|
|
|
|
#98(322)
|
 |
Mə`lum olduğu kimi, bu il yanvarın 1-dən qüvvəyə minmiş yeni Vergi Məcəlləsinə görə, ali təhsil müəssisələrində ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqlarına 18 faiz Əlavə Dəyər Vergisi (ƏDV) hesablanmalıdır. Tətbiq edilən qaydalar istər ali təhsil ocaqlarının rəhbərliyi, istərsə də bu müəssisələrdə təhsil alan tələblər və onların valideynləri tərəfindən ədalətsiz hesab edilir. Yeni Vergi Məcəlləsinin qüvvəyə mindiyi gündən e`tibarən ictimaiyyət arasında yaranan və səngimək bilməyən narazılıqlarla bağlı Milli Məclisin iclaslarında da bə`zi müzakirələr aparılıb.
Ölkənin ən qabaqcıl ali təhsil müəssisələrinin rektorlarının məsələ ilə bağlı irəli sürdükləri təklif və iradlara Milli Məclisin sədri də öz müsbət münasibətini bildirib. Spiker Murtuz Ələsgərov qeyd edib ki, o şəxsən özü də təhsil sisteminə ƏDV tətbiq olunması ilə razı deyil və sözügedən problemin yoluna qoyulması üçün Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasında mühüm işlər görülür. Milli Məclisdəki mənbələr bildirirlər ki, problem tələbələr və valideynlərin mənafelərinə uyğun, özü də tezliklə həll ediləcək. Milli Məclisdəki mütəxəssislər hesab edirlər ki, təhsil sisteminə 18 faiz Əlavə Dəyər Vergisi şamil etmək heç də düzgün deyil. Çünki təhsil sistemi xüsusi xidmət sahəsidir, ölkənin strateji maraqlarını tə`min edən amillərdən biridir. Dövlət daimi olaraq təhsil sahəsinə lazımi qədər maddi vəsait sərf edir. Əgər bu belədirsə, onda təhsil sisteminə vergi tətbiq etmək lüzumsuzdur.
Artıq məsələ ilə bağlı ölkənin bütün ali və orta ixtisas məktəblərinin (dövlət və qeydiyyatdan keçmiş qeyri-dövlət ali məktəbləri) rektorları ilə birgə məsləhətləşmələr aparılıb. Yaxın zamanlarda isə əlaqədar dövlət instansiyaları Vergilər və Maliyyə Nazirlikləri ilə bu yönümdə danışıqlara başlayacaq. Təhsil sistemində ƏDV hesablanmasını tam ədalətsiz hesab edən mütəxəssislər yaxın bir neçə ay ərzində bu qərarın qüvvədən düşəcəyinə inanırlar.
Təhsil Nazirliyinin yaydığı xüsusi açıqlamaya görə, bütün dövlət və özəl təhsil müəssisələrində tələbələrdən təhsil haqqı qabaqcadan müəyyən olunmuş məbləğdə - ƏDV tətbiq olunmadan alınmalıdır. Mə`lumatda qeyd olunur ki, keçilməz hallarda ƏDV təhsil müəssisəsinin öz hesabından ödənilməlidir.
Qeyd edək ki, Təhsil Nazirliyinin açıqlamalarına baxmayaraq, özəl təhsil müəssisələrinin hamısında təhsil haqlarına 18 faiz ƏDV tutulur. Milli Məclisin və ya Nazirlər Kabinetinin qərarı olmasa, Vergilər Nazirliyi təhsil müəssisələrindən ƏDV-ni tələb etməkdə davam edəcək. Çünki ƏDV məsələsi yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əsasən müəyyənləşib. Həmin Vergi Məcəlləsində də təhsil haqlarından ƏDV tutulması nəzərdə tutulub. Milli Məclisdəki mənbələr bildirirlər ki, oktyabrın 1-də qanunverici orqanın ilk iclasında təhsil haqlarına tətbiq olunan ƏDV-nin ləğvi ilə bağlı müvafiq qərar qəbul olunacaq. 2001-2002-ci təhsil ili üçün isə ali məktəblərin tələbələri təhsil haqlarını artıq ƏDV ilə birgə ödəyiblər. Bəs görəsən, Milli Məclisin qəbul edəcəyi müvafiq qərardan sonra artıq ödənilmiş vəsait tələbələrə qaytarılacaqmı? Bu suala cavab verən Milli Məclisdəki mənbələr bildirirlər ki, burada elə bir problem yoxdur. Belə ki, tələbələr növbəti ödənişləri əvvəlkindən fərqli olaraq az ödəyəcəklər.
Centyabrın 2-də Bakıda "Planetimizin sabit inkişafı uğrunda gənclərin fəaliyyəti" adı altında dünya gənclərinin sammiti öz işinə başlayıb. Dünən Zuğulbadakı Gənclik Beynəlxalq Turizm Mərkəzində sammitin açılış mərasimi keçirilib. "Sülh Uşağı" Beynəlxalq Təşkilatının təşəbbüsü və Gənclər, İdman və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən toplantıda dünyanın 20-dən çox ölkəsindən gənclər iştirak edir.
Açılış mərasimində çıxış edən gənclər, idman və turizm naziri Əbülfəs Qarayev sammitin işinə uğurlar diləyib. Sentyabrın 9-a qədər davam edəcək sammitin gündəliyində "Gənclər və ətraf mühit", "Gənclər və beynəlxalq aləm" və digər mövzularda seminar və konfransların keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə gənclər milli mədəniyyətin inkişafı, münaqişələr və sülhün tə`min olunması, Dövlət gənclər siyasətinin həyata keçirilməsi və digər istiqamətlərdə görülən, eləcə də görüləcək işlər barədə fikir mübadiləsi aparacaq, ayrı-ayrı ölkələrin, həmçinin qlobal problemlərin həlli yollarını birgə arayacaqlar. Toplantını keçirməkdə əsas məqsəd dünyanın müxtəlif istiqamətlərində yaşayan gəncləri və gənclər təşkilatları nümayəndələrini bir araya gətirərək, onların qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsinə yardımçı olmaqdır.
Gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayevin dediyinə görə, sammit iştirakçılarının qaçqınların məskunlaşdığı bölgələrə səfərləri nəzərdə tutulur. Bundan sonra Qarabağ problemi, qaçqın və məcburi köçkünlər barədə sammitin xüsusi bəyanatının qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, 1999-cu ildə ABŞ-ın Havay adalarında keçirilən Dünya Gənclərinin Minillik Konqresində növbəti on il ərzində hər iki ildən bir bütün qitələrdən olan gənclərin bir yerə toplaşması qərara alınıb. Həmin toplantılarda, əsasən, Minillik Konqresdə qaldırılan məsələlərə yenidən baxılması nəzərdə tutulub. Adı çəkilən konqresdən sonra dünya gənclərinin sammitinin keçirilməsi üçün ilk ölkə kimi məhz Azərbaycan seçilib. Tədbirə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri də qatılıb.
Cəbhəyanı rayonlardan 800 müəllim və 500 şəfqət bacısı mina təhlükəsizliyi barədə tə`limatlandırılıb.
Bu barədə mə`lumat verən Minaların Təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyindəki mənbələr bildiriblər ki, tə`limlərə Ermənistan-Azərbaycan təmas xəttinə yaxın ərazilərdə yaşayan müəllim və şəfqət bacıları cəlb edilib. Kurslar başa çatdıqdan sonra yuxarıda qeyd olunan qrup xüsusi tədris vəsaitindən istifadə etməklə yerli əhaliyə, qaçqın və məcburi köçkünlərə treninqlər keçirəcək.
Qeyd edək ki, 1994-cü ilin iyulundan - atəşkəs e`lan olunması barədə Ermənistan və Azərbaycan arasında imzalanmış müqavilədən sonra keçən zaman kəsiyində 87 nəfər minadan həlak olmuş, 278 nəfər isə yaralanmışdır. Zərərçəkənlərin 11 faizini uşaqlar təşkil edir.
|