|
|
|
|
#97(321)
|
 |
Rusiyanın Xəzər üzrə nümayəndəsi Viktor Kalyujnı İranla mübahisəni sahmanlamaq üçün Bakıya kompromis variant gətirib. Prezidentlə qapalı görüşdə müzakirə edilən kompromisin mahiyyəti açıqlanmasa da, Kalyujnı bu variantda İran üçün elə bir imtiyazın nəzərdə tutulmadığını deyir.
Xəzərin hüquqi statusu ilə bağlı İranın mövqeyi beştərəfli danışıqların perspektivini sual altına qoyub. İranın əlavə pay iddiasından daşınmayacağını görən Moskva onu qismən razı salmaq üçün Bakını dilə tutmağa başlayıb. Tehrandakı nəticəsiz danışıqlardan sonra Bakıya gələn Rusiyanın Xəzər üzrə xüsusi nümayəndəsi Viktor Kalyujnı dünən Azərbaycan prezidenti ilə görüşdə bu məqama işarə vurub. Onun sözlərinə görə, İranın mövqeyində dəyişiklik olmayınca status əngəli çözülməyəcək.
Azərbaycan prezidenti bildirib ki, Xəzərin hüquqi statusu məsələsini mərhələli şəkildə həll etmək lazımdır - öncə dənizin dibini bölməli, sonra su barəsində razılığa gəlinməlidir. Əliyev sözügedən məsələni prezident Putinlə də müzakirə etdiyini deyib: "Bu məsələdə çox şey Rusiyanın mövqeyindən asılı olacaq". Rusiyalı diplomat e`tiraf edib ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi Heydər Əliyevin İrana səfərindən çox asılı olacaq. Kalyujnı deyib ki, Bakı Tehran ilə "kompromislər" əsasında danışıqlar aparmalıdır. O təklif edib ki, iki ölkənin işçi qrupu bu məsələlər üzərində işləsin. Diplomatın sözlərinə görə, Rusiya, Azərbaycan, Qazaxıstanın mövqeyi üst-üstə düşür və Bakı öz cənub qonşusu ilə "iş aparmalıdır".
Lakin prezident Heydər Əliyev "Tehranla biz yox, beş dövlət iş aparmalıdır" deyə bildirib. O, Bakının birtərəfli güzəştlərə getməyəcəyinə işarə vurub. Azərbaycan prezidentinin sentyabrın 17-də başlayacaq İran səfəri ərəfəsində rəsmi Bakının davranışı İranla münasibətlərdə qarşılıqlı anlaşma atmosferi yaratmağa yönəlib. Bakı vəziyyəti gərginləşdirməmək üçün "Alov" strukturunun işlənməsini bir müddət tə`xirə salmağı da mümkün sayır. İran xarici işlər nazirinin müavini Əli Əhaninin Azərbaycana səfərini dəyərləndirən XİN başçısı Vilayət Quliyev deyib ki, səfər iki ölkə arasındakı münasibətlərdə yaranmış gərginliyin "aradan qaldırılmasına kömək etdi". Quliyev bu il iyulun 23-də Xəzərin Azərbaycan sektorunun cənub hissəsində İran hərbi gəmisinin törətdiyi insidenti "anlaşılmazlıq" adlandırıb. Öz növbəsində baş nazir Artur Rasizadə jurnalistlərə bildirib ki, "Araz-Alov-Şərq" blokunda işləri bərpa etməyə "tələsmək lazım deyil". "Lazım gələrsə, bp şirkətinin üçillik kəşfiyyat müddətini və ümumilikdə müqavilənin vaxtını uzada bilərik", - deyə o vurğulayıb.
Azərbaycanın digər qonşusu Türkmənistanla mübahisə ilə bağlı Moskvanın kompromis təkliflərinin olduğu bildirilir. Türkmənistanın mövqeyinə toxunan Kalyujnı onu "qeyri-konstruktiv" adlandırıb. Onun sözlərinə görə, Türkmənistan prezidenti işçi qrupu funksiyasını üzərinə götürür və digər dövlət başçılarına özü zəng edir. Belə ki, Putinlə danışıqlar zamanı Niyazov bildirib ki, mübahisəli yataqlar məsələsi həll edilməsə, "Azəri-Çıraq-Günəşli" yataqlarında işlərin dayandırılmasına nail olacaq. "Lakin Rusiya belə yanaşmanı dəstəkləmir", - deyə Kalyujnı vurğulayıb. ÿ
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin işlənməsi üzrə Rəhbər Komitə sözügedən yataqların tammiqyaslı işlənməsinin Faza - 1 layihəsi üzrə tikinti mərhələsinin başlanması haqqında qərar vermişdir.
Rəhbər Komitəyə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNS - 10 faiz) nümayəndələri və layihədə iştirak edən 9 xarici neft şirkətinin - BP (operator - 34,1 faiz), Yunokal (10,3 faiz), LUKoyl (10,0 faiz), Statoyl (8,6 faiz), Ekson Mobil (8 faiz), TPAO (6,8 faiz), Dewn (5,6 faiz), İtoçu (3,9 faiz), Dalta Ness (2,7 faiz) hər birinin nümayəndəsi daxildir.
ABƏŞ Prezidenti Layihə barədə ətraflı danışarkən dedi: "Faza - 1 layihəsinin tammiqyaslı işlənməsi üçün 3,4 milyard dollar sərmayə cəlb olunacaq. Bu, "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin həyata keçirilməsində ilkin neft layihəsindən sonra ilk böyük addımdır. 3,4 milyard dolların təqribən 2,74 milyard obyektlərin tikintisinə və öncə qazma işlərinə sərf ediləcəkdir ki, Faza - 1 layihəsi çərçivəsində ilk neft hasilatına 2005-ci ilin birinci rübündə nail olunsun. Məbləğin qalan hissəsi isə sonrakı Hasilat dövründə istismar qazma işlərinə sərf olunacaqdır".
Vudvord sözünə davam edərək bildirdi ki, Faza - 1 layihəsi 48 quyuağzına malik olan bir hasilat, qazma və yaşayış platformasını, Səngəçal terminalınadək 30 düyümlük sualtı neft boru kəmərini, hazırda mövcud olan 24 düymlük neft boru kəmərinin qaz xidməti kəmərinə çevrilməsini, mövcud Səngəçal terminalının genişləndirilməsini, hasilat, qazma və yaşayış platformasına körpü ilə birləşdiriləcək bir qaz kompressor və suvurma platformasın əhatə edir. "Faza -1 layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi ərzində 193 milyon ton neft ehtiyatları hasil ediləcəkdir. Bu layihə üzrə hasilat maksimum həddə çatanda orta illik hasilat 18,7 milyon ton olacaqdır. Mə`lumat üçün deyək ki, tikinti işləri dövründə Azərbaycan obyektlərindən istifadə olunması və yerli işçilərin bu işlərə cəlb edilməsi səviyyəsi əhəmiyyətli dərəcədə olacaqdır. Dayaq blokları Şelflayihətikinti sahəsində tikiləcək modullar da həmin sahədə quraşdırılacaq. ARDNS/ Xəzər Dəniz Neft Donanmasına məxsus borudüzən, kran və daşıma barjlarından, həmçinin dəniz donanmasından istifadə ediləcək.
ARDNS-nin Prezidenti Natiq Əliyev isə hesab edir ki, Faza - 1 üzrə qərarın neft layihəsinin uğurla yerinə yetirilməsindən bəri birgə həyata keçirdikləri böyük işin təntənəsini əks etdirir.
Qaz kəməri çəkilməlidir
ABŞ dövlət departamenti nümayəndəsinin
fikrincə, Gürcüstan və Azərbaycan
tezliklə razılıq əldə etməlidir...
|
"Hamının maraqları tələb edir ki, Gürcüstan və Azərbaycan tezliklə qaz nəqlinə görə tariflər məsələsilə bağlı qarşılıqlı razılıq əldə etsinlər".
Bu barədə dünən ABŞ Dövlət Departamentinin mətbuat katibi Riçard Bauçer Vaşinqtonda keçirilən brifinqdə Dünya Bankının Gürcüstan prezidenti Eduard Şevardnadzeyə ünvanladığı məktubu şərh edərkən bildirib. Məktubda Gürcüstan ərazisilə Azərbaycan qazının nəqlinə görə tariflərin artırılmasına nail olmaq tələb edilir.
"Biz kommersiya baxımından sərfəli əsaslarla qaz kəmərinin çəkişilini dəstəkləyirik", - deyə Bauçer qeyd edib.
Dünya Bankına gəlincə, Gürcüstan və Azərbaycan onun üzvləridir. Bank iqtisadiyyatın inkişafında və yoxsulluğun azaldılması məqsədilə həmin ölkələrə yardım göstərilməsində mühüm rol oynayır.
"Gürcüstan-Azərbaycan münasibətlərində son vaxtlar müəyyən problemlər yaranıb və hər iki ölkənin mətbuatı müxtəlif versiyalar irəli sürür".
Bu sözlər Azərbaycanın bir sıra gənclər təşkilatının Gürcüstanın ölkədəki səfiri Zurab Qumbaridzeyə ünvanladığı məktubdandır. Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə toxunan müəlliflər bu sırada Marneuli şəhəri və digər rayonlarda olan məktəblərdəki durumu göstərir. Bolnisi rayonu Kolagir və Arıxlı kəndlərində baş verən hadisələr və bir neçə il öncə bu rayonda otuza yaxın kəndin adının dəyişdirildiyi vurğulanır.
Gürcüstan-Azərbaycan dostluğunun inkişafında maraqlı olduqlarını deyən müəlliflər iki ölkə arasında əlaqələrin səmimiliyini önə çəkərək yaranan problemlərin həllinə ümid etdiklərini bildirirlər.
Sənəd müəllifləri bu problemlərlə bağlı səfirlə görüşüb fikir mübadiləsi aparmağa ciddi ehtiyac yarandığını vurğulayırlar.
Sentyabrın 5-6-da Bakıda GÖUAM ölkələrinin milli koordinatorlarının toplantısı keçiriləcək. Bu barədə Ukraynanın Bakıdakı fövqəl`adə və səlahiyyətli səfiri Boris Aleksenko jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, görüşdə GUÖAM-ın fəaliyyətinin gələcəkdə daha da fəallaşdırılması istiqamətində müzakirələr aparılacaq. GUÖAM-ın tərkibinin genişləndirilməsi barədə danışarkən diplomat qeyd edib ki, təşkilat regional çərçivədən çıxacaq.
Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək.
ATƏT-in Minsk Qrupu həmsədrləri oktyabrın birinci yarısında münaqişə regionuna növbəti səfər edəcəklər. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən xəbər verilib.
İlkin mə’lumatlara görə, sentyabrın birinci dekadasında ABŞ-dan, Fransadan və Rusiyadan olan həmsədrlər - Rudolf Perin, Filipp Sürmen və Nikolay Qribkov Vyanada ATƏT-in hazırki sədri ilə məsləhətləşmələr aparacaqlar. Fransa və Rusiyalı təmsilçilər ABŞ-dan olan yeni həmsədri münaqişənin həlli ilə bağlı hərtərəfli mə’lumatlandıracaqlar.
Sentyabrın üçüncü dekadasında xarici işlər naziri Vilayət Quliyevin başçılığı ilə Azərbaycan nümayəndə hey`əti BMT Baş Assambleyasının 56-cı sessiyasında iştirak etmək üçün ABŞ-a gedəcək.
Bu barədə TURANa diplomatik mənbələrdən mə`lumat verilib.
|