İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#125(349)
Mövsümün "Real" təzadları

İspaniya çempionatında srağagün üç, dünən gecədən xeyli keçmiş isə daha bir görüş olub. Mövsümə uğurlu başlayan "Barselona" öz meydanında ÇL-də İspaniyanın digər təmsilçisi "Malyorka" klubuna 3:0 hesabı ilə qalib gəlib. Qarşılaşmanı Türkiyənin TRT-1 kanalı ilə birbaşa izləmək imkanı qazanmış Azərbaycan futbolsevərləri kataloniyalıların yüksək səviyyəli oyun nümayiş etdirmələrinin şahidi oldular.
Çempionlar Liqasında yüzfaizli naticəylə (3 oyun 3 qələbə) çıxış edən və yarışların növbəti mərhələsinə vəsiqəni demək olar indidən özünə təmin etmiş "Real" klubu isə səfərdə "Las-Palmas"a uduzub - 2:4. Builki mövsümdə keçirdiyi görüşlərin (6) tən yarısında məğlubiyyətə uğrayan madridlilərin ÇL-dən fərqli olaraq ölkədaxili birincilikdə mövqeyi xeyli zəifdir: "Kral klubu" hazırda "Barsa"dan 9, ikinci-üçüncü pillələri bölüşən "Betis" və "Vilyareal" komandalarından isə 8 xal geridədir. "Deportivo" (bu klub da ÇL-də çıxış edir) "Vilyareal"ın qonağı olub və həmin görüş heç-heçə (1:1) nəticələnib.

Bizim legionerlər və bizdə legionerlər

... İlk yarısını turnir cədvəlinin 2-5-ci pillələrində bitirdiyimiz, mənimsə ölkə çempionatı və SSRİ kuboku çərçivəsində 34 rəsmi oyunun 32-sində "Neftçi"nin formasında meydançaya çıxdığım 1986-cı il mövsümü başa çatdı. Növbəti mövsümə yeni baş məşqçiylə başlasaq da, futbolçu karyeramın davamından ötrü heç bir narahatlığım yoxdu: mövsümlərarası hazırlıq dövründə keçirdiyimiz yoxlama görüşlərində də müntəzəm olaraq əsas heyətdə yer alır, arın-arxayın rəsmi matçlara hazırlaşırdım. Lakin ölkə çempionatının başlanması ərəfəsində elan elədilər ki, bir neçə futbolçu, o cümlədən mən də baş məqçinin "oyun konsepsiyası"na uyğun gəlmirik.

Cəmi 27 yaşım vardı, hər cəhətdən azı 4-5 il də yüksək səviyyədə, güclülər dəstəsində oynamağa hazır idim, amma indi qəfildən deyirdilər ki, "daha bizə lazım deyilsən". Hara getməliydim? Bu darmacallıqda - çempionatın başlanmasına beş-on gün qalarkən hansı komandaya üz tutmalıydım?
Bir qədər "Göyəzən"də oynadım, sonra Sumqayıt "Xəzər"inin şərəfini qorudum, lakin gördüm ki, SSRİ çempionatının ikinci dəstəsində çıxış edən bu komandaların turnir iddiaları nə ustalıq səviyyəmə uyğun gəlir, nə də futbolçu karyeramın sonu ilə bağlı həyat planlarıma. Keçmiş məşqçim, həmin vaxt Kişinyov "Nistru"sunda işləyən Əhməd Ələsgərova zəng vurub, birinci dəstədə yarışan Moldova komandasında oynamaq istədiyimi bildirdim. Beləliklə, 1988-ci ilin əvvəlində mən "legioner" oldum.
Həmin 88-ci il də daxil olmaqla, təxminən yarım əsr ərzində respublikamızın beş komandası - bizim hamımız üçün şərəf və iftixar ünvanı olan Bakı "Neftçi"si AZƏRBAYCANLI futbolçuların üzünə çox çətinliklə, inamsızlıqla, tərəddüdlə açılan bir qapıya dönmüşdü. Bütün SSRİ-dən "təcrübəli" adıyla hesabdan silinmişləri, "prespektivli" adıyla karyeraçı müftəxorları dəstə-dəstə Bakıya dəvət edir, ev, maşın verir, instituta qoyurdular, Azərbaycan futbolunun öz yetirmələrinə ən çox da AZƏRBAYCANLIlara açıq-aşkar ögey münasibət bəsləyir, əvəzedici heyətə də götürmür, onları respublikamızın, yaxud Şimali Qafqazın və Orta Asiyanın ikinci-üçüncü dərəcəli komandalarında istedadlarını yelə verməyə, "legioner" ömrü yaşamağa məcbur edirdilər.
"Legioner oldum" - dedim, əslində isə nə mən, nə məndən neçə illər qabaq Leninqrad vilayətinin və Tbilisinin ordu komandalarında oynamış Fuad Tağızadə, Kiyev "Danamo"sunun və Luqansk "Zarya"sının qapısını qorumuş Gündüz Cəfərov, Mahaçqala "Dinamo"sunda çıxış eləmiş Nadir Eynullayev, nə də İvan Morqunovdan, Adamats Qolodetsdən, Yuri Avrutskidən tutmuş Vyaçeslav Çanova, Həsənbəy Mirikova, Mustafa Bilalova, Valeri Pançikə qədər "Neftçi"də oynamış "əcnəbilər" - heç birimiz "legioner" deyildik; kiyevli qapıçı Mixail Mixaylov da "Neftçi"də adicə "gəlmə" idi, "Kolxozçu"da (Aşqabad) oynayan Nurəddin Əliyev də, 1976-cı ili Odessa "Çernomorets"ində keçirən S.Kramarenko da...
"Legioner" - bir ölkə təmsilçisinin başqa ölkədə oynayan nümayəndəsidir; SSRİ-nin özü böyük bir ölkə idi, ona görə də Volqodonskdan Bakıya gətirilən A.Jidkov, yaxud Lvov "Karpatı"sına qəbul edilən Elxan Rəsulov heç cür legioner sayıla bilməzdi. Həm də legioner sayılmaq üçün futbolçunun transfer vərəqi olmalıdı və o, bir ölkə klubundan digər ölkə klubuna müqavilə əsasında transfer olunmalıdı. Sovet dönəmində SSRİ çempionatının iştirakçısı olan komandalarda "legioner" yox idi; 80-ci illərdə, əsasən də "perestroyka və qlasnost"un başladığı 1985-ci ildən sonra sovet futbolçularının xaricdə oynamaq imkanları yarananda da, bu, indiki anlamda "legionerlik" deyildi. O vaxt SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsi nəzdində, səhv etmirəmsə, "Sovsport-eksport" adlı xüsusi bir qurum vardı və həmin qurum hansısa xarici klubla, konkret olaraq hansı mövqedə oynamalı olan futbolçunun transferi barədə razılaşma əldə edirdi, müxtəlif kanallarla həmin amplualı futbolçunu müəyyənləşdirir və onu hansısa müddət üçün həmin xarici kluba... ezamiyyətə göndərirdi. İlk sovet "legionerləri" - Sergey Şavlo, Boris Kazaçyonok, Aleksandr Zavarov, Oleq Bloxin, Vagiz Hidiyatullin, Sergey Aleynikov və başqaları (o cümlədən İqor Ponomaryov) məhz bu yolla xaricə ayaq açmışdılar.
Təkrar edirəm: belə sövdələşmə zamanı söhbət məsələn, məhz Bloxinin, yaxud Ponomaryovun hansı klubda oynamasından getmirdi. Sadəcə, müdafiəçiyə, yaxud hücumçuya hansısa xarici ölkə klubunda olan tələbat söhbəti önə çıxır, Moskva da həmin amplua üzrə müəyyən anket məlumatlarını uyğun gələn futbolçunu o kluba gəndərirdi. Bu zaman transfer məbləği də bütünlüklə SSRİ İdman Komitəsinin hesabına daxil olur, futbolçuya isə həmin məbləğin müəyyən faizini verirdilər...

Ardı var

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd