|
|
|
|
#98(322)
|
 |
Sentyabrın 4-də Azərbaycan xarici işlər naziri Vilayət Quliyev və müavini Xələf Xələfov MDB ölkələri xarici işlər nazirləri Şurasının yığıncağında iştirak etmək üçün Moskvaya yola düşür.
Yığıncaq sentyabrın 5-də keçiriləcək. Bu barədə mə’lumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.
Mənbənin mə’lumatına görə, XİN başçıları MDB ölkələrinin xarici siyasət koordinasiyası, BMT Baş Assambleyası 56-cı sessiyasının gündəliyi və bir sıra digər məsələləri müzakirə edəcək. Bundan əlavə, XİN başçıları MDB Antiterror Mərkəzinin görülmüş işlərə dair hesabatını dinləyəcək.
Sentyabrın 1-də Nabranda Azərbaycan və Dağıstan daxili işlər nazirlərinin görüşü olub. Görüş əməliyyat və ictimai təhlükəsizlik məsələləri üzrə hüquq-mühafizə orqanları işçilərinin birgə yığıncağı çərçivəsində keçirilib.
Azərbaycan DİN başçısı Ramil Usubov yığıncağı açaraq beynəlxalq terrorizm, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycan və Dağıstan hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti barədə toplaşanlara mə’lumat verib. Nazir qeyd edib ki, Azərbaycan-Rusiya sərhəddində situasiya tam nəzarət altındadır.
Dağıstanın daxili işlər naziri Adilgerey Maqomedtaqirov da analoji informasiya ilə çıxış edib. O, sərhəd rayonlarında kriminogen durum barədə mə’lumat verib.
Görüş iştirakçıları terrorizm, separatizm, dini ekstremizm, iqtisadi cinayətkarlıq, həmçinin nəqliyyatda təhlükəsizlik məsələlərini müzakirə edib. Dəmiryolu nəqliyyatında, ilk növbədə Qafqaz avtomagistralında təhlükəsizliyin tə’min edilməsi məqsədilə qarşılıqlı sə’ylərin vacibliyi vurğulanıb.
Tərəflər operativ informasiya və statistik göstəricilərin mübadiləsi məsələsinə də toxunublar. Görüş iştirakçıları hər iki tərəfdən daxil olan sorğuların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Görüşün yekunlarına əsasən Azərbaycan və Dağıstan daxili işlər orqanları arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb. Sənədi Ramil Usubov və Adilgerey Maqomedtaqirov imzalayıblar.
Sentyabrın 15-də Tbilisidə Gürcüstan Xarici İşlər Nazirliyi nəzdində Cənubi Qafqazın üç ölkəsinin gənc diplomatlarının yenidən hazırlanması üzrə Mərkəzin açılışı olacaq. Mərkəzin fəaliyyətini İsveçrə hökuməti və Cenevrə Beynəlxalq Tədqiqatlar İnstitutu maliyyələşdirəcək.
Gürcüstanın İsveçrədəki səfiri Amiran Kavadzenin sözlərinə görə, gənc diplomatlar birinci mərhələdə beynəlxalq hüququ, mart ayından isə beynəlxalq iqtisadi əlaqələri öyrənəcəklər. İsveçrənin bu təşəbbüsü özünü doğrultsa, Mərkəz daimi fəaliyyət göstərəcək. A.Kavadzenin dediyinə görə, İsveçrə Aralıq dənizi ölkələri üçün də Maltada belə bir mərkəz açıb.
Fövqəl’adə hallar üzrə Dövlət Komissiyası gələcək Fövqəl’adə Hallar Nazirliyinin (FHN) Nizamnaməsini hazırlayıb. Sənəd hazırlanarkən Rusiya və Ukrayna FHN nizamnamələri əsas götürülüb. Bu barədə baş nazirin müavini Abid Şərifov mə’lumat verib.
Azərbaycan prezidentinin indiyədək nazirliyin yaradılması barədə fərman imzalamamasına və onun rəhbərini tə’yin etməməsinə baxmayaraq, texniki məsələlər həll olunur. Bunsuz yeni qurumun uğurla fəaliyyət göstərməsi mümkün deyil. Ölkədə fəaliyyət göstərən 14 seysmoloji stansiyanın rekonstruksiyası və 6 yeni stansiyanın avadanlıqla təchiz olunması üçün 23 milyard manat ayrılıb.
Şərifovun sözlərinə görə, yeni avadanlıq bütün dünyadan seysmoloji informasiya almağa və ölkədə, o cümlədən, regionda baş verən kataklizmlərə operativ reaksiya verməyə imkan yaradacaq.
Respublika Mülki Müdafiə Qərargahına gəlincə (yeni nazirlik bu qurumun əsasında yaradılacaq), Şərifovun sözlərinə görə, bu qurum lazimi texniki potensiala malik deyil. Mülki müdafiə ştatını iki dəfə artırmaq, Bakı, Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Bərdə, Əli Bayramlı, Şamaxıda şö’bələrini yaratmaq nəzərdə tutulur. Qərargahın şö’bələri ən müasir avadanlıq və texnika ilə təchiz olunacaq. Həmin avadanlıqlar üç ay müddətində Azərbaycana gətiriləcək.
A.Şərifov, həmçinin bildirib ki, oktyabrın ortalarında azərbaycanlı mütəxəssislərdən ibarət qrup Rusiyaya e’zam olunacaq. Onlar RF FHN strukturlarında tə’lim keçəcək. Yeni nazirlik yaradıldıqdan sonra başqa ölkələr fövqəl’adə hallar zamanı Azərbaycana daha həvəslə yardım göstərəcək.
"Qeyri hökumət təşkilatları xəttilə ermənilərin Bakıya növbəti dəfə dəı’vət olunmasına e’tiraz edir, Arzu Abdullayevanın başçılıq etdiyi Helsinki komitəsinin erməni separatçılarını ölkəyə də’vət etməsini və onlara şərait yaratmasını xalqın maraqlarına zidd əməl və təhqir sayırıq". Bu sözlər Qarabağ Azadlıq Təşkilatının (QAT) Dağlıq Qarabağın bir sıra qeyri-hökumət təşkilatlarının Bakıya də’vət olunması ilə bağlı dünən yaydığı bəyanatdandır.
Bəyanatda Dağlıq Qarabağdan gələn hər bir adam separatçıların nümayəndəsi sayılır, Azərbaycan dövlətinə qarşı cinayətə yol verən şəxslər adlandırılır. Müəlliflər Bakıya gəlməyə hazırlaşan Karen Ohacanyanı "Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görməyən şəxs" kimi təqdim edir və bu də’vətin Azərbaycana xidmət etmədiyi vurğulanır. Sənəddə bu məsələyə partiya və ictimai təşkilatların biganə yanaşması, ermənilərlə dostlaşma siyasətinin qarşısının alınmaması ciddi tənqid edilir, partiyalardan mövqe bildirmək tələb olunur.
Müəlliflər hüquq-mühafizə orqanlarından Azərbaycanın ərazi bütövlüyünü tanımayan erməni əsilli Azərbaycan vətəndaşlarının həbs olunmasını tələb edir və erməniləri Bakıya də’vət edən təşkilatların hər hansı tədbir keçirməsinə imkan verməyəcəklərini bildirirlər.
Sentyabrın 8-11-də Jan Buayenin başçılığı ilə Fransa Senatı Fransa-Qafqaz dostluq qrupu nümayəndə hey’əti Azərbaycanda səfərdə olacaq. Bu barədə Fransanın ölkəmizdəki səfirliyindən mə’lumat veriblər.
Bu il Buayenin senator kimi səlahiyyət müddəti başa çatır. Buna görə də o, Fransa-Qafqaz qrupunun başçısı qismində Azərbaycan rəhbərlərilə son görüşlərini keçirəcək. Səfər zamanı Buaye prezident Heydər Əliyev, Milli Məclisin sədri Murtuz Ələsgərov və digər rəsmi şəxslərlə görüşəcək.
Sentyabrın 5-6-da Bakıda keçirilməsi planlaşdırılan GUÖAM ölkələri (Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova) milli koordinatorlarının görüşü texniki səbəblər üzündən başqa vaxta keçirilib. Bu barədə dünən diplomatik mənbələr mə’lumat verib.
Oktyabrın sonlarında Azərbaycan Milli Məclis nümayəndə hey’əti Ümumçin Xalq Təmsilçiləri Məclisi daimi komitəsinin də’vətilə Çinə səfər edəcək. Çinin ölkəmizdəki səfiri Çjan Qotsyanın bildirdiyinə görə, səfərdə məqsəd parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və inkişafıdır.
Avqustun 28-də Babək rayonu Xətai qəsəbəsinin sakini Həlimə Abdullayevanın yaşadığı evin həyətində tapılmış cəsəd Babək Rayon Prokurorluğunun sanksiyası ilə eksqumasiya edilib.
"Turan"ın bölgə müxbirinin verdiyi xəbərə görə, Muxtar Respublika Məhkəmə-Tibb Ekspertiza Birliyi və Patoloji Anatomiya Birliyinin həkimləri meyiti yararkən cəsəddə döş nahiyəsindən və kürəkdən vurulmuş iti alət izləri aşkarlayıb və ölümün bu zərbələrdən baş verdiyini bildiriblər. Babək rayon prokuroru Kəramət Əliyevin sözlərinə görə, ölüm faktı qeydə alınarkən mərhumun qohumları prokurorluq əməkdaşlarını meyitə yaxın buraxmayıb və ölümü vəhşi heyvanın hücumu ilə izah ediblər. Sentyabrın 2-də prokurorluqda faktla bağlı cinayət işi qaldırılıb. Cinayətin ailə münasibətləri zəminində baş verməsi ehtimal edilir.
Əvvəllər iki dəfə - qanunsuz narkotik maddələr satdığına və maşın qaçırdığına görə məhkum olunmuş Maştağa qəsəbə sakini, 1979-cu il təvəllüdlü Fərid Əliyev yenidən həbs edilib.
Avqustun 24-də Bakıxanov qəsəbəsindəki 449-cu məhəllədə yaşayan Gündüz Tanrıverdiyevə məxsus 1998-ci il istehsalı olan "VAZ-2106" markalı avtomobili qaçıran F.Əliyev oğurluq maşını yaşadığı Əziz Əliyev küçəsindəki 5 saylı evdə gizlədib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları "VAZ-2106"nı evin qarajında aşkar ediblər.
İlkin istintaqa görə, F.Əliyev oğurladığı maşını hissə-hissə satmaq fikrindəymiş.
Sentyabrın 1-də Yasamal Rayon Məhkəməsi 29-cu Polis Bölməsinin Vətəndaş Birliyi Partiyası (VBP) üzvləri İlham Mirzəyev və Azər Əliyevə qarşı iddiasını əsassız sayaraq məhkəmə prosesindən imtina edib. Bu barədə VBP təşkilat katibi Təhməz Nəcəfov mə’lumat verib.
T.Nəcəfovun sözlərinə görə, avqustun 31-də axşam saat 21.00-dan sonra Yasamal rayon 29-cu polis bölməsinin əməkdaşları VBP Yasamal rayon şö’bəsinin üzvləri İ.Mirzəyev və A.Əliyevi əsassız olaraq bölməyə gətirib və sentyabrın 1-də günortaya qədər orada saxlayıb.
Polislər partiya üzvlərini dövlət əleyhinə və VBP lehinə təbliğat aparmağa görə saxladıqlarını söyləyib, Yasamal Rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov isə bunu rayon Prokurorluğunun göstərişilə əlaqələndirib. T.Nəcəfovun sözlərinə görə, dəfələrlə 29-cu bölmənin rəisi Nizami Əsgərovla görüşmək istəsə də, rəis bundan yayınıb.
T.Nəcəfov bildirib ki, 29-cu bölmə partiya üzvləri barədə iddia qaldıraraq işi Yasamal Rayon Məhkəməsinə göndərib. Məhkəmə isə öz növbəsində iddianı əsassız sayıb və məhkəmə prosesi keçirməyib. Bundan sonra polislər partiya üzvlərini buraxmağa məcbur olub.
Dünən Bayıl istintaq təcridxanasında bir sıra sifarişli qətillərin təşkilatçısı Əliyusif Tahirovun və digər 6 müttəhimin məhkəmə prosesi davam edib. Zərərçəkənlərin ifadəsi dinlənildikdən sonra növbə şahidlərə verilib.
Qeyd edək ki, məhkəmədə ifadə verəcək əsas şahidlərin əksəriyyəti məhkumlardır. Buna görə də ötən məhkəmə prosesində ömürlük həbs cəzası almış Elçin Əmiraslanov xəstə olduğunu bildirərək, məhəkəmə istintaqına ifadə verə bilməyəcəyini bildirib. Dünən isə daha bir məhkumun - Şəmsi Abdullayevin məhkəmədə vəziyyəti pisləşib. Zalda Ş.Abdullayev baş nahiyəsindəki bərk ağrılardan şikayətlənib. O, silahdaşlarının erməni kimi qələmə verdikləri mərhum Akif Məhərrəmovu qətlə yetirdiyinə görə özünü günahkar bildiyini söyləyib. Keçmiş Ali Sovetin sədr müavini Afiyəddin Cəlilovu balta ilə öldürmək barədə E.Əmiraslanovdan tapşırıq aldığını vurğulayan Ş.Abdullayev "mənə hədə-qorxu gəlirdilər ki, bilə-bilə vurmamısan" deyib. A.Cəlilovu qətlə yetirmədiyi üçün ailəsinə edilən təzyiqləri xatırlayıb. Məhkum sabiq müdafiə naziri Rəhim Qazıyevin həyatına sui-qəsd epizodu ilə bağlı heç nə söyləməyib. Sədarətin göstərişiylə nəzarətçilər artıq ayaq üstə dura bilməyən məhkum şahidi zaldan çıxararaq, tibb məntəqəsinə aparıblar.
Dünən səhər saat 6 radələrində Pirküşkül qəsəbəsinin qarşısında ağır cinayət hadisəsi baş verib. Dövlət Yol Polis İdarəsinin əməkdaşları Elçin Quliyev və Hidayət Məmmədov "VAZ-21011" markalı maşının sürücüsünə işarə verərək, saxlamasını tələb ediblər.
Lakin sürücü bu tələbə tabe olmayaraq, maşını yüksək sür`ətlə düz onların üzərinə sürüb. Nəticədə polis kapitanı 36 yaşlı E.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. H.Məmmədov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, hazırda reanimasiya şö`bəsindədir.
Cinayət törədən sürücü maşınını hadisə yerində qoyaraq qaçıb. Onun şəxsiyyəti müəyyənləşdirilib. Mə`lum olub ki, həmin şəxs Qaradağ Daş karxanasında işləyən Elşən Əliəmirovdur. Faktla bağlı cinayət işi qaldırılıb və E.Əliəmirov barəsində axtarış e`lan edilib.
Dünən səhər saat 6 radələrində Bakının Xətai rayonunda, E.Əliyev küçəsində yerləşən H.Tağıyev adına Toxuculuq Kombinatında yanğın hadisəsi baş verib.
DİN-in Yanğından Mühafizə Baş İdarəsinin "Bizim ƏSR"ə verdiyi mə`lumata görə, kombinatda istifadədə olmayan 800 kvadratmetr sahə yanıb. Yalnız səhər saat 8 radələrində yanğını söndürmək mümkün olub. Alovun inzibati binaya və yarımtransformator stansiyasına keçməsinə imkan verilməyib. Hazırda yanğının səbəbləri və dəyən ziyan dəqiqləşdirilir.
ARDNŞ sentyabrın ötən üç günü ərzində Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını həyata keçirə bilməyib. Bu dəfəki ixrac payının həcmi 250 min ton olmalıdır. ARDNŞ-də "mə’lumat qıtlığını" əsas gətirərək, yaranmış vəziyyəti şərh etməkdən boyun qaçırıblar.
Lakin belə bir nəticəyə gəlmək olar ki, avqustun 29-da Mahaçqaladan 40 kilometr cənubda boru kəmərində baş vermiş partlayışın nəticələri hələ aradan qaldırılmayıb. Xatırladaq ki, ARDNŞ partlayış vaxtı kəmərdə neft itikisi olmadığını bildirmişdi. Belə ki, avqust ayının 255 min tonluq ixrac payının nəqli hadisədən bir az əvvəl başa çatdırılmışdı.
Partlayışdan sonra tə’mir işlərini sentyabrın 1-dək qurtarmaq plandaşdırılırdı. ARDNŞ isə sentyabrda ixrac ediləcək neftin nəqlinə həmin gün başlamaq niyyətindəydi...
|