|
|
|
|
#124(348)
|
 |
Kəməri qvardiya qoruyacaq
Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəmərinin
təhlükəsizliyinin yüksək səviyyədə təmin ediləcəyi
barədə Azərbaycan və Gürcüstan
rəhbərlərinin vədləri də bunu təsdiqləyir
|
"Şahdəniz" yatağından Gürcüstan ərazisinə çəkiləcək qaz kəmərini Milli Qvardiyasının hərbi qulluqçuları mühafizə edəcək. Bu fakt Gürcüstan ərazisilə Azərbaycandan Türkiyəyə qaz nəqlinə dair saziş çərçivəsində imzalanmış sənədlərdə əksini tapıb. Bu xəbəri "Turan" rəsmi məlumatlı mənbələrə istinadən yayıb.
Məlum olduğu kimi, Milli Qvardiya prezident Heydər Əliyevin özü də daxil olmaqla ölkənin yüksək vəzifəli şəxslərinin, o cümlədən mühüm dövlət obyektlərinin təhlükəsizliyinə cavabdehdir. Ötən həftə Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəmərinə dair sazişlərin imzalanması mərasimində çıxış edən Azərbaycan və Gürcüstan prezidentləri magistralın təhlükəsizliyinin ən yüksək səviyyədə təmin ediləcəyini bildirmişdilər. Bu missiyanın Milli Qvardiya həvalə olunması həmin bəyənatın nəticəsi kimi dəyərləndirilməlidir. Qaz kəməri layihəsinin reallaşması ilə bağlı tezliklə Milli Qvardiyaya xeyli hərbi qulluqçu qəbul ediləcəyi gözlənilir.
Gələcəkdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizəsini də Milli Qvardiyanın həyata keçirəcəyi gözlənilir.
Pentaqon 10-cu diviziyanı Orta Asiyaya göndərib
ABŞ qüvvələri Əfqanıstana şimaldan girə bilər
|
Amerikanın 10-cu dağ diviziyasından ibarət gücləndirilmiş batalyon Özbəkistan və Tacikistana göndərilməyə başlayıb.
Bu barədə Pentaqonun mətbuat katibi Viktoriya Klark jurnalistlərə bildirib. "Vaşinqton post" qəzetinin məlumatına görə, Mərkəzi Asiya ölkələrinə ABŞ quru qoşunları qüvvələrinin mindən çox döyüşçüsü göndəriləcək. Bu, amerikalı əsgərin keçmiş SSRİ ərazisində ilk hərbi tapşırığı olacaq.
"Biz bütün dünya ölkələrinin əməkdaşlığı və dəstəyindən çox razıyıq. Lakin istərdik ki, məhz bu region ölkələrinə mühüm önəm verdiyimizi qeyd edək," - deyə Klark bildirib.
O həmçinin 2200 nəfərlik dəniz piyadası qrupu haqda məlumat verib. Qrup istənilən an ABŞ-ın Fars körfəzindəki desant gəmilərilə Əfqanıstana göndərilə bilər.
Hazırda antiterror əməliyyatlarına ümumilikdə 30 mindən çox ABŞ hərbçisi cəlb edilib.
Eyni zamanda Daşkənd və Düşənbədəki rəsmi mənbələr amerikalı hərbçilərin Özbəkistanla Tacikistana gəlməsini hələlik inkar edir.
|
Keçmiş XTPD-çilər əfv gözləyirlər
|
Bu il ölkə başçısının əfv fərmanı nəticəsində keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) 8 üzvü azadlığa buraxılıb, bir o qədər XTPD-çinin isə cəza müddəti yarıya endirilib. Bunu XTPD-çilərin hüquqlarını Müdafiə Komitəsinin sədri Qabil Rzayev dünənki mətbuat konfransında bildirib.
O həmçinin xatırladıb ki, ötən il prezidentin imzaladığı 4 əfv fərmanı ilə 1995-ci ilin mart hadisələrində iştiraka görə məhkum edilən 48 nəfər keçmiş XTPD-çi və 100 nəfər hərbi, mülki şəxs azadlığa buraxılıb. Hazırda cəzaçəkmə yerlərində 160 XTPD-çi, 200-dən çox hərbi və mülki şəxs saxlanılır. Onlar 1995-ci ilin mart hadisələrində iştirakda təqsirli bilinir. Vaxtilə Komitə məlum hadisələrə görə həbs olunmuş 63 nəfər XTPD-çi, hərbi və mülki şəxsin siyahısını prezident yanında Əfv Komitəsinə təqdim edib. Onların bəzisi Qarabağ döyüşlərində aldığı yaralardan əziyyət çəkir, bir hissəsi isə həbsxanada ciddi xəstələnib. Sözügedən siyahı Avropa Şurası Parlament Assambleyasına da təqdim edilib. Lakin siyahıya daxil olanlardan yalnız üç nəfəri əfv edilib.
Müdafiə Komitəsi və məhkum olunmuş XTPD-çilərin valideynləri həbsxanada olanların adlarının Azərbaycanın müstəqilliyi günü münasibətilə veriləcək əfv fərmanına daxil edilməsi xahişilə ölkə başçısına müraciət etmək niyyətindədir.
"Qərb terrorizm məsələsində ikili mövqe tutur"
Şeyxülislam ABŞ səfirinin görüşündə belə deyib
|
Dünən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Hacı Allahşükür Paşazadə ilə ABŞ səfirinin görüşündə terrora münasibət məsələsi müzakirə edilib.
Görüş zamanı A.Paşazadə terrorizmlə mübarizəyə tərəfdar olduğunu bildirib. O, ABŞ-da baş vermiş terror aktları ilə bağlı islamın ünvanına bəzi xoşagəlməz fikirlərin söyləndiyini qeyd edib. Eyni zamanda Paşazadə Qərbin terrorizm məsələsində ikili mövqeyini göstərib. O, Azərbaycanın erməni terroruna məruz qaldığını, ABŞ-ın Azərbaycana tətbiq etdiyi 907-ci düzəlişin hələ də qaldığını diqqətə çatdırıb.
Əfqanıstandakı duruma gəlincə, QMİ rəhbərinin fikrincə, antiterror əməliyyatlar nəticəsində dinc əhali əziyyət çəkməməlidir. Öz növbəsində amerikalı səfir deyib ki, terrorizmlə mübarizə üçün islam dövlətlərinin dəstəyi lazımdır. Eyni zamanda o, Şimali Qafqazda, o cümlədən Çeçenistanda baş verən hadisələrlə bağlı narahatlığını bildirib.
Türkyiə bizimlə olacaq
İsa Sadıqov: "İranın aldığı raketlər heç də müdafiə üçün nəzərdə tutulmayıb"
|
Rusiyanın müdafiə naziri Sergey İvanovla onun iranlı həmkarı Əli Şəmxaninin keçirdiyi qapalı görüşdən sonra iki dövlət arasında çoxdan gözlənən hərbi saziş nəhayət ki, imzalandı. Həmin anlaşmaya görə, Rusiya İrana 7 milyard dollarlıq silah satacaq. Xatırladaq ki, həmin silahlar əsasən hava hücumundan müdafiə sistemi, zenit-raket kompleksi, radiolokasiya stansiyalarından ibarətdir.
Hərbi ekspertlərin fikrincə, İranın hələ çoxdan gözlənilən sazişə imza atması regionda balansı pozacaq. Buna baxmayaraq, müafiə nazirinin keçmiş müavini İsa Sadıqov balansın pozulacağını proqnozlaşdırmır. Onun sözlərinə görə, həmin saziş çoxdan gözlənilirdi: "İnanmıram ki, İranın Rusiyadan silah alması regionda balansı və ya situasiyanı dəyişsin. Onlar sadəcə olaraq məcburiyyət qarşısında qalıb belə bir sazişə imza atıblar. Çünki artıq başa düşürlər ki, son hadisələrdən sonra regionda geopolitik dəyişklər baş verə bilər. Həm Rusiya, həm də İran NATO-nun irəliləməsindən bərk narahatdırlar. İrana qarşı ABŞ embarqolarının, sanksiyaların olmasına baxmayaraq Rusiya açıq şəkildə onlara silah satdı. Onu da deyim ki, İranın aldığı "yer-yer" tipli raketlərin uçuş məsafəsi o qədər də böyük deyil".
Buna baxmayaraq, İranın aldığı 7 milyard dollarlıq silahın regionda balansa təsir etməyəcəyi fikri də o qədər inandırıcı görünmür. İsa Sadıqov dedi ki, bu, uzun müddətli saziş olduğuna görə, İranın güclənməsindən və balansın dəyişməsindən söhbət belə, gedə bilməz: "Bu o demək deyil ki, İran həmin silahları bir-iki ayın və ya bir ilin içində alacaq. Həmin sazişə diqqətlə fikir verdim və gördüm ki,İran ildə təxminən 250 milyon dollarlıq silah alacaq. İndi özünüz təsəvvür edin görün 7 milyardlıq silahı İran neçə ilə alacaq. Amma onu da nəzərdə qaçırmamalıyıq ki, faktiki olaraq İran 1970-ci ildən bütün silahı Rusiyadan alır".
İsa Sadıqovun sözlərinə görə, İranla Rusiyanın bu addımı Azərbaycana yox, konkret olaraq ABŞ-a və qərb dövlətlərinə qarşı yönəlib. Maraqlı məqam ondadır ki, hərbi ekspertlər iddia edir ki, İran yalnız müdafiə xarakterli silah alıb. Bununla bahəm İran rəsmiləri açıq şəkildə bəyan ediblər ki, onlar hücum xarakterli silahlar almağa da hazırlaşırlar: "Əslində, İranın aldığı silahlardan həm hücumda, həm də müdafiədə istifadə edilə bilər. Ona görə də birmənalı şəkildə demək olmaz ki, İran yalnız müdafiəyə və ya hücuma üstünlük verəcək. İranın aldığı raketlər heç də müdafiə üçün nəzərdə tutulmayıb. Düzdür, regionda Azərbaycana qarşı həmişə təhlükə olub. Rusiya ilə bərabər İran da istəmir ki, Azərbaycan inkişaf etsin. Mənə belə gəlir ki, Türkiyənin Azərbaycanla olması və bizim müdafiə nazirmizini Türkiyəyə getməsi yaxın vaxtlarda İran təhlükəsini aradan qaldıracaq".
|
Cənubi Qafqaz
reklamçıları
birləşirlər
|
Bu günlərdə Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan relamçılarını birləşdirən assosiasiya yaradılması barədə memorandum imzalanıb.
Azərbaycan nümayəndələri qurumu "Cənubi Qafqaz Reklamçılar Assosiasiyası" adlandırmağı təklif edib. Azərbaycan Reklamçılar İttifaqının rəhbəri Hacıəmi Atakişiyevin fikrincə, "Zaqafqaziya" sözü sovet dövrünün mirasıdır. O həmçinin gələcək qurumun üzvlərinin ildə iki dəfə Tbilisidə və Bakıda toplanması təklifini irəli sürərək, bu görüşlərin regionun iqtisadi inişafında mühüm rol oynayacağını vurğulayıb.
Gürcüstan tərəfi qurumun siyasətə qarışmayacağını, yalnız reklamçılığın inkişafına, yaradıcılıq ideyalarının mübadiləsinə xidmət edəcəyini bildirib.
Quruma rəhbərlik növbəlilik prinsipi ilə həyata keçiriləcək. Beynəlxalq Reklamçılar Assosiasiyasının keçmiş başçısı Norman Veylin bu qeyri-hökumət təşkilatın fəxri prezident seçiləcəyi gölənilir.
Gəncədə etiraz aksiyası
Gil-torpaq kombinatının işçiləri
3 aylıq əmək haqlarını tələb edirlər
|
Gəncə Gil-torpaq kombinatının işçiləri 3 aylıq əmək haqlarının verilməsi tələbi ilə dünən müəssisənin inzibati binası qarşısında etiraz aksiyası keçirib.
Xatırladaq ki, oktyabrın 2-də də işçilər maaşlarının verilməməsinə görə, etiraz aksiyası keçirərək Bakı-Tbilisi magistral yolunu 10 dəqiqə müddətində bağlamış, rəhbərliyin 3 gün ərzində əmək haqqlarının ödənləcəyi barədə vədindən sonra isə aksiyanı dayandırmışdılar. Lakin dünən "Azəraliminium" Səhmdar Cəmiyyətindən Gəncə Gil-torpaq kombinatına daxil olan məlumatdan sonra məlum olub ki, "Azəraliminium"un səhmdarlarından biri olan Hollandiya şirkətinin verəcəyi vəsait, bank əməliyyatlarının müəyyən vaxt tələb etdiyindən 1-2 gün ərzində deyil, bir neçə gündən sonra hesaba oturacaq. Ona görə də, işçilərin əmək haqlarının 3 gün ərzində ödəniləcəyi real deyil. Gəncə gil-torpaq istehsal sahəsində çalışanlar da bu səbəbdən etiraz aksiyasını dünən də davam etdirmək qərarına gəliblər.
|
İran kampaniyaya
şərtlə qoşulacaq
|
İranın Azərbaycandakı səfirliyi Əhəd Qəzayi "Lider" televiziyasına müsahibəsində bildirib ki, İran terrorizmlə mübarizədən kənarda qalmayacaq.
Lakin bir şərtlə ki, bu ABŞ deyil, BMT durmuş olsun. İranın mövqeyinə görə Birləşmiş Ştatlar terrorla mübarizədə səmimi deyil. Səfir qeyd edib ki, İranın özü terrordan əziyyət çəkən bir ölkə olduğundan bu mübarizədə laqeyd qala bilməz. "Lakin ABŞ-da baş verən faciəli terror aktlarına görə bütöv bir milləti kütləvi qırğına məhkum etməklə terrorizmin qarşısı alınmayacaq. Əksinə dünyada daha ağır nəticələr törədən qanlı qarşıdurmalar baş verəcək". "Amerikanın Əfqanıstana hücumunun baş verəcəyi təqdirdə rəsmi Tehran hansı mövqedə duracaq - sualını cavablandıran səfir bildirib ki, İran digər müsəlman ölkələr kimi yalnız BMT-nin başçılığı altında aparılan antiterror mücadiləsinə qoşulacaq. Bu İranın qəti mövqeyidir.
"Test imtahanı dövlət qulluğu sahəsində də olmalıdır"
Rəbiyyət Aslanova: "Yeni əsrdə yeni təfəkkür tərzi olan kadrlar irəli çəkiləcək"
|
Parlamentin İnsan Hüquqları daimi komissiyası sədrinin müavini, millət vəkili Rəbiyyət Aslanova Murtuz Ələsgərovun təqdimatından sonra prezident Heydər Əliyevin fərmanı ilə yaradılan Dövlət Qulluğunu İdarəetmə Şurasına üzv seçilib. Əsasnamə tam müəyyənləşmədiyindən şura üzvlərinin səlahiyyətini tam dəqiqləşdirmək mümkün olmayıb.
Bunula belə, Rəbiyyət Aslanova şura barədə təfərrüatlı danışa bildi.Spiker Murtuz Ələsgərovun hazırladığı 6 nəfərlik namizədlər siyahısına düşməsinə gəlincə, millət vəkili bunu belə izah etdi:
- Milli Məclisin "insan hüquqları" daimi komissiyasının sədr müaviniyəm. İnsanların, vətəndaşların hüquqlarının qorunması, onların azadlıqlarının təmin edilməsi ilə məşğulam. Və belə hesab edirəm ki, Dövlət Qulluğunu İdarəetmə Şurasına seçilməyim də bu zərurətdən yaranıb. Və bunu özümə qarşı böyük etimad kimi dəyərləndirirəm. Çalışacam ki, gələcək fəaliyyətimdə bu etimadı doğruldum.
Rəbiyyət xanım, bu şura hansı
zərurətdən yarandı?
- Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" qanunu qəbul edilib və 2001-ci il yanvar ayının 1-dən qüvvəyə minib. Həmin qanun 4 fəsildən ibarətdir, 35 maddəsi var. Həmin qanunun 5-ci maddəsi dövlət qulluğunu idarəetmə orqanları haqqındadır. Bu maddənin müddəaları da ondan ibarətdir ki, Azərbaycan Respublikasında həmin qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ metotiki təminatını, dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi həyata keçirsin. Şuranın 18 üzvü olacaq. Onların 6 nəfəri prezident, 6 nəfəri, Milli Məclisin sədri, qalan 6-sı isə Konstitutsiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla tətbiq edilən əsasnamə ilə müəyyən edilir.
Şura dövlət orqanı olacaq, yoxsa...
- Xeyir, bu şura dövlət orqanı deyil. Üstəlik, şuranın üzvləri də öz fəaliyyətlərini ictimai əsaslarla həyata keçirəcək.
Belə çıxır ki, şura konkret olaraq heç
kimə tabe olmayacaq...
- Şuranın qəbul etdiyi qərarlar dövlət qulluqçuları üçün müvafiq olaraqAzərbaycan Respublikasının prezidenti, Milli Məclisin sədri, Konstitutsiya Məhkəməsinin sədri tərəfindən təmin ediləcək. Yəni şuranın konkret tabeçiliyi olacaq.
Belə başa düşdük ki, şura üzvlərinin
konkret səlahiyyəti hələ də bəlli deyil. Yəni onların nə ilə məşğul olacağı tam tənzimlənməyib.
- Bəli, bu, qəbul ediləcək əsasnamə ilə tənzimlənəcək. Əsasnamə isə hələ də qəbul edilməyib. Bizim konkret nə işlə məşğul olacağımız əsasnamədə göstəriləcək. Qanun ilk növbədə dövlət quluqçularının öz vəzifə səlahiyətlərini lazımi şəkildə yerinə yetirməsini tənzimləyəcək. Bu gün vətəndaşla dövlət arasında yeni münasibətlər yaranır. Buna görə də vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə şərait yaradılmalıdır. Bu isə prokurorluq, Ədliyyə, Milli Təhlükəsizlik, Daxili İşlər, Vergi, Xarici işlər nazirlikləri, Gömürk və Milli Bankda dövlət qulluğuna keçən şəxslərə şamil ediləcək.
Bəs konkret kimlərə şamil
edilməyəcək?
- Konkret şəkildə demək olar ki, bu, hərbi qulluqçulara şamil edilməyəcək.
Şura üzvlərinə bayaq sadaladığınız
orqanlara nəzrət səlahiyyəti veriləcəkmi?
- Nəzarət səlahiyyəti bayaq dediyim orqanlara aiddir.
Həmin qanundan belə başa düşülür ki,
bundan sonra dövlət qulluğuna qəbulun forması da dəyişəcək...
- Mən onun məzmunundan danışdım, amma konkret olaraq formaları qəbul ediləcək əsasnamə ilə müəyyənləşəcək.
Artıq məhkəmə sistemində hakimlər
test imtahanlarından keçirlər. Mümkündürmü ki, bu, həmin şuranın nəzarət edəcəyi orqanlara da tətbiq edilsin?
- Azərbaycanda gedən həmin məhkəmə islahatlarının nəticəsi o oldu ki, müsabiqə yolu ilə ən yaxşı, peşəkar hakimlər seçildi. Bu, həqiqətən də şəffaflığın təzahürüdür. Mənə belə gəlir ki, bu testin istər məhkəmə, istər təhsil, istərsə də başqa sahələrdə də tətbiq edilməsi vacibdir.
Şura üzvlərinin səlahiyyət müddəti nə
qədər olacaq, onlar neçə illiyə seçiləcəklər?
- Açığı, bu barədə hələ ki, dəqiq məlumat yoxdur və buna görə də konkret söz deyə bilməyəcəm. Mən bilən, bu da əsasnamə ilə müəyyən ediləcək.
Belə bir fikir var ki, YAP-ın
qurultayından sonra partiyanın fəalları da dövlət qulluğuna irəli çəkiləcək...
- İndiki iqtidarın ən mühüm, ən vacib cəhəti odur ki, vətəndaşların cəmiyyət üçün gərəkli olduğunu onlara aşılayır. Bu gün cəmiyyət üçün çalışan, onun maraqlarını duyan, öz intellektual imkanlarını xalqın yolunda sərf edən və vətəndaşlıq məsuliyyətini hiss edən hər bir şəxsin gərəkliliyini dövlət özü üzə çıxarır. Bu gün irəli çəkilən şəxslərə, struktur dəyişikliklərinə, yeni təyinatlara fikir versəniz görərsiniz ki, həqiqən də bacarıqlı, istedadlı gənclər irəli çəkilir. Sizcə, bu yenilik deyil? Artıq yeni əsrdə köhnə standartlarla düşünənlər deyil, yeni təfəkkür tərzli kadrlar irəli çəkiləcək. Bu, YAP-çı da ola bilər, bitərəf də.
|