Mədəniyyət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#125(349)
Hafiz Quliyev: "Əsl sənət mübadiləsi olacaq"
"Gənc peşəkarlar" audiovizual festivalının əsas meyarı budur

Bu ilki teatr mövsümü də açıldı. Onlar arasında, bu mənada, qabağa düşən Akademik Opera və Balet Teatrı oldu. "Teatr bu ilki mövsümə hansı repertuarla başlayıb, musiqisevərləri hansı tamaşalara dəvət edəcək?" sualları ilə teatrın baş rejissoru Hafiz Quliyevə müraciət etdik.

Opera və Balet Teatrının bu mövsüm açılışı, Sizcə, nə ilə yadda qaldı? Və hansı yeniliklər olacaq?

- Teatrımız öz ənənəsinə sadiq qalaraq, mövümü sentyabrın 18-də Ü.Hacıbəyovun doğum günündə "Arşın mal alan" operası ilə açdı. Bu mövsüm digərlərindən onula fərqlənir ki, bu yay tətilində opera teatrında çiddi təmir işləri aparılıb. İstilik sistemi tamamilə yenidən qurulub. Eləcə də kondinsoner sistemində lazımı dəyişikliklər aparılıb. Daha ötən illərdə olduğu kimi, nə tamaşaçılarımız, nə də sənətçilərimiz əziyyət çəkməyəcək. Rahat şərait yaradılıb. Bu il bir neçə yeni tamaşa hazırlamaq fikrindəyik. Artıq bəzi premyeraların vaxtı da dəqiqləşib. Oktyabrın 20-də Tofiq Bakıxanovun "Xəzərin balladası" baleti oynanılacaq. Rassinin "Sevilya bərbəri" və Ramiz Mustafayevin "Vaqif" operalarının premyerası da yaxın zamanlarda olacaq. Vasif Adıgözəlov "Nətavan" operasını yazıb. Artıq teatra təqdim edib, güman ki, bir müddətə onun da məşqlərinə başlayacığıq. Bu mövsümdə daha bir neçə yeni tamaşa hazırlamağı nəzərdə tutmuşuq. Ancaq onlar haqqında indidən danışmaq istəmirəm.

Eşitdiyimizə görə, teatrın balet truppasının Moskvanın Böyük Teatrının səhnəsində çıxışı gözlənilir. Doğrudur?

- Elədir. Vaxtı hələ dəqiq bilmirik, ancaq səfər razılaşdırılıb. Teatrımızın balet truppası Moskvaya qastrol səfərinə gedəcək. Böyük Teatrın səhnəsində çıxışı gözlənilən balet truppasının səfər repertuarına əsasən Qara Qarayevin əsərləri daxildir.

Bu mövsüm hansı opera teatrlarının solistlərini dəvət etmək fikriniz var?

- Tam dəqiqləşmədiyindən, adlarını söyləyə bilməyəcəm. Hər halda həmişə olduğu kimi bu mövsümdə teatrımızın səhnəsində xarici sənətçiləri görəcəksiniz. Özü də bu dəfə qarşılıqlı olacaq. İndidən demək istəmirəm, ancaq bizim də solistləri xarici opera teatrları dəvət edib. Əsl sənət mübadiləsi olacaq.

Adətən, bu münasibətlər birtərəfli olur: teatrımızın səhnəsində xarici solistləri tez-tez görsək də, solistlərmiz nadir hallarda qastrol səfrələrinə gedirlər. Bu baxımdan milli opera sənətinin xaricdə təbliği nə dərəcədə qəantbəxşdir?

- Bu, opera teatrının rəhbərliyinin qarşısına qoyduğu ən başlıca məqsədlərdən biridir. Çalışırıq ki, Azərbaycan opera teatrında səhnələşdirilən tamaşların səviyyəsi həm səhnə tərtibatı, həm də yaradıcılıq baxımından yüksək olsun. Milli opera sənətimizi dünya xalqlarına layiqincə təqdim edək. Eləcə də teatrımızın öz səhnəsindən. Çünki tamaşaçı auditoriyamız, sözün əsl mənasında, beynəmiləldir. Azərbaycanda yaşaayn xarici ölkə vətəndaşları bizim teatra tez-tez gəlir. Məqsədimizə nə dərəcədə nail olmağımız barədə danışmaqsa, məncə, bir qədər təvazökarlıqdan uzaq olar.

Hafiz müəllim, ötən əsrin əvvəlində təməli qoyulan milli opera sənətinin müasir səviyyəsi barədə nə demək olar?

- Ümumiyyətlə, opera teatrları bir qayda olaraq, ənənəyə sadiq qalır. Bu tək bizdə deyil, bütün dünyada belədir. Söz yox ki, ötən illər ərzində opera sənətində müəyyən dəyişikliklər baş verib. Ən azı, tamaşaçı zövqü dəyişib. Ancaq köklü fərq yoxdur. Verdinin, Puçinin əsərləri görün neçə illərdir səhnələşdirilir. O tamaşlarda rejissorlar, ifaçılar, bir də səhnə mizanları, tərtibatı dəyişib. O da təbii haldır. Məsələn, biz indi "Leyli və Məcnun" operasını ilk qurluşda olduğu kimi səhnələşdirə bilərikmi? Yox. Ancaq bu, ilk baxışda belədir. Əslində, səhnələşdiririk. Çünki əsər bütövlükdə necə varsa elə qalır. Sadəcə, rejissor əsəs xəttə xələl gətirmədən onu müasir sənətin ab-havasına uyğun yozur. Bir zamanlar antraktsız teatr cərəyanı olub: fasiləsiz tamaşa göstərirmişlər. Sonra 30-40-cı illərdə "Aşıq Qərib" operası 4 saat 10 dəqiqə ərzində oynanılırdı. Bu gün tamaşaçının tələbatı başqadır. Bu tələbatı nəzərə aldığımıza görə, bu gün "Aşıq Qərib" operası 1 saat 50 dəqiqə gedir. Bu, o demək deyil ki, musiqi tamaşaçını yorur. Əsla. Sadəcə, zaman sürət əsridir. Hamımız vaxt azlığından gileylənirik. Təbii ki, tamaşaçının da sənətdən zövq almağa o qədər vaxtı yoxdur.

Belə çıxır ki, opera sənəti mühafizəkarlıqla öz ilkinliyinə sadiqdir?

- Hardasa belədir. Ümumiyyətlə, opera sənətində novatorluğa ehtiyatla yanaşmaq lazımdır. Nə qədər inkişaf olsa da, ənənədən kənara çıxılmamalıdır. İnkişafsa, yeniləşmə isə labüddür. Məsələn, son vaxtlar fikir verirsinizsə, aktyor və vokal sənətinin sintezi yaranıb. Eyni zamanda bu gün Leyli obrazı yaradan sənətçi özündən əvvəlki sələfindən xeyli fərqlənir. Çünki cəmiyyət hadislərindən tutmuş insani münasibətlərə qədər hər şeyin mürrəkəbləşdiyi bir dövrdə Leyli obrazının yaradıcısının üzərinə daha böyük məsuliyyət düşür. Ən azı, o, Leylinin saflığına tamaşaçısını inandırmalıdır. Bu, sənətin böyüklüyüdür. Deməli, zaman onu dəyişdirməyi, özünküləşdirməyi bacarmayıb. Bir də, axı klassika elə müasirlikdir. Əsərin klassikliyini şərtləndirən 5-6 amildən biri də müasirlikdir. Adətən klassikanın tərifini də belə verirlər: həmişə müasir olan əsərə klassika deyilir. Ona görə də mən hesab edirəm ki, opera sənət növünün hər hansı bir modernizmə ehtiyacı yoxdur.

Adətən, opera teatrlarına tamaşaçılar kütləvi surətdə gəlmirlər.

- Üzeyir Hacıbəyov ilk operasını yazanda bilirsiniz, nə qədər təqiblərə məruz qalıb? Özü də tək cahillər tərəfindən deyil, hətta zəmanəsinin ziyalı sayılanları arasında da onu qınayanlar olub. Bilirsiniz ki, ilk opera ifaçılarını daş-qalaq da ediblər. Təbii ki indi vəziyyət tamam dəyişib. Ancaq etiraf edək ki, opera teatrına münasibət heç bir zaman birmənalı olmayıb. Onu düz deyirsiniz ki, operaya tamaşaçılar kütləvi surətdə gəlməyib. Adətən Operanını tamaşaçıları elitar təbəqənini nümaməndələri olub. Bu illər ərzində opera teatrı öz tamaşaçı auditoriyasını formalaşdıra bilib. Ancaq indi də ayrı problem var. Özü də bu problemlər incəsənət sahəsində çalışanların hamısını haqlayıb. Məslən, incəsəntin ən populyar növü sayılan kinonun belə tamaşaçıları azalıb. Bu gün kinoteatrlarımız boş qalır. Texnikanın inkişafı, eləcə də, insanların şouya meyllənməsi əsl sənətə marağı azaldıb. Buna baxmayaraq, opera və balet teatrının bu gün öz tamaşaçısı audotoriyası var. Yeri gəlmişkən, bir məsələyə münasibətimi bildirmək istəyirəm. Bəzən tamaşaçının zövqünü nəzərə alırıq kimi fikirlər səslənir. Mən bu meyarla qətiyyən razılaşmıram. Tamaşaçı zalından yüksəkdə duran səhnə sənəti də bu mərtəbədə saxlamalıdır. Sənətçilər tamaşaçı zövqünə uyğunlaşmağa çalışmamalıdırlar. Çünki bu zaman sənət itəcək.

Gənclərlə necə iş aparırsınız?

- Bütün tədris ocaqları ilə əlaqələrimiz var. Səsi olan tələbələrin özlərinin də xəbəri yoxdur ki, onlarla maraqlanırıq. Məqamı gələndə o tələbələri operaya dəvət edib, şərait yaradırıq ki özlərini sınasınlar.

Müasir bəstəkarların əsərlərinə nə üçün nadir hallarda müraciət edirsiniz?

- Bu sualı yaxşı olardı bəstəkarlara verəsiniz. Yazmırlar. Biz də maraqlıyıq ki, yeni operalar səhnələşdirək. Təbii ki, bir şərtlə: yazılan əsərlər Akademik Opera və Balet Teatrının səhnəsində oynanılmağa layiq olsun.

Xan Şuşinskini yad edəcəklər
Oktyabrın 10-da xanəndəmizə həsr edilmiş gecə keçiriləcək

Yubileyi bu il respublika səviyyəsində keçirilən ölməz xanəndəmiz, muğam ustası Xan Şuşinskiyə həsr edilmiş tədbirlər davam edir. Oktyabrın 10-da Xan əmini İ.Əbilov adına mədəniyyət mərkəzi yad edəcək.
Mərkəzin bədii rəhbəri, əməkdar incəsənət xadimi Mirəhməd Əsgərovun verdiyi məlumata görə, ədəbi-bədii gecədə musiqişünas Ramiz Zöhrabov xanəndənin həyat və yaradıcılığı barədə danışacaq. Tədbirdə Xan Şuşinski ilə vaxtilə çiyinə-çiyinə çalışan, onun dadlı-duzlu səsinin, lətifələrinin vurğunu olan Sara Qədimova, Tükəzban İsmayılova, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Canəli Əkbərov, tələbəsi Arif Babayev, Ağaxan Abdullayev, kamança ustası Ədalət Vəzirov çıxış edəcək, xatirələrini danışacaqlar. Simarə İmanova, Nizami Abdullayev, Muğam Teatrı, Muğam studiyası, bir sözlə, səsi muğama köklü sənət adamlarının əksəriyyəti xalq mahnısı, təsnif, yaxud elə muğamla yığılanların könlünü oxşayacaqlar. Onları Abbasqulu Nəcəfovun rəhbərlik elədiyi xalq çalğı alətləri ansamblı müşaiyət edəcək.
Bu tədbiri cavanlarımıza muğam sənətini çatdırmaq üçün gözəl vasitə sayan M.Əhmədov dedi ki, Xan Şuşinskinin doğmaları, o cümlədən, oğlu Aslan da atasını ananların sırasında olacaq.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd