İş günü

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#124(348)
Ölülər arasında yaşayan adam
2 aydır ki, Şıxov qəbiristanlığında məskən salmış 40 yaşlı Eldar normal insan kimi ömür sürmək istəyir

Qəbiristanlıqdayam... Axirət dünyasına köç edənlərin son mənzilində. Gəlişimin səbəbi isə o dünyanın adamlarını yox, diriykən özünü ölülərin məskəninə şərik edən insanı- 40 illik ömrünün 24 ilini həbsxanaya həsr etmiş bir şəxsi ziyarət etməkdi. Elə bir adamı ki, yolu Rusiyadan, Omsk həbsxanasından, Sibirdən, Tayqa zülmətlərindən keçib. Nəhayət, yollar onu Bakıya gətirib. Burada döydüyü qapıların qıfılını sındıra bilməyib. Özündən, taleyindən küsdüyü vaxtlarda son ümid yeri olan Şıxov qəbiristanlığı yadına düşüb. Qəbiristanlıq da ona qoynunda yer ayırıb. O, burada heç nədən qorxmur. Çünki doğma anası da yanındadı. Biri o dünyanın, digəri bu dünyanın sakinləridir. Tanış olun, bizim yazının qəhrəmanı iki dünyanın astanasında var-gəl edən Eldar Dadaşovdur.
O, Yasamal rayonu Şərifzadə küçəsi 86, mənzil 5-də yaşayıb. Erkən yaşlarından valideynlərini itirib, nənə-babasının himayəsində yaşayan Eldar ilk dəfə 14 yaşında məhkum olunub. Maşın qaçırdığına görə... Sonradan elə bu növ cinayətdə məşhurlaşıb, özünün dediyinə görə, sürətlə maşın sürməkdə Bakıda heç kim ona çata bilməzmiş. Hətta Gəncəli "Smert Tofiq" belə: "Uşaqlıqdan maşın həvəskarı olmuşam, "Jiquli"lərin təzə çıxan vaxtı onları görəndə məni ağlamaq tuturdu. "Mersedes"ə saatlarla tamaşa edərdim. İndi də qəşəng maşın görəndə özümü güclə saxlayıram".
Sonra nənəsini də itirib. Həbsxanadan təzəcə çıxmış kimsəsiz gənc yenidən özünü dolandırmaq üçün cinayətə əl atıb. Dediyinə görə, 1983-cü ildə təkrar məhkumluğu zamanı həbsxana nəzarətçiləri ilə yola getməyib. Onu Rusiyaya köçürüblər. İrkutskdakı 19 saylı həbsxanada saxlanılarkən 20 Yanvar hadisələrini eşidərək, vətənə dönmək qərarına gəlib: "10 nəfər azərbaycanlı idik. Onlar qorxdular, mən qadağan olunmuş ərazidə "çasavoy"ların arasında olan məsafədən sürünə-sürünə keçərək, tək qaçmışam. Əllərimi məftil kəsdi, cəldliyim olmasaydı, ölərdim. Sonra hamının "ölüm tayqası" adlandırdığı Sibir tayqasına girdim. Bilirsiz, həmin günə kimi meşəni ancaq işığı olmayan park kimi təsəvvür edirdim. Ancaq belə deyilmiş. 12 sutka Sibir şaxtasına davam gətirmək hər adamın işi deyil. Aclıq, qorxu, soyuq mənə bərk güc gəlir, gecədən səhərə kimi dişim-dişimə dəyirdi".
Müsahibimin dediyinə görə, həbsxanadan qaçdığı üçün şəxsiyyəti barədə bütün sənədlər 19 saylı təcridxanada qalıb. Çox çətinliklə də olsa, Bakıya qayıdıb. Axtarışda olduğu üçün evləri ilə maraqlana bilməyib. Qarabağ döyüşlərində iştirak etmək istəyib. "Dedilər düzgün müharibə getmir, yenə avara qaldım. Təkrar oğurluğa başladım ki, başımı dolandırım", deyən Eldar sonuncu dəfə 15 il həbs cəzası alıb. 1992-ci ildə amnistiyaya düşüb və cəzası 4 il yarım azaldılıb.
3 saylı islah əmək müəssisəsində 10 il yarım cəza çəkən Eldar bu ilin avqustunda həbsxanadan çıxıb. O da əksər məhkumlar kimi vərəm xəstəsidir. Dediyinə görə, indi həbsxana kişi yeri deyil. Bu səbəbdən də yenidən qovuşduğu azadlığı əlindən vermək istəmir. Hətta bundan sonra 20 il də qəbirstanlıqda yaşayası olsa belə...
"Paltarımı yerə salıram, üstündə yatıram. Qəbirstanlıqdan qorxmağa heç vaxt qalmır. Bütün günü piyada gəzdiyimdən o qədər yorğun oluram ki,"ay Allah bircə tez çataydım, yıxılıb yatardım deyirəm". Gecələr yuxudan durub su içirəm, Allahla, ölənlərimlə danışıram. Bir canlı insanla söhbət etmək, danışmaq istəyirəm, ancaq məndən başqa orada hamısı ölüdür. Bir canlı varsa, o da mənəm. Şıxov qəbirstanlığından çıxandan sonra gün ərzində Prezident Aparatı, humanitar şöbə, idarələri, məhkəmələri, "JEK"ləri piyada dolanıram. Axşam yorğun halda qəbiristanlığa qayıdıram. Azuqəm qida qalıqlarıdır. Həyatdakı dəyişiklikləri bu cür təsəvvür etmirdim. İndi bir-birinə əl tutmurlar".
Dediyinə görə, qəbirstanlıqda məskunlaşmasının səbəbi isə müvafiq qurumların Eldara qarşı laqeyid münasibətidir. Keçmiş sovet dövründə həbsxanadan buraxılan məhkumları xüsusi nəzarətə götürər, onların yenidən cinayətə əl atmasının qarşısını almaq üçün işlə təmin edərdilər. İndi isə Eldar vətəndaşlıq pasportu ala bilmir. Evi əlindən alınmış bu adama dirilərin arasında bir metr yer ayıran yoxdu. Dediyinə görə, vərəm dispanseri onu yaxına buraxmayıb. Əvvəllər harada yaşaması barədə MİS-dən sənəd alsa da, Pasport Viza Qeydiyyatı İdarəsi (PVQİ) Eldarı get-gələ salır. Yalnız İnsan hüquqlarını müdafiə mərkəzinin DİN-ə göndərdiyi məktubdan sonra lazımi sənədləri toplayaraq, PVQİ-yə verib. Şərifzadə küçəsi 86, mənzil 5-lə bağlı şikayətini məhkəmə qəbul etməyib.
"Mənə dedilər ki, 6 ay yaşamamışamsa evi başqasına verə bilərlər. Heç olmasa, evin əşyalarını qaytarsınlar. Həmin evə dəfələrlə getsəm də heç kimi tapa bilmirəm.
Şəxsiyyət vəsiqəsini alıb pul qazansam, heç olmasa insan kimi yaşaya bilərdim. Qızıl Aypara Cəmiyyətinin verdiyi paltarları geyinirəm". E.Dadaşovun sözlərinə görə, ağır yük qaldırsa ağzından qan gələr. Bacardığı yeganə iş isə maşın sürməkdi. Cinayət aləmində yaxşı maşın sürən olub. Bakının avtomobil qaçıran cinayətkarları onunla "qonka" etməyi özlərinə şərəf biliblər. İndi maşın qaçırmadığına görə özünü pis hiss etdiyini də gizlətmədi: "ciblərim "paçka-paçka" pulla dolu olurdu. O vaxt çexlər Bakıya qonaq gəlmişdilər. Maşınlarla müxtəlif əyləncə nömrələri göstərirdilər. Mən də "06" qaçırmışdım. Yolda onların qarşısında maşını 2 təkəri üstünə qalırdım. Maşını "fiqurnı katani"dəki kimi fırlatdım. Çexlər mənə onlarla getməyi təklif etdilər, razı olmadım". E.Dadaşovun yeganə arzusu vətəndaş kimi yaşamaqdı. Balaca bir sığınacaqda həyat sürməyə razıdır. Təki qəbirstanlıqda bu neçə gündə yağışdan çəkdiyi əziyyəti bir də çəkməsin. Bir də ən böyük arzusu pul qazanmaqdır. Çünki kimsəsizlər qəbirstanlığında basdırılan qardaşının məzarını tapıb anasının yanına köçürmək istəyir. Bax belə...

Azərbaycanın valyuta ehtiyatları "məngənə"də
Bu vəsaitlərin böyük bir hissəsi ABŞ banklarında saxlanılır

ABŞ-da baş vermiş terror hadisələri manatın dollara nisbətdə kursuna təsir göstərməyəcək. Bu barədə məlumat verən Azərbaycan Milli Bankının (AMB) prezidenti Elman Rüstəmov bildirib ki, bu göstəricilər daxili makroiqtisadi şərtlərə bağlıdır. Hansı ki, ilin sonuna və növbəti illər üçün optimist proqnozlar irəli sürməyə imkan verir. E.Rüstəmovun sözlərinə görə, hamı kimi AMB də terror aktlarının ilk günləri psixoloji gərginlik keçirib. Çünki Azərbaycanın valyuta ehtiyatlarının böyük bir hissəsi ABŞ banklarında saxlanılır. AMB manatın kursunda "yumşaq" korrektələr etməklə öz siyasətini davam etdirəcək. Bu "yumşaq" korrektələr makroiqtisadi inkişafa, icracata işləyən istehsalata müsbət təsir göstərir.
Rüstəmov həmçinin qeyd edib ki, bu ilin 9 aylıq yekunlarına əsasən, AMB satışla müqayisədə daha çox valyuta alır. Sentyabrda birjada böyük həcmdə valyuta əldə edilib. Azərbaycanın xarici borclarını ödəmək imkanında olub-olmasına görə də narahatçılığa əsas yoxdur. Respublika ən çətin vaxtlarında belə borclarını vaxtlı-vaxtında ödəyib (Avropa İttifaqına 56 milyon dollar). Azərbaycanın xarici borcları konservativdir, onlar uzunmüddətli struktura malidir. Ona görə də borcların vaxtında qaytarılmayacağına səbəb yoxdur. İlin sonuna kimi respublika BVF-yə olan borcunun 10 milyon dollarını ödəməlidir. Dövlət Neft Fondunun sədri Samir Şərifovun verdiyi məlumata görə, hazırda ABŞ-ın Federal Ehtiyat Bankında remaliyyələşmə dərəcələrinin 0,5 faiz aşağı düşəcəyi gözlənilir. "Bizim iqtisadiyyat dünya iqtisadiyyatına inteqrasiya olunub. Ən azı ona görə ki, bizim valyuta ehtiyatlarımız xarici banklarda yerləşdirilib. Buna müvafiq olaraq biz hazırda mövcud olan reallıqları nəzərə almalıyıq", - deyə Şərifov bildirib. S.Şərifov hesab edir ki, ABŞ-dakı terror hadisələrindən sonra dünya maliyyə bazarında vəziyyət gələn ilin 2-ci yarsından tez sabitləşməyəcək. ABŞ iqtisadiyyatı eniş dövrünə qədəm qoyub, bu da heç kimdə şübhə oyatmır. Ola bilsin ki, bu proses hələ çox çəkəcək. ABŞ-ın işgüzar aktivliyini göstərən göstəricilərdən biri DOW YONNES inteksidir ki, rekord dərəcədə- 8 min bölmə aşağı düşüb. Bu da ümumilikdə bütün dünya maliyyə bazarlarına güclü təsir göstərib. Acı nəticələrdən qaçmaq və dolları möhkəmləndirmək məqsədilə, inkişaf etmiş ölkələrin mərkəzi bankları əlaqəli fəaliyyət göstərir. Hazırda bir çox investorlar öz əmanətlərini artırmaq yox, onları saxlamaq barədə düşünürlər. Ümumiyyətlə xarici banklardakı gəlirlilik çox aşağı düşüb. Bu da təbii ki, Dövlət Neft Fondunun aktivlərini və qızıl ehtiyatlarının idarə olumasında əldə edilən gəlirlərin də azalmasına gətirib çıxırır. Elman Rüstəmov hesab edir ki, Azərbaycanın aktivlərinin böyük bir hissəsi xaricdə dollar şəklində yerləşdiriləcək. Lakin müəyyən dərəcədə valyuta çantasında yerdəyişmələr aparıla bilər. "Ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər azalır. Amerikalılar iqtisadiyyatlarının canlandırılması üçün mümkün olan hər şeyi etməyə cəhd göstərirlər. Biz də öz ehtiyatlarımızı aktivləşdirməyə cəhd edirik. Faiz dərəcələrinin təsirini kompensasiya etmək üçün uzun müddətli depozitlərlə razılaşırıq. Yaxşı banklar seçirik. Biz gözləyirik ki, orta faizlər indikindən daha yuxarı olacaq", - deyə E.Rüstəmov bildirib. Bütün bu hadisələrə baxmayaraq bu il yanvarın 1-i ilə müqayisədə valyuta ehtiyatlarımız əvvəlki həcmdə saxlanılıb.
Yeri gəlmişkən, AMB-nin strateji planına əsasən, 2005-ci ildə milli valyutanın denominasiyası həyata keçiriləcək. E.Rüstəmovun sözlərinə görə, bu banknotların əsas fərqi onların dəyərində 3 sıfırın ixtisara salınmasıdır. Hələ ki, denominasiya prosesinin aparılmasına sərf olunacaq vəsaitlərin mənbəyi müəyyənləşməyib. Ehtimal edilir ki, 2005-ci ilə kimi, dövriyyədə olan milli valyutanın istifadə müddəti başa çatacaq. Yeni banknot sisteminin tətbiqi ilə əlaqədar yeni qiymət miqyası meydana çıxacaq. Bu perspektivi nəzərə alan pul komitəsi qərara gəlib ki, 5 və 20 min manatlıq pul əskinaslarının buraxılması layihəsindən imtina etsin. Bununla yanaşı hazırda dövriyyədə olan milli valyutanın yeniləşdirilməsi üçün gələn ildən ölkəyə yeni banknotlar gətiriləcək. Dəyişdirilmə prosesi əsasən 1000, 10000 və 50000 dəyərində olan banknotları əhatə edəcək. Yaxın günlərdə qanunvericiliyə uyğun olaraq dövriyyədn çıxarılmış 500 milyard manat vəsait yandırılacaq.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd