Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#124(348)
XXI
m.nur@azeurotel.com

Kimsən, jurnalist?

Adımız bütün dəftərlərə düşüb. Parlamentdən tutmuş rayonlaradək az qala hamı, heç olmasa gündə bir dəfə qəzetə və qəzetçilərə aid söz işlədir... Yaxşı ki, Azərbaycanın inkişaf etməkdə olan sahələrindən biri də mətbuat sənayesidir: bununla fəxr edirəm! Amma başımı yuxarı qaldırmaq istəyəndə o saatca özümü gizlədirəm. Gizlənməyimin bir səbəbi komplekslərimlə bağlıdırsa da başqa bir səbəbi başqaxanclığına tuş gəlməkdən qorxmağımdır... Deputat Rizvan Cəbiyev avropalı həmkarına sual verib: "Sizdə adını jurnalist qoyub bədən alveri edənlər varmı? Avropalı gözlərini bərəldir və deyir yox canım, ola bilməz. Və ardınca da düşünür: "Əlbəttə, bizdə nə yoxdur ki? Amma ilahi, nə qədər fərqli bir həyat tərzi!" Rayonlarda "jurnalistəm" deyə bilməyənlər məni anladılarmı? Əgər sizin atanız, ya babanız, oğlum (qızım) jurnalistdir deyib qürurlanmaq istəyirsə, bu heç də hər zaman başqalarından üstün təhsilli bir adam barədə yeri gəlmiş ötərgi dosyenin təqdim edilməsi kimi anlaşılmamalıdır. Bu, çox vaxt yerindəcə istifadə edilən "xox" mexanizmidir. Rayonlardan uşaqlarını jurnalistika fakültəsinə göndərənlərin ağlı bizdən az deyil: pul çıxan yer hər zaman maraq dairəsində olmalıdır. Yoxsa, dünən kolxoz sədrindən qırmızı onluq alıb bu gün əzgin firqə başçısına dolambaclı sual verən jurnalist bu bazarı neyçün inhisara almalı və yeni nəslin qarşısını nə səbəbdən kəsməlidir ki? Aramızda indi də bir vaxtlar prokurora (raykom katibinə) bərabər tutulan o qədər jurnalistlər var ki: indi həmin sayseçmələr, cücərməkdə olan "xox" jurnalistlərə baxıb məətəl qalırlar. Reketlər getdi, jurnalistlər var... Qənimət Zahidovun ötən həftə tənqid etməyə çalışdığı inhisarçı redaktorlar birliyi və gözəgörükən jurnalist təşkilatları sevimli sənətimizin elitası hesab edilə bilərsə... bərbadlıq üzdədir. Bu kübarsayağı imitasion məclislərin arxa planlarını bilənlər susurlarsa, bu o demək deyil ki, abıra sığınmaq dəyərini itirib. Axı hamı onsuz da qanır ki, jurnalistikamızın görünən elitası hər zaman xeyir-şərdə fırlanan bekar təsbehlilərə bənzəyir. Doğurdan da hansı redaktora kim icazə verir ki, mənim adımdan danışsın? Guya bu adi haqları bilmirəm və adımdan danışanın qarşısına güzgü qoymağa gücümmü çatmır? Reketlər elə bu arada - mərkəzdə yetişir?.. Bu da Rəşad Məcidin Strasburqdan gətirdiyi xəbər: lord Rassel Conston deyib ki, gedəsən Qobustana - antik mədəniyytə heyran qalmağa, yazalar ki, lord Qobustan türməsində olubmuş. "İndi bu qəzetçi ermənidən pisdi, pis deyil?"-deyə, bir həmkarım mənə sual verdi... Reketlərin transferi mərkəzdən başlanıb. Gəlin özümüzü yığışdıraq. Gəlin, başımızı aşağı salıb çığır-bağır etmədən, başqalarının əxlaq normalarını müzakirəyə çıxarmadan jurnalistika mətbəxində daşı-daşın üstünə qoyaq... Üzürlü hesab edin, mən də tünd danışdım...

Məqsəd Nur

Günün axarı

Kaset əhvalatı

Məmləkətin siyasi həyatında daha bir "kaset əhvalatı" baş verdi. Son günlər AXCP ("islahatçılar") sədri Əli Kərimlinin başına gələn bu əhvalat yönümü bəlli olan və olmayan bütün qəzetlərin səhifələrində geniş işıqlandırılır. Əvvəlcə söhbət hansısa sazişdən gedirdi: guya Əli Kərimli Etibar Hüsənli ilə, təzə yazarların sözü olmasın, bir araya gəlib müttəfiqlik müqaviləsi bağlamalıymış, amma geriləyib. Müstəqil politoloq olmadığımdan bunu siyasi gediş, yoxsa manevr adlandırmağa bir qədər çətinlik çəkdiyim vaxtda qəzetlər xəbər verdilər ki, bəs "bu arada" həm də Əli bəyin səsi gizlicə kasetə yazılıb. Sözün düzü, son on ildə siyasi mübarizədə "kaset üsulu"ndan istifadə edilməsi barədə az-çox məlumatlıydım deyə, dərhal barmağımı dişlədim ki, bəyin işi xarabdır, ta bu ütüdən çıxmaq çətin olacaq... Siyasətçinin ki gizlində dediyi aşkara çıxdı, ta onun siyasəti oldu bir qəpiklik... Düzdür, bu kaseti yazan şəxs - ACXP sədri Bədrəddin Quliyev hələlik "artilleriya hazırlığı" görür, yəni qəzetlərə müsahibələr verərək, AXCP sədrinə hədə-qorxu gəlir. Amma bir də baxarsan, media əhlini çağırdı Press-kluba, Əli bəyin də kasetini çıxardı qoydu ortalığa...
Təəccüblüdür, niyə Əli Kərimli Bədrəddin Quliyevin ona qarşı çıxacağından irəlicədən şübhələnməyib? Bir adam ki Pənah Hüseynov kimi yumşaq xasiyyətli, sözəbaxan ("Kuklalar" onun bu xasiyyətini yaxşı tutub) adamla yola getməyə, sənin kimi tündməcaz sədrlə bir Demkonqresdə necə müttəfiqlik edə bilərdi? Ən azı partiyasının adını sənin partiyanın adına oxşadanda gərək işini biləydin... Hələ yaxşı ki, hərflərin yerini dəyişib, partiyasını AXCP ("liberallar") adlandırmır... Nə bilmək olur, bəlkə onu da elədi...
Digər tərəfdən fikirləşirəm ki, bir çətən adamı başına yığıb hakimiyyətə can atan siyasətçi bu qədər ehtiyatsız olmasın gərək... Bu gün sənin Demkonqresinə gizli səsyazma qurğusu gətirən adam, sabah lap bomba da gətirər... Düzdür, Əli bəyi də anlayıram: allah-allahınan alternativ Demkonqres yaradıb, indi durub bura gələnlərə də desin ki, ciblərinizi çevirin görüm, diktafon-filan gətirməmisiniz? Yaxud hər iclas başlamazdan qabaq söyüş qoysun ki, gizli səs yazan belə-belə olsun?.. Yox, imkanı yoxdur... Bu "evcik-evcik oyunu" deyil ki... Ciddi işdir. Demkoqresin hər bəyanatı "siyasi gündəm"də bomba kimi partlayır. Hələ arada "kölgə kabineti", "vahid namizəd" kimi lap ciddi məsələlərə də baxılır.
Amma öz aramızdır, Bədrəddin Quliyev də bu olaydan babat "siyasi dividend" qazandı. Ən azı, üç-dörd gün qəzetlərdən düşmədi, partiyasının təbliğat və təşviqat işini qurdu, qəşəng bəyanatlar verdi. Məsələn, mənə ən ləzzət eləyən Bədrəddin bəyin Əli bəyə "regionçu və ya antiregionçu siyasət aparsan, qarşında məni görəcəksən" mesajı oldu. Dərhal dəftərçəmə köçürdüm... Heç Fazil Qəzənfəroğlu da indiyədək Əli Kərimliyə bu cür sərt mesaj göndərməmişdi. Halal olsun! Bircə qalır kaseti möhkəm saxlamaq. Nə bilmək olur, bəlkə nə vaxtsa, Əli bəy özü o kaseti əldə etmək fikrinə düşdü... Bu da yaman "siyasi gediş" olar ha! Siyasətin mənası da elə belə "gedişlər"dədir. Deyilmi?..

E.Əlioglu

Şəhər söhbəti

Avtobus dərdi

Axır günlər yol polisinin avtobusları saxlayıb sürücüləri sorğu-sual etməsi camaatın avtobus dərdini təzələyib. O gün polislər avtobusları yan-yana elə düzmüşdülər ki, o biri maşınların da yolu tutulmuşdu. Özü də camaatın işdən gələn vaxtı.
Baş açmaq olmurdu polis niyə və nəyi yoxlayır. Neyçün yoxlamanı avtobusların axırıncı dayanacağında yox, yolun ortasında aparır. Polis sərnişinləri narahat etdiyi üçün nə üzr istədi, nə də məlumat verdi. Vay o günə ki, sürücü tərslik eləsin, onda da polis camaatı düşürəcək yerə və avtobusu aparacaq "ştrafnoy"a...
O gün xoşbəxtlikdən belə olmadı. Ancaq yoxlamalar səhəri gün də davam edirdi. Həmin gün eyni yolla evə qayıdanda gözləyirdim ki, polis avtobusu yenə saxlayacaq. Özümü hazırlamışdım ki, polisə nəsə söz deyim. Ancaq sürücü maşını polislərin durduğu yolla yox, məhəllənin içiylə sürdü... Dar və nasaz məhəllə yolu bir az əziyyətli olsa da polisdən yan keçməyimiz ləzzət elədi. Yolda vaxt itirməyən sərnişinlər həm də sürücünün yerinə sevindilər ki, o, polisin "haqq-hesab"ından qurtara bilib. Ancaq sürücü dedi ki, dərd bu olsaydı yarı idi. Məsələ başqadır. Guya şəhərdən kiçik avtobusları yığışdırmaq istəyirlər və bəhanə axtarırlar. Bəhanə də nə qədər istəsən. Əvvəl deyirdilər qaz balonu olmaz, indi də deyirlər oturacaqların sayı 10-12-dən artıq olmalıdır. Pul hanı ki, iri avtobus alıb gətirəsən və canın qurtarsın. Doldur içinə 50-80 adamı, dizeli də işlət su yerinə. "QAZel"i, "RAF"ı eləmişik avtobus, ona da benzin çatdırmaq olmur. Oturmağa iki-üç artıq yer düzəltmişik ki, bəlkə əyər-əskiyi çıxardaq, ona da neçəsi göz dikib... Sürücü bir də arzu etdi ki, "Allahverdiyevin avtobusları"nı (Bakının keçmiş merinin şəhər üçün almaq istədiyi avtobuslar) gətirsəydilər sürücülərin canı qurtarardı. Yəni gedib həmin iri avtobuslarda işləyərdilər.
Deyirəm, şəhərə iri avtobuslar gəlsəydi elə camaat da rahat nəfəs alardı. "QAZel"lərdə,"RAF"larda belibükük oturub-durmaq kimə xoşdur. Polis də yerli-yersiz iri avtobuslara girişə bilməzdi. Bir var "gəmi" boyda avtobus, bir də var "əl arabası"...

E.Bakılı

Pərdəarxası

Gözlərinizə baxın...

Elə zəmanəyə gəlib çıxmışıq ki, daha "bu soyuqqanları neylərdin, ilahi" sözlərini yada salan da yoxdur. Baxmayaraq ki, hər addımda soyuqluğun, biganəliyin şahidi oluruq. İstiqanlılıq deyilən anlam yoxa çıxıb. "Özünü yaşat" prinsipli cəmiyyətdə də bütün bunlar çox adi qarşılanır.
Və hər dəfə biganəliyin şahidi olanda orta məktəbdə tarix fənnindən bizə dərs deyən Familə müəllimə yadıma düşür. Tək dərs keçməklə kifayətlənməyib, cəmiyyətdə gedən bütün siyasi-ictimai hadisələri mövzu obyektinə çevirən Familə müəllimənin bir zəif damarı var idi. Onun yanında ümummilli mənafeli məsələlərə dair "mənim nə işim var" mövqeyində dayanmaq, ya bu sözləri dilə gətirmək qətiyyən olmazdı. O kəs gözünün düşməni idi. Gözünün düşməninin də, sözün əsl mənasında, kitabı bağlanırdı. Sinfin ara qatmağa meylli uşaqları da bu damarı çox asanlıqla tuturdular. Qarabağ hadisələrinin gündəmə gələn vaxtlarıdır. SSRİ tarixi qalıb bir kənarda, müasir tariximizə şahidlik edirik. Yeri gələndə, saf-çürük etməkdən çəkinmirik. Böyük maraqla izlədiyimiz SSRİ Ali Sovetini, eləcə də, Azərbaycan parlamentindəki çıxışların,ÿmilli mənafeyimiz baxımından, müzakirəsini aparırıq. Təbii ki, Familə müəllimənin redaktəsi ilə. Belə günlərin birində sinfimizin bir qoçağı ayağa qalxdı ki, "işiniz-gücünüz yoxdur. Qarabağ orda, siz Bakıda. Gündə Qarabağdan danışmaq olar?". Hirsindən ayaq üstə ağaran müəllimə "Bir də mənim dərsimdə iştirak eləmə!" göstərişi ilə o qoçağı sinifdən çıxartdı. Sinifdə yaranan gərginlik bununla ötüşmədi. Halı dəyişən müəllimə özünü güclə stula çatdırdı. Başını iki əli arasına alaraq, "yazıq millət" deyib, stula çökdü.
Hər zaman köməyə çatan zəng bu dəfə də yerində səsləndi. Dərs qurtardı. Sinif yoldaşımızın acığını daha bizlərdən çıxmadı. Əks təqdirdə, jurnalı ardıcıllıqla oxuyaraq, hamını dərs danışmağa çağıracaqdı. Sonda isə dərsi bilənləri də bilməyənlərin gözünə qatıb, hamılıqla abrımızı ətəyimizə bükəcəkdi. Səhərisi günü tarix dərsində "hamı bir nəfər üçün, bir nəfər hamı üçün" məruzəsini dənləməli olduq. Kitabın adını dəqiq xatırlamıram, Ya "Hamı bir nəfər üçün", ya da "Bir nəfər hamı üçün" sözləri yazılan kitabı bizlərə göstərən Familə müəllimə bu haqda uzun-uzadı danışdı. Və bu kitabı oxumağı tapşırdı. "İmtahanda birinci onu soruşacam", - dedi. Məktəb illərində bizi əyləndirən bu hadisə sonradan məna yükünü tamam dəyişdi. Və hərdən Familə müəllimənin sözündən çıxıram. Bunu heç kimə olmasa da, özümə etiraf edirəm. Dediklərimə şəkk edirsinizsə, bir-birinizin gözlərinə baxın. Bu da azlıq edəcəksə, yol boyu insanların gözlərinə baxın. İstilik, işıq yağan gözlər çətin rastınıza çıxa. Elə bil "Mənim nə işim var" sözləri həkk olunan gözlərdən sizə dünyanın ən ucqar bucağının - Antraktikanın soyuqluğu boylanacaq.

S.Rəhimova

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd