|
|
|
|
#97(321)
|
 |
Təhsil naziri Misir Mərdanovun verdiyi açıqlamaya görə, artıq Bakı şəhərində yerləşən bütün orta məktəblər dərs vəsaiti ilə tə`chiz edilib. Nazir qeyd edib ki, bu il respublikanın orta məktəblərinin 1-ci siniflərinə 168 minə yaxın şagirdin gələcəyi proqnozlaşdırılır.
Dünən isə Bakının Nəsimi rayonu ərazisində, Rixard Zorqe adına bağla üzbəüz yeni müasir özəl məktəb istifadəyə verilib. "Özəl Müasir Təhsil Kompleksi" adlanan bu müəssisənin elmi rəhbəri Zülfiyyə Veysovanın verdiyi mə`lumata görə, kompleksdə 550 nəfərlik məktəb, 90 nəfərlik bağça fəaliyyət göstərəcək. "Uşaqlar səhər saat 9-dan, axşam saat 6-ya qədər burada təhsil alacaqlar. Gündə 4 dəfə yemək veriləcək. Tədris dərsləri ilə yanaşı kompleksdə inkişaf dərsləri də keçiriləcək. Sözügedən təhsil ocağının idman kompleksi, tennis kortu, çarhovuzu, incəsənət və teatr studiyası da vardır", - deyə Z.Veysova bildirib. Tədris dilinə və xarici dilin öyrədilməsinə gəldikdə isə, təhsil müəssisənin elmi rəhbəri qeyd edib ki, kompleksə müəllimlər yalnız müsabiqə yolu ilə qəbul olunur.
Kompleksdə bütün dərslər Azərbaycan dilində keçiriləcək. 2-ci sinifdən başlayaraq şagirdlərə məcburi şəkildə rus dili dərsləri də keçiriləcək. 4-cü sinifdən ərəb, 5-ci sinifdən isə fransız və alman dilləri şagirdlərin seçiminə veriləcək. O ki qaldı ingilis dilinə, bu dil uşaqlara bağça yaşlarından tədris olunacaq.
Bu "Özəl Müasir Təhsil Kompleksi"nin başqa məktəblərdən fərqinə gəldikdə isə, əvvəla bu müəssisə pulludur (ayda 350 dollar). Ən azı 6 ay və ya 1 illik təhsil haqqını əvvəlcədən ödəyənə, kompleksdə 2 və daha çox uşağı təhsil alana və əlbəttə ki, dərslərini mükəmməl oxuyanlara güzəştlər ediləcək. Dövlət məktəblərindən fərqli olaraq, burada Azərbaycan və dünya mədəniyyəti tarixi dərsləri də keçiləcək.
Rusiyanın Azərbaycanda yayımlanan ORT, NTV və RTR televiziya kanallarının nümayəndələrinin Bakıya səfəri sentyabrın ortalarına planlaşdırılıb.
Bu barədə mə`lumat verən Rabitə Nazirliyindəki mənbələr bildiriblər ki, səfərin gedişində həmin teleşirkətlərin respublikamızda yayımına görə yaranmış borclarla bağlı hər iki dövlətin mütəxəssisləri tərəfindən hazırlanmış müqavilənin yekun müzakirəsi aparılacaq.
Sözügedən müqavilədə bildirilir ki, adıçəkilən telekanallar bu ilin sonuna kimi yığılmış borcları ödəməlidirlər.
Rabitə Nazirliyindəki mənbələr Rusiya telekanallarının borclarının həcmi barədə mə`lumat verməkdən imtina edib.
Mənbə bildirib ki, həmin borcların həcmi elə də çox deyil və telekanallar onu ödəmək iqtidarındadırlar.
Adıçəkilən sənəddə xüsusi olaraq qeyd olunub ki, müqavilə üçüncü şəxsin iştirakı olmadan imzalanmalıdır.
Yeni müqavilənin bağlanmasına səbəb son vaxtlara kimi fəaliyyət göstərən ABA telekanalının qapanması olub. Belə ki, bu vaxta qədər Rusiya telekanallarının Azərbaycanda yayımına görə vəsaiti ABA ödəyirdi. ABA ORT, RTR və NTV-nin tezliyində efirə gedən reklamlardan əldə olunan gəlirin müəyyən hissəsini Rusiya kanallarının borclarına yönəldirdi. Lakin ABA fəaliyyətini dayandırdıqdan sonra Rusiya telekanallarının yayım haqqı ilə məşğul olmaq Rabitə Nazirliyinin üzərinə düşüb. Bundan sonra Rusiya telekanalları translyasiyanın hər saatına görə vəsaiti Rabitə Nazirliyinin müəyyən etdiyi tariflər əsasında ödəyəcəklər.
"Qaçqınların sosial problemlərinin həlli istiqamətində yeni sənədlər hazırlanıb və bu günlərdə ölkə prezidenti tərəfindən imzalanacaq".
Bu sözləri dünən Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirən baş nazirin müavini Əli Həsənov dedi. Ə.Həsənov prezidentin mə`lum fərmanından sonra qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasında gördükləri işlərdən danışdı: "Fərmanın 1-ci hissəsi məcburi köçkünlərin ərzaqla tə`min edilməsi ilə bağlıdır. Fərmana əsasən Azərbaycan Dövlət Neft Şirkəti 57 min köçkünün ərzaqla tə`min edilməsinə 906 milyon manat vəsait ayırıb. Bundan 33 milyon manatı Biləsuvar, Sabirabad, 6 milyon manatı Bərdə, 18 milyon manatı isə 15 rayonda məskunlaşan köçkünlərin ərzaqla tə`min edilməsinə sərf olunub. Ayrılan vəsaitdən 230 milyon manata qənaət edilib. Fərmanın 2-ci bəndi Ermənistan ərazisindən qaçqın düşən soydaşlarımıza aiddir. Bu qaçqınlar öz yurdlarından uzun müddət əvvəl qovulsalar da onların problemlərinin bir qismi həllini tapa bilməyib. Belə ki, 170 ailə hələ də qeydiyyatdan keçməyib, 3 min 823 ailə isə şəxsi mülkünü özəlləşdirə bilmir. Qaçqınlar üçün Goranboy rayonunun Gülüstan qəsəbəsinin Aşağı və Yuxarı Ağcakənd ərazisində 1400 evdən ibarət qəsəbə salınıb. Şəki, Naxçıvan, Gəncə və respublikanın digər rayonlarında məskunlaşan və Ağcakəndə getmək istəməyən ailələrin evlə tə`min edilməsinə 20 milyard manat, yataqxanalarda yaşayanların Ağcakəndə köçürülməsinə 53 milyard, 1995-ci ildən tikilisi yarımçıq qalan binaların tə`mirinə isə 10 milyard manat vəsait ayrılıb. Bundan başqa, qaçqınların daimi məskunlaşdıqları evlərin qarşısındakı torpaq sahələri onların şəxsi mülkiyyəti olacaq".
Xarici ölkələrin mətbuat nümayəndələrinin mütəmadi olaraq qaçqın düşərgələrinə getdiklərini deyən Ə.Həsənov hətta Fransa Milli Dövlət Televiziyasının bizim qaçqınların problemləri ilə bağlı 48 dəqiqəlik filim çəkdiyini də söylədi.
Bu ilin sonuna kimi paytaxtda 31 binanın şaxtasından kvartaldaxili qaz xəttlərinin çıxardılması ilə bağlı işlər başa çatacaq. Bu barədə "Bakqaz" İstehsalat Birliyindən bildiriblər ki, görülən işlər Nazirlər Kabinetinin 13 mart 2001-ci il tarixli 33 saylı qərarı əsasında aparılır.
Avqust ayında başlanan işlər bu günədək 9 yaşayış binasında həyata keçirilib. "Bakqaz"dan bildirildiyinə görə, əhali görülən yenidənqurma işlərinə heç də hər zaman müsbət yanaşmır. Ona görə ki, yenidənqurma aparılarkən bir neçə gün ərzində yaşayış binalarına verilən qaz kəsilir.
Lakin bütün bunlara baxmayaraq, işlər başa çatdırılmalıdır. Çünki burada söhbət insanların təhlükəsizliyindən gedir.
"Bakqaz"da əmindirlər ki, ilin sonuna qədər yerdə qalan 22 binanın şaxtasından qaz xəttləri çıxarılacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən paytaxtın 463 yaşayış binasında qaz xəttləri dəyişdirilməlidir. Belə ki, həmin binaların şaxtasından keçən qaz xətləri güclü korroziyaya mə`ruz qalıb. Bu da ağır nəticələrə gətirib çıxara bilər.
Növbəti il qaz xətlərinin dəyişdirilməsi Nəsimi (218 ev), Binəqədi (98 ev), Xətai (5 ev), Nizami (32 ev), Nərimanov (26 ev), Sabunçu (19 ev), Yasamal (5 ev) rayonlarında həyata keçirilməlidir.
 |
|