İdman

Ana səhifə
Xəbər
Şərh
İqtisadiyyat
Bizimkilər
İş günü
Kriminal
İdman
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#97(321)
Avropada Böyük Futbol Həyacanı
Qələbə üçün 300 qızıl pul


Avropada Böyük Futbol Həyacanı
Azarkeşlər Azərbaycanın da yarışdığı IV seçmə qrupda Türkiyə və Slovakiya milli yığma komandaları arasında Bratislavada keçiriləcək matçı TRT-1 vasitəsilə (22.45) birbaşa izləyə biləcəklər

"Köhnə dünya"nın 21 ölkəsində bu gün Avropa çempionatının qrup seçmə oyunları keçiriləcək, böyük futbolun həyacanı bütün qitəni bürüyəcək. Azərbaycan futbolsevərlərinin ürəyi isə Moldovanın paytaxtı Kişinyov şəhərində döyünəcək. Həmyerlilərimiz Bakıdakı heç-heçənin əvəzini çıxa biləcəklərmi? Sualı birmə`nalı şəkildə, həm də müsbət cavablandırmaq çox çətindir. Ona görə yox ki, bizlər rəqib meydanlarda uğursuz çıxışa artıq adət etmişik, sadəcə, indi pessimist duyğularımızı artıran başqa nüanslar da var.

Milli çempionatımız cəmi 10 gündür start götürüb və iki tur oynanılıb. Təşviş doğuran amillərdən biri və ən əsası seçmə komanda üzvlərinin cəmləşdiyi kollektivlərin (xüsusilə "Neftçi"nin) aşağı səviyyəli oyun nümayiş etdirmələridir. Klublarımızda mövsümlərarası hazırlıq işlərinin peşəkarlıqdan uzaq, primitiv şəkildə aparılması oyunçuların ustalığ səviyyəsinin utandırıcı hala düşməsinə gətirib çıxarıb və özünü ildən-ilə daha qabarıq büruzə verən bu mənfi tendensiya indi demək olar kulminasiya həddindədir. Klub komandaların qitəmiqyaslı turnirlərindəki təmsilçilərimizin cari mövsümdəki çıxışları dediklərimizi yetərincə təsdiqləyən faktlardır. Bunlar azmış kimi Moldovaya səfər ərəfəsində komandamız itkilərdən də ötüşə bilməyib: azarkeşləri, hətta minimum səviyyədə belə, qane etməsə də, Qurban Qurbanovun zədələnərək sıradan çıxması, Tərlan Əhmədovun da analoji səbəbdən əziyyət çəkməsi təəssüfləndiricidir. Qapıçı Dmitri Kramarenko imtina etdiyindən, müdafiəçi Emin Ağayev isə xəstələndiyinə görə (bir az əvvəl üzərində cərrahiyyə əməliyyatı aparılıb) milli komandaya çağırılmayıblar. Oyunçu potensialı kasad olan və bu sarıdan həmişə korluq çəkən seçmə komandamızın baş məşqçisi İqor Ponomaryov çox çətin vəzifənin öhdəsindən gəlməlidir: Azərbaycan çempionatında belə, futbol adına hansısa cəhətiylə fərqlənməyi bacarmayan oyunçularla nəticə əldə etmək!
Komandamız Moldovaya 17 futbolçu ilə yollanıb:
qapıçılar - Cahangir Həsənzadə ("Neftçi"), Nadir Şükürov ("Qarabağ/Azərsun");
müdafiəçilər - Emin Quliyev ("Çerno More", Bolqarıstan), Tərlan Əhmədov, İqor Getman, Ədahim Niftəliyev (hər üçü "Neftçi"), İlham Yadullayev, Mehman Yunusov, Aslan Kərimov (hər üçü "Şəmkir");
yarımmüdafiəçilər - Kamal Quliyev, Bəxtiyar Musayev (hər ikisi "Neftçi"), Mahmud Qurbanov ("Şəmkir"), Zaur Tağızadə ("Şəfa"), Rüf`ət Quliyev ("İstiqlal", İran);
hücumçular - Vadim Vasilyev, Fərrux İsmayılov, Samir Əliyev (hər üçü "Neftçi").

Hazırda IV seçmə qrupda vəziyyət belədir:
İsveç 7 5 2 0 13-1 17
Türkiyə 7 4 3 0 13-6 15
Slovakiya 7 3 2 2 7-6 11
Makedoniya 7 1 3 3 9-10 6
Azərbaycan 7 1 1 5 3-11 4
Moldova 7 0 2 5 2-13 2
Moldova - Azərbaycan matçından savayı, bu gün qrupda daha iki görüş keçiriləcəkdir: slovaklar Türkiyə futbolçularını, makedonlar isə qrup lideri İsveç komandasını qəbul edəcəklər.
Digər 8 qrupdakı vəziyyət və bugünkü matçlar barədə mə`lumatları da diqqətinizə çatdırırıq.

Birinci qrup:


Rusiya 7 5 2 0 10-3 17
Sloveniya 7 3 4 0 11-7 13
Yuqoslaviya 7 3 3 1 13-4 12
İsveçrə 7 3 2 2 14-6 11
Farer ad. 7 1 1 5 5-17 4
Lüksemburq 7 0 0 7 2-18 0

Həm Sloveniya - Rusiya, həm də İsveçrə - Yuqoslaviya görüşləri maraq doğurur. Rusların məğlub olacağı təqdirdə nəinki qrup ikinciliyi, həmçinin birinci yer uğrunda mübarizə xeyli kəskinləşəcək. Sloveniya - Rusiya matçı ORT telekanalı ilə (23.35) yayımlanacaq. Lüksemburq idmançıları səfərdə Farer adaları komandasıyla oynayacaqlar.

İkinci qrup:

İrlandiya 8 5 3 0 18-5 18
Portuqaliya7 4 3 0 18-5 15
Hollandiya 7 4 2 1 21-8 14
Estoniya 8 2 2 4 10-16 8
Kipr 8 2 2 4 12-24 8
Andorra 8 0 0 8 4-25 0

Səfərdə oynamasına baxmayaraq, Portuqaliya milli seçmə komandasının Andorra futbolçularına qalib gələcəyinə çox az adam şübhə edir. Ona görə də bütün diqqət İrlandiya - Hollandiya qarşılaşmasına yönəlib. "Zanbaqlar ölkəsi" futbolçuları üçün heç-heçə də məğlubiyyətə bərabərdir: istəklərini gerçəkləşdirmək üçün onlar mütləq qalib gəlməlidirlər, əks təqdirdə qrup ikincisi olub mübarizəni "pley-off" mərhələsində davam etdirmək şanslarını da itirəcəklər.

Ücüncü qrup:

Danimarka 7 4 3 0 13-5 15
Bolqarıstan7 4 2 1 12-7 14
Çexiya 7 4 2 1 10-3 14
İslandiya 7 3 1 3 11-10 10
Ş.İrlandiya7 1 1 5 6-11 4
Malta 7 0 1 6 2-18 1

İslandiya - Çexiya matçı istisna olmaqla, digər iki görüşü liderlərlə autsayderlərin qarşılaşması kimi səciyyələndirmək olar: Malta - Bolqarıstan; Danimarka - Şimali İrlandiya.
Azərbaycan milli seçmə komandasının da yarışdığı IV qrup barədə artıq söhbət açmışıq.

Dördüncü qrup:

Polşa 7 5 2 0 16-6 17
Belarus 7 3 3 1 8-7 12
Ukrayna 7 2 4 1 7-7 10
Uels 7 0 5 2 7-9 5
Ermənistan7 0 4 3 6-12 4
Norveç 7 0 4 3 5-8 4

Belarusla çətin səfər matçında ukraynalılar qolkiper sarıdan çətin duruma duşublər: bir az əvvəl onurğa sütunundan zədələnərək uzun müddətə sıradan çıxan Şovkovskinin ardınca, Ukrayna milli seçmə komandasının digər qapıçısı, hazırda Moskva "Spartak"ının şərəfini qoruyan Levitski əməliyyat olunub, bir neçə gün öncə isə 23 yaşlı Sergey Perxun dünyasını dəyişib ("Anji" ilə səfər matçı zamanı aldığı beyin silkələnməsindən). Belarus - Ukrayna görüşü ilə bağlı maraqlı daha bir məqam: matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Baş hakimin bir köməkçisi isə qadın referi Nelli Vyennodur. 39 yaşlı bu xanım artıq 2-ci ildir ki, UEFA bayrağı altında keçirilən görüşləri idarə edir. Qrupdakı digər iki qarşılaşmada Uels komandası Ermənistan, Polşa kollektivi isə Norveç futbolçularını qəbul edəcək.

Beşinci qrup:

Belçika 6 4 2 0 23-5 14
Şotlandiya5 3 2 0 10-3 11
Xorvatıstan5 3 2 0 10-2 11
Latviya 7 1 1 5 4-14 4
San-Marino7 0 1 6 3-26 1

Cəmi bir görüş keçiriləcək: Şotlandiya və Xorvatıstan kollektivləri arasında təşkil ediləcək həmin matç bütövlükdə liderlər qrupu üçün böyük əhəmiyyətə malikdir.

Altıncı qrup:

İspaniya 6 4 2 0 15-4 14
Avstriya 5 3 2 0 7-3 11
İsrail 6 3 1 2 10-6 10
Bosniya/H.5 1 1 3 7-10 4
Lixtenşteyn6 0 0 6 0-16 0

İspaniya - Avstriya görüşü qrup qalibinin müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Bosniya/Herseqovina - İsrail qarşılaşması isə daha çox qonaqlar üçün əhəmiyyətlidir.

Yeddinci qrup:

İtaliya 6 5 1 0 15-3 16
Rumıniya 6 4 0 2 7-6 12
Macarıstan5 2 2 1 13-7 8
Gürcüstan 5 1 0 4 6-10 3
Litva 6 0 1 5 3-18 1

Səfərdə Litva futbolçularına qalib gəlsə, İtaliya milli seçmə komandası növbəti oyunların nəticəsindən asılı olmayaraq, dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Gürcüstan - Macarıstan görüşü isə mövqe mübarizəsi baxımından maraq doğurur.

Səkkizinci qrup:

Almaniya 6 5 1 0 13-5 16
İngiltərə 5 3 1 1 7-3 10
Yunanıstan6 2 0 4 4-10 6
Finlandiya5 1 2 2 5-6 5
Albaniya 6 1 0 5 5-10 3

Almaniya - İngiltərə matçı təkcə IX qrupun deyil, bütövlükdə bugünkü 21 görüşün ən maraqlısıdır: birinci yeri tutmaq üçün almanları heç-heçə də qane edir. Qrupda sonuncu olmamaq mə`nasında isə Albaniya - Finlandiya oyunu xüsusi əhəmiyyət kəsb edir.

Qələbə üçün 300 qızıl pul
Dünən basketbol üzrə Avropa çempionatının final mərhələsi Türkiyədə start götürüb

Qitə miqyaslı çox nüfuzlu turnirə ev sahibliyi etməsi Türkiyənin basketbol üzrə milli seçmə komandasının üzərinə çətin, eyni zamanda da şərəfli bir vəzifənin həlli məsələsini qoyub.
Bosketbolu Türkiyədə çox sevirlər və bu idman növü, azarkeş marağı baxımından, bəlkə yalnız futboldan geri qalır. Türkiyə qəzetlərinin yazdığına görə, turnirə maraq həddən artıq böyükdür və bütün ölkə indi basketbolla nəfəs alır. Təsadüfi deyil ki, Avropa çempionu olacağı təqdirdə Türkiyə komandasının hər üzvünə 300 qızıl sikkə və`d olunub: bu barədə idman naziri Fikrət Ünlü mə`lumat verib.
Final mərhələsində mübarizə aparan komandalardan təkcə Türkiyə kollektivi oyunçu sarıdan itkiyə mə`ruz qalmayıb. Ukrayna, Fransa, Yuqoslaviya,Yunanıstan, İtaliya, İsrail, Rusiya komandaları isə bir sıra aparıcı basketbolçularının imtinası üzündən nisbətən zəifləmiş hey`ətlə yarışacaqlar. Bununla belə, qitə çempionluğu uğrunda gərgin və güzəştsiz mübarizə gedəcəyi şəksizdir. Həlledici dövrdə çıxış etmək hüququ qazanmış 16 komanda 4 qrupa bölünüb:

A qrupu - İsrail, Litva, Ukrayna, Fransa;
B qrupu - İspaniya, Latviya, Sloveniya, Türkiyə;
C qrupu - Almaniya, Xorvatıstan, Estoniya, Yuqoslaviya;
D qrupu - Bosniya/Herseqrvina, Yunanıstan, İtaliya, Rusiya.

Basketbol həvəskarlarının nəzərinə çatdırırıq ki, final mərhələsinin görüşləri Türkiyənin TRT-1 kanalı ilə translyasiya edilir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd