Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#124(348)
"Bizi yeni yol maraqlandırır"
"Gənc peşəkarlar" audiovizual festivalının əsas meyarı budur

Oktyabrın 12-14-də gerçəkləşəcək "Gənc peşəkarlar" audiovizual festivalın iştirakçılarının adı artıq məlumdur. Ötən gün sözügedən festivalın seçim komissiyası müsabiqəyə buraxılan əsərlərin müəlliflərinin adlarını açıqladı. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdman, Gənclər və Turizm Nazirliyinin xətti ilə gerçəkləşən "Gənc peşəkarlar" audiovizual festivalı, əslində, tanışlıq xarakteri daşıyır. Son illər formalaşan bir çox sənət növü ilk dəfə bu festivalda rəqabətə girmək imkanı qazanacaq.
Festivala az vaxt qaldığını nəzərə alıb, Azərbaycan Professional Kinorejissoralar Gildiyasının sədri Hüseyn Mehdiyevlə görüşüb, tədbirin gedişatı ilə maraqlandıq. Təbii ki, öncə festivalın seçim komissiyasının işi gündəmə gəldi:
- Seçim imkanımız böyük idi. Festivala 150-yə yaxın əsər təqdim olunmuşdu. Hər biri ilə diqqətlə tanış olduqdan sonra, 63 əsər seçdik. Biz əsərlər arasında ən layiqlilərini fərqləndirməyə çalışmışıq. Soruşa bilərlərsiniz ki, əsas meyar kimi nəyi götürmüsünüz? Birmənalı şəkildə deyim ki, əsas meyarımız professionalıq olub. Festivalın əsas mərhələsi başlamasa da, seçim komissiyasının işi cayəsində, Azərbaycandakı audiovizual əsərlər barədə nikbin fikir söyləməyə əsasımız var. Sevindirici haldır ki, ən maraqlı ekran əsərlərinin müəlliflərinin əksəriyyətini heç kim tanımır. Deməli, yaradıcılıq potensialı tükənməyib. O müəlliflərin simasında gələcəyə ümidlə baxmaq olar.
Təəssüf ki, bəzi layiqli əsərlər festivaldan kənarda qaldı. Çünki o əsərlərin müəlliflərinin yaşı 35-dən yuxarı idi. Belə əsərlərdən birinin - "Alaqarğa" sənədli filminin adını xüsusi çəkərdim. Buna baxmayaraq, biz qərara gəlmişik ki, o əsərlər müsabiqəyə qatılmasa da, festival çərçivəsində nümayiş etdirilsin.
- Hüseyn müəllim, əsas meyar kimi professinallığı qeyd etsəniz də, yəqin ki, bu, yeganə meyar da olmayacaq.
- Əlbəttə. Biz əsərlərin bədii və texniki keyfiyyətlərinə də nəzər yetirəcəyik. Əsərin digər tərəflərinə isə konkert meyarla yanaşmayacağıq. Çünki bizi keçilən yol deyil, yeni yol maraqlandırır. Gənclərin sənət axtarışları, eksperimental görüşləri ilə tanış olmaq istəyirik. Onların axtarışlarını məhdudlaşdıracaq heç bir tələb qoymamışıq. Yenə deyirəm, bu nəticə ilə qarşılaşacağımızı gözləmirdik. Bir daha əmin olduq ki, Azərbaycanda ötən illərdə olduğu kimi, yaradıcı potensial var. Sadəcə, şəraət və vəsait lazımdır.
- Gənc rejissorları hansı mövzular maraqlandırır? Ümumiyyətlə, festivalda nümayiş olunacaq ekran əsərləri əsasən hansı mövzudadır?
- Ölkənin mövcud problemlərindən. İctimai-siyasi, eləcə də, mənəvi durum diqqət mərkəzindədir. Bütün bunlar yalnız görüntü olaraq canlandırılmayıb, gənclər bu məsələlərin kökünü araşdırmağa çalışıblar. İstənilən faktı göstərməklə yanaşı, onun çıxış yollarını da axtarıblar.
- Eşitdiyimizə görə, yaxın günlərdə festivalın İnternet səhifəsi açılacaq.
- Elədir. Mətbu orqanlarımız festivalın gedişatını vaxtaşırı işıqlandırsalar da, İnternet şəbəkəsində festivalın saytını açmağa ehtiyac duyduq. Həm Azərbaycanın mədəni həyatına dair yeniliklər xaricdə yayımlanar, həm də bu informasiya mübadiləsi sayəsində əməkdaşlıq üçün zəmin yaranar. Festivalın coğrafiyasını gələcəkdə genişləndirə bilərik.
- Nə üçün bədii film nominasiyasını ixtisara salmısınız?
- Çünki seçim komissiyasına çox az sayda bədii film təqdim edilmişdi. Bu sahədə rəqabət, demək olar ki, yox dərəcəsində idi. Ona görə də ixtisara saldıq. Bu nominasiya ilə paralel olaraq, "ən yaxşı aktyor" və "ən yaxşı aktrisa" da seçilməyəcək.
- İndi festival iştirakçıları 11 nominasiya üzrə yarışacaqlar?
- Yuxarıda söylədiyim nominasiyaları ixtisar eləsək də, festivala daha üç nominasiya əlavə olunub: kompyüter qrafikası, dizayn və tələbə işi.
- Hazırlıq mərhələsində hansı problemlərlə qarşılaşırsınız?
- Festivalərəfəsi problemlərdən danışmaq istəmirəm. Bir onu deyə bilərəm ki, qarşılaşdığmız bütün problemlər maliyyə ilə bağlıdır.

Festivala qatılmaq hüququ qazanan əsərlərin müəllifləri arasında "Lider" televiziyasının da əməkdaşları var. "Gənc peşəkarlar"da "Lider"i Fuad Dadaşov, Eldəniz Cəfərov və Nəsimi Əliyev təmsil edəcəklər. Bəri başdan onlara uğur arzulayırıq. Festivala hansı ekran əsərləri ilə qatılmalarına gəlincə, özlərini dinləyək.
İlk müsahibim Fuad Dadaşovdur. Məlumat üçün deyim ki, "Sevir səni bu can" Fuad Dadaşovun növbəti kliplərindən biridir.
Əliağa Vahidin sözlərinə Elza Seyidcahanın bəstələdiyi mahnının klip variantında rejissor yozumu özünəməxsusdur. Bir sözlə, rejissor mövzunu tamam başqa bir müstəviyə köçürüb. Ekran əsərində bəşəri dəyərləri qabardıb. Belə ki, Fuad Dadaşov xeyirlə şərin daimi mübarizəsini və bu mübarizədə xeyirə arxa duran, onun qələləbəsini arzulayan üçüncü simanı, yəni müğənni Elza Seyidcahanın obrazını canlandırıb. Sözügedən kliplə tanış olmaq istəyirsinizsə, "Lider" televiziyasını izləyin.
Eldəniz Cəfərovsa festivala "Yol" eksperimental sənədli filmini təqdim edib. "Yol" eksperimental sənədli filmi görkəmlli cazmen Vaqif Mustafazədə haqqındadır. Eldəniz Cəfərovun söylədiyinə görə, ekran əsərinin ilkin variantını süjet kimi nəzərdə tuturmuş. Lakin sonradan çəkiliş ərəfsində ekran əsərinin bədii çaları xüsusən nəzərə çarpdığından, fikrindən daşınıb. Qısa süjet deyil, sənədli film ekranlaşdırıb: "Vaqif Mustafazadənin şəxsiyyəti və yaradıcılığı qeyri-adi olduğundan, çalışmışam, onun adı ilə bağlı ekran əsəri də qeyri-adi olsun. Ona görə də Vaqif Mustafazadənin obrazını canlandırmaq üçün hər hansı bir aktyora müracət eləməmişəm. Nə qədər qəribə səslənsə də, bu obrazı şəkillərlə ekrana gətirmişəm. Təbii ki, səs və musiqinin köməyilə". Ekran əsəri barədə geniş danışmaqdan çəkinən müəllif rejissor yozumunun bir-iki məqamına toxundu. Belə ki, müsahibim Vaqif Mustafazədənin musiqi duyumunu açmağa çalışaraq, onun yaradıcılığında neçə əks olunmasını işıqlandırmağa səy göstərib: "Vaqif Mustafazadə İçərişəhərin küçələrilə irəliləyir. Onun addım səsləri, ürəyinin döyüntüsü və adəti üzrə, küçədə əyləşib nərd oynayan qonşu kişilərin atdıqları zərin əks-sədası, bütün bunlar, Vaqif Mustafazədə musiqisinin ştrixləridir. İlk dəfə cazla muğamı sintezləşdirən Vaqif Mustafazadənin yaradıcılığında Bakı mühitinin daxili musiqisi var".
Nəsimi Əliyevin "Skripkaçı" sənədli filmi isə, artıq bir kinofestivalın qalibi olub. Xatirinzdirsə, apreldə Moskvada keçirilən Debüt Kinotavr Beynəlxalq Kinofestivalında "Dövrlə səsləşən ən yaxşı sənədli film" nominasiyası üzrə mükafata "Skripkaçı" sənədli filmi layiq görülmüşdü.
Nəsimi sözügedən kinofestivala yeni bir film təqdim eləmək istəsə də, vaxt məhdudiyyəti buna imkan verməyib. Yaxın günlərdə çəkilişlərinə başlayacağı film festivaldan sonra hazır olacaq. Bu səbədən də Nəsimi Əliyev "Gənc peşəkarlar" audiovizual festivala "Ckripkaçı" sənədli filmi ilə qatılıb: "Hər bir insan istənilən çətinliklərə baxmayaraq, öz arzusunu gerçəkləşdirməyə can atmalıdır. Məncə, belə insanlar ən böyük hörmətə layiqdir. Bu "Skripkaçı" filminin əsas ideyasıdır. İdeyanı tamaşaçılara çatdırmaq üçün adi həyat həqiqətlərinə müraciət eləmişəm. Qəhrəmanım musiqiçi olmaq istəyi ilə yaşayan Alimdir".

Universitetdə kinolaboratoriya açıldı

Ötən sayımızda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsində kinolaboratoriya açılmasını xəbər vermişdik. Mövzunun aktuallığını nəzərə alıb, bu sayımızda faktla bağlı daha təffərrüatlı məlumat veririk.
Azərbaycan mədəniyyətinə Adil İsgəndərov, Səməndər Rzayev, Şahmar Ələkbərov, Həsən Əbluc, Həsən Turabov, Amaliya Pənahova, Rasim Balayev və s. bu kimi istedadlı teatr və kino xadimlərini bəxş etmiş Mədəniyyət və İncəsənət Universiteti mövcud olduğu uzun illər ərzində öz tədris sistemini daim təkmilləşdirib. Bu illərdə kinorejisorlar, kino operatorları, kino aktyorları, telerejissorlar, teleoperatorlar, kinoşünaslar, kinodramaturqlar və s. kafedralar açılıb, onların səmərəli fəaliyyət göstərməsi üçün yaradıcılıq laboratoriyaları, baxış zalları yaradılmış və bu laboratoriyalar dövrün tələbinə müvafiq texniki cihazlarla təmin edilib. Tələbələrin neçə illərdir fəaliyyət göstərən "Səda" teatrı, operatorların, kinorejissorların yaradıcılıq emalatxanaları, baxış zalı buna misaldır.
Təqribən beş ildir fəaliyyət göstərən "Kinoşünaslıq və ekran dramaturgiyası" kafedrasında da yaxın günlərdə əlamətdar hadisə olub. Kafedranın müdiri respublikanın əməkdar aktrisası, dosent Həmidə Ömərovanın təşəbbüsü ilə kinoşünas və kinodramaturqların öz şəxsi yaradıcılıq laboratoriyaları olan - baxış zalının (kinozal) açılışı olub. Zalın yaranmasında, onun texniki avadanlıqla təchizatında, şübhəsiz ki, universitet rəhbərliyinin, bilavasitə professor Temurçin Əfəndiyevin böyük köməyi var.
Öz nəzəri biliklərini bundan sonra bilavasitə təcrübə ilə - dünya kinosunun incilərinə baxmaqla zənginləşdirəcək tələbələr, kafedranın professor və müəllim heyəti, sənətşünaslıq fakültəsinin dekanı filologiya elmləri namizədi, dosent Vəfa Əliyev əsas diqqəti yaradıcılıq laboratoriyasının kino fondunun yaranmasına yönəldiblər. Hazırda kinofondda 250-ə qədər klassik Azərbaycan və dünya kinosunun ən yaxşı nümunələri toplanıb. Bundan əlavə, kinozalın daha səmərəli fəaliyyət göstərməsi üçün proyektor alınmışdır. Bu da baxış zalından həm video, həm də kino zalı kimi istifadə etmək imkanı yaradır. Kinoşünaslıq nöqteyi-nəzərindən bir çox dəyərli filmlər kaset formasında olmadığından proyektorun olması bu problemi də aradan qaldıracaq.
Oktyabrın 2-də kinozalın açılış mərasimində universitetin rəhbərliyi - prorektor R.Sadıxov, S.Dadaşova, V.Əliyev, A.Şıxəliyev, o cümlədən, sənətşünaslıq fakültəsinin professor-müəllim heyəti, N.Şəmsizadə, H.Quliyev, R.Heydər, N.Rəsulzadə və b. çıxış edib tələbələri ürəkdən təbrik ediblər. Bu gözəl şəraiti yaratdığına görə universitet rəhbərliyinə, bilavasitə T.Əfəndiyevə tələbələr öz minnətdarlığını bildiriblər.
Kinozalın ideya müəllifi və təşəbbüskarı kafedra müdiri H.Ömərova isə çıxışında bildirib ki, bu faydalı və zəruri laboratoriyanın yaranmasından ruhlanan kafedranın bütün əməkdaşları və tələbələri hazırda sənətşünaslıq fakültəsinin kinomuzeyi layihəsi üzərində çalışırlar və yəqin ki, yaxın gələcəkdə onun da açılışını qeyd edəcəklər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd