadlıqdan məhrum edilməsini bir vətəndaş kimi, millət vəkili kimi mənfi qarşılayıram. Hesab edirəm ki, məhkəmə daha yüngül cəza tətbiq edə bilərdi. Ancaq biz jurnalistikamızdakı biabırçı faktlara da göz yuma bilmərik. Avropa Şurasındakı ekspertlərə də sual vermişəm ki, sizdə jurnalist "reket"lik edə bilir? Sual edirəm ki, sizdə adını jurnalist qoyub "bədən alveri" edənlər var? Onlar bu faktları dəhşətlə qarşılayırlar".
Rizvan Cəbiyev peşəkar jurnalistlərin bu neqativ hallara göz yummasından şikayətlənir: "Mən o fikirdə deyiləm ki, jurnalistikada ancaq jurnalistlər işləməlidir. Sadəcə, jurnalist adını ləkələyən qəzetlərə, təsadüfi adamlara qarşı hamılıqla mübarizə aparmalıyıq".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd