|
|
|
|
#98(322)
|
 |
Hacı Zeynalabdin Tağıyev... Azərbaycan cəmiyyətinin cüz`i bilgiyə malik hər bir üzvünün əlavə şərhə ehtiyac duymadan tanıdığı və yaşatdığı şəxsiyyət. Ötən əsrdən məşhurlaşıb yüksək nüfuz sahibi olan Hacını XXI əsrə çatdıran ayrı-ayrı şəxslər deyil, bütöv xalqdır. Təbii ki, ictimai yaddaşda irsi varisliyi tə`min edən müəyyən şəxsiyyətlər fəal mövqe nümayiş etdirmişlər, amma məhz H.Z.Tağıyevi kütləvi ruh əbədiləşdirmişdir.
Xüsusi bir təhsil almamış H.Z.Tağıyevə sağlığında mədhiyyələr deyilmiş, "Qafqazın allahı", "El atası" ictimai adları verilmiş, kitablar, şe`rlər, mahnılar, marş belə həsr edilmişdir. Rəsmi kürsülərdən Tağıyevin xidmətləri yad edilir, xatirəsi anılır. Onun nə Şərq aləmi, nə də xristian cəmiyyətlərinin müsəlmanları üçün etdikləri unudulmamışdır. Xeyriyyəçiliyi, sahibkarlıq fəaliyyəti həm sağlığında, həm də indi nəşr edilmiş kitablarda ətraflı təsbit olunmuşdur. İctimai həyatımızın bir sıra sahələri Hacının adı ilə bağlıdır. Çoxsaylı tikililərin daş yaddaşında (Azərbaycan tarixi Muzeyi, Beynəlxalq Bank, teatr binası, ticarət pasajı, dəyirman, qənnadı fabriki, toxuculuq kombinatı və s.) Hacı bir-birini əvəzləyən nəsillərə özünü təqdim edir. Bə`ziləri Hacının şöhrətini onun bir çox cəmiyyətlərin fəxri sədri olması ilə izah edir. Rəsmi tə`yinatları xronoloji izləsək, H.Z.Tağıyev çox varlılardan daha gec rütbələr almışdır. I və II dərəcəli tacir rütbələri Azərbaycanda 1876-cı ildə tə`sis edildiyi halda, Z.Tağıyev 1878-ci ildə neft fontanı hesabına varlanmış və 1882-ci ildə I gildiya tacir adına, 1900-cü ildə əslən fəxri vətəndaş adı, 1907-ci ildə həqiqi mülki müşavir rütbəsi, 1910-cu ildə əslən zadəgan adı almışdır. Neft sənayesi firmasının, Bakı ticarət bankının əsasını qoyan Z.Tağıyev iri toxuculuq fabrikini tikməklə, pambıq-parça istehsalına sərmayə qoymaqla Azərbaycan iqtisadiyyatının məzmununu xammal tə`yinatından istehsalçı səmtdə inkişaf etdirmiş, iqtisadiyyatda müstəmləkə siyasətinə qarşı nümunə göstərmişdir.
Erkən yaşlarından zəhmətə alışmış, sənətə yiyələnmiş, həyat-müdriklik dərsi almış Zeynalabdin Tağıyevin zəngin mə`nəvi aləmə malikliyi onu şöhrət taxtına əyləşdirən başlıca zəmin sayıla bilər. Faktiki iqtibaslar Hacının incəsənət vurğunu olduğunu təsdiqləyir. Əsrin əvvəllərində Böyük Britaniyanın Bakıda konsulu olmuş Makdonald "Əbədi şey yoxdur" başlıqlı memuarlarında Hacının zəngin rəsm kolleksiyasından söz açır. O, axşamlar zümzümə edərək Qərbi Avropa, rus rəssamlarının əsərlərinə baxıb zövq alarmış. H.Z.Tağıyevin şəkil qalereyası R.Mustafayev adına incəsənət muzeyi ekspozisiyasının əsasını təşkil etmişdir. Hətta Parisə səfər zamanı Hacının yalnız işgüzar komanda deyil, muğam üçlüyü də müşayiət etmişdir. Bu, heç də yüngül əyləncə xatirinə edilməmişdir. Şərq aləmində kef məclislərinin, əyləncə mərasimlərinin imkanlı şəxslərin atributiv həyat tərzinə çevrildiyi bəllidir. Hacı Zeynalabdin də şöhrət naminə, əcnəbilərə tə`sirli imic yaratmaq üçün deyil, məhz mə`nəvi tələbat baxımından, Avropa səfərinə özü ilə musiqiçilər dəstəsi götürmüşdür. Muğamı qəlbən duyması, dəyərləndirməsi, saatlarla dinləməsi, onun hüzurunda hər müğənninin oxumağa cür`ət etməməsi Hacının təkcə kamil muğam biliciliyindən deyil, nəcib mə`nəviyyatından, zövq zərifliyindən, ümumən daxili estetik potensialından xəbər verir.
Hacı Zeynalabdin XX əsrin real olduğu qədər də əfsanələşmiş şəxsiyyətidir. O, ailəyə, adət-ən`ənəyə, dini inanclara bağlı insan olsa da, mövcud həyat normalarına yaradıcı yanaşmış, həlledici anlarda onlardan yan keçməyi də bacarmışdır. Övladlarını hədsiz məhəbbətlə sevən Hacı, oğlu öləndə İslam qanunlarını pozub, ölmüş oğlunun şəklini çəkdirmişdi. Eyni zamanda Qur`anın Azərbaycan dilində, Tağıyevə məxsus "Kaspi" qazetinin nəşriyyatında nəşr edildiyi mə`lumdur. Bu nəşrdən qalan yeganə nüsxə qızı Sara xanımın dəfni mərasimində oxunmuşdur. Əzəmətli mülkünün çoxsaylı otaqlarının ən sadəsi Hacıya məxsus olubdur. O bu otaqda həm də namaz qılırmış. Çarpayıda deyil, adi döşək üstündə yatırmış. Hacı üçün ailə müqəddəs ocaq idi. Süfrə arxasında əyləşməkdən ailə konsertləri təşkil etməyə kimi mərasimlər ailə üzvləri ilə birlikdə keçirilərdi.
Çox mühüm məsələlərin Şəhər Dumasında müsbət yöndə həllini tapmasında məhz Hacının qətiyyəti, əzmi başlıca rol oynamışdır. Həm maddi yardımı, həm də şəxsi nüfuzu hesabına. Qadına münasibətdə cəhalətin tüğyan etdiyi zamanda müsəlman qız məktəbi tə`sis etmək böyük cür`ət tələb edirdi. Yenə də Hacının müdaxiləsi məsələnin müsbət yöndə həllini tə`min etdi. Onun xeyriyyəçilik etdiyi sahələr önəm verdiyi dəyərlərin ifadəsidir. Məktəb, maarif, səhiyyə, mədəniyyət, teatr... Buna görə də ona həm də mədəniyyətin, incəsənətin, hamisi deyirlər.
Azərbaycanın XX əsr siyasi həyatında da H.Z.Tağıyevin rolu olmuşdur. Nəinki çar hakimiyyəti dövründə cərəyan edən siyasi proseslərə müxtəlif formalarda münasibətini ifadə etmiş, həmçinin müstəqil Azərbaycan Cümhuriyyəti, Sovet hakimiyyəti illərində hökumətə öz xidmətini təklif etmişdir.
Fitri iqtisadi duyuma, təfəkkürə malik H.Z.Tağıyev 1919-cu ildə iri həcmli məktubla hökumət başçısı, N.Yusifbəyə müraciət etdi. O, məktubda "Əsrin dörddə üçü qədər" müddətdə ictimai-sənaye-ticarət sahəsində qazandığı təcrübənin verdiyi ixtiyarla gənc dövlətin iqtisadi durumunu dərindən təhlil etmiş, böhrandan çıxmaq yollarını göstərmişdir. Müraciətin motivini isə Hacı məktubun sonunda şərh etmişdir: "Mənim Sizə müraciətim tacir və sənayeçinin şəxsi marağından deyil, səmimi vətənpərvərlik hissindən və dövlətin əsl siyasi müstəqilliyini yalnız onun maliyyə və iqtisadi müstəqilliyi əsasında mümkünlüyünə dərin inamımdan irəli gəlir ki, bunsuz siyasi mə`nada azad vətəndaşlar özlərinin sənaye və ticarət baxımından daha güclü qonşularının quluna çevrilirlər.". 1920-ci illərdə H.Z.Tağıyevin Azərbaycan SSR hökumətinin sədri N.Nərimanova müraciəti də eyni motivə söykənmiş, eyni hisslərdən doğmuşdur. "Baxmayaraq ki, qocayam və böyük tarixi hadisələr səbəbindən müvəqqəti olaraq, indiyədək ölkəmizin iqtisadi həyatında nişanələrini saxlamış əmək fəaliyyətindən uzaq düşmüşəm, daha fəaliyyətsiz qala bilmirəm, xüsusən, elə bir vaxtda ki, hökumətin səsi və xalqın maraqları iqtisadi siyasətin yeni yoluna qədəm qoyaraq, bütün canlı qüvvələri xalq təsərrüfatı və sənayenin bərpasına səsləyir." H.Z.Tağıyevin təklifi qəbul edilmədisə də, onun öz xalqına, inkişafına xidmət etmək arzusu, istəyi bir daha, tarixi sənəddə təsdiqlənib yaddaşımızda qaldı. Qeyd etmək lazımdır ki, Nərimanovun Tağıyevin təklifinə münasibəti müsbət olmuşdur: "Qərbi Avropa ona daha artıq e`tibar edər, nəinki bizə. Əgər o kredit açarsa, həmin pullara Qərbi Avropada bizə lazım olan hər şeyi əldə edə bilərik".
O bu e`tibarı, e`timadı nəinki xarici ölkələrdə, uzun illər kapitalist ünsürü, istismarı kimi ideoloji müstəvidə qamçılandığı ölkənin əhalisi arasında qazanmışdı. Və bu məhəbbətin, ehtiramın səmimiliyinə Hacı həyatının son illərində bir daha əmin olmuşdu: mə`şum mart günlərində yandırılan "Tağıyev teatrı" sovet hakimiyyətinin ilk illərində bərpa olunmuş, açılışa Hacı da də`vət olunmuşdu. Artıq Mərdəkandakı bağında məskunlaşmış H.Z.Tağıyev də`vətdən tə`sirlənib minnətdarlıq məktubu yazmış və açılışa getmişdi. Teatr lojasına daxil olduqda nəinki zalda əyləşənlər, Xalq komissarları belə, qalxıb ayaqüstə Hacını alqışlamışlar. Heç bir qanunun, sərəncamın qadağan etməyə qadir olmadığı xalq sevgisi onu riqqətləndirdi. Xalqın mədəniyyət işində xidmətləri rəsmi e`tiraf olunan Hacı həmin axşam öz teatrında keçirdiyi məmnunluq, xoşbəxtlik hissini daha əvvəl həyatında bir dəfə - Məkkədə müqəddəs daşa toxunan zaman keçirdiyini söyləmişdi.
1924-cü il sentyabrın 1-də Hacı Zeynalabdin vəfat edir. ...Ağıl, zəhmət, Allaha e`tiqad H.Z.Tağıyevin bioqrafiyasına dolğun məzmun verdi. Hacı dinləməyi, qavramağı, düşünməyi, çıxartdığı nəticəni əməli tətbiq etməyi bacarırdı. Görkəmli mütəfəkkir Həsən bəy Zərdabi ilə yaxın münasibət, Şeyx Əbu Turabın müdrik deyimləri, nəsihətləri müqəddəs missiyanın nəzəri özülünü qoyurdu. H.Z.Tağıyev nə şöhrət, nə savab qazanmaq xatirinə xeyriyyəçi deyildi. Geniş coğrafi miqyasda, külli maddi həcmdə xeyriyyəçiliyinin əsas məzmununu, elm, maarif, mədəniyyət təşkil etmişdir. Bu, bir mə`nəviyyat məsələsidir ki, onun işığından minlərlə insan bəhrələnmişdir. İnsani dəyərlər məcmusudur ki, dövrünün sahibkar xeyriyyəçilərini kölgədə qoymuşdu. Ömür yolu sahibkar - xeyriyyəçilik məktəbidir ki, çağdaş sahibkarlar, iş adamları layiqli dərs ala bilsələr XX əsr Azərbaycanının reallığı qədərincə əfsanəsinə çevrilmiş HACI ZEYNALABDİN TAĞIYEVİN gələn əsrdəki sələfi yüksəkliyinə qalxa bilərlər.
 |
|