|
#125(349)
|
 |
|
Bin Laden Bakı ilə danışmayıb
|
İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosunun rəisi Ədalət İbrahimov "Turan"ın müxbiri ilə söhbətində son vaxtlar bəzi KİV-də yayılan beynəlxalq terrorçu Üsəma bin Ladenin Azərbaycandakı nümayəndələrilə müntəzəm telefon əlaqəsi saxlaması barədə məlumatları təkzib edib. O, maraqlı ölkə və dairələr tərəfindən yayılan belə məlumatları provokasion adlandırıb.
Üsəma bin Laden uzun müddət İnterpolun axtarışında olub. Ə.İbrahimov bildirib ki, hətta telefon söhbətləri olsaydı belə, İnterpol bu barədə müvafiq məlumata malik olardı.
|
Vahid Ələkbərov da yubileyə gələcək
|
Oktyabrın 12-13-də LUKoyl neft şirkətinin yaradılmasının 10 illiyi təntənəli şəkildə qeyd olunacaq. Bununla əlaqədar Bakıda keçiriləcək tədbirlərdə şirkətin prezidenti Vahid Ələkbərov da iştirak edəcək.
"Media-Press" agentliyinə verilən məlumata görə, V.Ələkbərov Azərbaycan prezidenti tərəfindən qəbul olunacaq. Ölkə prezidentinin şirkətin yubileyinə həsr olunmuş tədbirlərdə, o cümlədən Puşkinin Bakıda ucaldılmış abidəsinin açılış mərasimində iştirak edəcəyi bildirilir. Yubiley tədbirləri ilə əlaqədar "Azadlıq" meydanında Rusiyanın estrada ulduzları konsert proqramı ilə çıxış edəcəklər.
Oktyabrın 7-11-də azərbaycanlı jurnalistlərdən ibarət qrup Ermənistan və Dağlıq Qarabağda səfərdə olacaq. ATƏT-in Bakı ofisinin təşkil etdiyi səfər proqramı genişdir.
Oktyabrın 7-də jurnalistlər Yerevana gedəcək, ölkə prezidenti, parlament spikeri, baş nazir və xarici işlər naziri ilə görüşəcək. KİV nümayəndələri Yerevandan Dağlıq Qarabağa yola düşəcək, orada separatçıların liderlərilə görüşəcək.
Xankəndində gəzinti, yerli sakinlərlə söhbətlər planlaşdırılıb. Proqrama həmçinin Şuşa, Laçın və ola bilsin ki, Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi ərazilərdən daha birinə - Füzuli və ya Cəbrayıl rayonlarına səfərlər də daxildir.
Sonra jurnalistlər Ermənistana qayıdacaq, Sevan gölündə olacaq. Nümayəndə heyəti Dilican-Qazax sahəsində sərhəddi keçərək Azərbaycana dönəcək.
Səfər hələ bu ilin martında planlaşdırılmışdı. Lakin Azərbaycan və Ermənistan prezidentlərinin Ki Uest görüşü ərəfəsində Yerevan ATƏT-in bu təşəbbüsünün reallaşdırılmasını məqsədyönlü hesab etməyib.
Azərbaycan nümayəndə heyətinə "Exo", "Zerkalo", "Xalq", "Azərbaycan", "Azadlıq", "Yeni Müsavat", Dövlət televiziyası, "Srace", "Lider" teleşirkətləri, "Turan" agentliyi və digər KİV-i təmsil edən 20-ə yaxın jurnalist daxildir.
Bəzi mətbuat orqanlarında narkotik maddə, qanunsuz silah saxlamaqda günahlandırılaraq həbs edilən S.Şirinov və K.Məmmədovun adlarının "AMAY" İstehsalat Kommersiya firmasının əməkdaşları kimi hallandırılması əsassızdır.
"AMAY" İKF-nin vitse-prezidentinin adından "Turan"a daxil olan məktubda bildirilir ki, S.Şirinov və K.Məmmədov heç zaman firmanın əməkdaşı olmayıb və firmanın onlarla hər hansı əlaqəsi yoxdur.
|
Kipr banklarının
terrorçu müştərisi yoxdur
|
Kipr Respublikası adada yerləşən banklarda terrorçularla əlaqələrdə şübhəli bilinən 165 şəxs və təşkilatın heç birinin adına hesab olmadığını bildirib. Xatırladaq ki, Kipr beynəlxalq ictimaiyyətin tələbi ilə BMT Təhlükəsizlik Şurasının (TŞ) 1373 saylı qətnaməsinə (terrorçuların istifadə edə biləcəyi bank hesablarının dondurulmasına çağırır) qoşulduğunu bəyan etmişdi.
|
Əfqanıstana
gedənlərə yaşıl işıq
|
İndoneziya hökuməti Taliban hökumətinin tərəfində döyüşmək üçün Əfqanıstana gedən adamları vətəndaşlıq hüququndan məhrum etmək niyyətində deyil.
Bu haqda məlumatı İndoneziyanın ədliyyə və insan haqları naziri Yüsril İza Mahendra verib. Onun sözlərinə görə, "Əfqanıstanı qorumaq istəyən adamları vətəndaşlıqdan məhrum etmək üçün hökumətin heç bir əsası yoxdur. O yalnız vətəndaşları öz fikrindən daşınmağa və döyüş əməliyyatlarına qoşulmamağa çağıra bilər". Mahendra deyib ki, indoneziyalıların müsəlman Əfqanıstanını qorumağa getməsi təbii reaksiyadır.
|
"Muğam"ın
qalibləri məlum oldu
|
Dünən Mahnı Teatrında VI respublika "Muğam" müsabiqəsinin yekun konserti olub. Konsertdə 15 finalçı çıxış edib. Müsabiqənin qran-pri mükafatına 11 yaşlı məktəbli Niyaməddin Babayev layiq görülüb.
1-ci yeri 12 yaşlı Kənan Məmmədov tutub. 2-ci yerdə 14 yaşlı Bəyimxanım Mirzəyeva və 12 1aşlı Xəlil Niftəliyev, 3-cü yerə Murad Rüstəmzadə və Arzuman Abdullayev çıxıb.
Qalan 8 nəfər isə müsabiqənin diplomlarını və ABƏŞ-in hədiyyələrini alıb. Müsabiqədə 9 yaşından 16 yaşınadək uşaqlar iştirak edib. Təcrübəli musiqiçilər müsabiqə iştirakçılarını seçmək üçün Sabirabad, Saatlı, İmişli və digər rayonlarda məskunlaşmış qaçqın uşaqlar arasından da istedadlı uşaqları seçib. Sumqayıt, Əli Bayramlı və Bakı məktəbliləri də müsabiqədə iştirak edib. Müsabiqəni "Kainat" gənclik mərkəzi təşkil edib. Baş sponsor isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətidir.
|
"ITERA" qaz göndərişini
artırır
|
"ITERA" beynəlxalq şirkətlər qrupu Azərbaycana qaz göndərişini sutkada 2 milyon kubmetr artırıb. Bu barədə ARDNŞ-dən verilən məlumata görə, Şirvanovka-Qazıməmməd qaz kəməri vasitəsilə respublika sutkada 12 milyon kubmetr təbii qaz alır.
"Mavi yanacağ"ın hamısı elektrik enerjisi istehsalına yönəldilir. Qazın 1000 kubmetrinin qiyməti 52 dollardır. İlin sonuna kimi "ITERA" respublikaya 3,6 milyard kubmetr qaz göndərməyi planlaşdırır. 2002-2004-cü illərdə isə qaz nəqlinin həcmi 4 milyard kubmetr təşkil edəcək.
Hazırda Azərbaycanın qaza tələbatı 15 milyard kubmetrdir. Bunun 5,5 milyard kubmetrini ARDNŞ hasil edir.
Şirvanovka-Qazıməmməd-Qazax qaz kəmərləri sistemi ilə 12 milyon kubmetrdən çox "mavi yanacaq" qəbul etmək mümkün deyil. Sözügedən sistemin buraxılış qabiliyyəti böyükdür. Lakin kəmərlərin mövcud durumu daha çox qaz qəbul etməyə imkan vermir. Əgər qəza hadisəsi baş verərsə, ölkənin qısa zamanda boruları dəyişdirmək imkanı yoxdur.
Xatırladaq ki, "Azəriqaz" Səhmdar Cəmiyyəti ilin sonuna kimi qaz kəmərləri sistemində təmir işlərini başa çatdırmağı planlaşdırır. 22 il əvvəl çəkilmiş qaz kəmərlərində təmir və profilaktik işlərin aparılması üçün 6,5 milyon dollar vəsait tələb olunur. Sistemin uzunluğu 800 kilometr təşkil edir. Hazırda kəmərlər sisteminin 17 kilometrini dəyişməyə ciddi ehtiyacı var.
|
Bakı
səmasında
təlim uçuşları
|
Dünən səhər saat 10.00-da iki SU-17 hücumçu təyyarəsi Bakı üzərində növbəti təlim uçuşları keçirib. Kifayət qədər aşağı yüksəklikdə uçan təyyarələr ali pilotaj elementləri nümayiş etdirərək şəhər sakinlərini heyrətləndirib.
Müdafiə Nazirliyinin mətbuat xidməti təyyarələrin Bakı səmasında görünməsi ilə bağlı ətraflı şərh verməyərək bildirib ki, uçuşlar "təlim xarakteri" daşıyır.
Öncə xəbər verildiyi kimi, təlim uçuşlarından sonra azərbaycanlı təyyarəçilərin nümunəvi uçuşları olcq. Ehtimal olunur ki, bu uçuşlar oktyabrın 18-də - Azərbaycanın dövlət müstəqilliyinin qeyd edildiyi gündə olacaq.
|
Hindistan XİN başçısı gələcək
|
Hindistanın xarici işlər naziri Abyankar Erem oktyabrın 17-də Azərbaycana ikigünlük rəsmi səfərə gələcək. Səfər zamanı A.Erem Azərbaycan xarici siyasət idarəsinin başçısı Vilayət Quliyevlə danışıqlar aparacaq. Səfərin digər detalları barədə heç bir açıqlama verilmir.
|
Alman vitse-spikeri Yerevandadır
|
Dünən Almaniya parlamentinin (Bundestaq) vitse-spikeri Ante Folmerin Ermənistana rəsmi səfəri başlayıb. Vitse-spiker Ermənistan parlamentinin sədri Armen Xaçatryan, erməni katalikosu ikinci Qaregen və xarici işlər naziri Vardan Oskanyan ilə görüşməlidir. A.Folmer erməni tərəfinin təkidi ilə 1915-ci ildə Osmanlı imperiyasında "soyqırım" qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyacaq.
|
Buş: "Şaron yadıma saldı"
|
"Həmas", "Hizbullah" və "İslam Cihadı" təşkilatları yenidən beynəlxalq terror qurumları siyahısına əlavə edilib.
Bu haqda məlumatı ABŞ Dövlət Departamentinin nümayəndəsi Riçard Bauçer verib. Birləşmiş Ştatlar söz verib ki, bundan sonra digər terrorçu təşkilatlar üçün nəzərdə tutulmuş sanksiyalar adı çəkilən birləşmələrə də şamil ediləcək. Bauçer deyib ki, bu qərar İsrail baş naziri Ariyel Şaronun ABŞ prezidenti Buşa müraciətindən sonra qəbul edilib.
Bu açıqlamadan dərhal sonra Suriya prezidenti Bəşşar Əsəd bəyan edib ki, onun ölkəsi "Həmas", "Hizbullah" və "İslam Cihadı" ilə əlaqələri kəsmək fikrində deyil.
|
Şəmxani "Şimal Tərsanəsi"nə girdi
|
Dünən İranın müdafiə naziri Əli Şəmxani Rusiyaya rəsmi səfəri çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Sankt-Peterburqdakı "Şimal tərsanəsi" adlanan gəmi tikintisi və təmiri zavodunu ziyarət edib.
Qeyd etmək lazımdır ki, sözügedən müəssisə Sovetlər Birliyi dönəmində superməxfi hərbi obyektlər siyahısına daxil olmuşdu. "Şimal tərsanasi"ni ziyarət admiral Şəmxaninin xahişi ilə səfər proqramına daxil edilmişdi. Ekspertlər iddia edir ki, müəssisənin məhsulu olan "Stels" texnologiyasına iranlılar çoxdan maraq göstərirlər.
Şəmxaninin müəssisəyə səfəri ərəfəsində Rusiya Müdafiə Nazirliyi mətbuata informasiyanın sızmaması üçün görünməmiş tədbirlərə əl atıb. Hərbi gəmilərin tikintisi sahəsində beynəlxalq bazarda liderlik iddiasında olan "Şimal tərsanəsi"nin rəhbərliyi ehtiyat edir ki, zavodun divarlarından hər hansı bir informasiyanın sızması ABŞ Dövlət Departamentinin qəzəb və etirazına səbəb ola bilər. Departamentin qəzəbini Sankt-Peterburqun Baltika Hərbi Universiteti də dəfələrlə hiss edib. Təqribən 2 il bundan əvvəl Dövlət Departamenti universitetdə İran tələbələrinin təhsil almasını Rusiyanın raket texnologiyalarının yayılmaması rejiminə riayət etməməsi kimi qiymətləndirmişdi.
Əli Şəmxanini müəssisənin iki yeni layihəsi daha çox maraqlandırır. İran "Kaştan" zenit qurğusunun, "Uran E" və "Yaxont" raket komplekslərinin quraşdırılması üçün nəzərdə tutulan qarovul gəmisini və "956E" layihəsinin 2 eskadra mina gəmisini almaq niyyətindədir. Layihənin reallaşmasına gəlincə, Rusiya müdafiə naziri Sergey İvanov hesab edir ki, hazırkı şəraitdə bu qeyri-mümkündür.
|
Əfqanıstan ətrafına canlı çəpər
|
Əfqanıstanda başlayacaq hərbi əməliyyatlara ümumi sayı 53 min nəfərə çatan ABŞ-Britaniya hərbi kontingenti cəlb edilib. Bölgə ölkələrində, qonşu hövzələrdə 30 minlik qoşun, 350 təyyarə, bir sualtı qayıq qrupu döyüşə hazır vəziyyətə gətirilib. Hind okeanında iki təyyarədaşıyan gəmi ("Carl Vinson" və "Enterrrise") var. Avstraliya əməliyyatları "amfibiya" təyyarələri ilə dəstəkləyib.
|
Talibanın son dayaqları laxlayır
|
Pakistan prezidenti Pərviz Müşərrəf ilk dəfə olaraq bəyan edib ki, onun ölkəsi Əfqanıstanın Taliban hökuməti ilə əlaqələri kəsmək niyyətindədir. İlkin xəbərlərə görə, Pakistan lideri bu haqda BMT Təhlükəsizlik Şurasını məlumatlandırıb. Məlumatı Yaponiyanın "Mayniti" qəzeti yayıb.
|
ABŞ Vyetnamla əlaqələri bərpa edir
|
ABŞ Senatı Vyetnamla ticari-iqtisadi əlaqələrin bərpa edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Ölkələr arasında əlaqələr hələ 60-cı illərin sonlarında - ABŞ-Vyetnam müharibəsinin başlanması zamanı kəsilib. Senatda 80/12 səs çoxluğu ilə qəbul edilərək təsdiq üçün Buş administrasiyasına göndərilən qanun layihəsi hələ Klintonun prezidentliyi dövründə hazırlanmışdı.
|
Tetçer: "Müsəlman olsaydım..."
|
Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer "The Times" qəzetinə verdiyi müsahibəsində bildirib ki, ABŞ-da baş verən faciəli hadisələr zamanı müsəlman liderlərinin hadisələrə seyrçi münasibətindən narazı qalıb. Tetçer deyib: "Mən onların sükutunu anlaya bilmirəm. Müsəlmanların yerinə olsaydım, islamla terrorçuluğun eyni şey olmadığını sübuta yetirərdim. Amma mən mətbuatda onların təəssüf dolu izharlarına rast gəlmirəm".
"Dəmir ledi"nin bu çıxışı birmənalı qarşılanmayıb. Britaniya müsəlmanlarının liderlərindən olan Qiyasəddin Sadiqi deyib: "Müsəlmanlar özlərini təmizə çıxarmağa çalışmamalıdır, ən azı ona görə ki, onların özləri bu hadisələrdən zərər çəkiblər". Britaniyalı islamçı diqqəti belə bir məqama yönəldib ki, terror aktları nəticəsində həlak olan 6 min nəfərdən 1,5 min nəfəri müsəlmandır.
|
Şevardnadze raket planını dəstəkləyir
|
Gürcüstan prezidenti Eduard Şevardnadze Harvard Universitetində söylədiyi məruzəsində Tbilisinin beynəlxalq terrorizmlə fəal mübarizəyə dəstək verdiyini bildirib. Şevardnadzenin fikrincə, dünya ictimaiyyəti bu məsələdə güc tətbiq etməyə bilməz.
Şevardnadze Vaşinqtonun raketdən müdafiə planını dəstəkləyib. Onun sözlərinə görə, ABŞ-da raket hücumu əleyhinə yeni sipərin yaradılması bütün dünyanın xeyrinə olar". Dünən Gürcüstan rəhbəri ABŞ prezidenti Corc Buşla görüşüb.
|
İran qaçqınları ordu ilə qarşılayır
|
İran hökuməti xüsusi təyinatlı qüvvələrini ölkənin şərq sərhədlərinə göndərib. Hərbçilərin qarşısında duran əsas məsələ Əfqanıstandan İrana keçmək istəyən çoxminli qaçqın axınının qarşısını almaqdır. BMT-nin hesablamalarına görə, hazırda Əfqanıstanın İranla sərhədində 400 minlik qaçqın ordusu cəmləşib. Hərbi əməliyyatların başlanması ilə onların İrana keçməyə çalışacağı ehtimal olunur. İran Əfqanıstanla 900 kilometrlik sərhəddə 24 batalyon cəlb edib.
|
ARDNŞ nə qədər
məhsul istehsal edib?
|
Sentyabrda ARDNŞ-nin istehsalat birlikləri tərəfindən 223 milyard 877 milyon manat dəyərində mal istehsal edilib. Bu da planlaşdırılandan 5 milyard 063 milyon manat çoxdur.
Bu ilin 9 ayının göstəricilərinə görə isə ARDNŞ-nin müəssisələri 2 trilyon 027 milyard 198 milyon manat həcmində mal istehsal ediblər ki, bu da gözləniləndən 34 milyard 635 milyon manat artıqdır.
|
Sentyabrda 4 yeni quyu qazılıb
|
ARDNŞ-nin qazmaçıları sentyabrda planda nəzərdə tutulan 11 yeni quyunun əvəzinə cəmi 4-nü qazıblar.
İstismara verilən quyulardan 3-ü quruda, 4-ü isə dənizdə yerləşir. 9 aylıq göstəricilərə əsasən, nəzərdə tutulan 69 quyudan 53-nün qazılması başa çatdırılıb.
|
2 milyon 065 min ton neft və neft məhsulları yüklənib
|
2001-ci ilin yanvar-sentyabr ayları ərzində Bakı beynəlxalq dəniz ticarəti limanının neft terminalına 2 milyon 065 min ton neft və neft məhsulları yüklənib.
Göstərilən həcmin 1 milyon 652 min tonu Qazaxıstanın, 378 min tonu Türkmənistanın, 35 min tonu isə Azərbaycanın payına düşür. Sentyabrda sözügedən limanda yük dövriyyəsinin həcmi 374 min ton təşkil edib.
|
"Azəriqaz" qışa hazırlaşır
|
Oktyabrın ortalarında Qaradağ və Kalmas yeraltı qaz anbarlarına "mavi yanacağ"ın doldurulması başa çatdırılacaq. Bu barədə "Azəriqaz" SC-dən verilən məlumata görə, bu günədək anbarlara 485 milyon kubmetrə yaxın qaz vurulub.
Qeyd edək ki, qış üçün "konservləşdirilən" "mavi yanacağ"ın ümumi həcmi 510 milyon kubmetr təşkil edəcək.
|
Neftin qiyməti
7,6 faiz aşağı düşüb
|
Son 3 ticarət günündə Londonda yerləşən beynəlxalq neft birjasında "qara qızıl"ın qiyməti 7,6 faiz aşağı düşüb.
Məhz bazar ertəsindən bu yana "brent" tipli neftin dəyərində 1,74 dollar azalma qeydə alınıb. Hazırda neftin 1 barelinin qiyməti 21,29 dollar təşkil edir.
|