|
|
|
|
#125(349)
|
 |
Tu-154-ü Ukrayna vurub?
Təl-Əviv - Novosibirsk marşrutu ilə uçan sərnişin
təyyarəsinin Qara dəniz üzərində partlamasının
səbəbi barədə ziddiyətli versiyalar səslənir
|
Dünən Moskva vaxtı ilə saat 13.45-də Rusiyanın "Sibir" aviaşirkətinə məxsus TU-154 sərnişin təyyarəsi Soçi şəhərinin təqribən 185 kilometr cənub-qərbində Qara dənizə düşüb. Təl-Əviv - Novosibirsk marşrutu ilə uçan təyyarədə 66 sərnişin və 12 heyət üzvü olub. 11 min metr yüksəklikdə, saatda 850 kilometr sürətlə uçan avialaynerin düşdüyü ərazidə dənizin dərinliyi təqribən 1 kilometrdir. Buna görə də sərnişinlərdən və heyət üzvlərindən kiminsə sağ qala bioəcəyi inandırıcı sayılmır.
Hadisədən dərhal sonra yayılan xəbərlərdə Tu-154-ün terror aktı nəticəsində partladıldığı bildirilirdi. Bu versiyanı ilkin olaraq Rusiya Federal Təhlükəsizlik Xidməti irəli sürmüşdü. Hadisə vaxtı Qara dəniz səmasında olan Ermənistana məxsus AN-12 sərnişin təyyarəsinin uçuş heyəti də yerə verdiyi məlumatda Tu-154-ün partlayış nəticəsində düşdüyünü bildirirdi.
İsrail rəsmiləri də əvvəlcə hadisənin terror aktı olduğu barədə bəyanat vermişdi. İsrail Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Təl-Əvivin Ben-Qurion hava limanında havaya qalxan təyyarəyə minik zamanı 51 qeydiyyatdan keçmiş, Bolqarıstanın Burqas hava limanında onlara daha 15 sərnişin qoşulubmuş. Bununla belə, Bolqarıstanın Aviasiya Nəqliyyatı üzrə Dispetçer Xidmətinin rəhbərliyi sözügedən təyyarənin Bolqarıstanın hava məkanından uçmasıı və Burqas şəhərində tranzit sərnişin götürməsi barədə məlumatın həqiqətə uyğun olmadığını bildirib. Bolqarlar təyyarənin Türkiyənin hava məkanından istifadə etdiyini iddia ediblər...
Lakin hadisədən, təxminən, 5 saat sonra dünya informasiya vasitələri ABŞ rəhbərliyinə istinadən xəbər verdilər ki, Tu-154 təyyarəsi Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin təlim məşqləri zamanı baş vermiş səhv nəticəsində "yer-göy" tipli raketlə vurub. ABŞ-nin CBS telekanalının məlumatına görə, Pentaqonun bu sensasiyalı bəyanatı peyk nəzarəti zamanı əldə edilmiş fotoşəkillərə əsaslanır. Peyk Tu-154 təyyarəsinin partladığı vaxt Krımın dənizə yaxın ərazisindən zenit raketinin buraxıldığını qeydə alıb. Hətta bəzi xəbərlərdə hərbi təlim zamanı dəhşətli səhv baş verməsini ukraynalı zabitlərdən birinin etiraf etdiyi də bildirilib.
Buna baxmayaraq, Ukraynanın müdafiə naziri Alksandr Kuzmuk ölkənin hərbi qüvvələrinin Qara dəniz səmasında baş vermiş təyyarə qəzasıyla heç bir əlaqəsi olmadığını bəyan edib. Onun sözlərinə görə, hərbi təlimlərin keçirildiyi ərazi ilə qəzanın baş verdiyi yer arasında məsafə 200 kilometrdən çoxdur. Nazir Ukrayna Hava Hücumundan Müdafiə Qoşunlarının ixtiyarındakı raket sistemlərinin 14-22 kilometrdən uzağı vura bilmədiyini deyib.
Ukrayna hərbçilərinin günahkar olmadığını Rusiya prezidenti V.Putin də təsdiqləyib. O, hərbi təlimlərdə rusiyalı müşahidəçilərin də iştirak etdiyini bildirib.
Hələlik təyyarədə partlayışın hərçilərin səhvi, yoxsa terror aktı nəticəsində baş verdiyi dtam dəqiqləşdirilməyib. Təyyarədəkilərin əksəriyyətinin İsrail vətəndaşı olduğu bildirilir. Dünən gecə Rusiyanın NTV telekanalının internet səhifəsində təyyarənin 66 sərnişinin və 12 heyət üzvünün siyahısı verilib. Bu siyahıda adı göstərilənlərdən birinin - Nazim Muxtarovun soydaşımız olduğu istisna deyildir.
|
Azərbaycanlıların Moskvada qurultayı başlandı
|
Dünən Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin I qurultayı öz işinə başlayıb. Tədbirdə azərbaycanlıların təmsil olunduğu 50-yə yaxın regional təşkilat iştirak edir. Qurultaya həmçinin Rusiyanın 57 subyektindən nümayəndələr, ziyalılar və işgüzar şəxslər qatılıblar.
Xatırladaq ki, Ümumrusiya Azərbaycanlıları Konqresi, təxminən, bir il əvvəl Azərbaycan və Rusiya arasındakı tarixi-ənənəvi münasibətləri daha inkişaf etdirmək məqsədilə yaradılıb. Qurultayın təşkilat komitəsindən "Media-Press" agentliyinə bildiriblər ki, tədbir bu il noyabrın 9-10-da keçiriləcək Dünya azərbaycanlılarının I qurultayı ərəfəsində xüsusi əhəmiyyət kəsb edir.
Elə dünən qurultayda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbrik məktubu oxunub. "Rusiyadakı azərbaycanlı icmasının bir yerə toplaşmasında məqsəd Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirmək məqsədini qarşısına qoyan bir konqresin fəaliyyəti ilə bağlı müzakirələr aparmaqdır. Bu işdə sizə uğurlar arzulayıram," - deyə Rusiya prezidenti vurğulayıb.
Qurultay müddətində Moskvada Azərbaycanın müstəqilliyindən bəhs edən filmlərin festivalı keçiriləcək, ayrı-ayrı Azərbaycan rəssamlarının əsərləri və xalçalar nümayiş olunacaq.
Hərbi tərəfdaşlığı
genişləndirməyin vaxtıdır
Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik
Səfər Əbiyevin Türkiyəyə üçgünlük səfərində bu tezis xüsusilə aktual olub
|
Müdafiə Nazirliyinin mətbuat xidməti oktyabrın 1-dən 3-dək davam etmiş səfər barədə hesaba yayıb. Hesabatda bildirilir ki, müdafiə nazirinin türkiyəli həmkarı ilə danışıqlarında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün iki ölkənin səylərinin vacibliyi vurğulanıb.
S.Əbiyevin Türkiyə Respublikasının Quru Qoşunlarının komandanı ordu generalı Nimli Özkök, Hərbi Dəniz Qüvvələri komandanı ordu generalı Bülent Alpkaya və Hərbi Hava Qüvələri komandanı ordu generalı Cumhur Asparukla ayrı-ayrılıqda görüşlərində iki dövlətin Silahlı Qüvvələrinin ayrı-ayrı növləri arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib.
Səfərin ikinci günü S.Əbiyev "Markoni" kommunikasiya şirkətinə baş çəkib və orada istehsal edilən məhsullarla tanış olub.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi ordu generalı Hüseyn Kıvrıkoğlu ilə görüşdə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının perspektivləri və regional təhlükəsizlik məsələləri də müzakirə edilib. Tərəflər əmin olduqlarını bildiriblər ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapması regional münaqişələrin ədalətli həllinin başlanğıcı olardı.
Türkiyə prezidenti Əhməd Necdət Sezər general-polkovnik Səfər Əbiyevi qəbul edərkən Türkiyənin Azərbaycanı bütün istiqamətlərdə dəstəklədiyini vurğulayıb və beynəlxalq terrorizmə qarşı mübarizədə işbirliyinin bundan sonra da gücləndiriləcəyini, Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin artırılacağını bildirib. Prezident Ə.N.Sezer deyib ki, Türkiyə Azərbaycana bundan sonra da hər cür yardım edəcəkdir.
Nümayəndə heyətini qəbul edən Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzgi isə qeyd edib ki, Türkiyə və Azərbaycan dövlətlərinin bütün sahələrdə bir-birini yaxşı başa düşməsi və birgə xarici siyasət aparması hər iki dövləti qüvvətləndirir.
Həmin gün general-polkovnik S.Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Təlim və Doktrina Komandanlığının fəaliyyəti ilə də tanış olduqdan sonra İstanbula gedib. Orada nümayəndə heyətini qəbul edən Türkiyə
Respublikası Silahlı Qüvvələrinin I Ordu komandanı ordu generalı Çetin Doğan ordu komandanlığının yaranma tarixindən danışıb, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının artırılmasının zamanın tələbi oluduğunu bildirib. General-polkovnik S.Əbiyev Azərbaycan-Türkiyə
hərbi əməkdaşlığının hər iki tərəf üçün faydalı, eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinin öyrənilməsinin önəmli olduğunu deyib.
Təkrar iddiaya baxılmadı
Natiq Əliyevlə Etibar Məmmədovun
məhkəmə çəkişməsi təxirə salınıb
|
Səbayel Rayon Məhkəməsində ARDNŞ prezidenti Natiq Əliyevin Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədova qarşı iddiası üzrə hazırlıq yığıncağı keçirilib.
Hakim İlham Əliyev birinci iddia üzrə bu il sentyabrın 14-də çıxarılmış qərarın hələ qüvvəyə minmədiyini nəzərə alaraq təkrar iddiaya baxılmasının dayandırılması barədə qərar çıxarıb. Bundan əlavə cavabdeh tərəfin bir ay ərzində Apellyasiya Məhkəməsinə şikayət etmək hüquq var və E.Məmmədov da belə etmək niyyətindədir. Eyni zamanda hakim cavabdehin vəkilinin işin dayandırılması barədə xahişini təmin etməyib. Vəkil Fuad Ağayevin fikrincə, E.Məmmədov birinci proses başa çatdıqdan sonra mətbuatda çıxış etməyib, AMİP liderinin adına deyilən fikirlər isə ona aid deyil və buna görə konkret KİV məsuliyyət daşımalıdır.
Lakin iddiaçının nümayəndəsi Oqtay Məmmədzadə bununla razılaşmayaraq bildirib ki, müdafiə etdiyi şəxsin şərəf və ləyaqəti sentyabrın 14-dən sonra yenidən təhqir edilib. Bu zaman o, "Ejednevnıe novosti" qəzetinin 21 sentyabr və "Yeni Müsavat" qəzetinin 27 sentyabr saylarında dərc edilən materiallara əsaslanıb.
Xatırladaq ki, ARDNŞ prezidenti Natiq Əliyevin Etibar Məmmədova qarşı birinci iddiası üzrə məhkəmə bu il sentyabrın 14-də başa çatıb. Birinci iddia üzrə məhkəmənin qərarına görə, Etibar Məmmədov xaricə qanunsuz olaraq 1,5 mln. ton neft satılması barədə bəyanatını təkzib etməli idi.
|
Basqınçıların
şəxsiyyəti məlumdur
|
Avqustun 28-dən 29-na keçən Katex postuna edilən növbəti basqından sonra bölgədə vəziyyət yenidən kəskinləşib. Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları kriminogen duruma nəzarət etmək üçün qüvvələrini birləşdiriblər. Hadisədən sonra Zaqatala və Balakən rayonlarında polislərin və hərbi qüvvələrin sayı artırılıb.
Dünən "Lider"TV-nin bölgə müxbiri Əli Səmədovdan aldığımız məlumata görə, posta hücum etmiş cinayətkarların şəxsiyyətləri artıq məlumdur. Onları yaxalamaq üçün axtarış tədbirləri aparılır.
Qeyri-rəsmi mənbədən aldığımız məlumata görə, həmin cinayəti törədən şəxslər Katex hadisəsindən 10 gün əvvəl Balakən rayon sakini Mamed Ardayevin evinə basqın ediblər. Ev sahibindən 1 milyon dollar tələb edən quldurlar istəklərinə nail olmadıqda qarətə əl atıblar. DİN-nin mətbuat xidmətinin əməkdaşı Rahib Qarayev belə bir faktın onlara məlum olmadığını bildirdi.
|
"Kür" avarçəkmə
bazası bərpa olunacaq
|
Postsovet məkanında ən böyük turist mərkəzlərindən olan "Kür" avarçəkmə bazası son illər, demək olar ki, fəaliyyətsiz idi. Bu yaxınlarda bazanın yenidən bərpasına başlanıb. Dünən gənclər, idman və turizm naziri Əbülfəs Qarayev "Bizim Əsr"in müxbirinin sualına cavab olaraq oradakı mövcud vəziyyətlə bağlı məlumat verib.
Nazirin sözlərinə görə, hazırda bazada ciddi iş aparılır. Oraya yeni rəhbərlik təyin edilib. İndiyədək bazada iki yarış da keçirilib. Xatırladaq ki, Qarabağ münaqişəsi zamanı Ermənistanın işğal etdiyi ərazilərdən didərgin düşmüş xeyli ailə bazanın mehmanxanasında məskunlaşıb. Hazırda onlardan 768 nəfərinin köçürülməsi üçün tədbirlər görülür. Ə.Qarayev bu məqsədlə İslam İnkişaf Bankının kredit ayıracağına ümid etdiyini bildirdi. Bundan başqa, Milli və Beynəlxalq Olimpiya komitələrinin də bazanın bərpasına kömək göstərəcəyi gözlənilir.
Əhalinin əmanətləri 10 ilə qaytarılacaq
Əli Əlirzayev: "Hesab edirəm ki, 2003-cü ildə dövlətin iqtisadi durumu bu layihəni həyata keçirməyə imkan verəcək"
|
10 ilə yaxındır ki, Azərbaycan vətəndaşları tərəfindən keçmiş Əmanət Bankına qoyulmuş və sonradan inflyasiya nəticəsində dəyərdən düşmüş pul vəsaitlərin indeksasiyasının aparılması düyünə düşüb. 1 yanvar 1992-ci il vəziyyətinə görə, əhali tərəfindən Əmanət Bankına qoyulmuş əmanətlərin ümumi həcmi 6 milyard 492 milyon rubl təşkil edir.
Bəzi hesablamalara əsasən, bütün əmanətlərin indeksasiya olunması üçün 800 milyon dollar vəsait lazımdır. Xatırladaq ki, inflyasiya tempinin sür`ətlə yüksəlməsi nəticəsində əhalinin əmanət banklarındakı pul vəsaitləri dəyərini itirmişdi. Real maliyyə bazasının yaradılması və əhalidən əmanətləri cəlb etmək məqsədilə Əmanət Bankı 1994-cü ilin avqustundan 1997-ci il dekabrın 31-nə kimi gəlir vergisi ödəməkdən azad edilmişdi.
1 yanvar 1992-ci il vəziyyətinə görə, qalıq əmanətlərin orta hesabla ildə 500 faizdən az olmayaraq indeksasiyası aparılıb. İnflyasiyanın artdığı illərdə Əmanət Bankı qismən indeksasiya həyata keçirib. Belə ki, 1995-ci ildə indeksasiyanın həcmi 600, 1996-97-ci illərdə isə 500 faiz olub. Əmanət Bankı öz daxili vəsaitləri hesabına bu məqsədlər üçün 7 milyard 600 milyon manat vəsait yönəldib. Lakin bütün görülən tədbirlər əbəs yerə gedib. Çünki 11 dekabr 1992-ci ildə verilən prezident fərmanına görə, respublika ərazisində vahid ödəmə vasitəsi manat e`lan olunub. O zaman bütün əhalinin əmanətləri 1 manat=10rubl nisbətində dəyişdirilib. Qeyd edək ki, əmanətlərin qaytarılması üçün 3,7 trilyon manat vəsait tələb olunur.
Deyəsən, yaxın illər ərzində də bu düyünü çözmək ölkə hökumətinə müəssər olacaq. Çünki Milli Məclis 2002-ci ilə "Əhalinin əmanətlərinin indeksasiyası haqqında" qanun layihəsini qəbul etməyi planlaşdırır. "Bizim ƏSR"lə söhbətində layihənin müəllifi Əli Əlirzayev bildirdi ki, artıq 2003-cü ildən qanunun həyata keçirilməsinə başlamaq olar:
- Qanun layihəsinin hazırlanması üzrə işçi qrup çalışıb ki, son variantda əmanətlərin ödənilməsində dövlət büdcəsinə dəyən zərəri maksimum azaltsın. Bu sənədə əsasən, əmanətlərin ideksasiyasını bir sıra mənbələr -özəlləşdirmədən və qiymətli kağızların sənədləşdirilməsindən, neft kontraktlarından əldə olunan gəlir hesabına ödəmək planlaşdırır. Hesab edirəm ki, 2003-cü ildə dövlətin iqtisadi durumu layihəni həyata keçirməyə imkan verəcək.
Qanun layihəsinin hazırlanarkən hansı
variantlar üzərində işlənilib?
- Sənədin ilkin variantında dəyərdən düşmüş əmanətlərin alıcılıq qabiliyyətinin tam bərpa olunması üçün üç variant göstərilib. Bu variantlarda minimal məbləğ 800 milyon, maksimal məbləğ isə 1 milyard 600 milyon dollardır.
Əmanətlərin qaytarılması ilə bağlı
Maliyyə Nazirliyinin mövqeyi necədir?
- Prinsipcə, Maliyyə Nazirliyi layihənin həyata keçirilməsinə e`tiraz etmir. 2003-cü ildə reallaşdırılmağa başlanacaq layihəni neft müqavilələrindən daxil olacaq konkret vəsaitlər hesabına maliyyələşdirilə bilər.
Qanun layihəsinin həyata keçirilməsi
nə qədər müddəti əhatə edəcək?
- 1 yanvar 1992-ci il vəziyyətinə görə, əhalinin əmanətlərinin indeksasiyası üçün 10 il vaxt tələb olunur.
Əmanətlər milli, yoxsa xarici valyuta
ilə qaytarılacaq?
- Maliyyə Nazirliyinin hesablamalarına görə, əhalinin 70 faizinin Əmanət Bankındadkı əmanətlərinin miqdarı 2000 rubldan çox deyil. Əmanətlərin qaytarılması 2000 rubl üzərində köklənəcək. Qanun layihəsinə əsasən, rubl dollara ekivalent olacaq. Məsələn, kimlərin əmanətlərinin miqdarı 2000 rublu keçmirsə, onlara 2000 dollar, 2000-dən 5000 rubla qədər olanlara hər 2 rubla 1 dollar, 5000-dən 8000 dollara qədər hər 4 rubla 1 dollar, 8000-dən 10000 rubla qədər isə hər 8 rubla 1 dollar ödənəcək.
Əmanətləri bir dəfəyə, yoxsa
mərhələlər ödəmək nəzərdə tutulur?
- Əmanətlər birinci il yaşı 70-dən yuxarı olanlara, müharibə veteranlarına, ikinci il 60, 3-cü il 50 isə yaşdan yuxarılara, 4-cü il hər hansı bir güzəştə malik vətəndaşlara ödənəcək. Sonra isə yerdə qalanlar pullarını ala biləcəklər.
Qeyd edim ki, pullar əhaliyə birdən verilməyəcək. Belə ki, ilk dəfə ümumi məbləğin 5 faizini ala biləcəklər. Sonrakı hər il üçünsə alınacaq əmanət 5 faiz artacaq. Mərhələli variant ona görə seçilib ki, həm dövlətin üzərinə ağır yük düşməsin, həm də əhali arasında ajiotaj yaranmasın.
Məlumatlara görə, əmanətçilərə pul
əvəzinə Birləşmiş Universal Səhmdar Bankının səhmləri də verilə bilər...
- Ola bilsin ki, yaxın gələcəkdə sözügedən bankın səhmləri keçmiş əmanətçilərə verilsin. Bu variant da istisna deyil.
|