|
|
|
|
#125(349)
|
 |
"Separatçıları dəstəkləməsi
Avropanın süqutu olacaq"
Səməd Seyidov: "Ermənistan 43 dövlətə qarşı çıxa biməyəcək"
|
"Həmin sessiyada bizim hazırladığmız 2 sənədin altına 73 deputat imza atdı. Sessiyada cəmi 150 deputat iştirak edirdi. İmzaların 50-ni Dağlıq Qarabağ problemi, 23-ü isə təhsil hüququna görə atmışdılar. Ermənistan nümayəndə heyətinin üzvü bizə iki sual verib dedi ki, niyə Türkiyə onları blokada şəraitində saxlayır? Başqa sualları isə o oldu ki, niyə Azərbaycanda rəsmilər hərb sözünü dilə gətirirlər? Çox məntiqsiz və süni suallar idi". Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Səməd Seyidov səfərin yekunları ilə bağlı dünən YAP-da keçirdiyi mətbuat konfransında belə dedi.
Səməd Seyidov AŞPA Siyasi Komitəsinin İstanbulda geniş iclasını xatırlatdı. Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Ermənistan nümayəndələrinin "bizi niyə blokadada saxlayırsınız" sulına elə orada cavab verib: "İsmayıl Cem dedi ki, Türkiyə Ermənistanla əməkdaşlıq etməyə hazırdır. Amma bir şərtlə ki, 4 vacib məsələ öz həllini tapmalıdır. Birincisi, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi üçün işğalçı dövlətdir. Və Yerevan işğalçı siyasətini davam etdirənə qədər münasibətlər normal ola bilməz. İkinci məsələ Ermənistanın Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə olan şübhələrlə bağlıdır. Orada Azərbaycan torpaqlarının və Türkiyənin Qars vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı fikirlər var. Sonra İsmayıl Cem ermənilərin türk diplomatlarına qarşı törətdikləri terror aktlarını qaldırdı. Və nəhayət, ermənilərin qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı təbliğatın yolverilməz olduğunu dedi".
Səməd Seyidov bildirdi ki, AŞPA qarşısında işğal edilmiş ərazilərin sakinlərinin təhsil problemini qaldırıblar: "Dedik ki, qaçqın şəhərciklərində məktəblərin hansı vəziyyətdə olmasından asılı olmayaraq orada təhsilin səviyyəsi yaxşı ola bilməz. Və belə qərara gəlindi ki, işğal edilmiş torpaqlar azad olunanda dağıdılmış orta və ali məktəblərin bərpasına ciddi şəkildə fikir veriləcək. Əgər Azərbaycan Avropa Şurasının üzvüdürsə, vətəndaşlarımız da bu standartlara uyğun təhsil almalıdır. Təəssüflər olsun ki, şagirdlər normal təhsildən belə, məhrumdurlar. Bu sessiyada işğal edilmiş 7 rayonun mədəni abidələrinin dağıdılması, sökülməsi və qeyri-qanuni şəkildə mənimsənilməsi məsələsi də qaldırıldı. Hətta bu məsələni daha dərindən öyrənmək üçün Gürcüstandan və Azərbaycandan bir nəfər nümayəndə məruzəçi də təyin edildi".
Mətbuatı bəzən qorxulu addımlar atmaqda günahlandıran millət vəkilinin sözlərinə görə, Ermənistan nümayəndə heyətinin Azərbaycana qarşı olan ittihamları elə qəzetlərdən götürülüb: "Bəzən elə olur ki, jurnalistlər yazını yazanda fikirləşmir ki, bunun nəticəsi nə cür ola bilər. Müəllif düşünmür ki, bu yazıdan Azərbaycanın əleyhinə istifadə edilə bilər, ya yox. AŞPA-da bizim işimiz ona görə yaxşı getdi ki, həm YAP-çı, həm bitərəf, həm də ki, müxalifətçi millət vəkilləri bir mövqedən çıxış etdi. Təəssüflər olsun ki, müxalifət partiyaları bizə dəstək verməkdənsə, xoşagəlməz işlərlə məşğul olur. Amma bunula belə, biz uğur əldə etdik. Bir az əvvəl keçirilən Nazirlər Komitəsinin yığıncağında Ermənistanın xarici işlər naziri bəyan etmişdi ki, onlar heç vaxt Azərbaycanın ərazi bütövlüyünü tanımayacaq. Biz də, onlar da AŞ-nin üzvüdür. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır. Onda AŞ-nin tərkibində olan bir dövlət ərazi bütövlüyümüzü necə tanımaya bilər? Sənədləşmə ilə tanış olandan sonra gördük ki, Ermənistan ərazi bütövlüyümüzü həqiqətən də tanımır. Gültəkin Hacıyevanın da rəsmi sorğusu bundan sonra ortaya çıxdı".
Seyidov bildirdi ki, rəsmi sorğunun cavabı belə olub ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır və tanınır: "AŞ millətlərin öz müqəddəratını təyinetmə prinsipini yalnız dövlətin ərazi bütövlüyü çərçivəsində tanıyır. Hərblə, güclə zəbt edilmiş torpaq heç vaxt qanun çərçivəsinə salına bilməz. Təsəvvür edin ki, Ermənistanın öz nümayəndəsi də buna imza atdı. Çünki 43 dövlətə qarşı çıxmaq mümkün deyil. Avropa heç vaxt separatçıları dəstəkləyə bilməz.ÿDəstəkləsə, bu, Avropanın süqutu olacaq. Mövqeyimiz ona görə güclüdür ki,ÿbizim mövqeyimiz Avropada gedən proseslərlə üst-üstə düşür. Elə buna görə də Ermənistan bu məsələnin müzakirəsindən yayınır. Onlar artıq etiraf edirlər ki, işğalçı dövlətdirlər. Ermənilər artıq heç bir regional əməkdaşlıqda, layihələrdə iştirak edə bilmir. Bu isə uzun çəkə bilməz".
İranda kürd-fars qarşıdurması
Çingiz Göytürk: "Kürd millət vəkilləri doktor Mahmudəli Çöhrəqanlıdan örnək götürüblər"
|
İranın İslam Şurası Məclisinin milliyətcə kürd olan millət vəkilləri istefa ərizələri yazaraq mandatlarından imtina ediblər. İranda kürdlərə qarşı dövlət səviyyəsində təzyiqlərin olduğunu iddia edən deputatlar etirazlarını mandatı atmaqla bildiriblər.
Mandatdan imtina edən millət vəkilləri İslam Şurası Məclisinin daxili Əsasnaməsinin 92-ci maddəsini əsas tutaraq rəsmi Tehranın, xüsusi ilə də Daxili İşlər Nazirliyinin Kürdüstan kürdələrinə, sünni təriqətindən olanlara təziyqlərin davam etdiyini bəyan ediblər. Deputatlar kürdlərə qarşı amansız münasibət bəslədiyinə, onların problemlərinə biganə yanaşdığına görə, şəxsən prezidenti ittiham ediblər. Cənubdan gələn başqa bir xəbərdə bildirilir ki,ÿİranın kürdlərə münasibəti rəsmi Tehranın azərbaycanlılara, türkmənlərə, ərəblərə, bəlcuqlaraÿolan münasibətindən heç də kəskin deyil. Hətta o da istisna edilmir ki,ÿdövlət səviyyəsində sıxışdılıran millətlər bir araya gəlib mübarizəyə başlaya bilər.
BAB sədrinin birinci müavini Çingiz Göytürkün sözlərinə görə, farslarla kürdlər arasındakı silahlı mübarizə hələ 1945-ci ildən başlayıb: "Kürdüstanın Demokrat və "Komələ" Partiyaları həmin əraziləri ələ keçirib və bu, 1984-cü ilə qədər davam edib. Sonra İranın silahlı basqıları nəticəsində onlar İraqa geri çəkilməli oldular. İndinin özündə də həmin silahlı qruplaşmalar İraqda qalmaqdıdır və İrana qarşı müəyyən məqamlarda təzyiqlər edirlər. Kürdlərin milli azadlıq hərəkatına başlamaları dolayısı ilə azərbaycanlılarla bağlıdır. Bu gün kürd millət vəkillərinin etdiklərini bir müddət əvvəl doktor Mahmudəli Çöhrəqanlı edib. O, bundan sonra heç bir parlament seçkisində iştirak etməyəcəyini deyib. Və bu da kürdlərə bir örnək olub".
İrandakı narazı xalqların fars şovinizminə qarşı birləşməsi fikrinə gəlincə, Çingiz Göytürk bu meylin kifayət qədər güclü olduğu iddiasındadır. Bunula belə, o, birgə mübarizənin hansı səviyyədə inkişaf edəcəyini deyə bilmədi: "Bu, artıq kürdlərin özlərindən asılıdır. Amma kürdləri azərbaycanlılara qarşı qoymaq üçün farslar çox canfəşanlıq göstərirlər. Təəssüflər olsun ki, müəyyən məqamlarda kürdlər buna gedirlər. Şəxsən mən inanmıram ki, İrandakı vəziyyət Türkiyənin kürd problemi səviyyəsində qabarsın. Bu, daha çox sivil siyasi mübarizəyə, hərəkata bənzəyir. Silahlı mübarizələr artıq get-gedə sönür. Çünki İraqda gizlənən həmin silahlı qruplaşmalar Avropa dövlətlərindən siyasi sığınacaq alıb oranı tərk edirlər".
Əli Kərimlidən iltizam alınıb
Şadman Hüseyn "islahatçı"ları hədələdi: "Saziş baş tutmasa, çox ciddi faktlar açıqlayacağam"
|
"İslahatçı" Demkonqresdən uzaqlaşdırılan Cumhuriyyət Xalq partiyasının sədri Bədrəddin Quliyev AXCP sədri Əli Kərimlinin AMİP qarşısında öhdəlik götürməsi barədə açıqlama versə də, "cəhbəçi"lər xəbəri təkzib etdilər. Ancaq maraqlıdır ki, AMİP Siyasi Şurasının üzvü, AXCP ilə sazişin qatı əleyhdarı kimi çıxış edən Şadman Hüseyn Bədrəddin Quliyevin dediklərində həqiqət olduğunu bildirdi. Sabiq millət vəkili "Bizim ƏSR"ə açıqlamasında Əli Kərimlidən iltizam alındığına işarə etdi: "Mən deyə bilmərəm ki,
Əli Kərimlidən Etibar Məmmədovun dəstəklənməsi barədə hansısa yazılı iltizam alınıb. Ən azı ona görə ki, belə bir yazılı sənədi görməmişəm. Ancaq Bədrəddin Quliyevin dediklərində həqiqət var. Söhbət hər hansı kağızdan deyil, müəyyən şifahi razılaşmalardan gedir. Bəzi ciddi məsələlərdən mənim də məlumatım var".
Şadman Hüseyn bildirdi ki, sazişin baş tutmamasına görə ittihamlarla üzləşsə, müəyyən məsələlər barədə "şok" açıqlamalar verəcək. Siyasi Şura üzvü qəzetimiz vasitəsilə "islahatçılar"a mesaj da göndərdi. Bildirdi ki, həmin faktların açıqlanmaması üçün Əli Kərimli daha səmimi mövqedən çıxış etməlidir: "Əgər sazişin baş tutmamasına görə, məni günahlandırsalar, təbii ki, bəzi məsələləri açıqlamalı olacağam. Demək istəmirəm ki, məndə lent yazıları, sənədlər, kompromatlar var. Sadəcə, mən özüm müəyyən proseslərdə iştirak etmişəm. Mənim faktlarım şahidi olduğum məsələlər olacaq. İstəmirəm ki, o səviyyəyə gəlib çataq və olub keçmiş hadisələri cəmiyyətə açıqlayaq. Ancaq Əli Kərimli səmimi mövqedən çıxış etməsə, bu addımı atmalı olacağam. Saziş o formada imzalanmalıdır ki, sonradan onu pozan tərəf hansısa məsuliyyət daşısın".
AXCP-AMİP sazişinin imzalanmasının günü-gündən müşkülə düşdüyünü deyən Şadman Hüseyn əlavə etdi ki, "cəbhəçi"lər tarixən Etibar Məmmədovu qəbul etməyiblər: "Mən əvvəlki mövqeyimdə qalıram ki, bu sazişin reallaşmasına inanmıram. İlk növbədə ona görə ki, biz vahid namizəd kimi Etibar Məmmədovu görürük. Əli Kərimli başda olmaqla "cəbhəçi"lər bildirirlər ki, vahid namizəd seçki ərəfəsində müəyyənləşdirilməlidir. Burada artıq bir ziddiyyət yaranır. Çünki biz qurultayda artıq prezidentliyə namizədliyimizi müəyyənləşdirmişik. Son vaxtlar hər iki tərəfdə baş qaldıran narazılıqlar bir daha mənim şübhələrimin əsassız olmadığını göstərir. Həm də məndə bu inamsızlıq bu gün əmələ gəlməyib. Milli-azadlıq hərəkatı başlayandan "cəbhəçi"lər Etibar Məmmədova qarşı normal münasibətdə olmayıblar".
Firudin Ağasıoğluna vaxt verilib
"Aydınlar" ona tezliklə AMİP-dən çıxmağı tövsiyyə ediblər
|
"Aydınlar Birliyi"nə sədr müavini təyin olunan Firudin Ağasıoğlunun AMİP sıralarında qalması mümkün olmayacaq. Birliyin İdarə Heyətinin üzvü, politoloq Əhməd Qəşəmoğlu "Bizim ƏSR"ə açıqlamasında belə deyib. Məlumat üçün deyək ki, Ağasıoğlu AMİP-i tərk etməmək üçün "Aydınlar Birliyi"nin nizamnaməsində dəyişiklik edilməsi xahişi ilə təşkilatın İdarə Heyətinə müraciət etmişdi.
Əhməd Qəşəmoğlunun sözlərinə görə, Firudin Ağasıoğlu "Aydınlar Birliyi"nin sədr müavini olmaqla artıq seçimini edib. Politoloq əlavə edib ki, təşkilatda aparılan müzakirələrdən sonra AMİP sıralarında qalmasının qeyri-mümkünlüyü Ağasıoğlunun nəzərinə çatdırılıb. Onun sözlərindən bu da bəlli olub ki, "Aydınlar Birliyi"nin nizamnaməsində siyasi partiya üzvünün bu təşkilatda fəaliyyət göstərməsini yasaq edən hansısa müddəa yoxdur: "Əslində, nizamnamədə belə bir tələb yoxdur ki, Aydınlar Birliyinin üzvü siyasi partiyalarda fəaliyyət göstərə bilməz. Amma bizim öz daxili prinsiplərimizdən biri də budur. Xüsusən də birliyin rəhbərliyi dəyişəndən sonra bu məsələlərə xüsusi diqqət yetiririk. Sadəcə, aparılan müzakirələrdən sonra bu qərara gəldik ki, təşkilatın rəhbərliyində bir nəfər siyasi partiya üzvü olmasın. Bununla, bir növ "Aydınlar Birliyi"nin siyasiləşməsinin qarşısını almaq istəyirik. Yəqin ki, Firudin Cəlilov da bunu nəzərə alıb AMİP üzvlüyündən imtinasını rəsmiləşdirəcək".
"Aydınlar Birliyi"nin yeni sədr müavinlərinin müəyyənləşdiyini deyən Qəşəmoğlu onların adlarını açıqlayıb. Onun sözlərinə görə, Sevil Nuriyeva, Bəsti Əlibəyli, Firudin Ağasıoğlu, Ağa Seyidov və Cavanşir Quliyev bundan sonra Vaqif Bayatlı Önərin müavinləri seçiləcək.
|