Bizimkilər

Ana səhifə
Xəbər
Şərh
İqtisadiyyat
Bizimkilər
İş günü
Kriminal
İdman
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#97(321)
"Biz onlarlayıq, onlar da bizimlə olsunlar"
Yeni əsrin "Lider"i


"Biz onlarlayıq, onlar da bizimlə olsunlar"
"Media Ltd" şirkətinin baş direktoru teletamaşaçıları "Lider" efirinin qarşısına də’vət etdi

1 sentyabr, saat 21.00 - "Lider" televiziyasının ilk dəfə tamaşaçılarını salamladığı tarixi anlar. Həmin gündən düz bir il keçir. Bu gün "Media Ltd" ailəsində əsl bayram ovqatı hökm sürməkdədir. Ailənin ən kiçik üzvünün - telekanalın 1 yaşı tamam olur. Bu bir il ərzində "Lider" kanalı yalnız sizlər üçün işləyib: yaddaqalan, baxımlı verilişlər hazırlamağa, sözün əsl mə’nasında, lider olmağa çalışıb. "Lider" bu məqsədinə nail olubmu? Bu sualla şirkətimizin baş direktoru Vüqar Qaradağlıya müraciət etdik.
- Vüqar müəllim, Sizi təbrik edirik. Məncə Siz hamıdan daha çox ilk ən`ənəvi sualımıza cavab vermək imkanındasınız: "Lider" televiziyası bu bir ildə nəyə nail olub?
- Bilirsiniz, biz sıfırdan başlamışıq. Fəaliyyətimiz göz qabağındadır. Bir onu desəm, məncə, kifayət edər ki, "Lider" televiziyası artıq bir yaşlı telekanal kimi qəbul olunmur. "Lider"in adı ciddi kanallar sırasındadır. Bildiyimə görə, "Lider"dən az sonra yaranan kanallar hələ də formalaşırlar. "Lider" artıq ciddi, normal fəaliyyət göstərən, efiri tam öz verilişləri ilə dolduran bir kanaldır. Bu bir il ərzində kanal öz kollektivini formalaşdırıb. Birinci gündən canlı yayımlanan "Səda" informasiya xidmətimiz və özünəməxsus verilişlərimiz var. Həmin verilişləri yalnız "Lider"də axtaran zəngin tamaşaçı auditoriyamız var. Bir il bundan əvvəl - telekanalın ilk efir günündə verdiyim müsahibədə dediyim sözləri yenə də təkrar etmək istəyirəm: "Lider" həmişə, hər şeydən əvvəl azərbaycançılığı bayraq tutub. Telekanalımız Azərbaycan milli adət-ən’ənələrindən bəhrələnir və onların əsasında işləyir. Heç kim deyə bilməz ki, bu kanal hər hansı bir tə’sirə mə’ruz qalıb.
- Sizi tanıyanlar öz işinizə hər zaman tənqidi yanaşmağı bacardığınızı bilirlər: "Lider"in işinə necə, əgər tənqidi yanaşmalı olsaq...

"Vaxtımızı yaratmağa sərf etmişik"

- Tənqidi yanaşsaq, sözsüz ki, çoxlu nöqsanlarımız, çatışmazlıqlarımız var. Bunları biz görürük. Amma inanın ki, vaxt baxımından onların üzərində tam, əsaslı şəkildə işləməyə hələ imkan yoxdur. Bu bir il ərzində vaxtımızı ancaq yaratmağa sərf emişik. Əlbəttə ki, yaratdıqlarımızda həddindən artıq çoxlu nöqsanlar var. Biz indi nöqsanların üzərində işləyirik. İnşallah, gələn növbəti illər həmin bu nöqsanların aradan qaldırılmasına və mövcud olan, yayımlanan verilişlərin keyfiyyətini artırmaqla bərabər digər yeni yönlü və daha rəngarəng verilişlərin yaranmasına gəlib çıxacağıq. Mən buna inanıram.
- Bu bir illik fəaliyyətində "Lider"in mövqeyi, ümumi xətti, istiqaməti də maraqla izlənən məqamlardan biri oldu.
- Gəlin, belə danışaq. "Səda" bizim ən güclü xidmətlərdən biridir. Məncə, bu, doğrudan da belədir. "Səda"ya baxırlar, onların fikri ilə hesablaşırlar. "Səda"nın gücü onun obyektiv olmasındadır, faktı, mə’lumatı, informasiyanı tamaşaçıya qeyd-şərtsiz, izahatsız, artıq, şit bəzək-düzəksiz təqdim etməsindədir. Bəlkə "Səda" elə buna görə seçilir. Verilişlərə gəlincə, sözsüz, çox mənfiliklər, qüsurlar var. Amma bu mənfiliklərin olması da onu göstərir ki, o verilişlər yaşayır. Yaşıyırlarsa, deməli, onların üzərində işləməyə dəyər.
- Sizcə, gələcəkdə istənilən keyfiyyəti əldə etmək üçün potensial yetərlidirmi?

"Yetişdirmək, axtarmaq, tapmaq lazımdır"

- Bilirsiz, indi hər bir sahədə eyni vəziyyətdir. İstər mə’murların, istər taksi sürücülərinin, istərsə də jurnalistlərin səviyyələri göz qabağındadır. Eləcə də televiziya jurnalistlərinin və yaxud televiziya işçilərinin səviyyəsi. Azərbaycan cəmiyyəti necədirsə, televiziya da elədir. Lakin yetişdirmək, axtarmaq, tapmaq lazımdır. Biz iste’dadlı xalqıq. Bu, öz yerində. Amma bu iste’dadlı xalqın içindən bir-bir seçib, bəyənib və uyğun fikirlərə, uyğun tələblərə, ölçülərə malik olan kəsləri tapmaq lazımdır.
- "Lider"dən daha nələr gözləyək?

"Biz artıq peykə çıxmışıq"

- "Lider"in gələcəkdə də işi çoxdur. Tək texniki baxımdan bir neçə məqama diqqət yetirək. Azərbaycanda heç bir televiziya 12 km-dən o yana canlı yayım, translyasiya edə bilməyib. Yə’ni bu vaxta qədər canlı yayım olub, ancaq aeroportdan. Aeroportdan o tərəfə canlı yayım olmayıb. Bunun özü də eksklüziv haldır. "Lider" ilk dəfə olaraq, Sumqayıt şəhərindən canlı yayım etdi. Bu göstərir ki, "Lider" Azərbaycanın televiziya məkanında ilk dəfə olaraq "12 km baryer"ini aşıb və paytaxtdan kənardan canlı yayım verib. Bu, böyük şeydir. İkincisi, biz artıq peykə çıxmışıq. Istənilən vaxt bizi dünyanın, demək olar ki, hər yerindən - Saxalindən Böyük Britaniyayadək, İsveçdən Yəmənədək peyk vasitəsilə izləyə bilərlər. Bu da böyük nailiyyətdir. Biz həm də Azərbaycanımızın böyük bir hissəsini əhatə edirik. Rəsmi şəkildə yayımlanırıq. Naxçıvan, Quba, bu yaxınlarda Gəncə, Lənkəran, demək olar ki, Azərbaycan tam şəkildə əhatə olunur. Bu, "Lider"in liderliyidir. Qeyd etdiyim kimi, 12 km məsafə baryerini aşması da bunu təsdiq edir. Azərbaycan televiziyasının 50 illik təcrübəsi var, hələ də bu uğuru heç bir özəl kanal əldə edə bilməyib. İlk dəfə olaraq bunu edən "Lider" oldu. Peykə çıxmağı da, bütün respublikada yayımlanmağı da reallaşdıran bizik.
- Bunlar danılmaz uğurlardır, yəqin eyni uğurları yaradıcılıq sahəsində də əldə etmək zərurəti qaçılmazdır...
- Artıq peykə çıxmağımız bizi verilişlərin keyfiyyətini artırmaq məcburiyyəti qarşısında qoyur. Yə’ni həm də hüquqi baxımdan lisenziyalaşmış verilişlər olmalıdır. Belə verilişlər indi də var. Verilişlərimizin hamısı lisenziyalaşmışdır. Hətta nümayiş etdirdiyimiz filmlərin də hamısının hüququ alınmışdır. "Lider" həmişə bütün müəllif hüquqlarını qorusa da, heç vaxt biz bunu qabartmamışıq. Sadəcə, biz bu haqda səs-küy salmağa ehtiyac görməmişik, necə deyərlər, abrımızı gözləmişik. Lakin zəmanə göstərir ki, lap ucadan demək lazımdır. Çünki deməsən, belə çıxır ki, həmin o nailiyyətlər səndə yoxdur. Axı var.
- Vüqar müəllim, "Media Ltd" ailəsinin yenə də genişlənmək ehtimalı varmı? Yoxsa, son hədd "Lider" televiziyasıdır?
- Bilirsiz, mənə elə gəlir ki, artıq bəsdir. Niyə? Çünki "Media Ltd" şirkətdir. Media özü nədən ibarətdir? Çap məhsullarından, radio və televiziyadan, o cümlədən, internetdən. Bizdə də bunların hamısı var. "Bizim ƏSR" Azərbaycan, rus və ingilis dillərində çıxır. Bu gündən e’tibarən "Bizim ƏSR" gündəlik çıxacaq, inşallah. "Naş VEK" həftədə bir dəfə 24 səhifə həcmində çap olunur. "Our Century" də böyük formatda həftədə bir dəfə işıq üzü görür. İnternetimiz də fəaliyyətdədir. Təvazökarlıqdan kənar da olsa, deməliyəm ki, Azərbaycanda fəaliyyət göstərən internet səhifələrinin ən özəllərindən biridir. Bu, həqiqətdir. Radio "107 FM", mən deyərdim ki, elə əsl liderdir. Digər radiolardan hər halda geri qalmır. Yə’ni müstəvisi budur. Həmin müstəvini aşmaq üçün inqilab eləmək lazımdır. İnqilab eləmək üçün də inqilabi düşüncəli adamlar olmalıdır. İndi belə adamların axtarışındayıq. Bilirsiz, bir məqamı da nəzərə almaq lazımdır, tələbat məsələsini. Tələbat da başqadır. Məsələn, qəzetdə bə’zən istəmədiyiniz mövzuda yazılar verməyə məcbursunuz. Bu da bazarın tələbidir və bu labüddür. Çünki hamısı maliyyə ilə bağlıdır. Bu tələbatdan da çox irəli çıxanda səni artıq dərk etmirlər.
Sonra, şirkətimizin "Media press" informasiya agentliyi də var. Agentliyin çox az sayda əməkdaşı olmasına baxmayaraq, mühüm, ən vacib dünya agentlikləri "Media press"ə istinadən xəbərlər yayırlar. Biz bu haqda, sadəcə, danışmırıq. Amma bunlar var. Görünür, hər halda, danışmaq lazımdır. Bu da bir nailiyyətdir. Məncə, bu strukturlardan artıq "Media Ltd" şirkətinin genişlənməsinə ehtiyac yoxdur. İndi əsas vəzifəmiz bu qurumların peşəkarlıq səviyyəsini daha da artırmaqdır.
- "Lider"in tamaşaçılarına nə demək istərdiniz?
- "Lider"ə baxsınlar. Biz onlarlayıq, onlar da bizimlə olsunlar.

Yeni əsrin "Lider"i
Cəmi 1 il ərzində o öz adını və iddiasını doğrultamağı bacardı

"Lider" telekanalı sanki bir göz qırpımında yarandı: ötən il avqustun əvvəllərində xəbər tutduq ki, bizim "MEDİA Ltd" ailəsinin növbəti üzvü "dünyaya gələcək". Bu xəbərin çox tezliklə gerçək olacağını, əsasən, şirkətimizin rəhbərliyinin iş rejiminin gərginləşməsi və bə’zi tanınmış "telesimalar"ın bizim binaya gəlib-getməsi də sübut edirdi. Heç demə, başımız qəzetə qarışdığı vaxtlarda texniki avadanlıqlar da sür’ətlə quraşdırılmaqdaymış... Sentyabrın 1-də isə hamımızın gözü qarşısında "Lider"in efir həyatı başlandı. "Uğur olsun" deyib, həmin gündən televiziyamızın pultunun 1-ci düyməsini doğma kanala "ünvanladıq" və beləliklə, "Lider"in həmişə bizimlə birlikdə olduğunu gördük...
"Bizim ƏSR"çilərin hamısının yaxşı xatırladığı o gündən artıq 1 il keçir. "Lider"in bu bir il ərzində təkcə bizim deyil, bütün dəyərli tamaşaçılarının yanında olduğunu qürur hissi ilə təsdiqləməliyik.

Özünəməxsusluq

"Lider"in Azərbaycan teleməkanında tutduğu yerin özünəməxsusluğu nədədir?
Milli-mə`nəvi dəyərlərə sadiqliyində: telekanalın verilişlərində bu dəyərlərin təbliğinə ciddi fikir verilir. "Ad günü"nü, "Avaz"ı, "Duyğulu anlar"ı, "Sələflər"i və digərlərini yada salın.
Səhihlik, ciddilik və operativlik kimi müasir teleme’yarlara əsaslanan xəbər strategiyasında: bir il ərzində gündəlik efir vaxtı 15 dəqiqədən 1 saatadək, dövriliyi bir dəfədən 5 dəfəyədək artan "Səda", yaşının az olmasına baxmayaraq, digər telekanalların informasiya proqramları ilə rəqabətdə qətiyyən geri qalmır.
Tamaşaçı auditoriyasını əldə saxlamaq və genişləndirmək bacarığında: ölkənin günbəgün populyarlaşan idman həyatının nəbzi "Lider"də "döyünür" və idmansevərlərin bu kanala getdikcə daha möhkəm bağlanmasını tə’min edir. Nəinki paytaxtda, hətta əyalətlərdə keçirilən yarışlardan hazırlanan reportajlar, ekstremal şəraitdə işləməyi bacaran reportyorların peşəkarlığı - "Lider"ə yetərincə tamaşaçı rəğbəti qazandırır.
Bir yaşlı telekanalın özəllikləri bunlarla məhdudlaşmır. Bunlar, sadəcə, "Lider"in ən səciyyəvi xüsusiyyətləri idi ki, qeyd etməyi vacib saydıq.
"Lider"in gənc kollektivi bir il ərzində qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləyib. Uğurlar az deyil, ancaq hələ fəth olunmamış zirvələr, hədəflər yetərincədir. Bunlar barədə "MEDİA Ltd" şirkətinin baş direktoru Vüqar Qaradağlının yuxarıda diqqətinizə təqdim edilən müsahibəsində ətraflı söhbət açılır.
Biz isə telekanalın bir sıra strukturlarında bayram ovqatının necə yaşandığını görüb qələmə almaq qərarına gəldik. Əvvəlcədən onu deyək ki, cəmi bir yaşı olsa da, maşallah, "Lider" öz adını doğrultmağa xidmət edən geniş struktura sahibdir. Buna görə də biz seçim zamanı efirin əziyyətini daha çox çəkən, amma özləri orada görünməyən "lider"çilərə üstünlük verdik.

Telekanalın yeni siması

İlk həmsöhbətimiz reklam-dizayn studiyasının rəhbəri Fuad Dadaşov oldu. Yeri gəlmişkən, studiyanın kollektivi yenicə darısqallıqdan qurtarıb və geniş, rahat otaqda məskunlaşıb. "Lider"in efir siması burada çalışan peşəkarların yaradıcılıq fantaziyası əsasında formalaşır. "Biz tamaşaçılara "bizimlə qalın" demirik, "biz sizinləyik" deyirik," - Fuad müəllim "Lider"in bu devizin teledizaynerlərin, qrafikaçı-rəssamların da yaradıcılığında aparıcı motiv oluğunu xüsusi vurğuladı. Sonra isə sentyabrın 1-dən, yə’ni bu gündən başlanan yeni yayım dövrünün sürprizləri barədə çox xəsisliklə mə’lumat verdi. Öz sözləri ilə desək, sürprizləri gizlətmək təbii hal sayılmalıdır. Mə’lum oldu ki, elə bu gündən "Lider" tamaşaçılara tamamilə yeni dizaynda təqdim ediləcək. Bundan başqa, studiya artıq özünün yeni məhsullarını da efirə çıxarmağa başlayacaq. F.Dadaşov həmin məhsulları, sadəcə, "kliplər" adlandırdı və dedi ki, "tamaşaçılarımızın həmin klipləri bəyənəcəyinə inanırıq". Bir də dedi ki, "Lider"i dizayn baxımından daim formada saxlamaq üçün həm ən müasir texniki avadanlıqlarımız, həm də yüksək peşəkarlığa malik mütəxəssislərimiz var".

"Ekrana bizim gözümüzlə baxırsınız"

Dizaynerlərə işlərində uğur diləyib, telekanalın digər gözəgörünməzləri - operatorlarla həmsöhbət olduq. Onların "rəisi" Rəsul Babayev "Lider"də həm əsl peşəkardır, həm də ağsaqqal... Tələbkar olduğu qədər də qayğıkeşdir... 10 nəfərdən ibarət operatorlar qrupu telekanalın bütün çəkilişlərinin öhdəsindən layiqincə gəlir. Rəsul müəllim onların adını bir-bir çəkməyi vacib saydı: Rüstəm Zülalovu, Rövşən Quliyevi, Sərvər Quliyevi və Sahib Səfərovu - "yaşlı nəslə", İlyas Bəhmənoğlunu, Kənan Məhəmmədovu, Rüfət Süleymanovu, Rüfət Şıxəliyevi, Rasim Sultanovu, Vüqar Şıxəliyevi isə "gənc nəslə" aid etdi. Ancaq bu "bölgü"nün şərtiliyi dərhal aşkara çıxdı və mə’lum oldu ki, söhbət "operatorluq stajı"ndan gedir. Lakin stajlarında fərq olsa da, hamısının "yoldaşlıq statusu" eynidir. "Burdakı mehribanlığı indiyədək işlədiyimiz yerlərin heç birində görməmişik," - "Lider"in operatorları belə dedilər. Bir-birinin işini səmimiyyətlə qiymətləndirmələrindən anladıq ki, bu mehribanlıq daimidir. Bir qədər də qəlbən bağlı olduqları operator peşəsinin xüsusiyyətlərindən danışdılar. Təəssüf ki, kiçik bir yazıda bunların hamısına yer vermək imkansızdır. "Tamaşaçılar ekrana bizim gözümüzlə baxırlar," - deyən teleoperatorlar ən adi süjetə də yaradıcılıqla yanaşmağa çalışdıqlarını vurğuladılar. Hə, bir də "yaradıcılıq söhbətləri" aparmaq üçün müntəzəm şəkildə bir yerə yığışdıqlarını da bizdən gizlətmədilər. Ancaq harada yığışdıqlarını demədilər...

"Lider"i dünya görür

..."Lider" Azərbaycan teleməkanına adına uyğun iddia ilə daxil oldu və bir il ərzində bu iddianı gerçəkləşdirməyi bacaracağını sübuta yetirdi. Onun fəaliyyətində ən son yeniliklərdən biri avqustun 30-da baş verdi. Həmin gün Azərbaycan televiziya tarixində ilk dəfə olaraq "Lider" respublika paytaxtının hüdudlarından kənarda canlı yayım həyata keçirdi. Belə ki, "Səda" informasiya proqramının Sumqayıt şəhərinə həsr edilmiş xüsusi buraxılışı "on-layn" rejimində efirə verildi. Bu nailiyyət yerli telekanalların heç birinin texniki təchizat baxımından "Lider"lə rəqabət aparmaq iqtidarında olmadığını göstərir. "MEDİA Ltd"nin texniki direktoru Hüseyn Hüseynovun sözlərinə görə, telekanala məxsus "Fleywey" qurğusu siqnalları peyk rabitəsi vasitəsilə dünyanın hər yerindən ötürməyə imkan verir. Hazırda "Lider"i peyk rabitəsi vasitəsilə bütün Avropa və Asiyada izləmək mümkündür. Ölkəmizdə bu telekanal hələlik Naxçıvan, Gəncə və Qubada yayımlanır. "Siqnallar "Sesat" peykindən telekanala daxil olur və oradan antena ilə efirə verilir," - deyən H.Hüseynov onu da bildirib ki, tezliklə "Lider" tezliklə bir neçə səyyar telestansiya əldə edəcək və Azərbaycanın hər bir guşəsindən canlı yayımla verilişlər hazırlayacaq.
Uğur olsun!

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd