Əyləncə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#124(348)
"Heç kimə deyən deyiləm..."
Samirə Məmmədli "Oxuduğum janr toy üçün yaramır" desə də, toylara gedir

Azərbaycanda estrada ulduzlarının sayı durmadan artır. Sanki hamısının da ürəyindən tezcə məşhurlaşıb albom yazdırmaq, klip çəkdirmək, toylara gedib pul qazanmaq keçir. Estradamızın tanınan simalarından biri də gənc müğənni Samirədir. Samirə yuxarıda qeyd etdiklərimizin heç biri ilə razılaşmır. Sənətə təmənnasız gəldiyini deyən Samirə həmişə yeni layihələr üzərində işləməyə çalışır. Sənətinə münasibəti çox ciddididir. Amma buna baxmayaraq, lazım gələrsə, ailəsinə qurban verə bilər. Bu yaxınlarda Samirə ilk albomunu pərəstişkarlarına təqdim edəcək.

- İlk dəfə səhnəyə 1991-ci ildə, o vaxtın ən populyar proqramlarından olan "7-17"də səhnəyə çıxmışam. Onda 7-ci sinifdə oxuyurdum. Sezen Aksunun mahnılarından birini oxudum. Deyəsən, münsiflər heyətinin xoşuna gəlmişdi.

Bildiyimə görə, Mədəniyyət və İncəsənət Universtitetinin aktyorluq fakültəsinin məzunusan. Niyə aktyor yox, müğənni oldun?

- Oxumağa uşaq yaşlarımdan həvəsim var idi. Bağçada olanda orada keçirilən bütün tədbirlərdə məni oxudardılar. Sonra elə oldu ki, musiqi təhsilim olmadığı üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetinə daxil oldum. Ancaq arzum konservatoriyada oxumaq idi. Sənədlərimi universtitetin musiqili komediya bölümünə vermişdim. Biləndə ki, aktyorluq fakültəsinə müsabiqə elan olunub, bu bölümə daxil oldum.

Samirə, "Rast" qrupunun tərkibində də çalışmısan. Amma işbirliyiniz uzun çəkmədi. Səbəb nə oldu?

- "Rast" qrupunda az işləmişəm, cəmi iki il. Amma "Rast"dan əvvəl mən Vaqif Gərayzadənin rəhbərlik etdiyi "Aypara" qrupunda da iki ay işləmişəm. "Rast"dan ayrılmağımın elə ciddi səbəbi yoxdur, sadəcə, yollarımız ayrı düşdü və mən bəstəkar Zaur Abdullayevlə tanış oldum. Onun iki mahnısı - "Şamlar sönməsin" və "Dünya yaman gözəldir"in üzərində işləməyə başladım. Sonra müəyyən səbəblər üzündən Zaur müəllim Türkiyəyə getdi. Onun gedişi nəticədə, mənim səhnədən, yaradıcılıqdan ayrı düşməyimə səbəb oldu. Bu arada, sənətdən ayrı düşdüyüm o vaxt kəsiyində də ailə qurdum. Hazırda Əli adında iki yaş yarımlıq bir oğlum var.

Bəs sənətdən ayrı düşdüyün o vaxtda ailə sənin yaradıcılıq həvəsini, marağını nə dərəcədə əvəz edə bildi?

- Mən hər yerdə həmişə demişəm ki, sənəti ailəmə qurban verməyə hazıram. Bu, mənim cavabımdır. İndiyədək ailəmdə sənətimlə bağlı mübahisələr, demək olar ki, olmayıb. Olarsa, hər an qurban verə bilərəm. Çünki mən ailəmi hər şeydən üstün tuturam.

Mahnılarınız olsa da, səni birdən-birə populyarlaşdıran "Qayıtdı xəyallar" mahnısı oldu. Bu mahnı necə yarandı?

- Məlum səbəblər üzündən sənətimdə fasilə verəndən sonra elə oldu ki, "VVS" səsyazma studiyasına gəldim. Orada bəstəkar Aytən İsmixanova ilə tanış oldum və ondan xahiş etdim ki, mənə sentimental ruhlu bir mahnı yazsın. O da yazdı. "Qayıtdı xəyallar" belə yarandı. Ancaq indi etiraf edim ki, bu mahnını oxumağa başlayanda belə populyarlıq qazanacağıma inanmırdım.

Yerigəlmişkən, "Qayıtdı xəyallar"ın hip-hop ustası Elşad Xose ilə remiks variantı da var. Bu ideya kimi idi - Elşadın, yoxsa sənin?


- Elşad Xose özü təklif elədi. Əvvəlcə yaxşı alınacağına şübhə ilə yanaşırdım. Sonra mahnının bəstəkarı Aytən İsmixanova ilə məsləhətləşdim. O razılığını verdi. Sonra qulaq asanda çox xoşuma gəldi.

Samirə, sənətdə ilk uğurlu addımlarını atmısan. Amma heç yolun yarısında da gəlib çatmamısan. Sənətinin bundan sonrakı mərhələləri, bir az da məşhurlaşmağın çətinlikləri səni qorxutmur ki?

- Sənətdə olduğum ilk vaxtlardan mən çətinliklərlə üzləşmişəm. Onda qorxuya düşürdüm. Amma indi bir elə də qorxmuram. Özünüz baxın, əgər qorxsaydım, hər halda sənətə ikinci dəfə "qayıdış" etməzdim.

Bayaqkı söhbətimizdə dedin ki, Uitni Xyustona qulaq asmağı çox sevirsən. Bəs öz müğənnilərimizdən kimi dinləməyi xoşlayırsan?

- Azərbaycan müğənnilərindən əsasən Alim Qasımova qulaq asmağı çox sevirəm. Ancaq hərdənbir başqaların da dinləyirəm.

Məsələn...

- Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Nisə Qasımova və başqaları.

Samirə, ekranlarda və ulduzlarımızın tez-tez bir yerdə olduqları konsertlərdə, tədbirlərdə az-az görünməyinin səbəbi nədir?

- Heç bir səbəbi yoxdur. Sadəcə olaraq, dəvət eləmirlər. Heç kimə də gedib deyən deyiləm ki, məni tədbirlərə niyə dəvət etmirsiniz. Ancaq kimsə məni çağıranda mütləq gedirəm. Çox nadir halda olur ki, iştirak etməkdən imtina edim.

Toylara da getmirsən?

- Niyə ki, gedirəm. Ancaq qonaq kimi. Rəfiqələrimin, qohum-əqrabanın ad günlərinə, toylarına gedəndə xahiş edirlər ki, oxuyum. Repertuarımdan bir-iki mahnı ifa edib, yenidən qoşuluram qonaqlara. O ki qaldı el şənliklərinə müğənni qismində getməyimə, əvvəla, oxuduğum janr toy üçün yaramır. İkinci bir tərəfdən də, toyu aparan müğənni gərək işinin peşəkarı olsun, məclisi ələ ala bilsin.

Hansı bəstəkarlarla işləyirsən?

- Bayaq qeyd etdiyim kimi Aytən İsmixanova ilə. Hazırda isə gənc bəstəkar Günel və İsa Məlikovun bəstələrinə müraciət etmək fikrindəyəm. Mahnılarımın sözlərini isə adətən Aytən xanımın həyat yoldaşı Altun Şaşıqoğlu yazır.

Ümumiyyətlə, Samirə özü haqqında nə fikirdədir?

- Samirə bir insan və bir müğənni kimi çox sadə adamdır. Ürəyində sonsuz arzuları var. Gözəlliyi, həyatı sevir və ondan zövq almağı bacarır.

İndiyədək nə klipin, nə də albomun var. Ancaq mahnılarının sayı kifayət qədərdir. Nəyə görə bu mahnıları toplayıb, albom şəklinə salmamısan?

- Bu yaxınlarda ilk diskimi yazdıracam. Repertuarımda səslənən 10-12 mahnını diskə daxil etmişəm. Albomun adı da "Qayıtdı xəyallar" olacaq. Kliplərə gəldikdə isə oxuduğum bəstələrdən hələlik heç birini ekranlaşdırmaq fikrində deyiləm. Əvvəlcə sponsor axtarırdım. Bir fayda vermədiyi üçün axtarışlarımdan əl çəkdim. Nə vaxt şəxsi vəsaitim hesabına klip çəkdirməyə imkanım olacaq, onda da çəkdirəcəm.

Albomun adını məhz "Qayıtdı xəyallar" qoymağınız təsadüfidir?

- Əlbəttə, yox. Bu adı ona görə seçmişəm ki, mən Samirə Məmmədli kimi məhz bu mahnı ilə məşhurlaşmışam.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd