|
|
|
|
#97(321)
|
 |
Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə onun rusiyalı həmkarı Serqey İvanov arasında imzalanan müvafiq sənəd həqiqətən də gözlənilməz hesab edilə bilər.
Həmin sənədə görə, azərbaycanlı tələbələr bundan sonra Rusiya və MDB-nin hərbi məktəblərində təhsil ala bilər. Azərbaycanın NATO-ya yaxınlaşdığı bir dönəmdə müdafiə nazirlərinin arasında belə bir sazişin imzalanması müəyyən qədər anaşılmazlıq yaradıb. Çünki NATO standartlarına uyğunlaşa bilməməyimizdə yeganə səbəb kimi Rusiyanın Azərbaycan hərbiyyəsinə ciddi şəkildə nüfuz etməsi kimi izah olunurdu. Onda belə çıxır ki, Azərbaycan tərəfi Rusiyaya yaxınlaşmaqla perspektiv üçün nəzərdə tutulan NATO ilə əməkdaşlıqdan dolayısı ilə imtina edir.
Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı isə deyir ki, Azərbaycan kifayət qədər hərbi ən`ənələri olan Rusiyanın potensialından, təcrübəsindən istifadə etməlidir. Onun sözlərinə görə, bu cəhətdən müdafiə nazirlərinin sənəd imzalaması alqışlanmalıdır: "Hesab edirəm ki, bundan sonra Azərbaycan hərbisini NATO standartlarına uyğunlaşdırmaq bizim üçün o qədər də problem yaratmayacaq. Çünki günü bu gün Rusiya hərbisində də müəyyən islahatların aparıldığı müşahidə edilməkdədir. Bunların hamısı təqdirə layiqdir. Son müşahidələr də bir daha göstərir ki, Rusiya artıq hərbi sənayesini dünya standartlarına uyğunlaşdırmaq istiqamətində addımlar atır. Ona görə də burada perspektivdə Azərbaycan üçün ortaya çıxacaq hər hansı bir problem görmürəm".
Müdafiə nazirinin keçmiş müavini İsa Sadıqovun isə mövqeyi bir qədər fərqli oldu.O, belə bir anoloji sənədin Rusiya prezidenti Vladimr Putinin Azərbaycana rəsmi səfəri zamanı da imzalandığını dedi: "Amma ondan sonra mən bir dəfə də olsun eşitmədim ki,hansısa bir azərbaycanlı tələbə gedib Rusiyada təhsil alıb. Ona görə də imzalanan sonuncu sənəddən sonra da kimlərinsə Rusiyaya gedib təhsil alacağına da inanmıram. Azərbaycanın yeni sistemə keçdiyi, NATO-ya yaxınlaşdığı ərəfədə daha yaxşı olardı ki, belə bir addımı Rusiya ilə yox, NATO ilə ataq. Zabitlərimiz bundan sonra NATO məktəblərində təhsil alsa, bu, Azərbaycan üçün daha böyük nəticələr verə bilər. Son dövrlər Rusiya ilə Azərbaycan arasında baş verən hadisələrdən sonra kiminsə ora gedib təhsil olacağını təsəvvür edə bilmirəm. Açığı, Rusiyada təhsil alıb gələnlərin Azəzrbaycana nə cür qulluq edəcəyi də şübhə altında olacaq".
Ötən il "Neft işi"ndə ittiham olunaraq 7 il həbs cəzası almış sabiq xarici iqtisadi əlaqələr naziri Rauf Qarayev azadlığa buraxılıb. Bu sensasion mə`lumatı bizə ötürən mənbənin sözlərinə görə, keçmiş nazir avqust ayının 25-dən evində dincəlir. Lakin onun ailəsi, müəyyən səbəblərə görə, hələlik bu xəbərin yayılmasını istəmir.
Xatırladaq ki, "Neft işi" adlanan məhkəmə prosesində 16 nəfər ittiham edilirdi. Məhkəmənin yekununda onlardan 7-si azadlığa buraxıldı. Bunun ardınca ittiham olunanların hamısı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdilər. Apellyasiya Məhkəməsi işə yenidən baxandan sonra nazirliyin lisenziya şö`bəsinin müdiri Rauf Abbasov azadlığa buraxıldı. 5 nəfərin - Rauf Qarayev, Hafiz Babayev (əvvələr xarici iqtisadi əlaqələr naziri vəzifəsində işləyib - V.A.), Tofiq Axundov, Xanrza Əhmədov və Qalina Lebedevanın cəzaçəkmə müddəti azazldıldı. Əldə etdiyimiz mə’lumata görə, həmin 5 nəfərdən 4-nün (Qalina Lebedevadan başqa - red.) cəza növü də dəyişdirilib. Apellyasiya Məhkəməsi işə baxandan sonra Rauf Qarayevin cəzaçəkmə müddəti 7 ildən 4 ilə salınıb.
Dünən dəfələrlə cəhd etsək də, nə Rauf Qarayevin özü, nə də vəkili Səməd Pənahovla əlaqə qura bildik. Onu da deyək ki, Rauf Qarayev Xalq Azadlıq Partiyası (XAP) sədrinin hüquq məsələləri üzrə müavini, Demkonqresin Ali Məclisinin üzvüdür. XAP sədri Valeh Mirzəyev bizimlə söhbətində mə`lumatı təsdiqlədi və dedi ki, Rauf Qarayev artıq cəzasının üçdə birini çəkdiyi üçün, mövcud qanunvericiliyə əsasən, onun cəza növü dəyişdirilib. İndi sabiq nazirin ayda bir dəfə, 5 gündən çox olmayaraq, mə’zuniyyətə çıxmaq hüququ var. Valeh Mirzəyev bu günlərdə onun vəkili ilə də görüşdüyünü bildirdi. Vəkili deyib ki, Rauf Qarayev günahsızlığını sübut etmək üçün bu günlərdə yenidən şikayət ərizəsi ilə Ali Məhkəməyə müraciət edib. XAP sədrinin sözlərinə görə, Rauf Qarayev tam bəraət almaq istəyir.
Rauf Qarayevin hazırda harda olmasına gəlincə, Valeh Mirzəyev onda dəqiq mə`lumatın olmadığını dedi və istisna etmədi ki, keçmiş nazir yenidən cəzaçəkmə yerindədir.
Ötən gün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Zaqatala rayon sakini Gündüz Məmmədovu həbs ediblər.
Onun tutulmasına səbəb şəhər sakini Əminə Babayevanın şikayət ərizəsi olub. Qadın ərizəsində əvvəllər bir yerdə yaşadığı G.Məmmədovun onu öldürəcəyi ilə hədələdiyini bildirib.
Daxili İşlər Nazirliyindən aldığımız mə`lumata görə, həqiqətən də G.Məmmədov Ə.Babayevanı qətlə yetirmək barədə sifariş verib. Bu "missiya"nı isə G.Məmmədovun tanışı Zaur Rzayev öz üzərinə götürüb. Gördüyü işin müqabilində Gündüz onu 1 milyon 600 min manatla "mükafatlandıracağına" söz verib.
Z.Rzayevin ilk cəhdi uğursuzluqla nəticələnib.
Qeyd edək ki, hazırda Z.Rzayev axtarışdadır.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.
"Jurnalist Araşdırmaları Mərkəzini (JAM) yaratmaqda məqsəd Azərbaycanda mövcud azad sözü daha e`tibarlı qorumağa və tədqiqat jurnalistikasını inkişaf etdirməyə kömək göstərməkdir".
Bu barədə JAM rəhbəri Şeyda Nəsibli bugünkü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkə mətbuatında bir sıra problem hələ də qalmaqdadır və JAM həmin problemlərin həllinə yardımçı olmaq missiyasını yerinə yetirmək niyyətindədir. Eyni zamanda qurum qadın jurnalistlərin problemlərinə xüsusi diqqət yetirləcək.
Qurumun tərkibində fəaliyyət göstərən Məsləhət Şurasına ölkənin tanınmış ziyalıları daxildir.
Ş.Nəsibli bildirib ki, iyulun 15-də keçirilən tə`sis konfransından sonra qurumun qeydiyyata alınması üçün müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.
"Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Hesab edirik ki, Dağlıq Qarabağın gələcək statusu Minsk qrupu çərçivəsində danışıqların predmeti olmalıdır".
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Riçard Bauçer sentyabrın 5-də Dağlıq Qarabağda keçiriləcək yerli hakimiyyət seçkisinə Vaşinqtonun münasibəti barədə sualı cavablandırarkən bildirib.
"Avropa Şurasının qeyri-legitim saydığı bu seçkilər münaqişənin nizamlanması ətrafında situasiyanı gərginləşdirməyəcəkmi?" sualının cavabında Bauçer deyib ki, bu, danışıqlar prosesinə "tə`sir göstərməyəcək". Qeyd edək ki, ABŞ-dan fərqli olaraq Avropa Şurası Qarabağ separatçılarının yerli seçkilərini pisləmişdi.
Dünən Milli Məclisin sədri Murtuz Ələsgərov qondarma Dağlıq Qarabağ Respublikasında sentyabrın 5-də yerli hakimiyyət orqanlarına keçiriləcək "seçkilər"ə e`tiraz bəyanatıyla çıxış edib.
Sənəddə deyilir ki, Azərbaycanın zəbt olunmuş torpaqlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə ilə müşayiət olunan, zor gücü ilə yaradılmış, dünyanın heç bir dövləti tərəfindən tanınmayan "DQR"-ə qanuni don geydirmək üçün yerli hakimiyyət orqanlarına keçiriləcək seçkilər beynəlxalq hüquq prinsipləri və normalarına, Azərbaycanın konstitusiyasına və qanunlarına, ümumbəşər əxlaq və mədəniyyət normalarına zidd olaraq heç bir qanuni qüvvəyə malik deyil, heç bir hüquqi nəticə doğura bilməz.
M.Ələsgərov Avropa Şurasının qondarma "seçkilər"ə münasibətini təqdir edib.
"Sentyabrın 17-18-də Azərbaycan prezidenti Heydər Əliyev İran İslam Respublikasına rəsmi səfər edəcək.
Səfərə həm İran, həm Azərbaycan tərəfindən ciddi hazırlıq işlərinə başlanıb" - deyə İİR-nin ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri İzətullah Cəlali "Olaylar"ın müxbiri ilə söhbətində bildirib. İ.Cəlalinin sözlərinə görə, bu məqsədlə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Namiq Abbasov sentyabrın 7-də Tehrana səfər edəcək.
Ermənistan prezidenti Robert Köçəryan bu gün Xankəndinə gələcək. O, Dağlıq Qarabağda separatçı rejimin e`lan edilməsinin 10-cu ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək. Ermənistan prezidenti 2 gün ərzində Qarabağ separatçılarının liderləri ilə müzakirələr aparacaq.
Xatırladaq ki, 1991-ci il sentyabrın 2-də o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti qondarma "Dağlıq Qarabağ Respublikasının" e`lan olunması və Azərbaycanın tərkibindən çıxması barədə qərar qəbul edib. Bu qərarın qəbulunda o dövrdə separatçıların önündə gedən Robert Köçəryanın da az "xidməti" olmayıb.
|