Şərh

Ana səhifə
Xəbər
Şərh
İqtisadiyyat
Bizimkilər
İş günü
Kriminal
İdman
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#97(321)
"Rusiya-Ermənistan hərbi əməkdaşlığını pisləyirik"
"Hizbut-Təhrir" təhlükəsi


Özbəkistanın Azərbaycandakı böyükelçisi Abduqafur Abdurahmanov:
"Rusiya-Ermənistan hərbi əməkdaşlığını pisləyirik"

Bu günlər bütün postsovet ölkələri kimi, Özbəkistan da müstəqilliyinin 10-cu ildönümünü qeyd edir. Keçmiş SSRİ-nin ən iri türk respublikasının (25 milyon əhali) müstəqillik yolu hansı uğur və problemlərlə müşayiət olunur? 1 sentyabr - Özbəkistan Müstəqillik günü ərəfəsində bu ölkənin Bakıdakı səfiri Abduqafur Abdurahmanovla bu barədə söhbət etdik. - Cənab səfir müstəqilliyin 10 ili dövlətiniz və xalqınız üçün nə ilə daha çox əlamətdar olub?
- Özbəkistan üçün Müstəqillik günü sadəcə əlamətdar tarix deyil və biz ona müstəsna əhəmiyyət veririk. Xalqımız müstəqillik uğrunda uzun illər mübarizə aparıb, Rusiyanın müstəmləkəçiliyinə qarşı mübarizədə çoxlu qurbanlar verib. 1920-1930-cu illərdəki "basmaçılar hərəkatı" özbək xalqının ən əzəmətli milli-azadlıq mücadiləsi idi və sovet sistemi ona qarşı özünün nəhəng repressiya maşınını işə salmışdı. Təsadüfi deyil ki, sovet tarixi və ideologiyası bu mübarizəni "antisovet hərəkat" adı ilə damğalayıb məhv etdi. Rusiya (sovet) imperiyası özbək xalqının çoxəsrlik möhtəşəm tarixini saxta qiyafədə təqdim edərək onun təkcə müstəqillik arzularının deyil, milli-mədəni dəyərlərinin, dünyaca məşhur şəxsiyyətlərinin də üstündən xətt çəkirdi. Özbək xalqının böyük oğlu Əmir Teymur uzun illər qəsdən cılızlaşdırılaraq zalım və tiran kimi təqdim olunub. Halbuki Əmir Teymur dövlətində elm, mədəniyyət inkişaf etmiş, dünya tarixinin dəyərli simaları olan Əl-Buxari, Əl-Xarəzmi , Məhəmməd Uluqbəy (Teymurun nəvəsi) kimi şəxsiyyətlər məhz onun sayəsində parlamışlar. Müstəqilliyin bizə verdiyi ən mühüm töhfə tariximiz və xalqımız üzərində uzun illər aparılmış çirkin eksperimentlərə son qoyulması oldu. Biz müstəqilliyi xalqımızın özünəqayıdışı və dünya birliyində haqq etdiyi layiqli yerini tapması üçün tarixi şans sayır və onu böyük təmtəraqla bayram edirik. Bu təntənələr nə qədər çox xərc aparsa da biz onu zəruri sayırıq. Çünki müstəqilliyin nə olduğu və bizə gerçəkdən nə verdiyi ən yüksək səviyyədə təbliğ olunmalı, xalqın yaddaşına köçməlidir. Müstəqillik ölkəmizi onun bütün sərvətləri ilə özümüzə qaytardı və biz öz taleyimizin hakimi olmaqdan qürur duyuruq.
- Postsovet məkanındakı iqtisadi islahatlardan söz düşəndə tez-tez "özbək modeli"nin adı çəkilir. Ölkəniz mürəkkəb keçid dövrünü necə adlayır?
- Özbəkistan lap əvvəldən yeni siyasi və iqtisadi sistemə "şok"suz və ağrısız keçmək yolunu tutdu. Biz "şok terapiyası"nı seçmiş ölkələrdən fərqli olaraq inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına tədricən və ilk növbədə əhalinin sosial rifahını düşünərək keçirik. Özbəkistanda sovet dövründən qalan təsərrüfat obyektləri, zavod-fabriklərin hamısı bu gün səmərəli fəaliyyət göstərir. Özbəkistanda orta əməkhaqqı 60 dollar həcmindədir, mal və xidmətlərin qiymətinin digər respublikalarla müqayisədə nisbətən aşağı olduğunu da nəzərə alsaq, bu, kifayət qədər yüksək göstəricidir. Özbəklər arasında qazanc dalınca xaricə gedən "əmək miqrant"larına tək-tük rast gəlmək olar. Bunun bir səbəbi özbəklərin tarixən doğma torpağa və yurda bağlılığından qaynaqlanırsa, digər səbəbi ölkədəki həqiqətən əlverişli güzəranla izah olunur. Ölkə zəruri ərzaq məhsulları (həmçinin taxıl) ilə özünü tə`min edir. Özbəkistan ildə 4 milyon ton pambıq istehsalı ilə dünyada 4-cü yeri tutur. Özbəkistanın büdcə gəlirinin əsas "damar"ını (40 faiz) pambıq ixracı təşkil edir. Cənubi Koreyanın "Deu", "Kabool Tekstils", Türkiyənin "Koç", "Arçelik" şirkətləri tərəfindən minik avtomobili, məişət texnikası, toxuculuq məhsulları, yük maşınları və avtobuslar, Çinin və ABŞ-ın şirkətləri tərəfindən kənd təsərrüfatı texnikası istehsal edən müəssisələr qurulub. Təkcə "Uz.Deuavto" birgə zavodu ildə 250 min ədəd avtomobil buraxır, onun 50 mini MDB-yə və digər ölkələrə ixrac edilir. Bu gün Özbəkistan dünyanın avtomobil istehsal edən 28 ölkəsindən biridir. Hələ sovet dövründə tikilmiş Çkalov adına Daşkənd Mülki Aviasiya Zavodunda Fransa, Kanada, Rusiya və Ukrayna şirkətlərinin iştirakı ilə ən müasir standartlara uyğun İl-76 yük və İl-114 sərnişin təyyarələri yığılır.
- Özbəkistanda özəl sektorun ləng inkişaf etdiyi bildirilir. Hətta son vaxtlaradək ölkənizdə xarici valyutanın sərbəst işlənməsinə qoyulan məhdudiyyət beynəlxalq qurumların çoxlu tənqidini doğururdu. Bu barədə nə deyə bilərsiniz?
- Biz hay-küylü özəlləşdirmənin əleyhinəyik. Kənd təsərrüfatında, o cümlədən, pambıqçılıq və ipəkçilik kimi strateji sahələrdə fermer təsərrüfatları var. Lakin onlara dövlət tərəfindən müəyyən plan qoyulur və əgər o doldurulursa, təsərrüfat məhsulun 20 faizini müstəqil sata bilər. Sənayedə özəl sektor daha çox iri zavod və fabriklərin ehtiyat hissələri ilə təchizatı istiqamətində inkişaf edir. Məsələn, avtomobil zavodunu müxtəlif detallarla tə`min etmək üçün 30-dək kiçik (özəl) müəssisə fəaliyyət göstərir. Turizm, mehmanxana işi, avtomobil nəqliyyatı kimi sahələr də tədricən özəl sektora verilir. O ki qaldı ölkədə xarici valyutanın işləməsinə, bu sahədə qoyulan məhdudiyyətlər tamamilə zəruri idi və Özbəkistanın daxili bazarını və daxili istehsalını qorumaq məqsədi daşıyırdı. Özbəkistanda sırf ticarətlə məşğul olan şirkətlərə valyutanı konvertasiya etməkdə müəyyən limitlər qoyulub. Amma hansı şirkət istehsal sahəsi açırsa, ona bu məsələdə tam sərbəstlik verilir. Artıq hökumət BVF ilə razılaşdırılmış proqrama əsasən valyuta bazarını tədricən sərbəstləşdirir.
- Özbəkistanda demokratik şərait və siyasi-hüquqi islahatlar prosesi Qərb tərəfindən mütəmadi tənqid olunur. Bu tənqidlərə münasibətiniz necədir?
- Biz bu tənqidlərin subyektiv və qərəzli olduğunu dəfələrlə bəyan etmişik. Demokratiya nisbi anlayışdır, onun inkişaf səviyyəsi bütün ölkələrdə eyni ola bilməz. Demokratiyanı bazardan alınmış mal kimi qısa zamanda evə (ölkəyə) gətirib özününkü etmək olmaz, bu proses tədricən, ölkənin siyasi inkişafı və xalqın demokratik dəyərlərə hazırlığı nəzərə alınmaqla aparılmalıdır. İndiki demokratik inkişafa 100-200 il yol gəlmiş Qərb ölkələri bizdən bu məsafəni 10-15 ilə keçməyi tələb edirlər. Təbii ki, bu mümkün deyil. Demokratiyaya daxilən hazır olmayan xalqa onu birdən-birə vermək ağır fəsadlar doğura bilər. Biz bunun acı nümunəsini qonşu Tacikistanda gördük. "Demokratiyadır" deyib siyasi ekstremizmə və dini fanatizmə meydan açan qüvvələr bu ölkəni ağır böhrana və minlərlə insanın həyatına son qoyan vətəndaş müharibəsinə yuvarladılar. Odur ki, biz demokratiyaya yüyürərək deyil, ölçülüb-biçilmiş addımlarla gedirik.
- Yeri gəlmişkən, qonşu Əfqanıstan və Tacikistandakı vəziyyət, siyasi islam cərəyanları, habelə beynəlxalq terrorizm vaxtaşırı Özbəkistanı da təhdid edir. Ölkəniz bu təhlükənin qarşısını almaq imkanındadırmı?
- Biz bu tendensiyalara qarşı ən ciddi tədbirlər görürük. Özbəkistan beynəlxalq terrorizm və siyasi (dini) ekstremizmi dövlət üçün ən böyük təhlükə sayır, ona qarşı ölkələrin sə`ylərinin birləşdirilməsini vacib hesab edirik. Lakin bu heç də o demək deyil ki, hansısa xarici dövlət gəlib ərazimizdə hərbi kontingent yerləşdirməli, yaxud bizim sərhədləri qorumalıdır. Məsələn, Rusiya bizə bu yöndə mütəmadi təkliflər edir, guya Özbəkistanın öz sərhədlərini qorumaq gücündə olmadığını bildirir. Lakin biz bunu qəbul etmirik, biz sərhədlərimizi də, dövlətçiliyimizi də mühafizə etmək imkanındayıq. Biz həmçinin qeyd olunan motivlə Rusiyanın Tacikistanda hərbi kontingent, baza yerləşdirməsini də düzgün saymırıq. Konfliktli regionlara kənar müdaxilə, orada digər ölkələrin hərbi kontingent yerləşdirməsi vəziyyəti daha da ağırlaşdırır. Yeri gəlmişkən, Rusiya ilə Ermənistanın məhz bu zəmində hərbi əməkdaşlığını, Rusiyanın Ermənistana gizli silah-sursat verməsini MDB-də pisləyən yeganə ölkə (Azərbaycandan savayı - İ.) məhz Özbəkistandır.
- Sonda Özbəkistan-Azərbaycan əməkdaşlığı barədə soruşmaq istərdim. Bu qədər potensial olduğu təqdirdə ölkələrimizin əlaqələri niyə zəifdir?
- Özbəkistanla Azərbaycan dövlət başçıları, hökumətlər arasında siyasi əlaqələr yaxşı səviyyədədir. İkitərəfli əməkdaşlığın normativ-hüquqi bazası da qənaətbəxşdir. Odur ki, mən bu zəifliyi iqtisadi əlaqələrə, qarşılıqlı ticarətə aid edərdim. Bu gün ölkələrimiz arasında dilə gətirilməyəcək bir həcmdə, cəmisi 34 milyon dollarlıq ticarət dövriyyəsi var. Bunun da başlıca səbəbi kimi ölkələrimiz arasında ticarət nəqliyyatının zəif inkişaf etməsi, iki ölkənin bir-birinə təklif etdiyi ixracat mallarının nəticə e`tibarilə (nəqliyyat xərcləri) baha başa gəlməsidir.
Biz TRASEKA layihəsinə böyük önəm veririk və bu nəqliyyat dəhlizində malların daşınmasına "vahid viza" qoyulmasını, yə`ni bütün tranzit rüsumlarının ləğvini təklif etmişik. Ümid edirik ki, gələn il TRASEKA zirvəsində bu barədə qəbul ediləcək qərar ölkələrimizin ticarət əlaqələrinə də təkan verəcək.

"Hizbut-Təhrir" təhlükəsi

Siyasi islamın ən radikal cərəyanlarından olan bu təşkilat ilk öncə Orta Asiya və Rusiyada sıxışdırıldıqdan sonra Azərbaycana "gəlib". Məqsədi yeni xilafət qurmaq olan təşkilat Azərbaycan dövlətinin əsaslarını təhdid edən fəaliyyətinə görə təhlükəsizlik orqanları tərəfindən ifşa olunub. Ölkədə dini situasiyanın narahatlıq doğurduğu bir dövrdə bu faktın da aşkarlanması ekstremizm təhlükəsinin həqiqətən təşviş doğuracaq həddə çıxdığını göstərir.
Bakıda "Hizbut-Təhrir Əl-İslami" (İslam Azadlıq Partiyası) təşkilatının gizli özəyinin ifşa olunmasına dair MTN-in yaydığı rəsmi açıqlamada onun əsas rəhbərinin ("Abdulla" ləqəbli Özbəkistan vətəndaşı) axtarışda olduğu vurğulanır. Bunun ardınca nazir Namiq Abbasov təhlükəsizlik orqanlarının artıq iki ildir ki, "Abdulla"nı axtardığını bildirir. Digər tərəfdən "Abdulla"nın MTN-də olan fotoşəkilinin və onun barəsində mə`lumat verilməsi üçün (anonimlik saxlanılmaqla) telefon nömrələrinin də mətbuatda dərc edilməsi sözügedən təşkilatın fəaliyyətinin Azərbaycanın dövlət təhlükəsizliyi üçün ciddi təhdid halına gəldiyini göstərir. Əks təqdirdə dövlət bu fəaliyyətə rəsmən hüquqi qiymət verib onun başında duranların həbsinə (axtarışına) qərar verməzdi. Eyni zamanda nə ifşa edilən özəyin, nə də həbs edilənlərin özü barədə konkret mə`lumatın açıqlanmaması diqqət çəkir. MTN rəhbəri Namiq Abbasovun sözlərinə görə, bu, sözügedən qurumun bilavasitə rəhbərlərinin ələ keçirilməsi və fəaliyyət dairəsinin daha kimləri əhatə etməsini dəqiqləşdirmək məqsədilə edilir. Lakin o da yəqindir ki, MTN-nin axtardığı "Abdulla" artıq Azərbaycan sərhədlərindən kənardadır. Bəs adıçəkilən qurumun indiyədək Azərbaycan daxilində fəaliyyəti nə ilə əlamətdar olub və ümumiyyətlə, "Hizbut-Təhrir" təhlükəsi nə dərəcədə realdır? Bununla bağlı bir neçə istiqamətdə araşdırma apardıq.
"Hizbut-Təhrir əl-İslami" təşkilatı 1950-ci illərdə Misir və İordaniyada təşəkkül tapıb. Siyasi islamın ən radikal cərəyanını ehtiva edən qurum ilk vaxtlar bu ölkələrdə siyasi partiya kimi qeydiyyatdan keçib və leqal fəaliyyət göstərib. Lakin sonralar təşkilatın fəaliyyətində ekstremist tendensiya gücləndiyindən qadağan olunub. Hazırda bu qurum heç bir ölkədə rəsmi qeydiyyatda deyil və tamamilə qeyri-leqal və konspirativ şəkildə fəaliyyət göstərir. Buna baxmayaraq, "Hizbut-Təhrir"in izləri dünyanın bir çox ölkələrində, o cümlədən, postsovet ölkələrində qeydə alınıb. Onların arasında ən səs-küylü hadisə 1999-cu ilin fevralında Daşkənddə prezident İslam Kərimova edilmiş sui-qəsd cəhdidir. Terror aktından Özbəkistan rəhbərinə xətər toxunmasa da onlarla ölən və yaralanan oldu. Maraqlıdır ki, bir ilə yaxın sürən məhkəmə prosesində hadisədə günahkar bilinən böyük qrupa (50 nəfər) ağır cəzalar (ölüm hökmü və 20 il həbs) kəsilsə də, terrorun bilavasitə "Hizbut-Təhrir" tərəfindən sifariş verilməsi sübuta yetirilmədi. Lakin təşkilatın Özbəkistanda dövlətin əsaslarını sarsıda biləcək gücə malik olduğu o vaxt aydın idi. Rəsmi Daşkəndin bu yöndə ən ciddi tədbirlər görməsi buradan qaynaqlanır. VVS ekspertlərinin qənaətinə görə, Özbəkistanda 1990-cı illərin əvvəlində peyda olan qurumun 10 minə yaxın aktiv üzvü var və hazırda Özbəkistan həbsxanalarında olan minədək şəxs də "Hizbut-Təhrir"çidir. Təşkilat Tacikistanda da geniş təbəqələri əhatə edir. 1999-cu ilin yayında Özbəkistan, Tacikistan və Qırğızıstan bölgələrində baş verən silahlı toqquşmalar ("Batken olayları") "Hizbut-Təhrir"in MDB məkanında ən böyük aksiyası idi. Tərəfdarlarının qənaətbəxş sayda olduğunu nəzərə alan təşkilat "xilafət"i Mərkəzi Asiyada başlamaq istəsə də, dövlətlərarası sə`ylər bunun qarşısını aldı.
Həmin hadisələrdən sonra "Hizbut-Təhrir" Rusiya ərazisində tez-tez görünməyə başladı. Son vaxtlar təşkilatın fəalları Moskva və Permdə, Şimali Qafqazda, həmçinin Qırğızıstanda həbs olunub, onlardan külli miqdarda ədəbiyyat, audio, videokasetlər, kompakt-disklər müsadirə edilib. Qeyd etmək lazımdır ki, təşkilat hədəf seçdiyi bütün ölkələrə məhz bu arsenalla girir və ilk növbədə gənclər arasında təbliğ-təşviq işinə diqqət verir. Təşkilat fəalları kiçik qruplar haqqında (5-6 nəfərlik) "Quran kursları" və müxtəlif dini qiraət ("dərsxanalar") kurslarında məxfi fəaliyyət göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev bildirir ki, Azərbaycanda "Hizbut-Təhrir"ə məxsus müxtəlif ədəbiyyat təxminən iki il öncə görünüb (MTN başçısı da "Abdulla"nın bu müddətdən bəri axtarıldığını bildirir - İ.) və əsasən rus dilində olub. R.Əliyevin fikrincə, "Hizbut-Təhrir" ərəb ölkələrindən Orta Asiyaya, oradan Rusiyaya, Rusiyadan Azərbaycana gəlib. Onun sözlərinə görə, kömrükdən yan keçməklə ölkəyə gətirilən "Hizbut-Təhrir" ədəbiyyatında Azərbaycanın dövlət quruluşu pislənilir və Azərbaycanın böyük İslam dövlətinə (xilafət) daxil edilməsinə çağırışlar yer alır. Komitə sədri "Hizbut-Təhrir"i siyasi islamın ifrat təşkilatlarından biri kimi xarakterizə edir və onun izinin Azərbaycanda aşkarlanmasını ciddi narahatlıq doğuracaq fakt hesab edir.
Hələlik "Hizbut-Təhrir"in ölkəmizdəki fəaliyyəti ilə bağlı təşvişə düşməyə əsas yoxdur. MTN rəhbəri Namiq Abbasovun sözlərinə görə, Azərbaycan istər geosiyasi, istərsə də coğrafi nöqteyi-nəzərdən əhəmiyyətli yerinə görə müxtəlif xarici qüvvələrin, o cümlədən dini ekstremist və beynəlxalq terror təşkilatlarının daima hədəfindədir. Lakin dövlətin təhlükəsizlik orqanları prosesləri mütəmadi nəzarətdə saxlayır və vaxtı yetişəndə onları işığa çıxarır. Güman etmək olar ki, "Hizbut-Təhrir"in özəyinin ifşası da bu qəbildəndir. Bununla belə, müəmmalar qalmaqdadır. Bu təşkilatın Azərbaycandakı dayaqlarının nə dərəcədə dərinə işlədiyi (sözsüz ki, fəaliyyət bir özəklə məhdudlaşmayıb), "xilafət ordusu"na "əsgər"lər hazırlayan dərsxanalarda nə qədər gəncin əhatə edildiyi suallar doğurur. Təbii ki, bu suallara Azərbaycanın dövlət təhlükəsizliyinə cavabdeh olan idarələr cavab verməlidir. Bu təşkilatın Azərbaycanda hələlik siyasi-təbliğati izləri aşkarlanıb, amma onun fəaliyyəti bununla məhdudlaşmır. Ötən ildən e`tibarən ABŞ Dövlət Departamentinin "Dünyada terror" hesabatında "Hizbut-Təhrir" ən təhlükəli 30 təşkilat sırasında yer alıb. Cari yay ərzində Azərbaycanın şimal-qərb bölgəsində cərəyan edən proseslər, vəhhabilik təhlükəsinin ölkənin birinci şəxsi tərəfindən təsdiqlənməsi və bütövlükdə ölkədə din təəssübkeşliyi ilə bağıl situasiyanın mürəkkəbliyi onsuz da narahatlıq doğuran mənzərədir və günlərin birində üfüqdə "xilafət əsgərləri"nin siluetinin peyda olmasını mümkün edə bilər. Odur ki, bu mənzərəyə tə`cili və ciddi (dövlət tərəfindən) əl gəzdirilməlidir.

 Ana səhifə | Xəbər | Şərh | İqtisadiyyat | İş günü | Kriminal| İdman

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd