Şərh

Ana səhifə
Xəbər
Şərh
Siyasət
Mədəniyyət
Sağlamlığ
İş günü
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#98(322)
Gürcüstanla danışıqlar təzədən başlayır
Amerika da qorxarmış


Gürcüstanla danışıqlar təzədən başlayır

Dünya Bankının "barmağı"ndan sonra tarif məsələsinə yenidən qayıdan Tbilisi "Şahdəniz" qaz kəmərinin tariflərlə bağlı güzəştlərə getmək niyyətində olmadığını və məsələnin uzanmasından ən böyük zərəri məhz Gürcüstanın çəkəcəyini bildirir. Yaranmış ziddiyyətin necə sahmanlanacağı Azərbaycan-Gürcüstan münasibətləri üçün əlahiddə önəm daşıyır.
Gürcüstanın Bakı böyükelçisii Zurab Qumberidze "Şahdəniz" qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə bağlı tarif danışıqlarının yenidən başlayacağını bildirib. Bu məqsədlə Azərbaycan, Gürcüstan və layihəyə operatorluq edən "vp"-nin hey`ətləri görüşməlidir. Xatırladaq ki, kəmərin çəkilişinə dair Azərbaycan-Gürcüstan sazişləri iyulun 27-də prezident Eduard Şevardnadzenin Bakıya səfəri gedişində imzalanmalı idi. Ondan sonra Gürcüstan prezidentinin səfəri bir neçə dəfə planlaşdırılsa da tə`xirə salınıb. Ləngitmənin səbəbi olaraq müxtəlif izahlar verilsə də, artıq gerçək motiv bəllidir. Tbilisi imzalanacaq sazişlərdə təkcə tranzitçi kimi deyil, həm də qaz alıcısı kimi (təbii ki, güzəştli qiymətlərlə), təsbit olunmağı, habelə tranzit tariflərinin yüksəldilməsini istəyir. Təbii ki, əsas ziddiyyət məhz ikinci istək ətrafındadır. Çünki kəmərin Gürcüstandan keçəcək hissəsi ilə bağlı tariflər uzun müddətdən bəri müzakirə mövzusu idi və iki ay öncə bu barədə ümumən razılığın əldə olunduğu bildirilirdi. Tbilisinin bu məsələyə təzədən qayıtması situasiyanı qəlizləşdirir. Təsadüfi deyil ki, Azərbaycan rəhbərliyi də məsələyə bu yöndən yanaşır və danışıqların uzanmasının kəmərin tikintisini azı bir il ləngidə biləcəyini bildirir.
Xatırladaq ki, bu ilin aprelində İstanbulda Azərbaycanla Türkiyə arasında imzalanan müqaviləyə əsasən "Şahdəniz" strukturundan çıxarılacaq təbii qazın nəqlinə dair kəmərin tikintisi 2002-ci ildə başlanmalı və 2004-cü ildən ixracat başlanmalıdır. Layihəyə görə, 2004-2006-cı illərdə ixrac həcmi müvafiq olaraq 2, 3 və 5 milyard kub metr təşkil etməlidir. Ümumilikdə 15 il ərzində Türkiyəyə təxminən 90 milyard kub metr "mavi yanacaq" nəql edilməlidir. Əgər Azərbaycan qazının alıcısı qismində Gürcüstan, habelə Türkiyədən sonra hansısa digər ölkə çıxış etsə, deməli, ixracın həcmi artırıla bilər. Lakin bu sonranın məsələsidir, öncə kəmər hazır olmalıdır. 800 kilometrlik kəmərin 280 kilometri Gürcüstan ərazisindən keçməlidir. Azərbaycanla Gürcüstan arasında iyulun sonunda ümumən razılaşdırılan tranzit müqaviləsi layihəsinə əsasən, ilk 5 ildə tarif qiyməti 2 dollar (1000 kub metrin nəqlinə görə), növbəti 5 ildə 2,75, sonrakı 5 ildə isə 3,50 dollar təşkil etməlidir. Sonrakı illərdə isə tarif 4,25-4,50 dollar arasında ola bilər. Gürcüstanın bu razılaşmadan geri çəkilməsi Dünya Bankının Şevardnadzeyə ünvanladığı məktubdan sonra aktuallaşdı. Hərçənd ekspertlər Tbilisinin buna qədər də tariflərdən o qədər razı olmadığını bildirdilər. Dünya Bankının Cənubi Qafqaz üzrə kuratoru Cudi O`Konnorun Gürcüstan prezidentinə göndərdiyi məktubda Tbilisi "Şahdəniz" kəmərindən daha çox gəlir götürməyə təşviq edilir. "Nyu-York Tayms"ın yazdığına inansaq DB Gürcüstanı 5-10 dollar arasında tranzit tarifi üzərində israr etməyə çağırıb. Əks təqdirdə DB Gürcüstana yeni kreditlər ayırmayacağını bildirib. Hərçənd dünyanın mö`təbər maliyyə qurumunun məhz bu tərzdə çağırışla çıxış etməsi müəmmalı görünür. DB-nin kredit siyasətini kifayət qədər sərt yeritdiyi bəllidir, amma bu onun iki ölkə arasındakı saziş layihəsinə belə müdaxiləsinə haqq qazandırmır. ARDNŞ-in 1-ci vitse-prezidenti İlham Əliyev DB-nin müdaxiləsini sərt qınayaraq onun faktiki olaraq iki qonşu ölkənin münasibətlərinə xələl gətirdiyini vurğulayıb. Rəsmi Bakının mövqeyi belədir ki, Gürcüstanla tarif danışıqları beynəlxalq praktika və konkret şərait nəzərə alınmaqla ən optimal zəmində aparılıb ıə layihə razılaşmaları dəyişdirilməməlidir.
ARDNŞ-in sabiq rəhbəri, Sahibkarlığa Yardım Fondunun prezidenti Sabit Bağırov Gürcüstanın cari situasiyadan sui-istifadə etdiyini bildirir. Onun sözlərinə görə, ciddi maliyyə-iqtisadi böhranla üzləşən Gürcüstan vəziyyti qismən də olsa Azərbaycandan tarif güzəştləri qoparmaqla düzəltmək istəyir. S.Bağırov Dünya Bankının bu məsələyə birbaşa müdaxiləsini yolverilməz sayır. Onun sözlərinə görə, DB yalnız müəyyən tövsiyyələr verə bilər: "Məsələ ondadır ki, Dünya Bankı digər ölkələrlə yanaşı, Gürcüstana da iri kreditlər (ildə təxminən 100 milyon dollar) ayırır və onların geri qaytarılmasına da ciddi nəzarət edir. Bu baxımdan "Dünya Bankı Tbilisiyə əlavə maliyyə qaynağı kimi "Şahdəniz" layihəsindən daha çox faydalanmağı tövsiyyə edə bilər". Bununla belə, S.Bağırov hesab edir ki, Azərbaycanın təklif etdiyi tariflər tamamilə optimaldır.
Prinsip e`tibarilə Bakı hadisələrin bu cür gedişatına hazırdır. ARDNŞ-in 1-ci vitse-prezidenti İlham Əliyevin sözlərinə görə, 2004-cü ilədək ixrac kəməri hazır olmasa Azərbaycan "Şahdəniz" konsorsiumunun çıxardığı qazı daxili tələbat üçün alacaq. Xatırladaq ki, Azərbaycan hazırda Rusiyadan ("İtera" şirkəti tərəfindən) 4 milyard kub metr qaz alır. Belə olan təqdirdə Azərbaycanın çıxardığı təbii qazı xaricə satıb, başqa bir ölkədən "mavi yanacaq" idxal etməsi qəribə görünə bilər. Amma bu bilavasitə iqtisadi-kommersiya məsələsidir: Azərbaycan Rusiyadan qazı (hər 100 kub metrə) 52 dollara alır, Türkiyəyə ixrac isə 80-120 dollar arasında nəzərdə tutulur. Deməli, hələlik, qazı daxili tələbat üçün kənardan alıb, öz məhsulunu xaricə satmaq daha məqsədəyğundur. Ümumilikdə isə Azərbaycanın ixrac-tranzit imkanlarının alternativsiz olması (hələlik) Gürcüstanla nəticə e`tibarilə dil tapılmasını zəruri edir. Hərçənd perspektivdə Azərbaycan-İran münasibətlərinin sahmanlanması (o cümlədən, Vaşinqtonun mə`lum sanksiyalarının yumşalması) ixrac və satış marşrutunun cənuba istiqamətlənməsini də mümkün edə bilər. Amma Bakı Tbilisinin bu cür imtiyazlı vəziyyətdən sui-istifadəsinə də razılaşmaq fikrində deyil. Ötən il Azərbaycan Bakı-Ceyhan məsələsində özünün tarif payından Tbilisinin xeyrinə imtina etməklə onsuz da daxildə qınaqlara mə`ruz qalmışdı. O vaxt Bakı bu addımı strateji məqamları (o cümlədən, Bakı-Ceyhanın transregional layihə kimi önəmini) nəzərə alaraq atmışdı. İndi isə vəziyyət bizi qaçılmaz güzəştlərə vadar etmir. nYeri gəlmişkən, burada bir cəhəti də vurğulamaq vacibdir. İstər ötən il Bakı-Ceyhanla bağlı güzəştlər, istərsə də cari situasiya bir sıra "müstəqil" ekspertlərə Azərbaycanın neft-qaz siysətinin guya əsassız güzəştlər üzərində qurulduğunu idda etməyə bəhanə verib. Hətta bə`ziləri konkret rəqəmlər göstərərək, Azərbaycanın ötən il Gürcüstana 1 milyard güzəşt etdiyini, "Şahdəniz"lə bağlı isə 660 milyon dollar güzəştə hazırlaşdığını bəyan edirlər. Əvvəlcə 1 milyard haqqında. Bakı-Ceyhan ixrac müqaviləsinə əsasən, Azərbaycan 40 il ərzində özünə düşəcək tarif payından imtina edib. Bu da 40 ildə təxminən 950 milyon dollar edir (ildə 23-24 milyon dollar). Amma Azərbaycan bu addımı atmaqla həmin 40 ildə 50 milyarddan artıq gəlirini (yalnız "Əsrin müqaviləsi"ndən) tə`min etmişdir. O ki qaldı 660 milyona, onu hesablayanların fantaziyası maraq doğurur. Azərbaycan "Şahdəniz" kəməri ilə Türkiyəyə 90 milyard kub metr qaz satmalıdır. Azərbaycanın guya hər min kubmetrdə 7-8 dollar (?) güzəştə gedəcəyini güman edən "ekspertlər" orta göstərici kimi bu rəqəmi "çıxarıblar". Təbii ki, bu cür spekulyasiyalar sırf siyasi sifarişdir və onları tirajlamaqla Azərbaycanın neft strategiyasına xal salmaq cəhdləri əbəsdir.

Amerika da qorxarmış

Dünyanın bir nömrəli fövqəldövləti əndişəli günlərini yaşayır. Kim inanardı ki, qüdrət və sanbalına hamının aşağıdan yuxarı baxdığı nəhəng ölkə də hansısa problem qarşısında aciz qalacaq. Amerika qlobal terror şəbəkəsinin ən ifrat cərəyanlarının hədəfindədir. Beynəlxalq terrorizmin "as"ları Amerikanı hədələməkdə indiyədək görünməmiş həmrə`ylik nümayiş etdirirlər. Son vaxtlaradək ABŞ-ın əsasən İslam təmayüllü (hərçənd dini təəssübkeşlik altında pərdələnən bu təmayüllərin gerçək İslama heç bir dəxli olmadığı şübhəsizdir) radikal qurumlarla problemləri diqqət mərkəzində idisə, indi həmin sıraya Dövlət Departamenti strateqlərinin uzun siyahısı əlavə olunub. Hətta marksist təmayüllü Karlos ("Şakal") da Amerikadan heyif çıxacağını bildirir.
Birləşmiş Ştatlar bu hədələri tamamilə ciddi qəbul edir və çeşidli səviyyələrdə tədbirlər (mühafizə, profilaktik, xəbərlardıq və s.) görməkdədir. Necə deyərlər, bomba ilə zarafat etmək olmaz. 1998-ci ildə Amerikanın Tanzaniya və Genuyadakı səfirlikləri yanandan sonra yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan terror aktı amerikalıları sarsıtdı. İndi ABŞ milli təhlükəsizlik konsepsiyasının əsas küncünə qlobal nüvə təhlükəsi, ballistik raket hücumundan mühafizə ilə yanaşı, beynəlxalq terrordan müdafiə məsələsi də qoyulur. Vaşinqton qorunma tədbirlərinə milyardlarla maliyyə ayırır. Dünyanın 150-dən artıq ölkəsində fəaliyyət göstərən ABŞ nümayəndəliklərinin mühafizə sistemi gücləndirilməkdədir. Hətta bə`zi yerlərdə ABŞ səfirlikləri müvəqqəti olaraq bağlanır, yaxud da giriş-çıxış maksimum məhdudlaşdırılır. Ötən həftəsonu Amerikanın Rumıniya və Bolqarıstandakı diplomatik eçlikliklərində də bu rejim tətbiq edilib.
ABŞ-ın Bakıdakı səfirilyi ətrafında baş verənlər də gözümüzün qabağındadır. Ötən il qonşuluqda potensial "təhlükə mənbəyi" kimi görünən yaşayış binalarını sökdürən səfirlik artıq neçə vaxtdır ki, hasarı boyunca yolu da bağlatdırıb. Bakı merinin dediyinə görə, amerikalıların bu addımı müvəqqəti (mühafizə) səciyyə daşıyır və yol nə vaxtsa açılacaq. Hərçənd xarici işlər nazirimiz başqa cür düşünür və ABŞ nə qədər böyük dövlət olsa da, onun bu cür özfəaliyyət hərəkətlərinə haqq qazandırmadığını bildirir.
Biz xoşniyyətli və yumşaq xarakterli millətik, yəqin amerikalıların bu matahlığını da birtəhər həzm edəcəyik.
Amma bir məqam həqiqətən düşündürücüdür. Amerika niyə "bu günə" düşüb? Bunun niyəsini hər cür izah etmək olar, lakin bir cəhəti vurğulamaq da yetər. Birləşmiş Ştatlar bu gün əlində girinc qaldığı təşkilat və cərəyanların çoxunu vaxtilə özü yetişdirib, himayə edib və istiqamətləndirib. Qlobal geosiyasi savaş müstəvisindəki rəqiblərini vurmaq üçün yetişdirdiyi qüvvələrin bir gün özünə qarşı çevriləcəyini Amerika, görünür, nəzərə almayıb. 1980-ci illərdə Əfqanıstanda ABŞ-ın "vuran əli" (Sovet hərbi kontingentinə qarşı) olmuş Bin Laden indi Vaşinqton üçün başağrısına çevrilib. Amerika onun qorxulu kabusunu dünyanın hər yerində hiss edir.
Amerika nəhəng dövlətdir, dünyaya da nəhəng maraqlarının prizmasından baxır. Məsələn, Amerika üçün Dağlıq Qarabağ çox xırda bir yerdir və orada cərəyan edənlər epizodik səciyyəlidir. Qarabağdakı separatçı rejimin mahiyyətcə Azərbaycan dövlətinə qarşı sistemli (və kənardan idarə olunan) terrorizm düşərgəsi olduğunu ABŞ e`tiraf etmək istəmir. Ermənistanın bir dövlət kimi bu düşərgəyə sahiblik etdiyini də "görmür". Hətta separatçı rejimin seçkilərinə də nə olsun deyə münasibət bildirir. Halbuki, ABŞ-ın da imza atdığı beynəlxalq sənədlərdə dövlət əleyhinə hərbi mübarizə ilə müşayiət olunan separatçılıq beynəlxalq terrorizmin ən qatı cərəyanı kimi təsbitlənib. Bəlkə Qarabağ ABŞ üçün çox uzaq bölgədir. Yoxsa mütləq hansısa "yan"ın Amerika əleyhinə terror aktını görmək lazımdır ki, Azərbaycanın başına açılanlar da faciə sayılsın.

 Ana səhifə | Xəbər | Şərh | İqtisadiyyat | İş günü | Kriminal| İdman

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd