|
|
|
|
#98(322)
|
 |
Yadınızdadırsa, qəzetimizin ötən saylarında Eyyub Yaqubovun "Küləklər" mahnısına klip çəkdirmək istədiyi barədə mə’lumat dərc vermişdik. Ancaq sponsor yoxluğu üzündən o, öz arzusunu gerçəkləşdirə bilmirdi. Dediyinə görə, bir çox şirkətlərə müraciət etsə də cəhdi boşa çıxırdı. Nəhayət ki, deyəsən, müğənninin arzusu ürəyində qalmayacaq.
Bu günlərdə müğənni çəkilişlərə başlamaq niyyətindədir. Xatırladaq ki, klipin, daha doğrusu, Eyyubun özünün dediyi kimi, incəsənət əsərinin rejissoru Əbdülqəni Əliyevdir. Elə klipin ssenarisi də çoxdan hazırdır. Nakam şairimiz Mikayıl Müşfiqin həyatından bəhs edəcək. Baş rolda, yə`ni Müşfiqin həyat yoldaşı Dilbər rolunda isə Milli Dram Teatrının aktrisası İranə Talışxanova oynayacaq.
Yəqin ki, yaxın vaxtlarda klip artıq tamaşaçıların ixtiyarına veriləcək. O ki qaldı müğənninin yay tə`tilini necə keçirməsinə, bu barədə Eyyub bizə bunları dedi: "Bir neçə gündür ki, Almatıdan qayıtmışam. İndi isə Kislavodska, Jeleznovodska və Yessentukiyə, orada, yaşayan azərbaycanlıların də`vəti ilə qastrol səfərlərinə gedəcəm.".
Gələcək planlarına gəlincə isə müğənni iki yeni mahnı yazdıracağını bildirdi. "Birinci Sevda Məmmədəliyevanın bəstələdiyi "Ata", ikinci isə Aygün Səmədzadənin "Yağış" mahnılarıdır. Hər iki mahnının oranjimançısı populyar "Ana" mahnısını işləyən Eldar Məmmədovdur". Sonda isə Eyyub yaxın zamanlarda şəhərin ən böyük konsert zalı olan Respublika sarayında solo konsert verəcəyini bildirdi.
Elariz Məmmədoğlu yeni albom üzərində işləyir. Bu, sayca müğənninin üçüncü albomudur. Albomun oktyabr ayına tam hazır olacağını nəzərdə tutan müğənni kasetdə 12 mahnının yer alacağını bildirib.
Ancaq o, albomuna hələ də ad tapa bilmir. Daha doğrusu, seçim qarşısındadır. İkisindən birini seçməlidir - "Abşeron torpağı" və ya "Dans-dans". Yəqin ki müğənni ən’ənəvi olaraq, ikinci variantın üzərində dayanacaq. Yadınızdadırsa, onun ötən ilki albomunun adı da "Tup-tup" idi. Çox güman ki, bu dəfə də "Dans-dans" olar.
Onu da nəzərinizə çatdıraq ki, "Dans-dans" mahnısına artıq klip də çəkilib. Sadəcə, həmkarlarından fərqli olaraq, Elariz bu klipin təqdimetmə mərasimini keçirmədi.
Yay istirahətini Balakəndə keçirən Şəbnəm Tapdıqova Bakıya bu günlərdə qayıdıb. Amma, deyəsən, istirahəti o qədər xoşuna gəlib ki, Bakıdan kənarda da konsert proqramı ilə çıxış etmək fikrinə düşüb.
Dəqiq harada, nə vaxt konsert verəcəyini açıqlamayan müğənni bu barədə bir qədər sonra geniş mə’lumat yayacağını bildirdi. Ölkəmizin bölgələrinə konsertlər yəqin ki, yeni mahnılarsız olmayacaq. Şəbnəm xanım dedi ki, Nəbi Xəzrinin sözlərinə yazılmış "Sənin üçün" mahnısı hazırdır. Müğənninin fikrincə, professional musiqiçilərin belə bəyəndiyi mahnı artıq hitə çevrilib. Nəzərinizə çatdıraq ki, mahnının musiqisi məşhur "Salmaya salina"dan götürülüb.
|