Şərh

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#99(323)
Rafiq Əliyev: "ABŞ-ın iradları əsassızdır"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin sözlərinə görə, ölkədə dini situasiya ümumən nəzarətdədir və bu prosesə xaricdən müdaxiləyə imkan verilməyəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi iki həftədir ki, rəsmən fəaliyyətə başlayıb. Komitənin sədri professor Rafiq Əliyev Azərbaycanda radikal və ekstremist təzahürlü dini təbliğatın qarşısının alınacağını və`d edir.
Rafiq müəllim, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin ştat strukturu və səlahiyyətləri ölkədə dini situasiyanı nəzarətdə saxlamağa imkan verəcəkmi?

- Komitənin ilk işi ölkədəki dini situasiyanın dəqiq mənzərəsini əks etdirən mə`lumat bankının yaradılması olub. Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalar barəsində müfəssəl mə`lumat, dini e`tiqad azadlığı sahəsində tendensiyaların geniş analizi hazırlanır. Mə`lumat və analizlər Komitənin aylıq bülletenlərində dərc olunacaq və təkcə qeydiyyatı olan dini icmaları deyil, qeydiyyatsız fəaliyyət göstərənləri də əhatə edəcək. Çünki bu gün ölkədə mövcud olan 2 minədək dini icmadan təxminən 400-nün rəsmi qeydiyyatı var. Onlardan 350-si islami, qalanları isə qeyri-islami icmalardır. Komitənin hazırladığı tə`limata əsasən, həmin icmalar 3 ay ərzində təkrar qeydiyyatdan keçməlidirlər. Göstərilən vaxtda təkrar qeydiyyatdan keçməyən icmanın fəaliyyətinin dayandırılması barədə vəsatət qaldırılacaq. Dövlət qeydiyyatı olmayan icmalara da qeydiyyatdan keçmək təklif olunub. Hesab edirəm ki, Komitəyə verilən səlahiyyət və mövcud struktur ölkədə dini situasiyanı tamamilə nəzarətdə saxlamağa imkan verəcək. Komitənin zonalar üzrə nümayəndələri var. Komitə mərkəzi icra orqanı kimi digər dövlət qurumları ilə əməkdaşlıq edir və onun qəbul etdiyi qərarların yerlərdə icrası məcburidir.
Dini icma qeydiyyatdan
keçmək istəmirsə, məcburetmə mexanizmi mövcuddurmu? Qeydiyyatsız fəaliyyət göstərən dini icmaların xaricdən himayə və idarə olunması dövlət üçün təhlükə deyilmi?

- Dini icmanın qeydiyyatsız olması hələ onun qanunsuz fəaliyyət göstərməsi demək deyil. Əgər onlar qeydiyyatsız da Azərbaycanın qanunalarına riayət edirlərsə, qoy belə fəaliyyət göstərsinlər. Onları zorla qeydiyyata məcbur edə bilmərik. Əksinə, qeydiyyat onlara hüquqi şəxs kimi dövlətlə rəsmi münasibətlər qurmağa, bank hesabı açmağa və s. imkan verir. Rəsmi qeydiyyatı olan dini icmaların fəaliyyəti şəffaf olur. Məsələn, bu və ya digər icmaya xaricdən maliyyə yardımı göstərilirsə, qeydiyyat olmadığı təqdirdə o vəsait icma rəhbərinin adına gəlir. Onun da bu pulu necə və hara xərclədiyi müəmmalı qalır. Halbuki həmin vəsait bilavasitə icmanın rəsmi hesabına gəlməli və işlənməsinə də nəzarət olmalıdır. O ki qaldı xaricdən himayə olunan dini icmaların dövlət üçün təhlükəli olub-olmamasına, bu məsələ heç də başlı-başına buraxılmayıb. Dövlət bütün dini icmaların qanun çərçivəsində fəaliyyətinə imkan yaradır. Biz açıq və demokratik cəmiyyət qururuq. Amma bundan istifadə edib dini deyil, məhz siyasi fəaliyyət göstərənlər, dövlətin konstitusion əsaslarını təhdid edənlərə qarşı təbii ki, tədbirlər görüləcək. Hansısa dini icma qanuni fəaliyyət çərçivəsini aşıb siyasətə və ekstremizmə yuvarlanırsa, onların fəaliyyəti mütləq həmin çərçivəyə qaytarılacaq, yaxud fəaliyyətlərinə xitam veriləcək.
Azərbaycana xaricdən
qanunsuz olaraq xeyli dini ədəbiyyat gətirilir. Bunun qarşısını ala biləcəksinizmi?

- Həmin ədəbiyyat gömrükdən yan keçməklə, gizli yolla gətirilir. Çünki kömrükdən keçən istənilən dini ədəbiyyat öncə Komitənin müvafiq rə`yini almalıdır. Yə`ni bu ədəbiyyat gömrükdə müsadirə olunub xüsusi anbarlara göndəriləcək və bizim razılığımızdan sonra yayıla biləcək. Azərbaycana qanunsuz yolla dini ədəbiyyat gətirilməsində xarici pastorlarla yanaşı, bizim vətəndaşlar da canfəşanlıq edir. Bu yaxınlarda "İeqova şahidləri" dini təşkilatının toplantısından qayıdan 90 nəfər azərbaycanlının gömrükdən keçirmək istədiyi bir neçə min nüsxə ədəbiyyatı, video və audio kasetləri müsadirə olunub. Bəli, azərbaycanlılar arasında xristian e`tiqadını qəbul edənlər var. Amma Dövlət Komitəsi vətəndaşların dini e`tiqad azadlığına müdaxilə edib, "filan e`tiqadı qəbul etmə" deyə bilməz. Bu, bilavasitə insanların konstitusion azadılığı ilə bağlı olan məsələdir. Komitə bu istiqamətdə əsasən maarifçilik işi apara bilər. Həmin məqsədlə istər məktəblərdə tədris üçün, istərsə də geniş kütlənin maariflənməsi üçün dərslik və kitablar hazırlayırıq. Bu kitablarda hansısa dini cərəyanın lehinə, yaxud əleyhinə təbliğat deyil, ümumi obyektiv mə`lumatlar yer alacaq. Dövlət dini maarifçilik işini mütləq öz üzərinə götürməlidir. Əgər bunu etməsək, bizim əvəzimizdən başqaları (o cümlədən dövlətə təhlükə doğuran müxətlif ekstremist qüvvələr) edəcək.
Həmin ekstremist qüvvələrin
Azərbaycanın şimal-qərb bölgəsində xüsusi fəallığı hiss edilir. Sizcə, Azərbaycanda ciddi vəhabilik təhlükəsi varmı?

- Həmin bölgədə baş verənlərin məhz dini zəmində olduğunu vurğulamaq səhv olardı. Bəli, o zonada vəhabilik yayılıb, amma sözügedən bölgədə Azərbaycan dövlətçiliyinə qarşı edilən hərəkətlər dini deyil, separatçılıq səciyyəsi daşıyır. Bu separatçılığı himayə və təşviq edənlər dindən bir vasitə kimi istifadə edirlər. Həmin qüvvələr yerli əhalinin dini təəssübkeşlik hisslərindən yararlanmaq istəyirlər. Odur ki, problemlərin həllinə kompleks yanaşma vacibdir. Əhalinin sosial-iqtisadi çətinliklərindən istifadə edərək radikal və ekstremist təzahürlü dini təbliğatı genişləndirənlərin qarşısını almaq üçün bu bölgələrdə müvafiq hüquqi tədbirlərlə yanaşı, dini maarifçilik və siyasi iş də aparılmalıdır.
Rafiq müəllim, Azərbaycanda
vicdan azadlığına sərbəst şərait yaradılmasına baxmayaraq, beynəlxalq dairələrdən subyektiv iradlar eşidilir. Xüsusilə ABŞ Dövlət Departamenti mənzil-qərargahı Amerikada yerləşən dini missioner təşkilatların fəaliyyətinə Azərbaycandakı məhdudiyyət qoyulmasından gileylənir. Buna münasibətiniz necədir?

- Bu cür iradlarla təkcə ABŞ deyil, başqaları da çıxış edir. Amma iradlar tamamilə əsassızdır. Azərbaycan dünya miqyasında böyük və qüdrətli dövlət olmasa da, müstəqil siyasətə malikdir. Və bizim siyasətimizə, o cümlədən din sahəsində siyasətimizə kənardan müdaxiləyə imkan vermək niyyətində deyilik. Ola bilsin ki, dövlətin ayrı-ayrı mə`murlarına kənardan hansısa tə`sir və təşviq halları olsun, amma bütövlükdə bu cür tə`sirləri dövlətə etmək mümkünsüzdür. Azərbaycan onsuz da demokratik ölkə kimi dini e`timad azadlığına, konstitusion və beynəlxalq normalara uyğun şərait yaradıb. Və kiminsə, "filan icmaya belə münasibət bəsləyin, filanına əlavə şarait yardın" kimi mülahizələrlə çıxış etməsinə heç də bir əsası yoxdur.

Qonaq qonağı istəməz
Şəmxani Kreml səfərini tə`xirə saldı

İsrail baş naziri Ariyel Şaron Moskva səfərindən əvvəl Rusiyanın dəstəyini qazanacağını desə də, Vladimir Putin, İqor İvanov və digər səlahiyyətli nümayəndələrlə görüşlər gözlənilən effekti doğurmadı. Hadisələr göstərdi ki, Rusiyanın ərəb dünyasına meylli olması amili xarici siyasətdə İsraillə geniş əməkdaşlığa imkan vermir, hərçənd bu gün Moskva beynəlxalq terrorçuluqla mübarizə avanqardının arxasınca getmək fürsətindən də yararlanmaq istərdi.
Güman etmək olar ki, Şaronun Moskva səfəri geopolitik münasibətlər baxımından daha çox İsraildəki hakimiyyətin ölkədaxili qüvvələr nisbətini öz xeyrinə dəyişmək və ya onu ən azı öz məxrəcinə yaxınlaşdırmaq planları prizmasından önəmli ola bilərdi. Qalan bütün umacaqların uğur əmsalı "tutar qatıq, tutmaz - ayran" formulunun müvəffəqiyyət koefisenti qədər azdır.
Mə’lum olduğu kimi, İsraildə yaşayan rusdilli yəhudilər və ya "sovet yəhudiləri" icması ölkənin siyasi kursuna real tə’sir imkanlarına malikdir. Müşahidəçilərin fikrincə, ötən ilin sonlarında mə’lum Knesset qalmaqallarına, bunun nəticəsi olaraq Barak hakimiyyətinin çökməsinə səbəb olan əsas amillərdən biri də adı çəkilən şəxsin həmin rusdilli yəhudilər elektoratını nəzərə almaması olub. Müasir sionizmin demoqrafik siyasətində Rusiya amili ən güclü məsələlərdən biri sayılır. Əski Sovet məkanında həyat səviyyəsinin aşağı olması Rusiyanı və digər MDB dövlətlərini yəhudilərin İsrailə ən güclü axın mənbəyinə çevirib. Şəksiz, belə bir şəraitdə yeni vətəndaşların elektoratdakı xüsusi çəkisi artır. Şaron kabinetində bir neçə rusdilli nazir var, bununla belə, hazırkı hakimiyyət rusdilli yəhudiləri hələ də "sürüşkən kütlə" sayır. Mə’lum münaqişənin Şaronun reytinqinə mənfi tə’siri mexanizminin araşdırılması göstərir ki, yeni kabinetin "Fələstin sindromu" qarşısında aciz qalmasını daha çox məhz bu siyasiləşmiş kütlə qabardır. İsrail hökumətinin sərt mövqeyi əksəriyyət tərəfindən dəstəklənsə də, son aylarda yəhudilərin verdiyi qurbanların xüsusi çəkisinin artması istər-istəməz Şaronun hərəkətlərinə Pirr qələbəsi ştrixi verir.
Bu arada Kreml iki qonağı - Ariyel Şaronla Əli Şəmxanini bir gündə qarşılamamaq üçün iş qrafikində dəyişiklik etməli olub. Təşəbbüs isə İran tərəfindən gəlib. Bu ölkənin xarici siyasət idarəsi İran xarici işlər nazirinin dörd gün davam etməli olan Moskva səfərini tə’xirə salıb. İran tərəfi səfərin gecikdirilməsini nazirin "sionist rejiminin baş nazirinin təxribatçı bəyanatlarına qulaq asmaq istəməsi ilə izah edib. "Qonaq qonağı istəməz" hikmətinin haçansa İsrail və İran nümayəndələri kimi mehmanların təcrübəsində təsdiqlənməsi gözlənilməz hadisə sayılmasa da, onlara göstərilən münasibətin keyfiyyəti Rusiyanın bölgədəki strateji maraqlarına işıq tutmaq baxımından önəmlidir.
Şəksiz demək olar ki, İran nazirini Kremlin elçi daşı üzərində görmək Moskva üçün daha yaxşı mənzərədir. Bu görüş eyni zamanda həm silah ticarəti, həm cığallıq paradı üçün gözəl imkan sayıla bilər. Mə’lumdur ki, İran nümayəndəsi bu səfərdən nüvə texnologiyasını zənginləşdirə biləcək böyük müqavilələri ilə dönəcəyinə əmindir.
Qarşı tərəfin maraqları da böyükdür. Rusiya silah satışını vacib maliyyə mənbəyi sayır və gələn ilədək bu sahədə Fransa və Almaniyanı qabaqlayaraq ABŞ-dan sonra ikinci yeri tutmağa can atır.
İranla hərbi sahədə müqavilələr imzalanması həm də Rusiyanın, 1972-ci il müqaviləsini ayaqlayan Vaşinqtona qarşı özünəməxsus cavabı kimi dəyərləndirilə bilər. Hərbi sahədə əməkdaşlığın yeni mərhələyə qaldırılmasının nə qədər ciddi demarş olmasını təsəvvürə gətirmək üçün bircə şeyi xatırlatmaq yetər ki, BMT lap bu yaxınlarda İranla istənilən sahədə ticarətə qoyulmuş sanksiyaların ömrünü daha beş il uzatmışdı. Amma Rusiya bu addımı ilə daha çox BMT-ni deyil, məhz Vaşinqtonu qıcıqlandırmağa çalışır. Belə ki, 1995-ci ildə Rusiya və ABŞ arasında imzalanmış mə’lum "Çernomırdin - Qor anlaşması" Rusiyanın İrana nüvə texnologiyası satmasını əngəlləyirdi.

"Shelter Now" məhkəmə qarşısında
Taliban rejimi digər təşkilatları suçlu bilmir

Dünən "Shelter Now" humanitar təşkilatının Əfqanıstanda xristianlığı yaymaqda ittiham edilən səkkiz xarici vətəndaşının məhkəməsi başlanıb. Bu haqda mə’lumatı Əfqanıstanın ali hakimi Movləvi Nur Məhəmməd Sahib verib.
Adı çəkilən şəxs 14 nəfərlik Qazilər Şurasının tərkibinə daxildir. Hələlik məhkəmənin nə qədər davam edəcəyi mə’lum deyil. BBS-nin verdiyi xəbərlərə görə, Taliban nümayəndələri müttəhimlərin vəkillərdən istifadə etməsinə icazə verildiyini bildiriblər. Bundan başqa, məhkəmə ərəfəsində ittiham edilənlərdən ikisinin valideynlərinə onlara baş çəkmək icazəsi verilib. Bir qədər əvvəl Taliban rejiminin yüksək səlahiyyətli nümayəndəsi Vakil Əhməd Mütəvəkkil demişdi ki, hakimiyyət ölkədə fəaliyyət göstərən digər humanitar təşkilatları xristianlığı yaymaqda şübhəli bilmir. Rejim nümayəndəsinin sözlərinə görə, hökumət yalnız "Shelter Now International"ın bu fəaliyyətlə məşğul olduğunu isbatlayacaq dəlillərə malikdir.
Bu il Talibanın daha bir yüksək vəzifəli şəxsi - Molla Məhəmməd Ömər başqa dinlərə üz tutan əfqan müsəlmanlarının öldürülməli olduğunu demişdi. Müşahidəçilər bu bəyanata diqqət çəkərək hesab edirlər ki, "Shelter Now International"ın şəriətlə mühakimə olunacaq yerli sakinləri çox sərt cəza ala bilərlər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd