İdman

Ana səhifə
Xəbər
Şərh
Siyasət
Mədəniyyət
Sağlamlığ
İş günü
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#98(322)
M.Rəhimov: "Pekin universiadası bizə böyük dərsdir"
Moldovanın 6 illik qələbə həsrətinə bizimkilər son qoydu


M.Rəhimov: "Pekin universiadası bizə böyük dərsdir"
Tələbələrin növbəti universiadasında Azərbaycan daha böyük tərkiblə iştirak etməyə çalışacaq

Çinin paytaxtı Pekində keçirilən Tələbələrin XXI Ümumdünya Universiadası başa çatdı. Miqyasına görə, yalnız olimpiya oyunlarından geridə qalan universiadada 166 dövlətin təxminən 7 minədək idmançısı iştirak edib. 12 gün davam edən yarışda ölkəmiz 8 dzüdoçu və bir hakimlə təmsil olunub. Fərəhli haldır ki, idmançılarımızın sayının az olmasına baxmayaraq, üçünün adı universiadanın mükafatçıları sırasındadır. 81 kq çəki dərəcəsində çıxış edən dzüdoçumuz Mehman Əzizov isə universiadanın gümüş mükafatına layiq görülüb. Universiadanın gedişi haqqında daha dolğun mə’lumat almaq məqsədilə Gənclər, İdman və Turizm Nazirliyi baş idarəsinin rəis müavini Mirkamil Rəhimovla görüşdük.

Azərbaycan universiadada hansı idman növlərində təmsil olunurdu?
- Əvvəla onu deyim ki, Azərbaycan bu yarışlarda 1994-cü ildən iştirak edir. İki ildən bir keçirilən universiada olimpiya oyunlarından sonra dünyada ən mö’təbər idman tədbiri hesab olunur. Pekində keçirilən bu dəfəki yarışlarda ölkəmizin idman şərəfini qorumaq dzüdoçulara və yüngül atletlərə həvalə olunmuşdu. Əlamətdar haldır ki, Çin Xalq Respublikası Pekin Universiadasına həm də 2008-ci il Olimpiadasına hazırlıq kimi baxırdı. Buna görə də, yarışların səviyyəsi çox yüksək idi.
Nə üçün ölkəmiz idmanın yalnız iki növündə təmsil olunub? Axı idmanın başqa növlərində də uğurlarımız var...
- Universiadanın özü idmanın 13 növü üzrə təşkil olunmuşdu. Rusiya, ABŞ, Almaniya, Ukrayna, Koreya kimi böyük dövlətlər bu yarışlarda çoxsaylı nümayəndə hey’əti ilə təmsil olunsalar da, yalnız Çin idmançıları bütün idman növlərində iştirak edirdilər. Komandamız yarışlarda 8 nəfərlik hey’ətlə iştirak etdi. Kifayət Qasımova (57 kq), Vüqar Budaqov (60 kq), Azər Fətullayev (71 kq), Mehman Əzizov (81 kq), Nurəddinov Səlimov (90 kq) və Namiq Sultanov dzü-do, Dmitri Çimuçkin və Adilə Əliyeva atletika yarışlarında iştirak edirdilər.
İdmançılarımızın iştirakı haqqında nə deyə bilərsiniz?
- Əlbəttə ki, ilk növbədə dzüdoçumuz Mehman Əzizovun uğurlu çıxışını qeyd etmək istərdim. Bu yarışda yüksək texnika nümayiş etdirən Mehman Suriya, ispan, çex və tacik dzüdoçularına qalib gələrək finala çıxdı. Finalda o, Koreya idmançısı ilə qarşılaşdı. Açığını deyim ki, bu qarşılaşmada hakimlərin rəqib idmançıya xüsusi simpatiyası sayəsində qızıl medal Azərbaycandan "uzaqlaşdı". Dünya Dzü-do Federasiyasının əslən koreyalı olan prezidentinin bu tədbirdə şəxsən iştirak etməsi görünür, hakimlərin obyektivliyinə tə’sir etmişdi. Bundan əlavə, gənc olmasına baxmayaraq, Nurəddin Səlimov yüksək əzmkarlığı ilə yadda qaldı. İki görüşdə qələbə çalan Nurəddin üçüncü qarşılaşmada dünya çempionatının gümüş mükafatçısı, rusiyalı Dmitri Morozova məğlub oldu. Təsadüfi deyil ki, Dmitri sonradan universiadanın gümüş medalına layiq görüldü. Kifayət Qasımova 9-cu, Vüqar Budaqov və Azər Fətullayev 7-ci yerləri tutdular. Yüngül atletlərdən Dmitri Çimuçkin və Adilə Əliyeva müvafiq olaraq 200-400 və 400-800 metr məsafəyə qaçış yarışlarında iştirak etdilər. Dmitri 45 iştirakçı arasında 18-ci oldu və öz rekordunu təzələdi. Bu, gənc idmançı üçün yaxşı nəticədir.
Sizcə, bu nəticələr uğurlu sayıla bilərmi?
- Universiadada 1-8-ci yerləri tutan idmançılar mükafatçılar sırasına düşmüş hesab olunur. Odur ki, 8 idmançımızın üçünün mükafatçılar sırasına düşməsini uğur adlandırardım. Dzü-do yarışlarında Azərbaycan komandası 66 kollektiv arasında 14-cü yeri tutdu. Bundan başqa, universiadada hakimlik edən Zair Məmmədov peşəkarlığını göstərərək rəğbət qazandı.
Universiadaya nisbətən güclü idmançıları aparmaqla, daha böyük nəticə əldə etmək olmazdımı?
- Əsas məqsədimiz gənc idmançıları yoxlamaq idi. Deməzdim ki, idmançılarımız təcrübəsiz idilər. İdman hey’əti gənclərdən ibarət seçmə komandaların bir nömrəli idmançıları əsasında formalaşdırılmışdı. İdmançılarımızın çıxışları çoxlarının diqqətini cəlb etdi. Komandamız universiadanı 28-ci yerlə başa vurdu.
Komandamızın böyük hey’ətdə çıxış etməsinə nə mane oldu?
- Komandanın böyük tərkibdə iştirakı mümkün idi. Ancaq orada əsasən oyun növləri - futbol, voleybol, basketbol, əl topu, tennis növləri üzrə yarışlar keçirildi. Əvvəla, komanda növlərində təmsil olunmağın özü böyük vəsait tələb edir, ikinci də, bu növlər bizdə o qədər də inkişaf etməyib. Voleybol komandamız dünya çempionatının seçmə qrup turnirində iştirak etdiyinə görə, bizimlə gedə bilmədi.
2008-ci ildə Pekin olimpiya oyunlarının paytaxtı olacaq. Bu məqsədlə orada hansısa bir tədbir keçirildimi?
- Yox, elə bir tədbir keçirilmədi. Ancaq Azərbaycan günü keçirildi. Bir çox ölkələrin nümayəndələri ilə görüşlərimiz oldu.
Gələn universiadada daha artıq tərkiblə çıxış etmək mümkün olacaqmı?
- Bu yarışlar bizim üçün böyük dərs oldu. Doğrusu, biz əvvəllər tələbələrin universiadasına o qədər də əhəmiyyət vermirdik. Çünki bu yarışlar güclü idmançılarımızın istirahət etdiyi vaxta düşür. Biz yarışların yüksək səviyyədə keçirildiyinin şahidi olduq. Odur ki, 2003-cü ildə Koreyada keçiriləcək növbəti universiadaya daha yaxşı hazırlaşıb, böyük tərkibdə iştirak etməyi düşünürük.

Moldovanın 6 illik qələbə həsrətinə bizimkilər son qoydu
Bu məğlubiyyəti yalnız Makedoniya qələbəsi unutdura bilər

Sentyabrın 1-də 2002-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti turun görüşləri keçirildi. IV qrupda mübarizə aparan Azərbaycan seçmə komandası Kişinyovda Moldova komandasının qonağı oldu.
Azərbaycan komandası meydana bu hey`ətlə çıxıb: Cahangir Həsənzadə, İqor Getman (Rüfət Quliyev, 66), Emin Quliyev, Mehman Yunusov, Ədaim Niftəliyev (Azər Məmmədov, 72), Ramiz Məmmədov, Kamal Quliyev, Mahmud Qurbanov, Zaur Tağızadə, Fərrux İsmayılov (Vadim Vasilyev, 69), Samir Əliyev. Moldovanlar 15-ci dəqiqədə Sergey Kleşşenkonun və həmin gün debüt edən Sergey Kovalçukun vurduğu qollarla komandamızı 2:0 hesabı ilə məğlub ediblər. Təəssüflə qeyd etməliyik ki, milli komandamız Kişinyov məğlubiyyəti ilə əsası klublarımız tərəfindən Avropa kuboku yarışlarında qoyulan uğursuzluq "zənciri"nə növbəti halqanı vurdu. Bu məğlubiyyətdən sonra komandamız 4 xalla turnir cədvəlində yenidən sonuncu pilləyə düşüb. Matçdan sonra keçirilən mətbuat konfransında İqor Ponomaryov məğlubiyyətin səbəbini belə izah edib: "Meydan sahibləri birinci hissədə, biz isə ikinci hissədə yaxşı oynadıq. Bizdən fərqli olaraq, yaranan vəziyyətlərdən onların daha yaxşı faydalanması həlledici rol oynadı. Həm də mənə elə gəldi ki, birinci qol oyundan kənar vəziyyətdən vuruldu". Xatırladaq ki, mart ayında Bakıda keçirilən Azərbaycan-Moldova matçında qonaqlar meydanda 9 nəfərlə qalsalar da, komandamız öz üstünlüyünü real nəticəyə çevirməyi bacarmamışdı. Fikrimizcə, Gürcüstan komandasının güclü Macarıstan kollektivinə 3:1 hesabilə qalib gəlməsi, Litva futbolçularının İtaliya komandasına layiqli müqavimət göstərməsi, nəhayət, Ermənistan seçməsinin uzaq Uelsdə görüşü heç-heçə başa vurması bizə dərs olmalıdır. Xatırladaq ki, Moldova-Azərbaycanın olimpiya seçmə komandaları arasında bir gün əvvəl keçirilən qarşılaşmasında 1:0 hesabı ilə meydan sahibləri qalib gəlib. Yeganə qolu 24-cü dəqiqədə Stanislav İvanov qapımızdan keçirib. Azərbaycan komandası aşağıdakı hey’ətlə meydana çıxıb: Elşən Poladov, İlyas Qurbanov, Avtandil Hacıyev, Rəşad Sadıqov, Namiq Həsənov (Dmitri Yeremeyev), Elmar Baxşiyev, Ruslan Qafitullin (Nadir Nəbiyev), Mixail Kitelman, Emil İmaməliyev, Ruslan Musayev (Ramal Hüseynov), Samir Musayev.
Azərbaycan milli komandası növbəti görüşünü sabah "Şəfa" stadionunda Makedoniya komandasına qarşı keçirəcək. Xatırladaq ki, bu komandaların Skopyedə keçirilən birinci görüşündə rəqib 3:1 hesabı ilə qalib gəlmişdi. Keçmişə qısa bir ekskurs edərək xatırladaq ki, həmin görüşdə futbolçularımız oyun və ərazi üstünlüyünə malik olsalar da, Kamal Quliyevin 11 metrlik cərimə zərbəsini vura bilməməsi komandamızı ruhdan salmışdı. Nəticədə futbolçularımız ağır məğlubiyyətə düçar olmuşdular. İndi komandanın Makedoniya üzərində qələbə çalaraq, həmin məğlubiyyətin əvəzini çıxmaqla yanaşı, qrupda əvvəlki yerini özünə qaytarmaq şansı var. IV qrupun aparıcı komandaları isə səfərdə qalib gəliblər. Türkiyə seçməsi Bratislavada Slovakiya, İsveç komandası isə Skopyedə Makedoniya komandası üzərində qələbə qazanıblar. Bu görüşlərdən sonra Türkiyə seçmə komandasından iki xal artıq toplayan İsveç kollektivi turnir cədvəlindəki birinciliyini qoruyub saxlaya bilib. Qrupda kimin lider olacağını sentyabrın 5-də İstanbulda keçiriləcək matç həll edəcək.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd