İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#124(348)
"Banişevski komandanı meydandan çıxardı..."
Ələkbər Məmmədov 30 il əvvəl baş verənləri "Neftçi"ni inkişafdan saxlamaq üçün düşünülmüş addım kimi dəyərləndirir

2001-ci il futbolumuz üçün tarixilik baxımdan bir sıra əlamətdar hadisələrlə zəngindir: Azərbaycanda futbolun yaranmasının 90 illiyi, Tofiq Bəhramov adına respublika stadionunun istifadəyə verilməsinin 50 illiyi, "Neftçi"nin SSRİ çempionatlarında yeganə nailiyyətinin - 1966-cı ildə bürünc medal qazanmasının 35 illiyi və adlı-sanlı futbolçularımızdan bəzilərinin yubileyləri...
Bu əlamətdar tarixlərin arasında bir hadisə də var ki, o haqda uzun illər ötəri danışsalar da, təfərrüatına varmamağa çalışıblar. Buna haradasa köhnə dövrün ideoloji əsasları, haradasa isə onun üstündən sükutla keçmək istəyi səbəb olub. Lakin bu yaxınlarda Moskvanın nüfuzlu idman nəşrlərindən birində - "Sport-Ekspress" qəzetində həmin hadisəylə bağlı sükut pərdəsi, nəhayət, götürüldü. Söhbət 1971-ci ilin oktyabrında Rostovda OİK -"Neftçi" matçında baş verən insidentdən gedir.

Sovet futbol çempionatları tarixində ilk dəfə olaraq matçı idarə edən hakimin döyülməsi və iştirakçı komandalardan birinin meydanı tərk etməsiylə müşayiət olunan həmin insidentin qurbanı Bakının "Neftçi" klubu oldu. Futbol məmurlarının Azərbaycan klubunu cəzalandırmaq üçün çıxarmaq istədiyi qərarlar arasında komandanın ləğv edilməsi və yenidən formalaşdırılması, aparıcı futbolçularının müxtəlif müddətə diskvalifikasiya edilməsi kimi məsələlər üstünlük təşkil etdi. O vaxt yalnız respublikanın rəhbəri Heydər Əliyevin müdaxiləsindən sonra komandanı xilas etmək mümkün olmuşdu. Bu barədə məqalə müəllifi belə bir maraqlı izahat verir: "Sovet rejiminin zəif nöqtələrini çox gözəl bilən H.Əliyev kimi təcrübəli siyasətçi Moskva rəsmilərini xəbərdar edir ki, əgər "Neftçi" klubu ləğv olunsa bu, dəniz neftçilərinin tətilinə səbəb olacaq və gənclər arasında xoşagəlməz hallara gətirib çıxaracaq".
Bəs 30 il əvvəl Rostov şəhər stadionunda nə baş vermişdi? Klubun o vaxtkı baş məşqçisi, görkəmli futbol mütəxəssisi Ələkbər Məmmədovdan hadisə barədə məlumat verməyi xahiş etdim. Ələkbər müəllim o günləri belə xatırladı: "60-cı illərin sonları, 70-ci illərin əvvəllərində sovet futbolunda neqativ hallar artmağa başladı. Hakimlərin qeyri-obyektivliyi, qərəzli mövqe tutması adi hal almışdı. Bundan "Neftçi" də əziyyət çəkirdi. Artıq Rostov matçına qədər komanda elə qərəzkarlıqlarla üzləşmişdi ki, OİK-lə oyundakı olaylar futbolçuların səbrini tükəndirdi... Mən 1970-ci ilin ikinci yarısında "Neftçi"ni qəbul edəndə klub, necə deyərlər, yarımcan halda idi. Başda Əhməd Ələsgərov olmaqla, köhnə rəhbərlik komandanı bərbad vəziyyətə salmışdı: Kazbek Tuayev Orconikidzenin "Spartak" (indiki Vladiqafqazın "Alaniya"), Valeri Hacıyev Moskvanın "Dinamo" klubuna keçmiş, Anatoli Banişevski isə SSRİ yığma komandasından uzaq düşmüş və hətta Moskva "Dinamo"sunda oynamaq üçün ərizə də yazmışdı. Eduard Markarov futbol oynamaqdan savayı, nə ilə desən məşğul olurdu. Tez-tez də komandadan gedəcəyilə bağlı xəbərlər yaymaqla möhtəkirlik edir və bu yolla qiymətini qaldırmağa çalışırdı. Klubu belə bir şəraitdə qəbul etmişdim. İlk olaraq Kazbeklə Valeranı yenidən Bakıya qaytardım, Tolik də ərizəsini cırıb tulladı. Markarova da atasının qəbri üstə and içdirdim ki, "Neftçi"ni heç bir komandaya dəyişməyəcək. Doğrudur o, andına əməl etmədi, lakin komandada mənəvi-psixoloji iqlimin dəyişməsi müsbət nəticə verməyə başladı. 70-ci ilin payızından 71-ci ilin yayınadək komanda məğlubiyyətsiz çıxış etdi. Moskva dinamoçularına 4:0, "Spartak"a 5:3 hesabı ilə qalib gəldik. "Lokomotiv", "Karpatı", "Şaxtyor" və digər klublar "Neftçi"nin qarşısında aciz qalırdılar. Yenidən yığmaya çağırılan A.Banişevskiylə bərabər, Vitali Şevçenko da ölkənin bir nömrəli komandasında yer aldı. "Neftçi" liderlər qrupunda möhkəmləndi. Elə bu zaman komandanı inkişafdan saxlamaq üçün düşünülmüş mexanizm işə salındı. Güclülər dəstəsində yerini qorumağa çalışan "Paxtakor"la Daşkənddəki matç ərəfəsində Özbəkistan klubunun nümayəndələri futbolçularımızı ələ almağa cəhdlər göstərdilər. Hər addımda deyirdilər ki, öz xoşumuzla xal verməsək, onların arxasında duranlar tədbir görəcəklər".
- Axırı nə oldu?
- Necə olacaq? Biz 3:2 hesabıyla qalib gəldik. Lakin SSRİ Futbol Federasiyası görüşün nəticəsini ləğv etdi. Guya hakim matçın birinci hissəsini 1 dəqiqə tez qurtarıb. Matç yenidən oynanıldı. Doğrudan da, özbəklərin Moskvadakı himayədarlarının işə qarışması nəticəsində "Neftçi" halal qələbəsindən məhrum edildi. Buna baxmayaraq, biz ruhdan düşmədik, səfərdə "Şaxtyor"u məğlub etdik. Demək olar ki, Daşkənd hadisəsinin acısını unutmuşduq. Lakin Rostovda baş verənlər heç bir çərçivəyə sığmırdı. Mehmanxanaya qədəm qoyan kimi oyunçuların başı üstünü naməlum şəxslər kəsərək, onları satın almaq istədilər. Mən bu eybəcərliklərin qarşısını almağa cəhd etdim. Lakin idmanla bir araya sığmayan atmosfer oyunun gedişində də davam etdi. Biz 1:0 irəlidə idik. Lakin açıq-aydın təzyiqlər, təhqirlər futbolçulara mənfi təsir göstərdi. Qayda pozuntusuyla qapımızdan top keçirilərkən S.Kramarenkonun əsəbləri tab gətirmədi və o, dnepropetrovskli hakim V.Balakini vurdu. Komandanın kapitanı A.Banişevski futbolçuları ümumiyyətlə meydançadan çıxardı və misli görünməmiş etiraz aksiyası baş verdi. Görünür, sovet futbol rəsmilərini ən çox qıcıqlandıran da məhz Tolikin bu hərəkəti olmuşdu. Ona görə də "Neftçi"ni mümkün qədər sərt cəzalandırmaq qərarına gəldilər. Sergey Kramarenko 3 il, Rafiq Quliyevlə Aleksandr Mirzoyan 1 il müddətinə, Vyaçeslav Semiqlazov və Vladimir Bruxti mövsümün sonunadək diskvalifikasiya olundular, A.Banişevski isə kapitanlıqdan məhrum edildi. Yeganə təskinliyimiz komandanı güclülər dəstəsində saxlaya bilməyimiz oldu. Lakin "Neftçi" mənəvi cəhətdən məhv edildi və növbəti mövsümdə yüksək liqada yerini qoruya bilmədi...
...Ələkbər Məmmədov "Sport-Ekspress"də gedən yazıdan məmnun qaldığını gizlətmədi. Məqalə müəllifi hətta hadisənin iştirakçıları S.Kramarenko, R.Quliyev və A.Mirzoyanla görüşərək, 30 il əvvəl baş verənlərin təfərrüatını aydınlaşdırıb.
Yazıdan məlum olur ki, bütün matç ərzində S.Kramarenkonun qapısı arxasından ona daş atılıb, qapıçını təhqir ediblər. Oyundankənar vəziyyətdən hesabı bərabərləşdirən rostovluların hücumçusu V.Yeskov öz meydanına qayıtmamış topu mərkəzdən başlamağa məcbur edilən "Neftçi" onu itirir. Ordu futbolçuları isə topu məhz meydanın "Neftçi"yə aid hissəsində qərar tutan Yeskova verirlər, sonuncu qapıçıyla təkbətək çıxaraq qol vurur. V.Balıkin ona bu baradə işarə verən S.Kramarenkoya məhəl qoymur və nəticədə qapıçımız hakimi yumruğuyla vurur. Mirzoyan köməyə gələn yan xətt hakiminin qarşısını alır, Quliyev isə topu nümayişkaranə şəkildə tribunalara vurur. Ələkbər müəllim 30 il əvvəl nəinki SSRİ çempionatında, hətta kubok turnirində də "Neftçi"yə qarşı qərəzli mövqe tutulduğunu xüsusi qeyd etdi. 1/8 finalda Moskva dinamoçularını 4:0 hesabıyla darmadağın edən bakılılar, 1/4 finalda "Zenit"ə də qalib gəlirlər (3:2). Yarımfinalda Moskva spartakçılarıyla görüşün harada keçirilməsi əsasnaməyə görə püşklə müəyyən edilməli idi. Lakin, püşk atılmır və həmin qarşılaşma Moskvada keçirilir. Səbəbi aydın idi: çempionatda uğursuz çıxış edən "Spartak" mütləq ölkə kubokunu almalıdır! Əks təqdirdə, komandanın baş məşqçisi Nikita Simonyan postundan getməli idi. "Neftçi" yarımfinal oyununu olduqca zəif keçirərək məğlub olur (0:5). Ələkbər Məmmədov bu acınacaqlı məğlubiyyəti komanda üzvlərinin hakimin satın alınmasından xəbərdar olmalarıyla izah edir. Ona inanmamaq düzgün olmazdı, çünki matç ərəfəsində "Neftçi" liderlər qrupunda, "Spartak" isə 13-cü pillədə qərar tutmuşdu. Bütün söhbətimiz boyu Ələkbər Məmmədov futbolda saflığın tərəfdarı olduğunu və həmişə bunun üçün çalışdığını bildirdi. Futbol tariximizdə bu cür ağrılı səhifələrin olmasını isə kədər hissi ilə vurğuladı.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd