Kriminal

Ana səhifə
Xəbər
Şərh
İqtisadiyyat
Bizimkilər
İş günü
Kriminal
İdman
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#97(321)
Polis kapitanı mühakimə edilir
Mayor məs`uliyyətə cəlb edilib?
Nasizm qurbanlarının kompensasiyaları nə vaxt ödənəcək?


Polis kapitanı mühakimə edilir
O, 150 dollara görə, cinayətkarlara himayədarlıq edib

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşı, polis kapitanı Çərkəz Hüseynov 3 nəfər Sumqayıt sakini ilə cinayət əlaqəsinə girib. Cinayət işinin materiallarına görə, bu il yanvarın 16-da Ç.Hüseynov Nazim Cəlilov, Elxan Qəmbərov, Əbülfəz Cəlilovla iş otağında görüşərək, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən soyuducu-paylayıcı bazanın həyətində quraşdırılmış dəmiryol xətlərini sökməyə şərait yaratmaq üçün onlardan 150 dollar rüşvət alıb.

Polis kapitanı cinayətkarları Saray qəsəbəsində yerləşən Dövlət Yol Polisi postuna qədər müşaiət edib. Səhərisi isə cinayətkarlara bazanın həyətində yerləşən relsləri təmizləmək üçün su nasosunun həmin obyektə daxil olmasına şərait yaradıb. İşləməyən zavodun həyətində baş verənləri müşahidə edən keçmiş Dövlət Əmlakı Nazirliyinin Sumqayıt şəhər şö`bəsinin əməkdaşları "sökmə əməliyyatın"ın qarşısını alıblar.
Dövlətə dəymiş ziyan hesablanıb. Mə`lum olub ki, 2 gün ərzində uzunluğu 650 metr, çəkisi isə 38 ton olan relslərin üzərində qaynaq işləri aparıldığından yararsız hala düşüb. N.Cəlilov, E.Qəmbərov, Ə.Cəlilov həbs olunduqdan sonra onlara himayədarlıq edən polis kapitanı da yaxalanıb. Faktla bağlı Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə proses başlayıb.

Mayor məs`uliyyətə cəlb edilib?
İlqar Cavadovun qətli zamanı o, 9-cu bölmədə məs`ul növbətçi olub

Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşı, 28 yaşlı İlqar Cavadovun ölümüylə bağlı Səbayel Rayon Polis İdarəsinin 9-cu bölməsinin daha bir üzvü - Fərhad Məmmədova qarşı cinayət işi açılıb.
Bununla bağlı dünən aldığımız mə`lumata görə, o, CM-in 309-cu maddəsi ilə (vəzifə səlahiyyətlərini aşma) məs`uliyyətə cəlb edilib. Polis mayoru F.Məmmədov barəsində həbs qəti imkan tədbiri seçilməsə də, Bakını tərk etməmək barədə ondan iltizam alınmışdı.
Xatırladaq ki, mərhum İ.Cavadov bu il mayın 13-də gecə saat 2.30 radələrində Neftçilər prospektində, 9-cu bölmənin əməkdaşları tərəfindən saxlanılmışdı. Üstündə şəxsiyyətini təsdiq edən sənəd olmadığından, o, Səbayel Rayon Polis İdarəsinin əlahiddə polis bölüyünün əməkdaşları - İsin Bektaşi, İslam Mirzəliyev və Zahid Hüseynov tərəfindən bölməyə gətirilmişdi. Polislər İ.Cavadovu məs`ul növbətçi F.Məmmədova təhvil verəndən bir qədər sonra sözügedən bölmənin həyətində İlqar kəllə-beyin zədəsi və bədənində digər xəsarətlərlə kəskin qanitirmə nəticəsində vəfat edib. Qeyd edək ki, bu qətl hadisəsilə bağlı hər üç polis işçisinə cinayət işi qaldırılıb və onlar barəsində həbs qəti imkan tədbiri seçilmişdi. Sonradan təqsirləndirilən şəxslərin vəkilləri Apellyasiya Məhkəməsinə müraciət edərək, sanksiyanı dəyişdirməyə müvəffəq oldular. O vaxtdan e`tibarən polis mayoru F.Məmmədov bir müddət xəstəxanada müalicə olundu.
Onu da xatırladaq ki, mərhumun yaxınları və cinayət məs`uliyyətinə cəlb olunmuş polislərin vəkilləri İ.Cavadovun meyitinin eksqumasiya yolu ilə yenidən müayinə edilməsini tələb edirdilər. Çünki məhkəmə tibb ekspertizası mərhumun yüksəklikdən yıxılaraq, bərk-küt alətlərə zərblə dəyməsi nəticəsində öldüyü barədə rə`y vermişdi. Lakin mərhumun atası eksqumasiyaya razılıq vermədiyini bildirib. Zərərçəkənin vəkili Zaman Babayev ilkin ekspertizanın rə`yi ilə razılaşdıqlarını söyləyib. O, ibtidai istintaqın Səbayel Rayon Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna verilməsi tələblərinin hələlik yerinə yetirilmədiyini deyib. İstintaq zamanı İ.Cavadovun bölməyə gətirilməmişdən əvvəl döyülməsi faktının artıq təsdiqləndiyi söylənilsə də, Səbayel Rayon Prokurorluğunun müstəntiqi Ələkbər Hüseynov bunu nə təsdiq, nə də inkar etdi.

Nasizm qurbanlarının kompensasiyaları nə vaxt ödənəcək?

Nasizm qurbanları olan Azərbaycan, o cümlədən digər MDB vətəndaşları müvafiq kompensasiya ilə tə`min olunacaq.
Bu barədə mə`lumat verən Rusiyanın Qarşılıqlı Anlaşma və Barışıq Fondunun mətbuat katibi Tatyana Sokolova bildirib ki, II dünya müharibəsi zamanı nasizmdən əziyyət çəkən vətəndaşlara ilk kompensasiyaların verilməsi Rusiyada avqustun 31-də başlayıb. Bu, SSRİ ərazisindən Almaniyaya aparılmış və sənaye müəssisələrində işlədilmiş, konslagerlərdə, gettolarda işgəncələr verilmiş vətəndaşlara pul kompensasiyalarının ödənilməsinin ilk mərhələsidir. Tatyana Sokolova mə`lumat verərək bildirib ki, konslager və gettoların keçmiş dustaqları 2003-cü ilə kimi ümumi məbləğin (15 min marka) 50 faizini alacaqlar. Həmin vəsait Almaniyanın "Yaddaş, məs`uliyyət və gələcək" Fondundan daxil olacaq. Sonra isə ikinci mərhələ başlayacaq. Postsovet ölkələrinin vətəndaşları kompensasiyanı Rusiya fondu vasitəsilə alacaqlar.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd