Köşə yazarları

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#125(349)
XXI
m.nur@azeurotel.com

Gizli müəllim

Mənim müəllimim yetimiydi. Həyatımda o cür kübar yetim görməmişdim. Özü bu barədə danışmağı xoşlamazdı: sözgəzdirənlər bir qırağa, çoxları onun həyat yolu barədə pritçaları bir az da bəlağətləndirmək üçün "yetimlikdən gəlib çıxıb" faktorunun üstündə tez-tez dayanmalı olurdular. Yetimliyi qabartmaq onun həyat uğrunda mübarizədə çəkdiklərini gücləndirirdi. Amma Allaha şükür, sovet hökuməti onu pis-yaxşı yedizdirmiş, geyindirmiş və oxutdurmuşdu. Amma nədənsə bu yediyi, geydiyi, gəzdiyi ölkəyə hər zaman üzüdönük çıxmışdı. Özü bu barədə deyirdi. Mən bircə bu üzüdönüklüyü ona keçə bilməsəm də sonradan anladım ki, sən demə o da, mənim bir dostum kimi əsrin estetikiymiş. Onun fundamental xidməti mahir ötürücü olmağıymış. Sən demə o, öz içərisinə bir əsrin olub-qalanını yığıbmış: onu böyüdən hökumətə-filana baxmadan, dayanıb-durmadan onu formalışdıran əsrin sıxlaşdırılmış məlumatlarını mənə ötürübmüş. Həm də elə ötürübmüş ki, mən o əsrdən inciməyim, onu özümlə, hörmətlə gələcəyə apara bilim.
Mənim müəllimim gələcəkşünas idi. Nə zamansa sizin müəlliminiz atüstü bir tapşırıq verib elə auditoriyadaca cavabını istəyibmi: məsələn, samovarın böyrünə (üstünə içinə) elə bir detal yerləşdirmək lazımdır ki, onun işini ya tezləşdirsin, ya funksiyasını dəyişsin, ya da heç olmasa... başqa cür qaynatma texnologiyası qazanmış olsun? Əslində, mənim müəllimim professor, daha sonra lap akademik olanda da estetik və gələcəkşünas olaraq qaldı.
O, gələcyin estetikasını qururdu. Mən bunları orta məktəbdə görmədim: hər cür müəllim və müəllimə gördüm: sevdim, zəhləm getdi, saymadım və s. Döyənlər, söyənlər, rüşvət alanlar, xəstəhallar, hətta manyaklar gördüm. Amma gələcəyin estetikasını əliynən qapıb-götürənlər və hər zaman bu qapmalardan topalar düzəldib nələrsə quranlardan görmədim. Bunun ləzzətini duymağın ləzzətini ən çox mənim müəllimim bilirdi.
Onun adını çəkməyi bir az sonraya saxlayıram. Bizim təhsil sistemini tərifləyənləri başa düşə bilmirəm. Onun içində hansı sistem var ki? Orda hər şey ayrı-ayrı fərdlərə, zəhmətsevərlərə və şəxsiyyətlərə bağlıdı. Sistem deyilən bizdə yoxdu: biz hər hansı bir sistemi sonacan tətbiq etməyə macal tapmamışıq. Amma hər şey tətbiqdən başlanır: təhsil və cəmiyyət qarşılıqlı münasibətdədi, hər zaman bir-birindən nəsə almaqdadır. Bizim təhsilə verəcəklərimiz alacaqlarımızdan çox olduğu üçün yolumuzda çoxlu daş-kəsək görünür.
Bütün müəllimlərə baş əyirəm. Bu ada layiq olanlar özləri öz qiymətlərini məndən də yaxşı bilirlər...

Məqsəd Nur

Suallı künc

Küyə getməyək

Kampaniyaçılıq azarı bizdə çoxdan var. Bir işi görmək istəyəndə bəri başdan o qədər hay-küy salırıq ki, axırda gözlədiyimizə oxşamayan bir nəticə alırıq. Xüsusilə rəsmi dövlət səviyyəsində başlanan iş aşağı "mərtəbələrdə" o qədər primitivcəsinə aparılır ki, təəssüf etməkdən savayı əlac qalmır. Azərbaycanın nümayəndə heyəti AŞPA-da sanballı işlər görür. Strateji məqsəd Ermənistanın ölkəmizə təcavüzünü ifşa etmək, beynəlxalq birliyin diqqətini məruz qaldığımız işğal faktına yönəldib Ermənistana qarşı əməli tədbirlərin görülməsinə nail olmaqdır. Bu fəaliyyət Azərbaycan dövlətinin yeritdiyi ardıcıl siyasətin mühüm tərkib hissəsidir.
Parlamentarlarımız Ermənistanın işğal etdiyi əraziləri beynəlxalq nəzarətdən tamamilə kənarda olduğunu və terror qruplaşmaların hazırlanması üçün əlverişli yerə çevrildiyini də Avropa Şurasının diqqətinə çatdırıblar. O da vurğulanıb ki, Ermənistanın işğalı altındakı ərazilər geniş anlamda beynəlxalq əmin-amanlıq üçün potensial təhlükə mənbəyinə çevrilib.
Arqumentlər kifayət qədər tutarlı, motiv isə aydındır. Beynəlxalq birlik Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoymaq üçün görəcəyimiz tədbirləri nəinki zəruri saysın, üstəlik həmin prosesə öz dəstəyini də versin. Güman etmək olardı ki, cəmiyyətdə, xüsusilə mətbuatda, ekspertlər səviyyəsində, siyasi dairələrdə də bu aydın kurs adekvat şəkildə qavranılacaq. Çünki bu cür məsələlərdə əsas strategiyadan yayınmaq neqativ nəticəyə gətirir. Amma nə baş verir? Mütəxəssis və deputatdan küçədə saxlanılıb rəyi soruşulan vətəndaşadək hamımız Ermənistanı terrorçu dövlət kimi tanıtmaq üçün kampaniyaya qoşulmuşuq.
İndiyədək dünyanın heç bir ölkəsi beynəlxalq instansiyalar tərəfindən "terrorçu dövlət" təsnifatını almayıb. Çünki belə təsnifat, ümumiyyətlə, yoxdur. O ki qaldı ABŞ-ın tərtiblədiyi "qara siyahı"ya, orada yer alan "izqoy"ların terrorçu dövlət deyil, terroru himayə edən dövlət olduğu vurğulanır.
Sizcə, "həmin siyahı"ya Ermənistanın salınması nə dərəcədə realdır? Bizcə, tamamilə qeyri-realdır. Təkcə ona görə yox ki, bu olduqca uzun siyasi, təbliğati iş tələb edir. Əgər erməni terrorizminin Avropada və Amerikada "meydan suladığı" 1970-1980-ci illərdə Vaşinqton bunu etməyibsə, indi heç etməz. Niyəsini hamı yaxşı bilir. Amerika durduğu qədər, erməni lobbisi də duracaq. Əgər Ermənistanın terrorçu dövlət mahiyyətini Amerika tanıyamayacaqsa, dünya necə tanıyacaq? Sual edilə bilər ki, bəs biz nə etməliyik? Biz öz işimizi savadla strateji məqsədi taktiki manevrlərlə qarışıq salmadan düşünülmüş şəkildə aparmalıyıq. Ermənistanın Azərbaycana sadəcə terror deyil, dövlət səviyyəsində təcavüz etdiyini, onun terrorla da müşayiət olunduğunu dünyanın önünə çıxarmalı, işğala qarşı başlayacağımız müharibəyə haqq etdiyimizi ardıcıl şəkildə əsaslandırmalıyıq. İndilikdə isə sanki əsas məsələni əlavənin kölgəsinə vermişik. Terror havasına qapılıb, hamılıqla antiterror kampaniyasından danışırıq. Buna o qədər aludə olmuşuq ki, təcavüz faktı keçib arxa plana.
Bəli, biz Ermənistanın təcavüzünə son qoymalıyıq. Bunun üçün hərb tətbiq etməyə hüququmuz var. Erməni terrorizminin ifşası isə bu hüququmuzu reallaşdırmaq üçün əlavə arqument olmalıdır. Manevr və taktika ilə strategiyanın yerini dəyişəndə mənzərə əcaib olur. Təcavüzkar Ermənistana beynəlxalq müstəvidə şapalaq vurmaq əvəzinə, onu çimdikləməklə məşğuluq. Elə erməniyə də bu lazımdır. İndi o da başlayıb bizə terrorçu deməyə. Kampaniya qızışıb, Rusiyanı da ortaya salıbar, Kvaşnin kimisə başıxarab adlandırıb, erməni KİV-i də bunu Azərbaycanın müdafiə nazirinin adına çıxıb, ardınca bizimkilər də onlara cavab verib. Bir sözlə, məcraçılıq başlayıb. Əsas məsələ də qalıb kənarda. Gəlin, küyə getməyək. Gördüyümüz işi savadlı və sanballı görək. Mahiyyətlə elementləri qarışdırmayaq...

V.Orxan

Hücrə

Ramazan kişi...

..."Üzr istəyirəm, çox həyalı bir müğənni Qala qoyunlarının quyruğuna oxşayan arxasını tamaşaçıya çevirib oxuyurdu..." İki il yarım bundan əvvəl yazdığım bu cümlədən sonra üç nöqtə qoymuşdum... Və həmin nöqtələrin tozunu alıban elə ordan da başlayıram. Baxıram və görürəm ki, köhnələn az şeydi... Şou-biznes, şou-xəbər, şou nə bilim nə... Hayana çöyrükürsən şoudu... Şou, yəni tamaşa... Söz vaxtına çəkər, elə indi də "utancaq" şairlər demişkən, "əlimə qələm alıb" bismillah eləmək istəyəndə, gördüm, əğstəfürullah, yenə millətin o "utancaq övladları" "kürəyini" biz millətə çeviribən əsdirə-əsdirə "oxuyur" (daha doğrusu, sudan təzə çıxan siyənək balığı kimi ağzını açıb yumamağındadı...).
...Denən, söndür də... Atan-baban ot çalanda televizora baxırdı?! Baxmağına baxmırdı... O vaxt bu yeşikdən də yoxuydu. Olansa, cəhrə talağına oxşayan radio idi. Atam xoşlayırdı ki, həmin radio səhər o başdan - naxır örüşə gedənnən ta gecə yarısınacan dil-boğaza qoymasın. Bir hovur söndürəndə tez qayıdırdı ki, aç görək, dünyadan köçüb gedəllər, xəbərimiz olmaz... Hələ heç kəs, heç yana köçə bilməyib - nə Aya, nə Marsa... Ay rəhmətlik, camaat heç dost-doğma yurd-yuvasına belə qayıdıb köçə bilmir, qalıb küdrünün ortasında... ...Mən də axır vaxtlar təzə xasiyyət tapmışam. Bir şey oxuyanda-yazanda gərək bir gözüm televizorda ola... ...müğənni "bacı" üzü bəri dönür, "dekoltesi" kürəyindən daha dərin... Əğstəfürullah! Görək başqda kanalda nə var?.. ...düymələrin birində - "Russkie zvezdı"... (heç dəxli var?) Bir qız, bir oğlan, iki aparıcı əzilə-büzülə rus dilində (özü də ləhcəynən) ağızlarından "dürr" saçmaqdadırlar.
"Qeybdən də "Sabişka" (yəqin ki, Səbinə) adında bir "dəyərli" tamaşaçı "cəvahir" xərcləyir. Təxminən 7-8 dəqiqə davam eləyən bu canlı bağlantı çox "yüksək" səviyyədə başa çatır. Aparıcı "okey" deyibən "Sabişka"ynan söhbəti xətm eləyir və tamaşaçını, o cümlədən, mən yazığı da inandırır ki, həqiqətən avropalıyıq, çox irəli getmişik və hətta lazım gələndə, bizə bənzər insanların mədəni səviyyəsini sübuta yetirən "hay, okey, çao, zdrasti" kimi kəlmələri də işlədə bilirik... Nə isə, bütün bu "cəfəng-şou"nun dalıyca da Nataşa Korolyovanın "zəlzələ vaxtı özünü hövlanak bayıra atacağı" paltarda bir klipi qoşulur. Haramı düzündəki dəyərlərdə can çürüdən qaçqınlarımızın çoxusu N.Korolyova üçün sinov gedirlər. Səhər-axşam ağıllarındakı odu... Bilmirəm, həmin kanal oralarda tutulur, ya yox?! ...o biri düymədə diringi sona yetmək üzrədi. Bizim qədirbilən xalqın "hörmət elədiyi", mərcimək boyda səsi olan müğənnilərdən biri, növbəti diringini Motsartın "Rekviyem"i səviyyəsindəki ciddiliknən bitirmək ərəfəsindədi... Məlum olur ki, sevgilisi, yanağından qan daman, geyimindən-görkəmindən o vaxtkı raykomun bürosuna çağırılan sovxoz direktoruna oxşayan sənətkarı atıb gedib, o da qalıb gözü yaşlı... Çox "döyüşkən" mahnıdı, bərəkallah, bunu eşidən kimi adam az qalır çomağı qapıb düz Qarabağa cumsun - hər halda köhnə "İnturict"in tininəcən getsən bəsindi... Arakəsmə... Kanal fürsət tapıb "al-qırmızı" döşünə döyür: "Sözü üzə qırmızı deyən filan-feşman. Bağ belə, bostan belə...". Düymələrin birindəsə Ulduzlar bağında yenə Rusiyadan gəlmə bir müğənni oxuyur...
...bəli bundan da keçdik. Bir saatacan kanallarımızı ələk-vələk elədim, tarın pərdələrini gəzən kimi gəzdim... Çal-çağır, diringi, klip, şərqi, türkü... Pop, rep, ağır-yüngül metal və sairə və ilaxır... Bunların hamısı ən gözəl TV vaxtını girinc eləmişdi. Günlə bağlı, dünyada baş verən hadisələr, problemlər, dərdi-sərimiz demək olar ki, unudulmuşdu. Kanallar tamaşaçıdan yana (interaktiv şəkildə) bir-biriynən dartışırdılar. Və bu dartışmada çox şey yaddan çıxmışdı...
...Ramazan kişi toyda elə bil tikan üstündəydi. Çörəyini yedi, tez də çıxdı. "A kişi, hara gedirsən, toyxana elə indi qızışır". "A filankəs, Qala qoyunum örüşdən gəlməyib. Gedim gərək, gecə gözü də olsa, axtaram. Tapmasam, qurd ağzı bağlatdıram... Belə də çal-çağır canıma sinmir..." ...Çəkiləsi bu boyda dərdlər, yaşanası ağrılarımız var. İstər dünyanın, istər bizim. Nə deyim, vallah... Diringilər, musiqili meydanlar, bağlar kanaldan-kanala özünü əlimyandıynan yetirən, dayaz, ən yaxşı TV vaxtında bizə dərs demək iştahasında bulunan qurama-geydirmə sənətçilərin danışığı da, oxumağı da Ramazan kişi demişkən, canıma sinmir ki, sinmir... ...Bəlkə mən yanlışam, ya zövqüm köhnəlib? Yəqin elədi...

Vaqil Əlixanlı

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd