|
#124(348)
|
 |
|
Norveç diplomatları gəlir
|
Oktyabrın 11-14-də Norveç Xarici İşlər Nazirliyi nümayəndə heyəti Bakıda səfərdə olacaq. Norveçin Bakıdakı səfirliyindən verilən məlumata görə, nümayəndə heyətinə Avropa siyasəti Departamentinin baş direktor müavini Are Yustayn Norxaym başçılıq edir.
Nümayəndə heyəti Azərbaycandan öncə Gürcüstan və Ermənistanda olacaq. Cənubi Qafqaz ölkələrinə səfərdə məqsəd regionda siyasi durum, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivlərilə tanışlıqdır. Nümayəndə heyəti üzvləri həmçinin ətraf mühitin qorunması, qaçqınlara yardım, cəmiyyətin demokratikləşməsi sahələrinə dair layihələrin reallaşmasının gedişilə tanış olmaq niyyətindədir. Humanitar təşkilatların həyata keçirdiyi həmin layihələri Norveç hökuməti maliyyələşdirir.
Norveçli qonaqlar Bakıda Azərbaycan XİN başçısı Vilayət Quliyevlə görüşəcək, Nazirlər Kabineti və qaçqınlar üzrə Norveç Şurasında olacaq.
|
"Swissair" reysləri dayandırıb
|
İsveçrənin "Swissair Grour" aviaşirkəti yanacaq alınması və aeroport xidmətlərinin ödənilməsi üçün vəsait çatışmazlığı üzündən bütün reysləri dayandırıb. Bu barədə şirkətin xüsusi bəyanatında bildirilir. "Swissair" nümayəndəsi Ervin Şaererin sözlərinə görə, şirkət "gələcək fəaliyyətini bərpa etmək üçün banklarla intensiv danışıqlar aparır". Oktyabrın 1-dən "Swissair" öz biznesini "UBS AG" və "Credit Suisse Grour bank" firmalarına satmağa razılıq verib.
"Swissair"in məlumatına görə, çərşənbə axşamı şirkətin iki təyyarəsi borcların ödənilməsi tələbilə Londanda saxlanılıb. "Swissair" Bakı nümayəndəliyindən şirkətin Azərbaycanda da reyslərini müvəqqəti dayandırdığını təsdiq ediblər.
|
Milli Parkda
təmir işləri başlandı
|
Bakı Şəhər İcra Hakimiyyəti 3 min metr uzunluğu olan Milli Parkda təmir işlərinə başlayıb. Bu burədə yayılan xəbərdə bildirilir ki, şəhər icra hakimiyyəti Milli Parkla paralel olaraq Funikulyorun da təmirinə başlayıb. Artıq Axundov adına parkın yenidən qurulması işləri də müvəffəqiyyətlə davam edir.
Bakı Şəhər İcra Hakimiyyəti, həmçinin, Əzizbəyov metro stansiyasından Binə hava limanınadək olan yola asfalt örtüyünün döşənməsini başa çatdırıb. Yaxın günlərdə yol bütövlükdə istismara veriləcək.
Dünən saat 15.50-də Yardımlı rayonu ərazisində, Azərbaycan-İran sərhədində zəif zəlzələ qeydə alınıb. Episentrdə yeraltı təkanların gücü 3 bal olub və cənub rayonlarında hiss edilməyib.
Bu barədə xəbəri Milli Elmlər Akademiyasının Seysmologiya Mərkəzi verib.
Tovuz rayon sakini Əli Vəliyev idarə etdiyi "Jiquli" markalı maşınla Tovuz Rayon Dövlət Yol Polisi əməkdaşı Həsən Rzayevi və sahə müvəkkili Tahir Qurbanovu vurub. Nəticədə T.Qurbanov hadisə yerində həlak olub, H.Rzayev və həmin vaxt yolun kənarında dayanmış həmin rayonun Öysüzlü kənd sakini Nəbi Məmmədov ağır dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədirlər. Sürücü Ə.Vəliyev sərxoş olduğundan və maşını yüksək sürətlə sürdüyündən hadisə faciəsiz ötüşməyib.
|
MDB dövlətləri mədəni sərvətlər barədə razılığa gələcəklər
|
Rusiyanın Mədəniyyət Nazirliyi mədəni sərvətlərin ölkəyə gətirilməsi və çıxarılmasında MDB dövlətləri ilə qarşılıqlı razılaşma barədə layihə hazırlayıb.
Layihədə mədəni sərvətin ölkədən çıxarılması üçün MDB miqyasında işlənən lazımi icazə kağızının olmasının vacibliyi göstərilir. Hər dövlətin özü tərəfindən tərtib olunacaq bu icazə formaları rus dilində doldurulmalıdır. Layihədə beynəlxalq axtarışda olan qiymətli əşyaların sərhəddə saxlanılması və qanuni sahibinə qaytarılması barədə də müddəalar var. Razılaşma beş il müddətinə nəzərdə tutulur. Bu müddət bitdikdən sonra tərəflərin başqa bir qərara gəlməyəcəkləri təqdirdə razılaşmanın vaxtı beş il də uzadılır. Razılaşmanın MDB ölkələri başçılarının növbəti görüşündə imzalanacağı nəzərdə tutulur.
|
Bakı-Aktau neft dəhlizi
müzakirəyə çıxarılıb
|
ABŞ hökuməti Qazaxıstan hökumətilə Aktau-Bakı neft dəhlizinin yaradılması layihəsini müzakirə edir. Bu barədə Qazaxıstan KİV-i ABŞ-ın ölkədəki səfiri Lerri Nepperə istinadən məlumat yayıb.
Çıxışlarının birində səfir deyib ki, hazırda ABŞ Ticarət və İnkişaf Agentliyi Azərbaycanla Aktauda zəruri infrastrukturu öyrənir. O həmçinin bildirib ki, yaxın vaxtlarda Qazaxıstan və Azərbaycan hökumətləri nəqliyyat sazişinə dair danışıqlara başlayacaq. Bu, Aktau-Bakı dəhlizinin yaradılması üçün hüquqi zəmin yaradacaq. Nepperin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üzərində işləyən konsorsium mühəndis tədqiqatlarına başlamaq niyyətindədir. Bu xərclər $120 mln. təşkil edəcək. Onun sözlərinə görə, ilkin tədqiqatlar başa çatıb və konsorsium 2001-ci ilin sonunadək gələcək kəmər üçün boru və digər zəruri avadanlıq sifariş verməlidir. Səfir qeyd edib ki, Karaçaqanak, Tengiz və Kaşaqan yataqlarının inkişafı ilə əlaqədar Qazaxıstanın qarşısında səmt qazının emalı problemi duracaq. Onun sözlərinə görə, ABŞ hökuməti qazın dünya bazarına, o cümlədən Avropaya nəqli üçün nəqliyyat dəhlizinin inkişafında Astananı dəstəkləməyə hazırdır.
|
"LUKoyl"un
10 yaşı
tamam olur
|
Oktyabrın 12-13-də Bakıda Rusiyanın "LUKoyl" neft şirkətinin 10 illik yubileyi qeyd olunacaq.
Təntənəli mərasimlər çərçivəsində rus şairi Aleksandr Puşkinin abidəsinin rəsmi açılışı olacaq. Abidənin yaradılmasına "LUKoyl" sponsorluq edib.
Oktyabrın 13-də saat 19.00-da "Azadlıq" meydanında Rusiya və Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert olacaq. Rusiyalı artistlər arasında Alsu ("LUKoyl" vitse-prezidentlərindən birinin qızı) və Oleq Qazmanov da olacaq.
|
Uzun ömürlülərlə görüş keçirilib
|
Xaçmazda yaşı 100-dən yuxarı olan rayon sakinləri ilə görüş keçirilib.
İcra hakimiyyəti, gənclər, idman və turizm idarəsinin təşəbbüsü ilə təşkil olunan tədbirdə rayonun özündə və kəndlərində yaşayan 23 nəfər uzun ömürlü iştirak edib. Tədbirin qəhrəmanlarına maddi yardım göstərilib.
|
Nizaminin
abidəsinin taleyi həll ediləcək
|
Mədəniyyət Nazirliyinin əməkdaşı Arif İbrahimov Nizami Gəncəvinin abidəsinin Sankt-Peterburqda ucaldılması ilə bağlı məsləhətləşmələr aparmaq üçün bu şəhərə yola düşüb.
Xəbər verildiyi kimi, Sankt-Peterburqun mərkəzi emalatxanalarından birindən saxlanan heykəl hələ 2-3 il bundan əvvəl şəhərin mərkəzi parklarından birində ucaldılmalı idi. Lakin son mərhələdə lazımi işlər üçün vəsait ayrılmadığından abidə yerinə indiyəcən qoyulmayıb. Abidənin ilin sonunacan ucaldılacağı vəd olunur.
|
Rusiya Qafqaz səmasına
Ermənistandan boylanır
|
Dünən Gümrüdəki 102-ci Rusiya hərbi bazasında Rusiya və Ermənistanın Hərbi Hücumundan Müdafiə (HHM) qüvvələrinin birgə döyüş növbəsinin fəaliyyətə başlaması münasibəti ilə mərasim keçirilib. Mərasimdə Ermənistanda işgüzar səfərdə olan Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Anatoli Kvaşnin də iştirak edib.
Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı Anatoli Kornukov bildirib ki, birgə döyüş qarovulunun fəaliyyətə başlaması sırf müdafiə xarakteri daşıyır. Onun sözlərinə əsasən, 1995-ci ilin fevralında yaradılan MDB birləşmiş HHM sistemi çərçivəsində fəaliyyət göstərəcək birgə döyüş qarovulu nə Türkiyə, nə də NATO-ya qarşı yönəlib.
|
Taliban nümayəndələri
Tehrana gəlib
|
Talibanın yüksək mənsəbli nümayəndələrindən ibarət heyət İrana gəlib. Nümayəndə heyətinə qaçqınların işi üzrə dövlət naziri Abdül Rahib Taxari başçılıq edir. Səfər İran dini lideri ayətulla Əli Xameneinin dəvətindən sonra gerçəkləşib. Hazırda İranda 2 milyondan artıq əfqan qaçqınının toplandığı 8 düşərgə var.
Yaponiya baş nazirinin nümayəndəsi Masaqiko Komura da İran paytaxtına gəlib. İran prezidenti Məhəmməd Xatəmi ilə görüşən Komura Yaponiya baş naziri Dzyunitiro Koidzuminin məktubunu İran rəhbərinə verib. Bu gün yapon elçisi Səudiyyə Ərəbistanı şahzadəsi Abdulla ilə görüşmək üçün Ər-Riyada getməlidir.
"Kursk" sualtı qayığının dəniz səthinə qaldırılması üzrə xüsusi təyinatlı ekspedisiyanın komandanı vitse-admiral Mixail Motsak mətbuata verdiyi açıqlamada bildirib ki, gəminin su üzünə çıxarılması oktyabrın 5-dən 6-na keçən gecəyə planlaşdırılır. O, dəqiq tarixin elan edilməsini bütün texnoloji proseslərin başa çatması ilə izah edib. Öz növbəsində Hollandiyanın "Mammoet" şirkətinin başçısı Frants van Seymeren bildirib ki, "Kursk"un dəniz səthinə qaldırılması yalnız gələn həftənin əvvəlində mümkün olacaq.
|
"Rezervist"lərinin
yarısı orduya çağırılıb
|
Pentaqon ehtiyatda olan daha 2263 nəfərə çağırış vərəqəsinin verilməsi ilə bağlı kampaniyaya başlayıb. Beləliklə, hərbi xidmətə çağırılan rezervistlərin ümumi sayı 22 min 400 nəfərə çatıb. Beləliklə də, ehtiyatda olan 50 minlik əsgər və zabit personalının az qala yarısı hərbi xidmətə cəlb ediləcək. Çağırışçıların bir hissəsi Əfqanıstanda aparılacaq əməliyyatlara cəlb ediləcək, bir hissəsi isə milli ərazilərin müdafiəsi üçün nəzərdə tutulan hərbi bölümlərə daxil ediləcək.
|
Senat raketdən
müdafiə planını dəstəkləyir
|
ABŞ Senatı prezident Corc Buşun xahişi ilə ölkənin raket hücumundan müdafiə sisteminin inkişafı üçün 345 milyard dollar ayırıb. Amma Senat müdafiə sistemi ilə bağlı qanunun son variantını hazırlamalıdır. ABŞ-da baş verən məlum terror aktlarından sonra demokratların mövqeyində dəyişiklik olub. Əvvəllər bu sahəyə əlavə vəsait ayrılmasına qarşı çıxan demokratlar bu dəfə Buşun raketdən müdafiə planını bəyəndiklərini bildiriblər.
|
Düşənbədə "Hizb üt-Təhrir"in iki emissarı tutulub
|
Tacikistanın hüquq-mühafizə orqanları "Hizb üt-Təhrir" dini-ekstremist təşkilatının iki üzvünü həbs ediblər. Həbs edilənlərdən çoxlu ədəbiyyat, o cümlədən vərəqə və broşürlar müsadirə edilib. Tacikistan Milli Təhlükəsizlik Nazirliyi "Hizb üt-Təhrir"in digər terrorçu təşkilatlarla əlaqəli olmasını istisna etmir.
İtaliya baş naziri Silvio Berluskoni müsəlman dövlətlərinin Romadakı səfirləri ilə görüşüb. Berluskoni islamı böyük və tolerant din adlandırıb. Hökumətin görüşdən sonra yaydığı bəyanatda deyilir ki, baş nazir insan haqlarının qorunmasına və onların sülh və əmin-amanlıqda yaşamasına çağıran islam dininə ehtiramını bir daha göstərdi. Bir neçə gün öncə Berluskoninin Qərb mənəvi dəyərlərinin islam dinindən yüksək olduğunu deməsi müsəlman dövlətlərinin etirazına səbəb olmuşdu.
|
Şevardnadze
Sezəri Gürcüstana dəvət edib
|
Gürcüstan və Türkiyənin dövlət başçıları arasında telefon danışığı olub. Tərəflər antiterror koalisiyasına yardım məsələləri, regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər. Eduard Şevardnadze qeyd edib ki, Gürcüstan beynəlxalq terrorizmlə mübarizə sahəsində bütün qüvvəsini səfərbər etməyə hazırdır. E.Şevardnadze türkiyəli həmkarı Əhməd Necdət Sezəri Gürcüstana dəvət edib.
|
PKK İran Kürdüstanına çəkilir
|
İranın Kürdüstan ostanından verilən xəbərlərə görə, bu ilin ilk altı ayı ərzində adı çəkilən əyalətdə fəaliyyəti İran qanunları ilə yasaqlanmış partiya və hərəkatların 18 üzvü tutulub. Onların bir hissəsini Kürd Fəhlə Partiyasının (PPK) üzvləri təşkil edir. PKK-çıların əksəriyyəti Türkiyə ərazisindən İrana keçmək istəyərkən tutulub. Bu ilin birinci yarısında yalnız Kürdüstan ərazisində 60 odlu silah müsadirə edilib.
|
Avropa Şurası
genişlənmək istəmir
|
Avropa Şurası Qazaxıstanın bu quruma müşahidəçi qəbul edilməsi xahişini rədd edib. Bu haqda məlumatı Qazaxıstanda rəsmi səfərdə olan AŞPA sədri Devid Rassel-Conston verib. Conston deyib ki, bu qərarın qəbul edilməsində Qazaxıstanda ölüm hökmünün hələ də qüvvədə qalması amili əsas rol oynayıb. Amma bu səbəb yeganə amil deyil. Rassel-Conston bildirib ki, Avropa Şurasının optimal geoqrafik həddə çatıb və onun Orta Asiyaya doğru genişlənmək əlavə problemlər yarada bilər.
|
Rusiya NATO-nun genişlənməsinə mane olmayacaq
|
Brüsseldə Avropa Birliyi-Rusiya sammiti öz işinə başlayıb. Zirvə toplantısında Rusiya prezidenti Vladimir Putin, Belçika baş naziri Gi Verxofstadt, Avropa Komissiyasının sədri Romano Prodi, habelə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana iştirak edir. Vladimir Putin NATO-nun Şərqə genişlənməsi niyyətinə toxunaraq bəyan edib ki, əgər Moskva həmin prosesə bərabərhüquqlu tərəfdaş kimi cəlb olunsa, Rusiya alyansa yeni üzvlərin qəbul edilməsinə qarşı çıxmayacaq.
|
Vilayət Quliyev İKT sammitinə
qatılmayacaq
|
Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, oktyabrın 10-da Qatarda İslam Konfransı Təşkilatına (İKT) daxil olan ölkələrin xarici işlər nazirlərinin sammitində Azərbaycanı ölkəmizin Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Həmid Araslı təmsil edəcək. Xatırladaq ki, zirvə toplantısı Əfqanıstan ətrafında yaranmış vəziyyətlə əlaqədar olaraq İran və Sudanın təşəbbüsü ilə çağrılır.
|
Fransa-Azərbaycan
komissiyası
toplanacaq
|
Fransanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Fuad Zərbiyev "Bizim Əsr"ə bildirib ki, bu ilin sonunadək Parisdə Fransa-Azərbaycan hökumətlərarası komissiyasının birgə iclasının keçirilməsi nəzərdə tutulur. Zərbiyevin sözlərinə görə, komissiyanın tərkibinin təyin olunmaması səbəbindən iclasın dəqiq tarixi müəyyənləşdirilməyib. F.Zərbiyev Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Şantal Puarenin etimadnaməsinin təqdimatı ilə bağlı Prezidentin İcra Aparatına müraciət edildiyini də bildirib.
ABŞ Poçt Xidməti yeni poçt markasının təqdimetmə mərasimini keçirib. İdarənin rəhbəri Con Potterin fikrincə, "United We Stand" ("Birləşib ayağa qalxaq") adlanan poçt markası insanları sülhə, azadlığa və ədalətə səsləyəcək. Potter deyib: "Hər dəfə bu markadan istifadə etdikdə əsas dəyərlərimizin sarsılmaz olduğuna inam hasil edəcəyik". Marka noyabr ayından satışa çıxarılacaq.
|
250 min ton neft nəql ediləcək
|
ARDNŞ Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin oktyabr partiyasının nəqlinə başlayıb. Oktyabrda "Şimal marşrutu" ilə 250 min ton neftin nəql ediləcəyi gözlənilir. Sözügedən partiyanı İsveçrənin Taurus Petroleum şirkəti alıb. Azərbaycan nefti yüklənmiş tankerlər 9-10 və 27-28 oktyabrda Novorossiysk limanından yola salınacaq.
|
Neft hasilatı artıb, qaz isə...
|
Bu ilin 9 ayı ərzində ARDNŞ dənizdə və quruda yerləşən yataqlardan 6 milyon 752,5 min ton neft hasil edib. Bu da planlaşdırılandan 1,5 faiz (96,6 min ton) çoxdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 0,2 faiz ( 14,8 min ton) artıb. Bu ilin 9 ayı ərzində qaz hasilatı isə 4 milyard 181,5 milyon kubmetr təşkil edib. Bu da planlaşdırılandan 169,9 milyon kubmetr azdır.
|
Salyan Oil 3-cü quyunu qazacaq
|
Salyan Oil əməliyyat şirkəti "Kürsəngi" yatağında sayca 3-cü quyunu qazacaq. Bu barədə qərar şirkətin partnyorlarının iclasında qəbul edilib. Qeyd edək ki, qazma zonası müqavilə ərazisində yerləşən "Qarabağlı" yatağında aparılmış məlumat analizləri əsasında müəyyən olunub. Layihə dərinliyi 5200 metr təşkil edən 3-cü quyunun qazılması oktyabrın sonuna planlaşdırılır.
|
Rusiya yeni neft
dəhlizləri yaradacaq
|
Rusiyanın energetika naziri İqorü Yusufov keçirdiyi mətbuat konfransında bildirib ki, fəaliyyətdə olan ixrac neft marşrutlarının ciddi yenidənqurmaya ehtiyacı var. Ona görə də yeni ixrac istiqamətlərinin yaradılması paralel olaraq həmin kəmərlərin modernləşdirilməsini həyata keçirməyə imkan verəcək. Yusufovun sözlərinə görə, hazırda Rusiyadan nəql edilən ixrac neftinin bütün yolları 3-cü dövlətlər tərəfindən təsirə məruz qalır. Xüsusilə də, Novorossiysk və Tuapse limanınından keçməklə neftin Bosfor boğazından daşınması Türkiyə tərəfindən məhdudlaşdırılır.
|
Rusiya yeni neft
dəhlizləri yaradacaq
|
"Qara qızıl"ın qiyməti düşdü
Londonda yerləşən beynəlxalq neft birjasında "qara qızıl"ın qiyməti rekord dərəcədə aşağı düşüb. Dünən birjada "brent" tipli neftin 1 barrelinin dəyəri 21,5 dollar təşkil edib. Bu son iki il ərzində ən aşağı göstəricidir.
|