|
|
|
|
#125(349)
|
 |
Rusiya seçim qarşısındadır
ABŞ-ın antiterror əməliyyatına tərəfdar çıxan Moskva yayğın
mülahizələrlə kifayətlənir. Lakin anlayır ki, tezliklə mövqeyini
konkertləşdirməsə, əldə etdiyi geosiyasi uduşu itirə bilər
|
11 sentyabrdan sonra Rusiya olduqca intuitiv siyasət yeritdi. Terrordan sarsılmış Amerikaya birinci olaraq "Biz sizinləyik" mesajını göndərən Vladimir Putin ölkəsinə beynəlxalq müstəvidə ciddi dividend qazandırdı. Beynəlxalq birlik fövqəldövlətlərin "soyuq müharibəyə" ara verərək əlamətdar həmrəylik nümayiş etdirməsini razılıqla qarşıladı.
Qərb dairələrində Rusiyanın Çeçenistandakı hərəkətlərinə tənqidi münasibət də yumşaldı. Moskvanın praktik uduşu da buradan hesablanmalıdır. Təsadüfi deyil ki, əksər müşahidəçilər ABŞ-la Rusiya arasında yaranan bu istiləşməni həmrəylikdən çox, həmdərdlik kimi dəyərləndirirlər. Motiv və mahiyyətləri fərqli olsa da, fövqəldövlətlər bənzər təhlükə ilə üzləşiblər.
Prosesi nikbin prizmadan müşahidə edənlər düşünürdülər ki, sözügedən həmdərdlik təsəlli bəyanatlarından konkret fəaliyyətə keçəcək və Moskva ilə Vaşinqton antitaliban əməliyyatını birgə həyata keçirəcəklər. Lakin ötən müddət daha ehtiyatlı proqnozların düzgün olduğunu təsdiqlədi. Rusiya müəyyən tərəddüddən sonra ABŞ və onun müttəfiqlərinin düzənləyəcəyi əməliyyata informasiya-kommunikasiya dəstəyi ilə yardım göstərəcəyini bəyan etdi.
Yaranmış vəziyyəti birmənalı qiymətləndirmək olmaz. ABŞ-ın başladığı kampaniyaya qoşulan Rusiya hələ də mövqeyini axıracan dəqiqləşdirməyib. Bunun da səbəbləri var. Əvvəla, bəlli geosiyasi iddiaları olan Rusiya bu kampaniya nəticəsində özünün strateji mənafelərini nə dərəcədə təmin edə biləcəyini götür-qoy edir. Moskva bir tərəfdən "özününkü" saydığı Mərkəzi Asiyanı genişmiqyaslı müharibə meydanı üçün Amerikaya verməyə razıdır, digər tərəfdən bu kampaniya nəticəsində Vaşinqtonun bölgədə möhkəmlənəcəyini göz önünə alır. Odur ki, Kreml siyasətiin "həm qurdlar tox olsun, həm də quzular salamat qalsın" zərb-məsəlinə uyğun qurmağa çalışır.
Bu xüsusda Rusiyanın MDB ölkələrinə münasibəti ayrıca qeyd olunmalıdır. Moskva "özününkü" saydığı respublikaları bilavasitə nəzarətdə saxlamağa (Ermənistan, Tacikistan, Qırğızıstan, Türkmənistan), sərbəst siyasət yeridənləri isə gözdən qoymamağa çalışır. Bu münasibət Cənubi Qafqaza da aiddir. Bakı və Tbilisinin ABŞ-ın kampaniyasına birmənalı dəstək verməsindən sonra, Ermənistanın da oxşar bəyanatlarla çıxış etməsi Moskvanı xüsusilə əndişələndirib. Çünki Ermənistanın ABŞ-ın çətiri altına sürüşməsi strateji mənada Rusiya üçün ən böyük terrordan da ağır zərbə ola bilər. Güman etmək olar ki, iki gün öncə Yerevanda səfərdə olmuş Rusiyanın baş qərargah rəisi Anatoli Kvaşnin Ermənistan rəhbərliyinin "ipini" xeyli yığıb. Hər halda Kvaşninlə görüşdən sonra onun erməni həmkarı ABŞ-a verdikləri dəstəyi korrektə edib və "Amerika təyyarələri yalnız bizim icazəmizlə və ayırdığımız "dəhlizlə" hərəkət edəcəklər" deyə bildirib. Burada söhbətin məhz kimin icazəsindən getdiyi aydındır.
Rusiyanın digər narahatlığı Mərkəzi Asiyada özünün əsas dayağı saydığı Tacikistan sarıdandır. Tacikistanda ABŞ hərbi kontingentinin yerləşdirilməsinə dair xəbərlər Rusiya tərəfindən ciddi narahatlıqla qarşılanıb. Hətta Kvaşnin Yerevanda bu məsələyə toxunarkən "Əgər belə bir şey bizim xəbərimiz olmadan baş versə, bu, çox pis olacaq" deyə emosional fikir söyləyib. Rusiya ordu generalının mesajının ("pis olacaq") kimə ünvanlandığını da başa düşmək çətin deyil.
Rusiyanın ABŞ-ın düzənləyəcəyi əməliyyatda bilavasitə iştirakı da hələlik açıq qalan məsələdir. Moskva rəsmiləri Əfqanıstana canlı qüvvə göndərməyəcəklərini vurğulasalar da, Qərb dairələrində Rusiya "xüsusi təyinatlılar"ın Amerika "reyncerləri" ilə Əfqanıstana birgə girəcəyi barədə xəbərlər səngimir. Bu xüsusda Rusiya generaliteti (başda Kvaşnin olmaqla) xüsusilə sərt mövqe tutur və Amerikanın əməliyyatına nəinki hərbi qüvvə, hətta kommunikasiya infrastrukturu ilə yardımının da əleyhinə çıxır. Bununla belə, Rusiya rəhbərliyi anlayır ki, yaranmış situasiya olduqca əlamətdar geosiyasi məqamdır. Moskva Vaşinqtonun əməliyyatına faktiki seyrçi qalmaqla nəticədə Əfqanıstanla bağlı geosiyasi "piroqun" bölgüsünü də kənardan müşahidə etməli olacaq. Odur ki, seçim etmək zorundadır. Kreml hələlik götür-qoy edir.
TBMM üç maddəyə "yox" dedi
Ərbakanın siyasi reabilitasiyası təxirə salındı
|
Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə konstitusiyasına dəyişikliklər layihəsinin müzakirələrini başa çatdırıb. Otuz yeddi maddəlik dəyişikliklər paketi maddə-maddə müzakirə edilib. Otuz dörd maddədə dəyişikliklər edilib, üç maddə (27-ci, 69-cu və 90-cı maddələr) isə əvvəlkitək saxlanılıb.
İyirmi yeddinci maddə millət vəkillərinin toxunulmazlıq və başqa haqlarını əks etdirir. Onun daha "yumşaq" variantla əvəzlənməməsi AKP ("Ağ Partiya") lideri Teyyub Ərdoğanın deputatlığa gedən yolunu bağlayır. Konstitusiyanın 69-cu maddəsinin əvəzlənməsi isə Ərbakanın siyasi yasağını dörd ilədək azalda bilərdi. Konstitusiyanın 90-cı maddəsinə dəyişikliklə bağlı müzakirələrdən sonra millət vəkilləri iki dəfə səsvermə keçirsələr də, nəticələr qənaətbəxş olmadığına görə maddə əvvəlki kimi saxlanılıb. Millət vəkilləri paketin dəyişdirilmiş maddələrini ümumilikdə səsə qoyublar. Son variant 474 nəfərin dəstəyini qazandığı üçün keçərli sayılıb (bunun üçün 360 səs kifayətdir).
Bu arada Türkiyə prezidenti Əhməd Necdət Sezər parlament üzvlərinin sayını 550 nəfərdən 400 nəfərədək azaltmaq təşəbbüsü ilə çıxış edib. Sezər deyib ki, bu addım ölkədə korrupsiya ilə mübarizənin güclənməsinə, büdcənin daha sabit saxlanmasına xidmət edərdi. Prezident ölkənin siyasi və iqtisadi sisteminin hazırkı vəziyyəti haqqında fikirlərini bölüşərkən, bu sahədə ciddi islahatların həyata keçirilməsinin zəruriliyini qeyd edib. Sezərin fikrincə, deputatlar səlahiyyətlərinin geniş olması bəzən müstəsna hüquqlardan sui-istifadə hallarına səbəb olur, ona görə də millət vəkillərinin qanun qarşısında məsuliyyətini gücləndirmək üçün bu imtiyazların qismən azaldılması vacibdir.
|
Özbəkistan əməliyyatları ləngidə bilər
|
ABŞ müdafiə nazir Donald Ramsfeldin Yaxın Şərq turnesi bu gün Özbəkistan səfəri ilə başa çatır. Pentaqon şefinin əski sovet məkanına ilk səfəri antiterror koalisiyasının möhkəmləndirilməsi missiyasında vacib məqam sayılır. Hərbi ekspertlərin fikrincə, Özbəkistan ərazisi ABŞ üçün ən önəmli plasdarm ola bilər.
Amma bu ölkə ABŞ təyyarələrinə yalnız hava məkanını verməyə hazırdır. Artıq bir neçə gündür ki, rəsmi Daşkənd Ramsfeldin bölgəyə səfəri ilə bağlı susmağa üstünlük verir. Şəksiz, Əfqanıstanla ərazi yaxınlığı səbəbindən paytaxtı dəfələrlə islamçıların əlinə keçmək təhlükəsi ilə üzləşmiş Özbəkistan cənub təhlükəsindən ehtiyatlanır və onu razı salmaq asan olmayacaq. Digər tərəfdən bu ərazilərdəki hərbi nüfuzunu itirmək istəməyən Rusiyanın ötən həftələrdə verdiyi "icazə" son dərəcə sönük bəyanata oxşayır. Bu amillər Ramsfeldin Daşkənd səfərini pessimist sonluğa kökləyir. "The Guardian" qəzeti yazır ki, Pentaqon şefi Özbəkistan səfərindən ciddi nəticələr hasil etməyə, bununla da əməliyyatların başlanması uzun müddətə təxirə salına bilər.
Hələlik bu sahədə yalnız Səudiyyə Ərəbistanı ilə xırda razılıqlar əldə olunub. Belə ki, üç gün əvvəl ölkə ərazilərindəki bazaları ABŞ-ın ixtiyarına verməyəcəyini bəyan edən Səudiyyə Ərəbistanı indi bu qərarın "qəti olmadığını" bildirib. Ramsfeldlə onun səudiyyəli həmkarı şahzadə Sultan bin Əbdüləziz arasında keçirilən görüşdə tərəflər bu məsələnin bir daha müzakirə edilməsinin zəruriliyini təsdiqləyiblər. Amma Ramsfeld şahzadə Fəhdlə görüşdən sonra deyib: "Biz Səudiyyə Ərəbistanından heç bir şey istəmirik". Ramsfeld dünən Səudiyyə səfərini başa vurduqdan sonra Oman və Misirdə olmuşdu. Burada da əsaslı nəticə əldə edilməyib, hərçənd Misirdən yalnız siyasi dəstək və xırda yardımlar (məsələn, bu yaxınlarda Aralıq Dənizi sahillərində keçiriləcək "Brayt Star-2001" hərbi təlimlərinə dəstək) tələb olunurdu .
|
Gürcüstan Abxaziyaya hücum edib?
|
Dünən səhər gürcü-çeçen birgə dəstələri Gürcüstanın Kador dərəsindən Abxaziyanın Qulripş rayonunun Georgiyevsk kəndinə hücum edərək əhalisi əsasən ermənilərdən və yunanlardan ibarət olan kəndi ələ keçiriblər. Kənddən qaçan sakinlər deyiblər ki, hücum edənlər tutduqları əraziyə ağır artilleriya və zirehli texnika gətirərək orada möhkəmləniblər.
Kənddə gedən döyüş zamanı bir abxaziyalı yaraqlı öldürülüb, altı-yeddi nəfər itkin düşüb. Bundan başqa bölgənin dağlıq hissəsində yerləşmiş Rusiya sülhməramlılarının Suxumi ilə əlaqəsi kəsilib. Bir neçə saat sonra Rusiya sülhməramlılarının komandiri Nikolay Sidorıçev bildirib ki, hücum edənlər kənddən Qaraçay-Çərkəzlə sərhəddə tərəf qaçıblar və abxaz döyüşçüləri onları təqib edib.
Gürcüstan bu məlumatları təkzib edir. Gürcüstanın xüsusi məsələlər üzrə naziri Malxaz Kakabadze deyib ki, onda olan məlumatlara görə, "Kodor dərəsində atışma olub, amma tərəflərdən heç biri itki verməyib".
Müşahidəçilərin bir qismi hesab edir ki, hücum əməliyyatları Tbilisinin tapşırığı ilə Ruslan Gelayevin dəstələri tərəfindən həyata keçirilib. Bir zamanlar Abxaziyada Gürcüstana qarşı döyüşən çeçenlər İçkeriyada hərbi əməliyyatların başlanmasından sonra müttəfiqlik məsələsinə yenidən baxıblar. Şəksiz, burada rəsmi Tbilisinin çeçen məsələsində Moskvadan fərqli mövqe tutması, Rusiya hərbiyyəsinə plasdarm verməməsi əsas rol oynayıb. Başqa bir fərziyyəyə görə, oxşar ssenarilər şimalda hazırlanıb. Rusiya hərbi hissələrini bölgədə saxlamaq üçün Gürcüstana separatçılarla mübarizədə yardım da təklif edir. Amma Tbilisi buna razı deyil. Elə dünən Gürcüstan parlamentinin Müdafiə və Milli Təhlükəsizlik Məsələləri Komissiyasının sədri Georgi Baramidze Rusiya və Gürcüstanın Pankisk dərəsində, habelə Abxaziyada birgə əməliyyatlar keçirməsi perspektivlərinə toxunaraq deyib ki, "Gürcüstanda separatçılıq məsələsində həmin problemləri yaratmış dövlətin yardımına bel bağlamaq olmaz".
|