İş günü

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#125(349)
Turizm sahəsində mütəxəssislər hazırlanacaq
Əbülfəs Qarayev: Dövlət İdman Akademiyasında turizm fakültəsi, Bədən Tərbiyəsi Texnikumunda isə turizmin menecmenti və mehmanxana xidməti ixtisaslarının tədrisi həyata keçiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Azərbaycan Ümumdünya Turizm Təşkilatına üzv qəbul edilib. Təşkilatın ötən həftə keçirilən 14-cü assambleyasında gənclər, idman və turizm naziri Əbülfəs Qarayev və Turizm Sənayesinin İnkişafı İttifaqının prezidenti Sahib Həsənov iştirak ediblər. Oktyabrın 14-dən etibarən Gənclər, İdman və Turizm Nazirliyinin Turizm Baş İdarəsi qarşısında ÜTT-nin bayrağı dalğalanacaq. Dünən keçirdiyi mətbuat konfransında Ə.Qarayev MDB ölkələrindən indiyədək yalnız Azərbaycan, Belarus və Tacikistanın orada təmsil olunmadığını bildirdi. Qeyd edək ki, bu günədək dünyanın 130-dan çox ölkəsi ÜTT-yə daxil olub.
Koreyanın Seul və Yaponiyanın Osaka şəhərlərində keçirilən baş assambleyanın ilk iclasında nazir Ə.Qarayev məruzə edərək Azərbaycanın istirahət zonaları, tarixi mədəniyyət ocaqları, şəhərlərin müasir inkişaf infrastrukturu haqqında geniş məlumat verib. Onun çıxışı beynəlxalq turizm ailəsində müsbət qarşılanıb və bundan sonra Azərbaycanın ÜTT-yə üzv qəbul edilməsinə səs veriblər. Həmin iclasda daha 5 ölkə - Səudiyyə Ərəbistanı, Bəhreyn, Honduras, Yuqoslaviya və Kabo-Verdeni təşkilata üzv qəbul edilib. Fransalı Françesko Franciolinin ikinci müddətə təşkilata baş katib seçildiyini deyən nazir üzvlük haqqını ödəmədiklərinə görə, bəzi dövlətlərin iki il müddətinə səsvermə hüququndan məhrum edildiyini bildirdi. Bu sırada Ermənistan da istisna deyil. Yeri gəlmişkən, ÜTT-yə daxil olan dövlətlərin illik ümumi daxili məhsulun həcmindən asılı olaraq onlardan üzvlük haqqı alınır. Azərbaycan hər il təşkilata 19 min 800 dollar vəsait ödəyəcək. Lakin iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olaraq iki ildən sonra həmin məbləğin artırılması istisna olunmur.
Ə.Qarayevin fikrincə, Azərbaycan ÜTT-yə üzv qəbul edilməklə dünya informasiya şəbəkəsinə qoşulmağa, turizmin inkişafına yardım edəcək seminarları təşkil etməyə və bu sahədə mütəxəssislərin hazırlanması üçün onların təhsil kurslarına cəlb edilməsinə nail olacaq. Ə.Qarayev Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsinə zəruri olan iki amilin artıq reallaşmaq üzrə olduğu dedi. Belə ki, turizmin inkişafı üzrə dövlət konsepsiyası layihəsi hazırlanaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edilib. Həmin konsepsiyanın həyata keçirilməsi üçün nazirlik 2002-ci ilin dövlət büdcəsi layihəsində bu sahəyə ayrıca vəsait ayrılmasına nail olub. Həmin məbləğin miqdarı ilə bağlı sualımıza Ə.Qarayev konkret cavab verməkdən imtina etdi. Lakin o bildirdi ki, turizmin inkişafı üçün büdcədən 1 milyard manat vəsait ayrılması barədə hökumətə müraciət ediblər. Turizm sənayesinin inkişafını zəruri hesab edən nazir bunun müqabilində dövlət büdcəsinə, xüsusilə özəl sektorun hesabına xeyli əlavə vəsaitin daxil olacağını bildirdi. "Turizm pulu ən çox dövriyyədə saxlayan sahədir. Onun inkişafı nəticəsində bir ildə neft satışından əldə edilən gəlirdən daha çox vəsait əldə etmək olar. Hazırda isə əsas məqsəd daxili turizmin inkişafına şərait yaradılması, turizm infrastrukturunun dəyişdirilməsi üçün qanunvericilik bazasının formalaşmasıdır".
Nazir hesab edir ki, turizmin inkişaf etdirilməsi üçün ilk növbədə Azərbaycanın xaricdə tanınması lazımdır. Bunun üçün nazirlik "Azerbaiyan rewu" adlı jurnal və "Welcome to Azerbaiyan" lazer diskini hazırlayıb. Aviaşirkət, nəqliyyat idarələri və səfirliklər onların xarici vətəndaşlar arasında yayılmasını təşkil edəcək. Buraya ölkəmizin tarixi abidələri, istirahət zonaları, teatr, mehmanxanalar, viza qaydaları və digər məlumatlar daxil edilib. Bu, Azərbaycana gəlmək istəyən turistlərə ölkə haqda ətraflı informasiya əldə etməyə yardımçı olacaq.
Sonda jurnalistlərin suallarına cavab verən Ə.Qarayev turizm sahəsində mütəxəssislərin hazırlanması məsələsinə də toxundu. Onun sözlərinə görə, nazirlik mehmanxana, restoran və digər obyektlərdə işləyən 4 nəfər azərbaycanlının xaricdə təhsil almasını maliyyələşdirib. Hazırda Türkiyənin "Tika" təşkilatının xətti ilə 30 nəfərin treninq kurslarına cəlb edilməsi nəzərdə tutulub. Bundan başqa, Ə.Qarayev qeyd etdi ki, Dövlət İdman Akademiyasında turizm fakültəsi, Bədən Tərbiyəsi Texnikumunda isə turizmin menecmenti və mehmanxana xidməti ixtisaslarının tədrisi həyata keçiriləcək.

Müəllimlərin müəllimi
75 yaşlı Sona xanım ömrünün 55 ilini şagirdlərinə həsr edib

Bu gün müəllimlər günüdür. Hər ilin bir gününü bizə ikinci valideynimiz sayılan müəllimlərimizin, qələm tutub "ana", "Vətən" sözlərini yazmağı öyrədən müəllimlərimizin şərəfinə bağışlayırıq. Bu günü öz bayramı kimi qeyd etməyə hamıdan daha çox haqqı olan bir müəllimdən - Sona müəllimimdən danışmaq istəyirəm. Sona İsmayılova nə az-nə çox düz 55 il ibtidai sinif müəllimi işləyib, balaca məktəblilərin öz dililə desək, "bitdi birincilər"ə oxumağı, yazmağı, ən əsası vətənini sevməyi öyrədib. Yüzlərlə azərbaycanlının təlim-tərbiyəsinin təməlçisi olub.
Sona xanımın ilk dəfə məktəbə getməyinin də qəribə tarixçəsi var. Üç bacının böyüyü olub. Anası evdar qadın, atası fəhlə idi. Heç yadından çıxmaz. Məktəbə getdiyi gün anasını, bacılarını bərk-bərk qucaqlayıb öpmüşdü. Elə bilmişdi həmişəlik gedir, birdəfəlik məktəbdə qalacaq. Bir həftə qabaq da atası ona bir neçə şer və saymağı öyrətmişdi. Şerləri əzbər bilirdi, amma sayda 8-i həmişə unudurdu. Səhərə qədər yatmamışdı. Məktəbə onu atası apardı. Boyu o qədər balaca idi ki, ilk müəllimi Şövkət xanım "Sənin adını qoydum balaca Sona" demişdi. Əvvəlcə yarımca sinfində oxuyurdu. İndi ona hazırlıq sinfi deyirlər. İllər keçir və Sona xanım o vaxt Oktyabr, indiki Yasamal rayonunun 32 nömrəli yeddiillik məktəbini bitirir. 40-cı illər idi. Artıq müharibə ab-havası duyulurdu. Vəziyyət çox ağır idi. Çörək talonla verilirdi. Belə çətin dövrdə təhsili davam etdirmək də çətin idi. Çoxları işləməyə gedirdilər. Amma atası Sadıq kişi qızlarını oxutmaq fikrində idi. O dövrdə ən şərəfli sənət müəllimlik hesab olunurdu. Sona Banu adına pedaqoji məktəbə daxil olur. Dördillik təhsil aldıqdan sonra ilk təyinatını Bakı şəhəri Əzizbəyov rayonunun Zirə qəsəbəsinə alır. Əmisi "doktor Talıbov" bu kənddə işləyirdi. Rəfiqələri Suğra və Fatma ilə birgə əmisinin himayəsi altında yaşayır.
İlk dərs günü sentyabrın ortalarında oldu. İbtidai sinif müəllimlərindən biri məktəbdən çıxdığından dərsləri o davam etdirməyə başladı. Yadındadır, birinci dərsi "Ş" hərfi oldu. Bu məktəbdən yadında Hürü müəllim qalıb. Dərs keçmək qaydasını, uşaqlarla düzgün rəftarı Hürü xanım öyrətmişdi. Birinci dərs günündən sonra onu qucaqlayıb öpmüş, müəllimlər otağında tərifləmişdi.
Yüzlərlə şagirdlərindən İlham və İntiqam qardaşlarını tez-tez xatırlayır. Bu yaxınlarda küçədə İlhama rast gəlib. Tanımayıb onu. İlhamın indi saqqalı da ağarıb. Amma İlham onu görən kimi tanıyıb. Deyib ki, qızının adını Sona qoyub. 50-ci ilə qədər bu kənddə işlədi. Sonra Yasamal rayonundakı 172 saylı məktəbə gəldi. O qədər də asan olmadı kənddən şəhərə gəlmək. Buradakı uşaqlar tamam başqa mühitdən çıxmışdılar. Amma çox keçmədi, Sona müəllim buna da alışdı. Çətinlik zövq aldığı işə çevrildi. Uşaqlarla keçirdiyi günlərin heç birini unutmur. Amma elə günlər var ki, yaddaşından silinmir. Bir neçə il bundan əvvəl Elçin adlı şagirdi neçə gün idi ki, dərsə gəlmirdi. Sonrakı günlərdə səbəbini aydınlaşdırmaq istəyəndə uşaq ağlamağa başladı. Dedilər ki, Elçinin atası dənizdə batıb. Yadından çıxmaz: Elçin necə durdu, hönkürüb oturdu, sonra gəlib onu qucaqladı. 1957-ci ildə 172 nömrəli məktəbdən həmin rayonun 14 nömrəli məktəbinə keçirilir. Burada 1988-ci ilə qədər işləyir. Sonra mənzilini dəyişməsi səbəbindən yaxınlıqdakı 194 nömrəli məktəbdə dərs deməyə başlayır. Əvvəlki kollektivdən ayrılmaq çətin olsa da, öyrəşir.
Üst-üstə 55 il işləyir Sona xanım. Həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq bu il sentyabrın birindən təqaüdə çıxmalı olur. "Məndən yazmayın, nəyə lazımdır" deyir 75 yaşlı 55 ilin müəllimi. İndi şagirdləri ilə küçədə rastlaşanda "Heç dəyişməmisiniz, bircə saçlarınız ağarıb" deyirlər ona. Məktəbdən ayrılmağına peşmandı. Əvvəlki həvəs və enerjisi var hələ. Məktəbdə onu "Müəllimlərin müəllimi" adlandırırdılar. Cavanlar ondan məsləhət alır, öyrənirlər. Beş il əvvəl 70 illik yubileyini də qeyd ediblər məktəbdə. Çox razıdır onlardan.
Dediyinə görə, indiki uşaqlar əvvəlkilərdən çox fərqlənirlər. Bilmədikləri şey yoxdur. Dünyagörüşləri genişdir. Amma televizora - seriallara çox baxırlar. Yaşları çatmayan məsələlərdən də halidirlər. Danışır ki, bir dəfə dərsdə oğlan uşaqlarından biri gəlib qızın üzündən öpdü. "Soruşuram ki, a bala, niyə öpürsən onu? Deyir ki, xoşum gəldi öpdüm də, müəllim. Başa salıram ki, o sənin bacındır. Başa düşmür. Televizordan öyrənir. İndiki kitablar da qəlizdir. Uşaqlara çətindir. Əvvəllər şagirdləri muzeylərə, mətbuat evlərinə, istehsalatla tanış olmaq üçün zavodlara aparardıq. İndi bunların heç biri yoxdur". Məktəbsiz çox darıxır. Həmişəki kimi səhər saat 6-da durur. Nə yaxşı ki, şagirdləri var, tez-tez ona baş çəkirlər. nTünzalə BABAYEVA

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd