Siyasət

Ana səhifə
Xəbər
Şərh
Siyasət
Mədəniyyət
Sağlamlığ
İş günü
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#98(322)
"Rusiya ilə İran rəqabətdədir"
"AzRUS" Azərbaycana xidmət etməyəcək
"Qüdrət Həsənquliyev səhv edir"
"Azərbaycandan güzəşt istəyirlər"


"Rusiya ilə İran rəqabətdədir"
Tofiq Zülfüqarov: "İranın başqa dövlətlərlə problemləri var"

İran-Rusiya hərbi əməkdaşlığı günbəgün möhkəmlənir. Halbuki, bir müddət əvvəl İranın xarici işlər naziri "Xəzəryanı dövlətlər hərbsizləşdirilsin" təklifi ilə çıxış etmişdi. Tehran rəsmilərinin verdiyi təkziblərə baxmayaraq, İranın Rusiyadan aldığı silahların yalnız müdafiə xarakterli olmadığı təsdiqini tapmaqdadır. Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə iddia edir ki, İranın bu cür silahlanmasından xoflanmağına dəyməz. Zülfüqarovun sözlərinə görə, bir neçə iri dövlətlə ciddi problemi olan İran indiki situasiyada daha çox müdafiə olunmağa üstünlük verir:
- Yaddan çıxarmamalıyıq ki, Rusiya hələ SSRİ dağılmamışdan da İrana külli miqdarda silah satıb. Açığını deyim ki, son vaxtlar satılan silahların əvvəlkilərdən çox və ya az olduğu barədə məndə dəqiq mə`lumatlar yoxdur.
Məsələnin təhlükəli tərəfi odur ki, satılan silahların böyük əksəriyyəti İran rəsmilərinin dediklərindən fərqli olaraq heç də müdafiə xarakterli deyil. İranın bu cür silahlanması Azərbaycan üçün problem yarada bilərmi?
- İran böyük dövlətdir. Mənə belə gəlir ki, son vaxtlar iki dövlət arasında yaranan problemləri güc yox, danışıqlar yolu ilə həll etmək lazımdır. Təbii ki, Azərbaycan bu məsələləri güc yolu ilə həll etmək fikrində də deyil. Çıxış yolu siyasi gedişlərdən və danışıqlardan asılıdır. Ona görə də, İranın silahlanıb-silahlanmaması bizi o qədər də maraqlandırmamalıdır. İranın qonşu, o cümlədən, başqa dövlətlərlə ciddi problemləri var. Burda söhbət bəlkə də heç Azərbaycandan getmir. Fikir versək, görərik ki, həmin dövlətlərlə rəsmi Tehranın münasibətləri günü-gündən gərginləşir. Ona görə də, bu gün silahlanma İranın özünə lazımdır. Mənə belə gəlir ki, İran daha çox öz ölkəsinin təhlükəsizliyini tə`min etmək üçün silahlanır.
Amm hərbi ekspertlər iddia edirlər ki, Rusiya ilə İranın hərbi əməkdaşlığı Türkiyənin son manevrlərinə hesablanıb...
- Yadda saxlamalıyıq ki, həm Rusiya, həm də İran Azərbaycanın qonşularıdır. Hər iki ölkə Azərbaycanda mövqelərini möhkəmləndirmək, nüfuzlarını genişləndirmək istəyir. Onların strateji portnyorluğuna gəlincə, mənə belə gəlir ki, burada rəqabət də ola bilər. Onlar həmişə Azərbaycanla elə əlaqələr qurmaq istəyiblər ki, bu, onların regionda möhkəmlənməsinə gətirib çıxarsın. Ona görə də, İranla Rusiyanın hərbi əməkdaşlığının Azərbaycana qarşı yönəldiyinə inana bilmirəm. Əksinə, onlar Azərbaycana nüfuz etmək üçün bir-biri ilə rəqabət aparırlar və mən bunu görürəm.

"AzRUS" Azərbaycana xidmət etməyəcək
Araz Əlizadə: "Rusiyapərəstlərlə birgə ola bilmərik"

ASDP AKP sədri Ramiz Əhmədovun təşəbbüsü ilə yaradılan "AzRUS" cəmiyyətinə qoşulmayacaq. Bu haqda yayılan xəbərləri təkzib edən partiya həmsədri Araz Əlizadə "sosdem"lərin "rusiyapərəst qüvvələr"lə birgə olmayacağını bildirib.
Ramiz Əhmədovun siyasi orientasiyası ilə tanış olduğunu bildirən ASDP həmsədri onun Azərbaycanın dövlətçiliyi əleyhinə fəaliyyət göstərdiyini iddia edib. Əlizadənin fikrincə, yeni yaradılan "AzRUS" da Azərbaycanın maraqlarına xidmət etməyəcək: "Ümumiyyətlə, onlar bizə belə təklif etməyiblər. Yəqin ki, belə təklif olsa da, rədd edəcəyik. Çünki Ramiz Əhmədovun məqsədi Azərbaycanı Rusiyanın tərkibində görməkdir. O, müstəqil Azərbaycanı istəmir. Ona görə də, onunla hər hansı işbirliyini istisna edirik". Araz Əlizadə həmçinin bildirib ki, "Sosialist Azərbaycanı" blokunun fəaliyyətinə də eyni səbəblərdən xitam verilib: "Onlar "bəlkə də qaytardılar" prinsipi ilə fəaliyyət göstərirdilər. Bu qurumu Azərbaycan üçün təhlükəli hesab etdiyimiz üçün fəaliyyətinə xitam verməli olduq. Biz yalnız "azərbaycançı" qüvvələrlə əməkdaşlıq edə bilərik".

"Qüdrət Həsənquliyev səhv edir"
Əli Kərimli: "O dediklərinə özü də inanmağa başlayıb"

AXCP-də (islahatçılar) AMİP-lə saziş əleyhinə e’tirazlar getdikcə kəskin xarakter alır. Sözügedən sazişin imzalanmasına qarşı çıxan partiya funksioneri Qüdrət Həsənquliyev artıq Əli Kərimlini sazişin imzalanması üçün Ali Məclis üzvlərinin mövqeyinə tə’sir göstərməkdə ittiham edir. Həsənquliyevin sözlərinə görə, AXCP Ali Məclisinin üzvləri son vaxtlar partiyada qəbul olunan qərarlara, sadəcə, sədrə hörmət əlaməti kimi səs veriblər. Vəziyyətin belə davam edəcəyi təqdirdə, Qüdrət Həsənquliyev hətta partiyadan iste’fa verəcəyini vurğulayıb: "Özünə hörmət edən insan səhv hesab etdiyi qərarları daimi olaraq dəstəkləyə bilməz. Partiyada mütəmadi olaraq səhv hesab etdiyim qərarlar qəbul olunacaqsa, onda sözsüz ki, təşkilatda qala bilməyəcəyəm".
Qüdrət Həsənquliyevin bu açıqlamaları AXCP sədri Əli Kərimlini narazı salıb. Kərimli "Bizim ƏSR"ə açıqlamasında Qüdrət bəyin fikirlərinin əsaslı olmadığını bildirib: "Açığı gözləməzdim ki, Qüdrət bəy belə açıqlamalar versin. Mən onun partiyadan getməsi mümkünlüyü ilə bağlı açıqlamalarını düzgün hesab etmirəm".
AMİP-AXCP sazişi ilə bağlı Ali Məclis üzvlərinin mövqeyinə tə’sir etmək niyyətində olmadığını bildirən Əli Kərimli əlavə etdi ki, məsələ hələ də partiyada müzakirə olunmayıb: "Başa düşə bilmirəm ki, Qüdrət bəy nəyin əsasında belə fikirlər səsləndirib. AXCP Ali Məclisində, ümumiyyətlə saziş müzakirə olunmayıb. Əgər o, 16 iyul sessiyasına istinad edirsə, həmin toplantıda da bu məsələ ilə bağlı hər hansı müzakirələr aparılmayıb. Belə olduğu halda, sədrin Ali Məclis üzvlərinə tə’sirindən danışmaq nə qədər düzgündür?
Hər hansı qərar qəbul olunmadığına görə, mənim fikirlərim qətiyyən partiya üzvlərinə tə’sir kimi qiymətləndirilməməlidir. Mən sadəcə olaraq bu sazişin hər iki partiya və cəmiyyət üçün əhəmiyyəti barədə fikirlərimi açıqlamışam. Partiyada da kiminsə bununla razılaşmamaq hüququ var".
Əli Kərimlinin fikrincə, Qüdrət Həsənquliyev partiyadakı çoxluğun fikri ilə hesablaşmaq əvəzinə, özünün haqlı olduğunu sübuta yetirməyə çalışır: "Siyasətdə obyektiv həqiqəti tapmaq mümkün deyil. Siyasətdə nəyin düz, nəyin səhv olduğunu çoxluq müəyyənləşdirir. Qüdrət bəyin narazı qaldığı qərarların çoxu Ali Məclis üzvlərinin təxminən 95 faizinin səsi ilə qəbul olunub. İndi Qüdrət bəy hansı məntiqlə partiyanın mütləq əksəriyyətinin mövqeyini səhv, özünün fərdi fikrini isə obyektiv hesab edir? Şəxsən mən bunu doğru yanaşma hesab etmirəm. Qüdrət bəyin sadaladığı qərarların heç biri səhv qərarlar deyil. Əgər çoxluq həmin qərarları doğru bilibsə, onda çoxluğun iradəsi ilə hesablaşmaq lazımdır".
Qüdrət Həsənquliyevin səhv fikirdə olduğunu bildirən Əli Kərimli hesab edir ki, E’tibar Məmmədovun AXCP-nin vahid namizədi kimi qəbul olunmasından söhbət belə gedə bilməz: "Qüdrət bəy bu barədə o qədər danışıb ki, artıq dediklərinə özü də inanmağa başlayıb. Artıq ona elə gəlir ki, ictimaiyyətdə də belə fikir formalaşıb".

"Azərbaycandan güzəşt istəyirlər"
Zəlimxan Məmmədli azərbaycanlılara qarşı təzyiqlərin artmasını belə izah edir

"Əgər iki ay öncə kimsə proqnoz versəydi ki, bir iki həlledici olmayan partiyadan savayı, cəmiyyətin bütün təbəqələri "Qarabağ Xartiyası"na dəstək verəcək, biz bunu həddindən artıq optimist bir proqnoz kimi qəbul edərdik. Ancaq biz gözlədiyimizdən daha uğurlu nəticələr əldə etdik. Sentyabrın birinci yarısında nəticələr ictimaiyyətə açıqlanacaq". Prezident katibliyinin sabiq rəhbəri, politoloq Eldar Namazov "Bizim ƏSR"ə açıqlamasında belə deyib. Qarabağ probleminin həlli ilə bağlı ümumilli mövqeni əks etdirən "Qarabağ Xartiyası"nın ölkənin ictimai-siyasi təşkilatlarının mütləq əksəriyyəti tərəfindən imzalandığını deyən politoloq prosesin özünü "mini-referendum" adlandırıb.
"Sənədi 600-dən çox ictimai-siyasi təşkilat, görkəmli ziyalı və din xadimləri, milli azlıqların nümayəndələri imzalayıb." Eldar Namazov həmçinin bildirib ki, hazırlanmış sənəd müxtəlif beynəlxalq təşkilatlara göndəriləcək. Onun fikrincə, "Qarabağ Xartiyası" beynəlxalq ictimaiyyəti münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi ilə bir daha tanış edəcək: "Yaxın günlərdə sənəd ictimaiyyətə açıqlanacaq. Eyni zamanda, sənədi ATƏT-ə, BMT-yə, Minsk qrupu həmsədrlərinə göndərəcəyik. Bununla da bizim işimiz bitəcək. Beynəlxalq təşkilatlar bilməlidir ki, Azərbaycan ictimaiyyəti münaqişənin hansı prinsiplərlə həllini gözləyir. Azərbaycana indiyə olan təzyiqlərin kökündə o dayanıb ki, ölkə ictimaiyyətinin münaqişənin həlli ilə bağlı hansı mövqedə olması dünya ictimaiyyətinə bəlli deyil. Görəndə ki, Ermənistan müxalifəti və iqtidarı münaqişənin həlli ilə bağlı eyni mövqedədir, onda beynəlxalq təşktilatlar da bizə təzyiq göstərməyə çalışırlar".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd